Noyabrın 26-da Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan bəzi zabitləri Bakıda Prezident Administrasiyasının yaxınlığındakı Filarmoniya bağının qarşısında etiraz aksiyası keçiriblər.
Zabitlər deyib ki, 44 günlük müharibənin iştirakçıları olublar və yararlanaraq ehtiyata buraxılıblar.
Onların sözlərinə görə, aksiyanın səbəbi onlara ayrılan pulun verilməməsidir: "Cənab prezidentin sərəncamına əsasən, ehtiyata buraxıldığımıza görə bizə 36 aylıq birdəfəlik kompensasiya ödənilməlidir".
"36 aylıq əməkhaqqından söhbət gedir"
Hərbçilər bildirib ki, bir müddət əvvəl məsələni prezidentin hərbi məsələlər üzrə köməkçisi Fərid Seyidovun diqqətinə çatdırıblar: "Məlum olub ki, bu pul bizə şamil edilir. Aidiyyəti orqanlara tapşırıq verildi ki, məsələ təcili şəkildə öz həllini tapsın. Müdafiə Nazirliyinin tabeçiliyində olan Maliyyə-Büdcə İdarəsindən də noyabrın 17-də bizə bildirilib ki, sənədlərimiz qaydasındadır, imzalanıb və 15-20 gün ərzində hesabımıza oturacaq. Amma bu, yalan məlumat idi. Sən demə, bu idarə nazirliyin hospitalına sorğu göndərib ki, bizlərin əlilliyi yenidən təsdiqlənsin".
Aksiya iştirakçıları qeyd ediblər ki, Müdafiə Nazirliyi onların əlilliyini təsdiqləyib və buna dair bütün sənədləri var: "Amma yenə də bizdən yenidən təsdiqlənmə istəyirlər. Bu gün bizim haqqımızı tapdalayırlar. 36 aylıq əməkhaqqından söhbət gedir. Bu gün də həmin pulu mənimsəyirlər".
Aksiyada səslənən fikirlərə, hələlik, Müdafiə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. Azərbaycan ərazilərinin 20 faizinə nəzarəti itirsə də, 2020-ci ildə 44 günlük savaş və ötən il birgünlük hərbi əməliyyatlarla bütün ölkə ərazisində suverenliyini bərpa edib.
Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları aparılır.
2020-ci il 44 günlük müharibədə Azərbaycanın 3 min civarında hərbi qulluqçusunun həlak olduğu bildirilir. Yarlıların isə dəqiq sayı açıqlanmadı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirildiyinə görə, həmin vaxt xəsarət alanlardan 4 min 100-dən çox müharibə iştirakçısına əlillik təyin edilib. Üstəlik, bəzi keçmiş hərbçilər xəsarət alsalar da, əlillik dərəcəsi ala bilməmələrindən şikayətləniblər.