Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:51

«Bizim yol» qəzetinin təsisçisi və baş redaktoru naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb


Bahəddin Həziyev Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində - 19 may 2006
Bahəddin Həziyev Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində - 19 may 2006

«Bizim yol» qəzetinin təsisçisi və baş redaktoru, AXCP sədrinin müavini Bahəddin Həziyev mayın 18-dən 19-na keçən gecə naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb. Hazırda Respublika Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə olunan Bahəddin Həziyev deyir ki, hadisə o, iş yoldaşını maşınla evə qoyub qayıdarkən baş verib: «Axşam Hüseyini evə qoyub qayıdarkən qəfildən qabağımı kəsdilər. Başıma torba keçirdib, maşina qoyub bir həyətə apardılar. Döyüb təhqir etdilər. Şəklimi çəkdilər. Dedilər ki, yazı yazmayın. Camaatın arvad-uşağı haqqında yazılar yazırsınız».


B.Həziyevi mayın 19-u səhər Masazırda «Duzlu göl»ün kənarında tapıblar. Jurnalistin bildirdiyinə görə, onu döyəndən sonra gölün kənarına atan şəxslər kiməsə zəng edib, işi lazımınca yerinə yetirdiklərini deyiblər. O, hadisənin səbəbinin «Bizim yol» qəzetində respublikanın bəzi yüksək rütbəli məmurlarıyla bağlı tənqidi yazılarla əlaqədar olduğunu güman edir.


Respublika Klinik Tibbi Mərkəzin həkimi, travmatoloq Sabir Mirzəyev isə jurnalistlərlə söhbətində dedi ki, Bahəddin Həziyev hadisədən 5 saat sonra, səhər saat 9 radələrində ağır travmatik şok vəziyyətində xəstəxanaya gətirilib. Həkimlər tərəfindən lazımi tədbirlər görülsə də, onun vəziyyəti ağırdır: « Bədənində çoxsaylı sınıqlar və əzilmələr, həmçinin qançırlar qeyd olunub. Həyatı üçün təhlükə var. Ancaq proqnozumuz yaxşıdır, ümidimizi itirmirik».


Sabir Mirzəyevin sözlərinə görə, Bahəddin Həziyevin daxili orqanlarının əzilməsi və yüngül formada kəllə –beyin travması da müşahidə olunub.


Abşeron Rayon Polis Şöbəsi istintaq bölməsinin rəsi Seymur Səfərov isə «Azadlıq» radiosuna bildirdi ki, səhər saat 8-dən artıq bu məsələ ilə bağlı istintaq başlanıb. Hadisə yeri müayinə edilərkən Bahəddin Həziyevin döyülərək Masazır yaşayış məntəqəsindəki «Duzlu göl»ün kənarına atılması faktı təsdiqlənib: «Duzlu göl»ün kənarından Bahəddin Həziyevin başına keçirilən torba, əllərini bağladıqları kəndirlər tapılıb. Bu hadisə ancaq onun peşə fəaliyyəti ilə əlaqədar olmalıdır. Bəzi məsələlərə görə, bu qənaətə gəlmək olar ki, peşə işi ilə bağlıdır. Ancaq o da dəqiq deyil».


Cənab Səfərov əlavə etdi ki, bir sıra məsələlər dəqiqləşdirilmədən hadisənin konkret səbəbini söyləmək mümkün deyil.


Baş verən hadisə ilə bağlı mətbuat konfransı keçirən AXCP sədri Əli Kərimli isə, bu hadisədə hakimiyyəti ittiham edir və bildirir ki, «Azadlıq» bloku azad sözə qarşı edilən belə hücumlara etiraz olaraq aksiyalar keçirəcək.


Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovsa, bu hadisəni hakimiyyətə qarşı hücum kimi qiymətləndirir. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları günahkarları tapıb cəzalandırılacaq.


Bu arada ATƏT-in Bakı Ofisi jurnalistə qarşı zorakı hücumu pisləyən bəyanat yayıb. Ofisin rəhbəri səfir Maurisio Pavesi bildirib ki, Azərbaycanda dövlət tərəfindən mətbuat azadlığı və müstəqilliyinin bəyan edilməsinə baxmayaraq, jurnalistlər hələ də zorakılıq və təhqirlə üzləşməkdə davam edirlər: «Hazırki məsələ daha ciddidir, belə ki, qurban təkcə görkəmli jurnalist yox, eyni zamanda, aparıcı müxalifət partiyalarından birinin tanınmış siyasətçisidir».


Oxşar halların istintaqında aydın nəticələrin olmaması ilə əlaqədar ofisin narahatlığını xüsusilə vurğulayan səfir Pavesi məsuliyyətli orqanları bu insident ilə əlaqədar olaraq təcili, şəffaf və əsaslı istintaqa başlamağa və hücuma məsuliyyət daşıyan şəxslərin məhsuliyətə cəlb olunmasına çağirır.


Bir sıra mətbuat və jurnalist təşkilatları rəhbərlərinin toplantısında isə, DİN, MTN və prokurorluq rəhbərliyinin son vaxtlar jurnalistlərə qarşı törədilən cinayətlərin təhqiqatında fəaliyyətsizlikdə günahının müəyyən olunması üçün İşçi Qrupunun yaradılması təklif olunub.


Görüş iştirakçıları B.Həziyevə qarşı zorakılığı pisləyən bəyanat da qəbul ediblər.


XS
SM
MD
LG