Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:38

Cavabsız suallar ölkəsi...


Azərbaycanın adı dəfələrlə «qeyri-azad» ölkələrin siyahısında çəkilib, ölkə «jurnalist həbsxanası» adlandırılıb
Azərbaycanın adı dəfələrlə «qeyri-azad» ölkələrin siyahısında çəkilib, ölkə «jurnalist həbsxanası» adlandırılıb
Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referenduma bir həftə vaxt qalıb. Amma artıq indidən bu düzəlişlərin demokratiya baxımından hansı fəsadlar yaradacağı hamıya bəllidir. Bu fəsadlardan biri də azad mətbuat və elektron informasiya vasitələri ilə bağlıdır. Hətta referendumdan sonra telekanalların, eləcə də azad mətbuatın necə fəaliyyət göstərəcəyi problematik olaraq qalır.

Məsələ bundadır ki, bundan sonra düzəlişlərdə çəkilişlərin irəlicədən razılaşdırması nəzərdə tutulur və bu «şəxsi həyatın toxunulmazlığı» kimi yozulur. Elə əvvəllər də belə hallar müşahidə olunmuşdu. «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin adi bir çəkilişə görə hansı çətinlikləri yaşadığını hamı bilir.

Düzəlişlərdə qeyd olunur ki, mətbuata qarşı hər hansı senzura tətbiq olunmayacaq. Amma faktiki olaraq bu tezis müxtəlif qadağalardan sonra bir qədər gülünc görünür. Senzura ləğv olunandan sonra mətbuata qarşı «məhkəmə kampaniyası» tətbiq edilməyə başladı. İndiki düzəlişlər fonunda senzurasız fəaliyyət prinsipinə ancaq ironiya ilə yanaşmaq olar.
21-ci əsrdə, informasiya erasında mətbuatsız və informasiyasız necə yaşamaq olar? Hakimiyyət informasiyanın qarşısına Böyük Çin səddinə bənzər sədd çəkmək istəyir. Bu gün jurnalistika hansı mühüm missiyanı daşıyır bu, hamıya məlumdur. Və bu missiya hansı çətinliklər fonunda həyata keçirilir, bu da hamıya bəllidir. Dörd jurnalist hələ də həbsdədir.


Məsələ təkcə bununla yekunlaşmır. Konstitusiyaya düzəlişlərdən əlavə olaraq «Televiziya və radio yayımı haqqında» qanuna də əlavələr nəzərdə tutulur. Gələcək qanun telekanalların və radioların fəaliyyətini bir qədər də məhdudlaşdıracaq, çətinliklər yaradacaq. Artıq media üzrə mütəxəssislər bununla bağlı xeyli şərhlər və çıxışlar veriblər.

Beləliklə, 18 martdan sonra azad media strukturlarının taleyi məchul xarakter daşıyır. Düzdür, telekanallar onsuz da indi hakimiyyətin nəzarəti altındadır və təəssüf ki, yaşamaq və fəaliyyət göstərmək üçün hər bir qadağa ilə razılaşmağa hazırdırlar. Qəzetlərə gəldikdə isə ölkədə mindən artıq qəzet qeydə alınsa da faktiki olaraq fəaliyyətdə olan iki –üç qəzetin adını çəkmək olar. Hətta internetə nəzarətin də ilk cəhdləri özünü nümayiş etdirməkdədir.

ABŞ-ın üçüncü prezidenti Tomas Ceferson deyirdi ki, «Əgər mən mətbuatla hakimiyyət arasında seçim etmək məcburiyyətində qalsaydım, birmənalı olaraq mətbuatı seçərdim». Bu sözlər mətbuatın ictimai çəkisinin nə qədər əhəmiyyət kəsb etdiyini təsdiq edir.

Hakimiyyət isə bunun fərqində deyil. Azərbaycanın adı dəfələrlə «qeyri-azad» ölkələrin siyahısında çəkilib, ölkə «jurnalist həbsxanası» adlandırılıb, azad söz üçün şərait olmadığı qeyd edilib. Amma bu iradlar yerli hökumət tərəfindən həmişə rədd edilib. Elə demokratiya və insan haqları haqqındakı hesabatlarda ziddiyyətli qeydlər olur. Məsələn, ABŞ dövlət departamentinin hesabatında qeyd olunur ki, cəmiyyətin hökuməti dinc üsullarla dəyişmək imkanları xeyli məhduddur. Amma buna baxmayaraq ölkədə keçirilən hər bir saxta seçki «irəliyə doğru addım» kimi qiymətləndirilir.

21-ci əsrdə, informasiya erasında mətbuatsız və informasiyasız necə yaşamaq olar? Hakimiyyət informasiyanın qarşısına Böyük Çin səddinə bənzər sədd çəkmək istəyir. Bu gün jurnalistika hansı mühüm missiyanı daşıyır bu, hamıya məlumdur. Və bu missiya hansı çətinliklər fonunda həyata keçirilir, bu da hamıya bəllidir. Dörd jurnalist hələ də həbsdədir.

«Cənubi Qafqazın lider» respublikasını tərk etmək və başqa ölkələrdə məskunlaşmaq haqqında fikirləşən nə qədər jurnalist var. Hətta bunun üçün 40-dan artıq jurnalist kütləvi müraciət də etmişdi səfirliklərə. Dissidentlərə həsr olunmuş romanların birində deyilir ki, keçmişimiz mif, gələcəyimiz isə naməlumdur. Bu sözləri eyni ilə Azərbaycana həsr etmək olar. Əgər düzəlişlər qəbul olunarsa, çox güman ki, belə də olacaq, onda demokratiyanın sərhədləri bir az da daralacaq.

Jurnalistikanı bəzən cəmiyyətin sinirləri adlandırırlar. Sinirlər informasiya daşıyıcısıdır. Jurnalistika da buna bənzəyir. Sinirsiz orqanizm olarmı? Çox maraqlıdır ki, hətta Heydər Əliyevin vaxtında jurnalistlərə informasiya vermək, onlarla işləmək adi hal idi. Amma indiki prezident altı il hakimiyyətdə olsa da, bircə dəfə belə olsun hansısa yerli qəzetə və telekanala müsahibə verməyib. Vaxtilə o, Milli Məclisin üzvü olanda da, heç kim onun çıxış etdiyini görməyib.

18 mart ölkə tarixində uçuruma yuvarlanmaq, keçmişə qayıdış kimi qiymətləndiriləcək. Bu növbəti maneə və mərhələ olacaq. Cəmiyyət bu maneəni aradan qaldırmaq iqtidarında olacaqmı? Təəssüf ki, bu ölkə cavabsız suallar ölkəsidir, burada ancaq sualların sayı artır.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG