Astana Yerevanla Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Bunu aprelin 15-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi brifinqdə deyib.
"Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır", - o bildirib.
Tərəflər iqtisadi və investisiya əməkdaşlığı məsələlərini də müzakirə edərək ixrac-idxal məhsullarının siyahısının artırılmasının vacibliyini vurğulayıblar.
"Qazaxıstan Ermənistana mal ixracını 350 milyon dollara çatdırmağa hazırdır, onların da fəallığına ümid edir", - deyən Tokayev Yerevanı Cənubi Qafqazda "etibarlı tərəfdaş" adlandırıb.
Onun sözlərinə görə, Ermənistan və Qazaxıstan üçün nəqliyyat, logistika zəncirlərinin inkişafı vacibdir.
Qazaxıstan lideri Ermənistanın Cənubi Qafqazda nəqliyyat əlaqələrini gücləndirmək istəyini yüksək qiymətləndirdiyini bildirib. "Astana Paşinyanın regionda "Sülh yolayrıcı" təşəbbüsünü alqışlayır. Həmçinin iki ölkə arasında hava nəqliyyatını stimullaşdırmaq lazımdır", - o əlavə edib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistana ilk rəsmi səfəri kimi aprelin 15-də Yerevana gəlib.
2023-cü il oktyabrın 26-da Tbilisidə keçirilən "İpək Yolu" forumuna qatılan N.Paşinyan "Sülh yolayrıcı" layihəsi vasitəsilə regiona baxışını bölüşüb. Onun deməsinə görə, ölkəsi Qara, Xəzər və Aralıq dənizlərinə, habelə Fars körfəzinə çıxışlar əldə edəcək: "Bir şərtlə: yeni transmilli və beynəlxalq logistika marşrutlarının Ermənistan ərazisindən keçəcək hissələrinə bilavasitə rəsmi Yerevanın müvafiq qurumları nəzarət etməlidir".
Xatırlatma
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla işğal edilmiş ərazilərinə (o cümlədən Qarabağa) nəzarəti bərpa edib. Tərəflər (Azərbaycan və Ermənistan) sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.