Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:50

FƏDAİ. Bəxtiyarnamə (4)


əvvəli

BƏXTİYARIN PADŞAHA
CAVAB VERMƏSİ


Dedi pəs Bəxtiyar: ey şahi-aləm!
Sənə tofiqi-həqq olsun dəmadəm!
Pənahində səni saxlaya yəzdan!1
Yetişməsin sənə asibi2-dövran,
Sənə bədxah ola məcruhü xəstə,
Gələn düşmən qapuva dəstə-dəstə,
Əgər şah eyləmiş qəsdi-həlakim,
Mənim yoxdur ölümdən hiç bakim3.
Ümidim vardır ol qadir ilahə,
Zəval olmuya hərgiz bigünahə.
Ki, məndən olmamışdır, işbu üsyan,
Mənə olur onun lütfi nigəhban4.
Mənim bu işdə yoxdur çün günahim,
Xudavəndi-cahan olur pənahim.
Bu gün əhvali miskinü kəminə,
Bu bənzər dastani-Dadbinə.
Vəzirin birisi ol qıza töhmət,
Qılıb ol felidən çəkdi nədamət5,
Vəziri işbu töhmət verdi badə,
Ol övrət aqibət irdi muradə,
Dedi sultan, necədir bu hekayət?
Bəyan eylə bizimçün, qıl rəvayət.

__________
1 Allah
2 Zərər
3 Qorxum
4 Gözətçi
5 Peşmançılıq


BƏXTİYARIN DADBİN
SƏRGÜZƏŞTİNİ NAĞIL ETMƏSİ


Dedi pəs Bəxtiyar: ey şahi-sərvər!
Yəqin hər kim cahanda xeyrin istər,
Ola eymən1, qamü şərrü bəladən,
Vəli qurtulmuya, bədgu bəladən.
Olur öz felinə hər kim giriftar,
Bu sözə şahid işbu nəğlü göftar,
Eşitdim var imiş bir padşahi,
Nəhayətsiz onun gəncü süpahi.
Ona qoymuşlar idi Dadibin ad,
Vəli işi həmişə zülmü bidad,
Var idi həm onun iki vəziri:
Əsasi-səltənət həm dadigiri.
Birisi Ruzibəxt emali-dünya,
Birisi Karidanü2 karfərma3.
Məgər ol Rüzbəxtin bir qızı var,
Mələk heyran olur göstərsə rüxsar.
Mütərra4 zülfü sümbül, qəddi şümşad.
Xəcil onun boyundan sərv azad.
Özü gül, ləbləri bal, ağzı püstə,
Əcəyib nazənin, rəna, xücəstə5,
Vəli pərdənişin maməndi Bəlqeys,
Nədir heç bilməmiş təzvirü6 təlbis7.
Nə məşuqə nədir bilməz, nə aşiq,
Həmişə həqq ilə könlü müvafiq.
Bəqayət mömünü əhli-ibadət,
Yox idi özgə işi qeyri taət.
Bəsi pəhrizkar, əhli təqva,
Hamı təqva onunçündür mühəyya.

__________
1 Xatircəm
2 İş bilən
3 İş buyuran
4 Ətirli
5 Uğurlu
6 Yalan
7 Hiylə

Alır adabilə ol dəstəmazi,
Gecə-gündüz qılar beş vaxt nəmazi.
Güruhi-Fatimə, xatuni-rəna,
Tələbkari rzayi həqq-təala
Səlatinlər1 ona oldu tələbkar,
Qılırdı dayə çün bu rəmzi izhar.
Deyərdi: məndə yoxdur eyşi-madər,
Havayi-eyşü işrət, meyli-şohər2,
Atası çün eşitdi bu cəvabi,
Gələn elçilərə etdi cəvabi3.
Hüzurunda qamu əşrafü əyan,
Buyurdu onlara ol dəmdə sultan.
Hamı siz dəxi olun bu səlahə,
Gətirin ol qızı əqdi-nigahə.
Qızın atası məclisdə rəvani,
Evə gəldi çağırdı dərzəmani,
Yanına gəldi ol sərvü səmənbər,
Dedi: – Ey nazənin, pakizə duxtər!
Mələk siyrət, səmən sima, pərizad,
Nola sultan kim ola bizə damad?
Dedi pəs dayəsinə: ey güləndam!
Bu sözə yox səlahim, olmazam ram,
Mənim işim həmişə zikrü taət4,
Onun işi həmişə eyşü işrət.
Onun təbi mənə olmaz müvafiq,
Kiməm mən, kim olam sultanə layiq.
İkinci: var onun xatuni-kübra5,
Neçə sərvü sənubər, qədd rəna,
Mənə sultan gər eylər iltifati,
Gəlir ol iltifat onlara qati6,
Həsəddən bağlayarlar mənə böhtan,
Həlak edə məni qəhr ilə sultan.

