Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:29

Venesiya Komissiyası Bakıdan konkret təkliflər gözləyir


«Başlıcası odur ki, hökumətdən əməkdaşlıqla bağlı məktub almışıq»
«Başlıcası odur ki, hökumətdən əməkdaşlıqla bağlı məktub almışıq»

Sergey Kuznetsov: «Biz müraciət etdik ki, mümkün qədər tez bir vaxtda qanunvericiliyə hansı dəyişikliklər edilməsi ilə bağlı konkret təkliflər göndərilsin»


Avropa Şurası Venesiya Komissiyası Azərbaycan hökumətinə müraciət edərək, seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı təkliflərini qısa vaxtda quruma göndərməsini istəyib. Bu haqda «Azadlıq» radiosuna məlumat verən komissiyanın üzvü Sergey Kuznetsovun sözlərinə görə, hökumətin mayın ortalarında onlara əməkdaşlığı davam etdirməklə bağlı müraciətindən sonra konkret addım atmalı olublar - Bakıdan təklifləri dəqiqləşdirmələrini xahiş ediblər.


Sergey Kuznetsov: «Seçkilər təzə başa çatıb. Biz Azərbaycan hökumətindən konkret təkliflər gözləyirik. Bizdə qanunvericiliyə hansı dəyişikliklərin edilməsi haqda təzə məlumat yoxdur. Buna görə, məktub göndərilən kimi, biz onlara müraciət etdik ki, mümkün qədər tez bir vaxtda qanunvericiliyə hansı dəyişikliklər edilməsi ilə bağlı konkret təkliflərini göndərsinlər. Biz gözləyirik. Ancaq başlıcası odur ki, hökumətdən əməkdaşlıqla bağlı məktub almışıq. Və komissiya ümidvardı ki, hökumət əməkdaşlığı davam etdirmək niyyətindədir».


Azərbaycan hökumətinin rəsmiləri Venesiya Komissiyasının üzvləri ilə sonuncu dəfə təkrar parlament seçkilərindən əvvəl - apreldə görüşərək seçki qanunvericiliyinin təkmilləşdirilməsi yönündə komissiyanın verdiyi tövsiyələri müzakirə etmişdilər. Həmin tövsiyələr sırasında seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması məsələsi də olub.


Seçki komissiyaları ilə bağlı məsələ artıq uzun illərdi ki, hökumətlə beynəlxalq qurumların müzakirə mövzusudur. 90-cı illərdə gedən polemikalara toxunmadan son iki seçkini misal çəkək. 2003-cü ildə keçirilmiş prezident seçkisindən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eləcə də Avropa Şurası Seçki Məcəlləsinin, o cümlədən seçki komissiyalarının yenidən formalaşdırılması ilə bağlı tövsiyələr vermişdilər. Hökumət uzun müzakirələrdən sonra Seçki Məcəlləsinə dəyişikliklər etsə də, Venesiya Komissiyası bunu «texniki dəyişiklik» adlandırmışdı. Buna görə də noyabrdakı parlament seçkilərindən sonra bu tövsiyə yenidən gündəmə gəldi.


Hökumətin mövqeyinə gəlincə, may seçkilərindən əvvəl Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin rəhbəri Əli Həsənov seçkidən sonra komissiyaların tərkibinin yenidən formalaşdırılacağını istisna etmirdi. Bu bəyanatların sonunda bir qeyd də vurğulanırdı, rəsmilər indiki komissiya ilə də normal seçki keçirməyin mümkün olduğunu və paritet formada yaradıldığını bildirirdilər. Amma artıq seçki geridə qalıb və Prezident Aparatından mayın 31-də «Azadlıq» radiosuna verilən məlumatda bu məsələnin - komissiyaların yenidən formalaşdırılmasının indilik müzakirə olunmadığı və yaxın həftələrdə də gündəmdə olmayacağı bildirilir. Güman etmək olardı ki, seçki komissiyaları yenidən unudulur. Amma ortada hökumətin Venesiya Komissiyasına əməkdaşlıqla bağlı müraciəti var.


Hərçənd müşahidəçilər hökumətin ümumi səslənən bu müraciətini manevr kimi qiymətləndirirlər. Görünür, buna görə də, Venesiya Komissiyası dərhal təkliflərin dəqiqləşdirilməsini istəyib.


Azərbaycan Demokrat Partiyasının sədr müavini Sərdar Cəlaloğluna görə, hökumət Venesiya Komissiyasına müraciət etməklə, AŞ PA-nın iyun sessiyasına kimi vaxt qazanmağa çalışır: «Nə Venesiya Komissiyasının ciddi iş görəcəyinə, nə də Azərbaycan hökumətinin səmimiliyinə inanıram».


«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev isə seçki komissiyalarının dəyişdirilməsini bir halda mümkün sayır. Onun qənaətincə, cəmiyyət və müxalifət hakimiyyətə təzyiq edə bilmədiyindən hər şey beynəlxalq qurumların iradəsindən, sonadək prinsipial mövqe nümayiş etdirməsindən asılıdır: «Bu məsələ artıq neçə illərdir müzakirə olunur. Həmişə hakimiyyət seçkidən sonra seçki komissiyalarının formalaşdırılmasına qayıdacağını bildirib. İndi seçkiyədək yetərincə vaxt var, beynəlxalq qurumlar israr etsələr, hakimiyyət heç olmasa imitasiya xatirənə də olsa, dəyişiklik etməyə çalışacaq…»


Bu da var ki, müşahidəçilər hətta beynəlxalq qurumların da sonadək təzyiq göstərəcəyinə inanmırlar. Xüsusən də təkrar seçkilər qyimətləndirilərkən beynəlxalq qurumların loyal səslənən rəylərindən sonra. Zəfər Quliyevə görə, beynəlxalq qurumların təkrar seçkiləri müsbət qiymətləndirməsi əslində, hakimiyyətin indiyədək səslənən bir arqumentini («mövcud komissiyalarla da normal seçki keçirməyin mümkünlüyü») gücləndirəcək. Buna görə də hakimiyyət çətin ki, seçki komissiyaları üzərində nəzarəti itirməyə razılaşıb güzəştə getsin.


Demokratik Seçkilərə Yardım Mərkəzinin rəhbəri Əli Qulyievsə, hakimiyyətin bir məqamda güzəştə gedəcəyini düşünür. O, deyir ki, müxalifət partiyalarının növbəti seçkidə iştirak etməyəcəkləri haqda bəyanatları beynəlxalq qurumları hərəkətə gətirə bilər.


XS
SM
MD
LG