Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:31

Polis + İctimai Şura = Təhlükəsizlik?


Əlövsət Əliyev
Əlövsət Əliyev
Azərbaycanda polis və onun yardımçıları haqda keçmiş polis rəisi, hüquqşünas Əlövsət Əliyev və tanınmış paytaxt sakinləri danışırlar

Əlövsət Əliyev:

«İctimai Şura iki il əvvəl «Polis haqqında» qanunun 10-cu maddəsinə edilmiş əlavələr əsasında yaradılır. Ümumiyyətlə, SSRİ vaxtında «dejurnı» adlanan polis köməkçiləri var idi. Biz tələbə olanda bizi də aparıb, küçələrdə ictimai asayişin mühafizəsinə cəlb edirdilər. Bu, könüllü deyildi. Tələbə Həmkarlar Təşkilatı tərəfindən cəlb edilirdik. İnsanların sıx olduğu yerlərdə qolumuza lent keçirirdilər, biz küçələrdə ictimai asayişin mühafizəsinə kömək edirdik. Amma ictimai şuraların yaradılması məcburedici norma deyil. Qanun göstərir ki, yaradıla bilər. Amma hər bir polis bölməsində yaradılmalı deyil. Bundan başqa, ictimai şuralar yaşayış yeri üzrə yaradılmalıdır. Hər bir şəxs yaşadığı rayonun ərazisində fəaliyyət göstərən polis bölməsində yaradılan İctimai Şuranın üzvü ola bilər. Yalnız həmin ərazidə polisə yardım edə bilər. Üçüncü isə, əlavə olunmuş maddədə konkret göstərilir ki, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş şəxslər İctimai Şuranın üzvü ola bilməz. İctimai Şuranın üzvü olan şəxslərin vəzifələrini də qanun müəyyən edir. Onlar yalnız hüquqazidd əməllərin qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işi apara bilərlər. Küçədə mitinq edənin qarşısını ala bilməzlər».

Canəli Əkbərov( xanəndə):

«Ölkənin polisi bizim təhlükəsizliyimizi qoruyur, ölkənin daxilində gedən o nadan hərəkətlərə qarşı öz mövqeyindən Konstitusiyaya əsasən işlər görür. Axı biz polisə hörmət etməliyik. Polis ölkəmizin qanunlarını qoruyan bir qurumdur. Biz polisə hörmət etməsək, polisə dayaq durmasaq, polisin fəaliyyəti ümumiyyətlə, düz gəlməz.
Həmid Herisçi
Çünki polis bizim polisimizdir. Ona görə polisə hər cür hörmət və ehtiram etmək lazımdır, çünki polis ilk öncə ölkə Konstitusiyasına əsasən, qanunları qoruyur. Bizi xətadan, bəladan, nadanlardan qoruyur. Nadanın etdiyi hər bir hərəkət, fəlakətə də gətirib çıxara bilər. Şəxsən mən polisi sevirəm».

Həmid Herisçi (publisist):

«Qanun pozuntusuna yer verilibsə, məhkum insan o işə cəlb olunubsa, bu, artıq cinayət işidir. Yəni dövlət aktı pozulub. Gəlin, özümüzü dolamayaq. Onsuz da həmin qanun pozanı tutmayacaqlar. Məncə, ictimaiyyət özü bunu qınamalıdır. Mən inanmıram ki, dövlət qanun pozanla əlaqədar bir tədbir görsün. Daxili İşlər Nazirliyi araşdırmaya başlasın. Bu, inandırıcı deyil. Gəlin, özümüzü belə mənasız söhbətlərlə yormayaq. Mən insanlara öz narazılıqlarını bildirməsinə haqq qazandırıram. Mən özüm narazıyam. İctimai şuralar sovet dövründə var idi. Məlum oldu ki, indi də var. Çox qəribədir ki, ancaq mitinqlər zamanı bunlar üzə çıxdı. Sovet dövründə bunların fərqlənmə nişanı var idi. Mən təklif edərdim ki, indi də onların üzərində bir nişan olsun. Qanunla tənzimlənsin. İnsanlar bilsinlər bunlar kimlərdir...».

XS
SM
MD
LG