__________
1 Padşahlar
2 Ər istəmək
3 Rədd etmək
4 İbadət etmək
5 Böyük qadını
6 Ağır, xoşa gəlməmək


Dedi atasına əhvali dayə:
– Deyil razı qızın bu müddəayə.
Necə verdi atası dilnəvazi,
Qərəz bu sözə qız olmadı razi.
Vəzir eşitdi qızdan bu cəvabi,
Gəlib sultana həm verdi cəvabi.
Qəzəbləndi ona ol dəmdə sultan.
Bulub fürsət vəzir oldu girizan1,
Buyurdu carçılar çağırdı, cari,
Gətirsinlər mənə ol nabikari2.
Əcəb sözdür demiş, əhli-fərasat
Ki, hökmü hakimü, mərgi müfacat3.
Eşitginən dəxi yoxdur əlaci,
Ki, zəhri-qatil olmaz ondan aci.
Tapıb gətirdilər dərdəm vəziri,
Başına vurdu sultan bir dəmiri.
Dağıldı başı onun dərzəmani,
Yıxıldı, həqqə təslim etdi cani.
Vəziri öldürüb apardı qızi,
Zərü malü qulamü həm kənizi.
Çü qız olmazdı naməşruə4 razi,
Çağırdılar pəs ol dəm gəldi qazi.
Pəs ol dəm hakimi-şəri-peyəmbər,
Nigah etdi, riza aldi zidüxtər5.
Çalındı təblü kusü nayü zurna,
Nə kim könlu dilər olmuş mühəyya.
Neçə gün çağ idi şahın damaği,
Xəbər gətirdilər kim gəldi yaği.
Buyurdu döydülər dərdəm nəqarə,
Xəbər göndərdi hər şəhrü diyarə.
Mühəyya qıldı fikrin, oldu azim6,
Səfər etmək ona çün oldu lazim.

__________
1 Qaçqın
2 Yaramazı
3 Sürətli ölüm
4 Kəbinsiz
5 Qızdan
6 Yola düşmək


Evin tapşırdı ol dəm Kardanə,
Dedi: ol məhrəm israri-xanə,
Bəzinharü, bəzinharü, bəzinhar,
Hərəm əhvalinə sən ol xəbərdar.
Olursa kimdə belə fikri napak,
Gözünə kül qoyasan, başına xak.
Zəhi bədxəhü bədbəxtü səlitə1
“Komaçi quyruğu tapşırdı itə”.
Gör indi neylədi, ol rusiyahi2,
Xəyalından keçər xeyli münahi3.
Büründü başına eyşiylə sevda,
Qızın eşqiylə Məcnun oldu şeyda.
Əlindən getdi taqət ixtiyaşi,
Könüldə qalmadı səbrü-qərari.
Başından getdi əğlü-huşu tədbir,
Vücudi oldu xəstə, rəngi təğyir.
Nə xub demiş bu sözü ol süxəndan,
Ki, qalmaz eşq gizlin, mişk pünhan.
Qızın yanında bir məkkarə4 övrət,
Rəvanə eylədi ol bisəadət.
Ki: cana, mən sənin eşqində zarəm,
Giriftarəm, pərişan ruzigarəm.
Mənim bağrıma hicran vurdu bir dağ,
Könül olmuş sənin dərdinə müştaq.
Sənin eşqindən oldum mən ciyərxun,
Necə kim Leylinin eşqində Məcnun,
Sənə mən mailəm ey qəddi şümşad,
Bə eyni öylə kim Şirinə Fərhad.
Mənim könlüm ələ al, ey səmənbər!
Tutaram ətəyindən ruzi-məhşər!
Yetirdi bu sözü məkkarə övrət,
Nihani ol nigarə, qıldı xəlvət.
Eşitdi bu sözü ol sərv qamət,

