Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:38

Razılaşmalar olsa da, ümumi nəticə yoxdu...


Prezident Aparatı Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov
Prezident Aparatı Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov

Prezident Aparatı şöbə müdiri Novruz Məmmədov hesab edir ki, indiki şərait Ermənistana təzyiq formasıdır


Azərbaycan və Ermənistan prezidentlərinin daha bir görüşü başa çatdı. Bir çox ekspertlər danışıqların nəticəsiz olması qənaətindədirlər.


Buxarest danışıqlarından qayıdan Azərbaycan rəsmiləri isə müzakirələri tamamilə nəticəsiz hesab etmirlər. Prezident Aparatı Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov deyir ki, danışıqlarda müəyyən məsələlərlə bağlı razılaşmalar olsa da, hələ ki, ümumi nəticə yoxdur. Cənab Məmmədov danışıqların uzanmasını müzakirələrin çətinliyi ilə izah edir: «İctimaiyyətə açıqlama verilməməsinin səbəbi odur ki, konkret bir addımla bağlı bir şey demək mümkün deyil. Çünki kiçik detallarla bağlı əldə edilən razılaşmalar ümumiləşib axırda son prinsip üzərinə gəlməlidir. Bax indi o istiqamətdə iş gedir».


Novruz Məmmədov həmçinin deyir ki, indiki şərait Ermənistana təzyiq forması kimi davam edir. Onun sözlərinə görə, danışıqların davam etməsi müzakirələrdə real irəliləyişlərə imkan yarada bilər.


Ancaq Azərbaycanda bir çox müşahidəçilər hesab edirlər ki, həmsədr ölkələr münaqişənin həlli üçün tərəflərə yetirincə təzyiq etmirlər. Halbuki Qarabağ münaqişəsinin həlli təzyiqlərin artırılmasından çox asılıdır.


Politoloq Rasim Musabəyov deyir ki, indi Ermənistan həmsədr ölkələrdən daha çox asılıdır. Çünki Ermənistan istər Amerika Birləşmiş Ştatlarının, istər Rusiyanın, istərsə də Avropa Birliyinin iqtisadi yardımlarına çox böyük ümidlər bəsləyir: «Azərbaycan hərbi cəhətdən güclənərsə, bu, Ermənistana təzyiqlərin artmasına gətirib çıxara bilər. Çünki Azərbaycanın hərbi sahəyə ayırdığı xərc qədər Ermənistan ayıra bilməz. Buna onun iqtisadi gücü imkan vermir. Onda Ermənistana iqtisadi cəhətdən yardım edən fövqəlgüclər bu yardımların birbaşa hərbə yönəldilməsinə imkan verməyəcək və ona əlavə şərtlər irəli sürəcəklər».


Cənab Musabəyov deyir ki, siyasi islahatların aparılması və NATO ilə inteqrasiya da Azərbaycana çox böyük üstünlüklər verə bilər.


Təhlilçilərin bəziləri danışıqlarda bir neçə detalın razılaşdırılması barədə fikirləri o qədər də ciddi qəbul etmirlər və ümumiyyətlə, hansısa irəliləyişin olmadığı fikrindədirlər. Məsələn, prezidentin Xarici Məsələlər üzrə keçmiş müşaviri Vəfa Quluzadə deyir ki, nə qədər ki, Rusiya regionda tamamilə məğlub duruma düşməyib, Qarabağ məsələsi həll edilməyəcək: «Rusiya məğlub tərəfdir. Ancaq bu prosesin başa çatması üçün təxminən 10 il vaxt lazımdır. Bu müddət keçənə qədər dözüb, heç bir güzəştə getmək lazım deyil».


Cənab Quluzadə bildirir ki, əvvəllər Azərbaycan çox böyük güzəştlərə getsə də, Rusiyanın danışıqları pozması üzündən sülh müqaviləsi bağlanılmayıb. Keçmiş müşavirin sözlərinə görə, 1997-ci ilə qədər danışıqların ana xəttini ərazi mübadiləsi təşkil edirdi. İndi isə söhbət nədən gedir, xalqa bu barədə heç nə deyilmir.


Azərbaycan rəsmiləri danışıqlarda müzakirə olunan əsas prinsiplərlə bağlı açıqlama verməsələr də, söhbətin əsasən 8-10 detaldan getdiyini deyirlər. Hətta dəfələrlə belə fikir də səsləndirilib ki, bir neçəsi istisna olunmaqla həmin detallarla bağlı tərəflər arasında müəyyən razılıq da əldə edilib. Ancaq söhbətin hansı məsələlərdən getməsi barədə dəqiq informasiya verilmir.


XS
SM
MD
LG