Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:30

Azərbaycan BMT-nin İnsan Haqları Şurasına üzv oldu


Baş Assambleya martın 15-də İnsan Haqları Şurasının təşkilinə qərar vermişdi
Baş Assambleya martın 15-də İnsan Haqları Şurasının təşkilinə qərar vermişdi

Ermənistanla, Gürcüstan az səs topladıqlarına görə quruma daxil ola bilməyiblər


Azərbaycan BMT-nin yeni yaradılan İnsan Haqları Şurasına seçilib. 64 namizəd ölkədən biri olan Azərbaycan səsvermənin ikinci mərhələsində 103 səslə quruma üzv seçilib.


Səsvermənin birinci mərhələsində 95 səs topladığından Azərbaycan ikinci mərhələyə keçib və yerdə qalan 3 yer uğrunda mübarizə aparıb. Səsvermənin ikinci mərhələsində Şərqi Avropa Qrupundan ən çox səs toplayan, lakin Şuraya düşə bilməyən 6 ölkə iştirak edib. Bu qrupda Azərbaycanla yanaşı, Macarıstan, Litva, Rumıniya, Sloveniya və Ukrayna olub. Səsvermənin nəticələrini BMT Baş Assambleyasının prezidenti Yan Elyason açıqlayıb: “Ukrayna 109, Azərbaycan 103 səs toplayıb. Beləliklə, hər iki ölkə Şuraya üzv seçildi”.


İnsan Haqları Şurasına Britaniya, Kanada, Fransa, Almaniya, Hollandiya, İsveçrə, Rusiya, Çex Respublikası, Polşa, Kuba, Çin, Hindistan və Səudiyyə Ərəbistanı kimi ölkələr seçiliblər.


Azərbaycanla qonşu olan Ermənistan və Gürcüstan az səs topladıqlarına görə quruma daxil ola bilməyiblər.


BMT-nin Cenevrədəki Ofisi nəzdində Azərbaycanın Daimi Nümayəndəliyin rəhbəri səfir Elçin Əmirbəyov “Azadlıq” radiosuna bildirib ki, bu seçim Azərbaycan xalqının qələbəsidir və ölkənin beynəlxalq arenada nüfuzunun artdığını göstərir.


Səsvermədən öncə "Human Rights Watch" təşkilatı 64 namizəd ölkənin daxil olduğu siyahdan Azərbaycan, Çin, Kuba, İran, Pakistan, Rusiya və Səudiyyə Ərəbistanının çıxarılmasına çağırmışdı. Təşkilatın rəyinə görə, bu ölkələrdə insan haqlarının vəziyyəti ağır olduğundan onlar Şuraya seçilməyə layiq deyillər.


Gizli səsvermə zamanı namizəd ölkələr azı 96 dövlətin dəstəyini qazanmalıydılar. Hazırda BMT-nin 191 üzvü var.


Yeni yaradılan Şuranın qərargahı BMT-nin Cenevrədəki ofisində yerləşəcək.


İnsan Haqları Şurası BMT-yə üzv olan ölkələr arasında insan haqları üzrə dialoq və əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.



ÜZRXAHLIQ:


RADİOMUZDA VƏ İNTERNET SƏHİFƏMİZDƏ SƏHV MƏNBƏLƏRƏ İSTİNADƏN MAYIN 4-DƏ «AZƏRBAYCAN BMT-NİN İNSAN HAQLARI ŞURASINA ÜZV QƏBUL OLUNMADI» BAŞLIQLI İNFORMASİYA GEDİB. YANLIŞLIĞA GÖRƏ ÜZR İSTƏYİRİK.


ABBAS CAVADİ


«AZADLIQ» RADİOSUNUN AZƏRBAYCAN XİDMƏTİNİN DİREKTORU



XS
SM
MD
LG