__________
1 Qiybətçi qadın
2 Qaraüzlü
3 Qadağan olmuş işlər
4 Hiyləgər


Pəs ol dəlaləni1 qıldı məlamət.
Dedi: – Ey bihəya, narast, napak,
Səni elçi edənin başına xak.
Gətirdin çün xəbər, apar cavabın,
Ona söylə kim, ey şərməndə, xain,
Səni derlər2 ki, mərdi-kardansan!
Vəliyyü nemətə qılma ziyan sən.
Səninlə mən necə olum müvafiq?
Bu sözü söyləmək sənə nə layiq?
Əgərçi yox imiş səndə dəyanət,
Ərim evində mən qılmam xəyanət.
Vəlakin bu cəzadır Dadbinə,
Evin tapşırıb sən tək əminə?
Könüldən zaye eylə bu xəyali,
Unut əlbəttə bu fikri-məhali
Bu sevdani əgər tərk eləyəsən,
Sənin razin3 dəxi faş etməzəm mən.
Gəlib övrət ona yetirdi peyqam4,
Dedi: səninçün hasil olmadı kam,
Dediyindən vəzir oldu pəşiman
Dedi: halım nola eşitsə sultan?
Əgər çəksə mənim başıma ərrə5,
Kəsib yüz parə qılsa zərrə-zərrə,
Necə kim, olmamışam parə-parə,
Gərəkdir bu işə tədbirü çarə.
Budur kim, eyləyəm mən ona töhmət,
Ki, bəlkə qurtulam, qalam səlamət.
Əgər çi eyləsəm qılsam təqafül6,
Pəşimanlıq olar əlbəttə hasil.
Təqafül eyləmək surət bu halə,
Mənimçün əksik olmaz ahü nalə.

__________
1 Dəllal qadın (aradüzəldən)
2 Deyirlər
3 Arzu, ürək sözü
4 Xəbər
5 Mişar
6 Qəflət


Qızın atasını ol gün ki, sultan,
Yetirdi qətlə, malın qıldı talan.
Var idi bir qulami-xubkirdar,
Gətirmişdi bəqarət1 ol sitəmkar.
Qamu əsbabü mətbəx ona təhvil,
Qılıb vermişdi ənamü təhsil.
Pəs ol namərd, nakəs, bisəadət,
Ona ol qeyri həqdən qıldı töhmət,
Səfərdən Dadbin çünki qayıtdı,
Vəziri-Karidan pişvazə getdi.
Şahə səcdə qılıb etdi dualər,
Yükəş təhsin çox-çox mərhəbalər.
Nüzul eylədi sultan, tutdu təmkin,
Vəziri-Karidani gördü qəmgin.
Dedi sultan ki: ey piri-kühənsal!2
Pərişansan, neçün şuridə3 əhval
Sənin neçün müşəvvəşdir damağın?
Üzün gülməz, açılmaz heç qabağın4.
Vəzir dedi ki: ey nayibeyi-fərz,
Qılam məhz sözüm nəvvabiyə ərz;
Mənə mane vəlakin tərsi-candır5,
Əgər ərz etməyəm dəxi yamandır.
Məgər sultan mənimlə edə peyman,
Yetirməyə mənə azarü nöqsan.
Deyəcək bir sözüm vardır nihani,
Onunla qıldı şəh əhdü əmani.
Vəzir edər6 kim, ey şahi-cahanə,
Səfər əzminə7 çün oldun rəvanə,
Mənə nagah xəbər verdi bir övrət,
Ki, ey xacə budur, dərkünci-xəlvət8.

