Rusiya Böyük Britaniya səfirliyi siyasi şöbəsinin ikinci katibi Edvard Prayor Uilksi ölkədən qovub. Rəsmi Moskva diplomatı casusluq fəaliyyətində suçlayıb.
Noyabrın 26-da sözügedən qərarını açıqlayan Federal Təhlükəsizlik Xidməti (FTX) bildirib ki, yanlış bilgiyə dayanaraq Rusiyaya gələn Uilks milli güvənliyə qorxu yaradan kəşfiyyat və "dağıdıcı" fəaliyyətlə məşğul olub.
Birləşmiş Krallıq XİN-in Şərqi Avropa və Mərkəzi Asiya İdarəsi ilə bağlantılı olduğu iddia edilən diplomatın akkreditasiyası əlindən alınıb. O, Rusiyanı iki həftəyə tərk etməlidir.
Daha öncə - avqustda Rusiya altı Britaniya diplomatını casusluqda günalandıraraq onların akkreditasiyasını ləğv edib. Bütün bunlar Ukraynadakı savaşdan tutmuş, daxili işlərə müdaxiləyədək fərqli məsələlərdə iki ölkə arasındakı gərgin münasibətlər fonunda baş verir.
Bu addım Rusiya XİN-in sanksiya siyahısını genişləndirərək 30 tanınmış britaniyalı məmurun, hərbi qulluqçunun və jurnalistin ölkəyə girişini yasaqladığı günə təsadüf edib. Siyahıda baş nazirin müavini Ancela Reynerin, daxili işlər naziri İvett Kuperin, eləcə də müdafiə və texnologiya sektorlarının yüksəkvəzifəli şəxslərinin də adı var.
Moskva öz bəyanatında Birləşmiş Krallığı "təcavüzkar, Rusiya əleyhinə siyasət" yürütməkdə suçlayıb. Onların arasında Ukraynaya dəstək, Rusiya ilə bağlı dezinformasiyaların yayılması və Ukraynadakı savaşda birbaşa iştirak da var. Kreml Londonu "ümidsiz" kursdan əl çəkməyə və konstruktiv dialoqa başlamağa çağırıb.
Bu bəyanatlar gərgin münasibətlərin daha da kəskinləşməsinə işarə edir və Moskvanın Ukraynada sürdürdüyü işğalla bağlı Kremllə Qərb arasındakı dərinləşən böhranı əks etdirir.