__________
1 Talamaq (burada əsir etmək)
2 Çox yaşlı qoca
3 Kədərli
4 Qaş-qabaq
5 Can qorxusu
6 Söylər
7 Qərara gəlmək
8 Bir xəlvət bucaqda (yerdə)


Hüzuri piş edib4 xatuni-canan,
Biri-birinə söylər razi-pünhan.
Eşitdim bu sözü əndər nihani,
Nəzər qıldım tanıdım ol cəvani.
O oğlandır ki, siz mətbəxi təhvil,
Veribən eylədiz ənam təhsil,
Deyərdi qız ona kim: ey vəfadar!
Nə çəkdim mən sənin ucundan ey yar!
Atam evində sən məndən bəkarət
Apardın eylədin mənə xəsarət.
Yox idi məndə çün aini-duxtər5,
Onunçün eyləməzdim meyli-şövhər
Mənim yolumda atam öldü nahəq,
Atadan dayəyə oldu məşəqqət.
Mənimçün eylədi ol məkri-ali6,
Ki, sultan dəxi bilmədi bu hali,
Əziza, salü mah, hər ruzü hər şəb,
Mənim könlümdə vardır iki mətləb:
Biri oldur muradim, nazəninim,
Gecə-gündüz olasan həmnişinim.
Ki, səndən qeyrilə yoxdur qərarim,
Səninlə sərf edərdim rüzigarim!
İkinci atamı öldürdü çün şah,
Alaydım qanini mən inşaallah.
Yazığam, qoyma onda qala qanım!
Ki, səndən hasil olur hər muradım,
Bu işdə etmişəm bir fikri tədbir,
Əgər sən qılmasan ehmalü təqsir.
Sənə verrəm mən əndək zəhri-qatil,
Nihan şah aşına sən eylə daxil.
Eyə bir loğma, canı edə təslim.
Qız ona eylər idi belə təlim
Dedi oğlan: kim ey pakizə canan!
Bitər bu iş mənim əlimdə asan.

__________
1 Bir-birilə görüşüb
2 Qızlıq isməti
3 Böyük hiylə


Bir ara qoydular qövlü qərari1,
Xəbərdar eylədim mən şəhriyari.
Bu sözü çün dedi, ol zişti2, bədxu3,
Cahan şah gözünə oldu qaranqu,
Qəzəbləndi, eşitdi bu kəlami,
Siyasət birlə öldürdü qulami.
Buyurdu xatuni pəs ol sitəmkar,
Atalar qələ bürcündən nükusar4.
Dedilər ol zaman ərkani-dövlət,
Şəha! Bizdən qəbul eylə nəsihət!
Mürüvvət eylə, əl öldürmə övrət!
Deyil layiq, olur nöqsani-sirət5,
Səlah oldur onu biabü-binam,
Aparıb qoyalar əndər biyaban6.
Öz əli ola, onun öz yaxası,
Ölümdən bigüman olmaz xilası.
Qəbul eylədi şah bu iltimasi,
Ona geydirdilər köhnə libasi.
Apardılar onu giryanü nalan,
Buraxıb gəldilər əndər biyaban.
Yetişdi durmayıb məhbub, məqbul
Qılıb taət, pəs oldu həqqə məşğul.
Nəmazə durdi çün övrət səlami,
Kişi dedi: kim ey yari-girami,
Nə yerdən sən gəlibsən, ey pərizad?!
Nə kimsəsən, nədir, söylə sənə ad?
Dedi: görsə əgər məni sizin şah,
Olur çün ol zaman halimdən agah.
Xəbər gər verəsən, ala o sultan,
Sənə çox eyləyər, ənamü ehsan.
Qəzara padşah ol gün şikarə,

__________
1 Dilbir
2 Çirkin
3 Pis xasiyyətli
4 Baş aşağı
5 Sənə yaraşmaz
6 Çölün ortasında


Çıxıb olurdu onda aşikarə.
Eşitdi bu sözü ol dəm şütürban1,
Gedib sultana sarı ol şitaban2,
Yetişdi, dedi: ey sultani-sərvər!
Burada əylənibdir bir səmənbər.
Əgər qılsan ona bir dəm nəzarə,
Dəxi sən mail olmazsan şikarə.
Eşitdi bu sözü ondan çü sultan,
Dedi göstər, dəlil oldu3 şütürban.
Yetişdi şah, ona qıldı nəzarə,
Sanasan göydən enmiş mahiparə.
Nigarü nazəninü gülüzari,
Kim onu görsə qalmaz ixtiyari.
Bütü Çin, filməsəl, sərxeyli-xuban4,
Xəcil olur, üzündən mahi-taban5.
Güli-həmrayə6 bənzər, hər yanaği
Sözüdür şəhd, şəhərdir dodaği.
Boyu sərvü sənubər, hüsnü göyçək,
Başından getdi əqli onu görcək,
Dedi sultan: sənə mən oldum aşiq,
Səni əqd edəlim şərə müvafiq.
Qəbul eylədi övrət, oldu razi,
Buyurdu şah dərdəm gəldi qazi.
Müvafiq şərə ol sahib səliqə,
Oxudu şah üçün ol dəmdə siqə7.
Təsərrüf eylədi şah ol nigari
Mühəyya qıldı onunçün imari8.
Kəcavə içinə əyləndi xatun,
Mürəsse9 yanları, o rəngli altun,

__________
1 Sarvan (dəvəçi)
2 Tələsik
3 Yol göstərdi (bələdçi)
4 Gözəllər başçısı
5 On dörd gecəlik ay
6 Qızıl gül
7 Kəbin
8 İmarətlər
9 Daş-qaşla bəzənmiş


Buyurdu şah, çalındı şadiyanə,
Nişatu zövqilə oldu rəvanə.
Pəs ol dəm oldu sultan şəhrə daxil,
Muradü müddəasi oldu hasil.
Nə keçmişdi başından şəhrü təqrir,
Bəyan eylədi o, sultanə bir-bir,
Dedi: şah, olma qəmgin, çəkmə gəl ah!
Sənin dadın mən allam inşaallah.
Qamusun burada məcruh xəstə,
Gətirrəm, görəsən dəst bəstə.
Təlafi eylə gəl necə bilərsən,
Rəvadir onlara hər cövr qılsan,
Buyurdu dərzəman şahi-cahandar,
Süpahi cəm olub gəlsin nə kim var.
Nida qıldı münadi aşikarə,
Təmamən ləşgərə etdi işarə.
Sanasən zəlzələ düşdü zəminə,
Rəvan ol qəsd qıldı Dadbinə,
Süpahi-biədəd1, ləşgər firavan,
Onun çox ölkəsini qıldı talan
Dedilər: Dadbinə, gəldi ləşgər,
Xərab oldu vilayət, qaçdı ellər,
Canına düşdü yüz ənduhü2 qeyqu,
Qılıb fikri tədarük çıxdı qarşu.
Yetişdi bir yerə çün iki sultan,
İki yandan yeridi mərdi-meydan,
Çalındı təblü kusü nayü zurna,
Sanasan məhşər oldu, qopdu qovğa.
Süpahilər qanından doldu meydan,
Dilavərlər qılıb qan içrə qəltan.
Süpahi-Dadibin, məqhurü3, mənkub4,
Basıldı ol zamanda, oldu məğlub.
Tutuldu Dadbin oldu giriftar,

__________
1 Saysız qoşun
2 Qəm, qüssə
3 Əzilmiş
4 Döyülmüş


Qamu ərkani-dövlət hər nə kim var,
Xəzinə, hər nə var, məskuk1, məzrub2,
Hərəmdə3 kim ki var, məqbulü məhbub.
Apardı cümləsin, sultan bəqarət,
Xərabə qıldı eyvanü imarət.
Edib qəhriylə ol ölkəni viran,
Təmam əsbabü malin qıldı talan.
Edibən Dadibin mülkünü bərbad,
Qayıtdı pəs oradan xürrəmü şad.
Vəziri-Dadibin məcruhü4, xəstə,
Giriftarü müqəyyəd, dəstə-bəstə5,
Olub can qorxusundan rəngi təqyir,
Ayaqda kündə və boynunda zəncir.
Çəkib gətirdilər dövlətsərayə,
Dedi pəs padşah, ol məhliqayə:
Əlibağlı səninçün gəldi düşmən,
Qisas eylə, ona necə bilirsən!
Arada asdılar bir pərdə hayil6,
Xuraman gəldi ol niku-xəsayil.
Qılıban pərdədən izhari-göftar,
Dedi: – Ey nakəsi-zalim sitəmkar!
Nəçün sən nahəq öldürdün atamı?
Alayim indi səndən intiqamı?
Məni rüsvay edib avarə qıldın,
Pərişan, binəva, biçarə qıldın.
Günah məndən nə gördün, eylə təqrir,
Eşitsinlər qamusun şərhü təfsir!
Eşitdi bu sözü çün ol sitəmgər,
Müşəxxəs qıldı kimdir ol səmənbər.
Dedi: ey məhliqa, xurşid-tələt!7
Ki, haşa, görmədim səndən xəyanət.

__________
1 Sikkələr
2 Pullar
3 Hərəmxanada
4 Yaralı
5 Əlibağlı
6 Maniə
7 Günəş üzlü


Vəli bir söz eşitdim Kardandan,
Sənə zülm eylədim mən ol gümandan.
Vəzir edər1: mənim üzüm qarardır,
Deyəlim necə keçmiş macəradır!
Rəvan oldu səfər əzminə sultan,
Məni yoldan çıxardı hirsi-şeytan.
Mən ona elçi göndərdim bir övrət,
Məni, həm onu etmişdi məlamət.
Xəbər gəldi mənə, oldum pərişan,
Dedim bu sözü gər eşidə sultan,
Deyər bişəkk ona xatuni-dilbənd,
Kəsə sultan məni peyvənd-peyvənd,
Onunçün söylədim nahəq bu töhmət,
Ölümdən qurtulub, qalım səlamət.
Onu mən boyadım bu rəngi-buyə,
Vəli düşdüm özüm qazan quyuyə.
Vəzirin işlərin eşitdi çün şah,
Pəs ol xatun dedi: əlhəmdülillah.
Eşitdin müddəidən padşahim?
Mənim yoxdur bu dəvadə günahim?
Ziyadə oldu şahin xişmü kini,
Yetirdi qətlə dərdəm Dadbini.
Qisasın aldı ol dəm, ol vəzirin
Gözün oydu, əlin kəsdi əsirin.
Ayaqların vəzirin kəsdi cəllad,
Qılırdı naleyi-əfqanü fəryad.
Bunu görən deyərdi alsın ibrət,
Deməsin kimsəyə nahəq bə töhmət.
Qazarsa kimsə özgə qəsdinə çah,
Özü axır düşər ol çahə nagah.
Bəladən qalmaq istərsən səlamət,
Amandır, qılma sən kimsəyə töhmət.
Ziyan eylər özüçün zişt-kirdar,
Olur öz felinə axir giriftar.
Aparıb saldılar əndər biyaban,

__________
1 Söylədi


Siyasət birlə təslim eylədi can.
Yetişdi Karidan, ondan cəzayə,
Hənuz bur az idi, ol nasəzayə1,
Bu söz məşhur idi, əndər cəhanə;
“Yaman hər kim edər, uğrar yamanə!”.
“Kimin ki, xəlqə dəyməz bir ziyani,
İki dünyadə görməz o yamani”.
Vəziri-Karidan tək inşaallah,
Yaman dərdə giriftar ola bədxah.
Cavanmərdi ki, qılmışdı, şəfaət,
Ona başdan-ayağə verdi xələt.
Ətavü lütf edib ənamü ehsan,
Onun əlinə verdi hökmü fərman.
İnayət etdi2 mülki-Dadbini,
Onun pəs dövlət oldu həm qərini.
Yamanlıqdan olara etdi nöqsan,
Ol oldu yaxşılıqdan mirü sultan.
Özüçün olar, hər kim ola yaxşı,
Yamanə deməzlər heç yerdə yaxşı.
Yamanlardan, yamandaq ya ilahi!
Fədayi xəstənin sən ol pənahi!
Ayırma yaxşılardan ol fəqiri!
Ki, səndən qeyri yoxdur dəstigiri3.
Dedi pəs Bəxtiyar: ey padişahim!
Mənim bu davadə yoxdur günahim!
Həqqin dərgahinə ümmidvaram,
Ölüm yoxdur mənə, mən rastkarəm4.
Tamam oldu hekayət, oldu axşam,
Yenə də gün batıb çün oldu axşam.

__________
1 Yaramaz
2 Tapşırdı
3 Əlindən tutanı
4 Düz adamam


ALTINCI VƏZİRİN
PADŞAHIN YANINA GƏLMƏSİ

Səhərgəh çün görünməz oldu əxtər1,
Günəş doğdu, cahan oldu münəvvər,
Birisi gəldi dəxi ol vəzirin,
Yetişdi xidmətnə ol əmirin.
Dedi: ey padşahi-həft kişvər2,
Eşitdim xəlqi-aləm belə söylər:
– Məgər yoxdur, şahın namusu, ari?
Nə üçün saxlayıbdır Bəxtiyari?
Qılıbdır onu zindanbanə3 təslim,
Gər olsa padşahdan özgə hər kim,
Çəkərdi başinə bu dəmdə ərrə,
Kəsərdi ya ki onu zərrə-zərrə.
Ya öldür sən bu gün ol bihəyani,
Ya sən qətl eylə gəl, xəlqi-cahani.
Çü namü nəngü qeyrət oldu bərbad,
Gər öldürməzsən onu, sən eylə azad!
Eşitdi çün vəzirin sözlərini,
Ziyadə oldu şahin xişmü4 kini.
Gətirsinlər dedi, qıldı işarə,
Qəzəbləndi, dedi ol Bəxtiyarə,
Dedi: – Ey Bəxtiyari-şumü bədbəxt,
Ədəbsiz, bihəya, bədnamü sərsəxt.
Sənə mən eylədim ezazü ikram,
Məni sən eylədin rüsvayü bədnam,
Bu gün təhqiq bil ey üzü qarə,
Sənə yoxdur ölümdən özgə çarə!

__________
1 Ulduz
2 Yeddi ölkə
3 Həbsxana başçısı
4 Acıq


BƏXTİYARIN PADŞAHA
CAVAB VERMƏSİ

Dedi pəs Bəxtiyar: ey şahi-sərvər!
Cahan olsun sənin hökmündə yeksər!1
Ümidim var xudavəndi-cahanə,
Səni uğratmasın hərgiz yamanə.
Dürüstdür həqqə ixlasü yəqinim,
Olur axır səadət həmnişinim.
Vəli mən bağlamışam həqqə ümmid,
Məni həqq eyləməz məhrümü nomid.
Mədəd qıldı yəqin Bəxtazimayə,
Necə yetirdi onu müddəayə.
Həqqə çün bağlamışdı sidq ilə dil2,
Onunçün oldu asan kari-müşkül.
Dedi sultan ona, ol dəm: ki, oğlan!
Xəbər ver sən biz Bəxtazimadan!


BƏXTİYARIN BƏXTAZİMA
SƏRGÜZƏŞTİNİ NAĞIL ETMƏSİ

Dedi pəs Bəxtiyar: ey şahi aləm!
Həmişə könlün olsun şadü xürrəm,
Məgər bir gün eşitdim mən diləfkar,
Rəvayət eylədi raviyi-əxbar,
Var idi ol zaman sultani-qafil,
Adı Bəxtazima, məğrurü cahil.
Həmişə mail olmuşdu şərabə,
Yetişməzdi hesabü bihesabə,
Onun ləhvü-ləəb3 olmuş müdari,
Keçərdi qəflət ilə rüzigari
Özündən bixəbər, mədhuşü heyran,
Rəiyyət təfriqə4, ləşgər pərişan,

__________
1 Başdan-başa
2 Ürək
3 Mənasız, laübali həyat
4 Parçalanmış, dağılmış


Oturmuş qafilü, bifikrü eymən.
Onun üstünə gəldi taki düşmən,
Əlindən getdi onun ixtiyari,
Buraxdı qələvü şəhrü hasari.
Saluban gəncü malü xanımanın,
Qaçıb Bəxtazima qurtardı canın.
Onunla var idi bir neçə nökər,
Var idi sərhədində neçə ləşgər.
Buyurdu onlara siz edin ilqar!
İrakda1 kim var isə edin ehzar2,
Münasib yerdə çün əyləndi sultan,
Yığıldı üstünə ləşgər firavan.
Verirdi istimalət3 çün hamuyə,
Gəlib durdu bərabər ol əduyə4.
Yeridi hər tərəfdən çün ələmlər,
Biri-birinə çün əl açdı ləşgər.
Döyüşdü qeyrət ilə pəhləvanlar!
Yeridi iki yandan mövc5 qanlar.
Təvəkkül etməmişdi çün qəzayə,
Şikəst uğradı ol Bəxtazimayə,
Basıldı ləşgəri ol dəm hərasan,
Libasü malü ziynət oldu talan.
Tərəhhüm eyləməyən binəvayə,
Yəqin bil yetməzmiş müddəayə,
Özüçün kim qazanır ahü nifrin,
Həmişə ola o, məhzunü qəmgin.
Ayağa düşənin ol dəstigiri,
Təvazö birlə şad et hər əsiri.
Girizan oldu düşməndən nihani,
Bu vəchilə yenə qurtardı cani.
Qaçıb ol mülküdən avarə oldu,
Qəribü bikəsü avarə oldu,
Qəribü bikəsü avarə oldu.

__________
1 Uzaqda, kənarda
2 Çağıran
3 Öz ətrafına qüvvə toplamaq
4 Düşmən
5 Dalğa


Nə bir yoldaş, nə bir munis, nə bir yar,
Yetişdi gördü türfə şəhri büsyar.
Həm ol şəhrin müəzzəm padşahi,
Var idi ləşgəri, xeyli süpahi.
Yeriyib, dedi: ey sultani-sərvər!
Nolur ki, mən olum sultanə nökər!
Qəbul eylədi sultan, oldu nayib,
Müqərrər oldu ənamü məvacib.
Vap idi qabiliyyət çün zatində,
Müqərrəb oldu şahin xidmətində
Üzü gülməz, vəli könlü açılmaz,
Onun əhvalini heç kimsə bilməz.
Yox idi bir zaman səbrü qərari,
Gecə ağlar idi eylərdi zari.
Eşitdi birisi əhvali-zari,
Xəbərdar eylədi ol şəhriyari,
Çağırdı dər zaman şah ol cəvani,
Dedi: söylə mənə razi nihani!
Dedi: – Sultan, sanırsan bir gedayəm?
Ki, mən şahi-cahan Bəxtazimayəm.
Deyildim mən xəbərdar, ey şahənşah!
Mənim üstümə düşmən gəldi nagah,
Mənə bəxtü səadət olmadı yar,
Ki, mən məğlub, qalib oldu onlar.
Şikəst oldu mənə, talandı malım,
Əsir oldu qamu əhlü əyalım.
Dedi Bəxtazima, sultana çün raz,
Yenə sultan ona ikramü ezaz,
Qılıban dedi sultan: inşallah,
Süpahım hər nə var, səninlə həmrah1,
Edibən vuralım təblü nəqarə,
Rəvan səni edim mən ol diyarə.
Sənə yoldaş edib ləşgər təmami
Alasan düşmənindən intiqami.
Nəfirü xeyməvü xərgahü fərraş
Qamu Bəxtazimayə qıldı yoldaş.

__________
1 Birlikdə


Rəvanə qıldı getdi ol diyarə,
Vəli olmaz imiş təqdirə çarə.
Qılır hər kim ki, cidd-cəhd, büsyar,
Nə hasil, olmasa dövlət əgər yar.
Əgər yar olmaz isə bəxtü tale,
Olur bifaidə ol səyü zaye.
Xəbər yetişdi çün ol nasəzayə,
Müqabil durdu ol Bəxtazimayə,
Savaş düşdü arayə iki yandan,
Boyandı lalə tək yer üzü qandan.
Pəs ol dəm bəxtü tale, gör nə qıldı?
Yenə Bəxtazima ol dəm basıldı,
Basıldı ləşgəri, oldu girizan1,
Özü yalqız qalıb tərsanü lərzan.
Pərişan hali, bağrı parə-parə,
Özün yetirdi bir dərya kənarə,
Qəzara hazır idi, onda məllah,
Təzərrö2 eyləyib çün qıldı ilhah.
Pərişan, müztərib, cövri-ədudən,
Girib kəştiyə ol dəm keçdi sudən,
Gəmidən çıxıban bir şəhrə yetdi,
Təvəccöh eyləyib, sultanə getdi.
Dedi: şaha! Qəribü binəvayəm,
Eşitmiş olasız, Bəxtazimayəm,
Bəyan eylədi hamı sərgüzəştin,
Dedi sultan ona: sən olma qəmgin!
Həmişə sən bizimlə həmnişinsən.
Qəmü ənduhü möhnətdən əminsən.
Şah ona eylədi ezazü ikram,
Bəsi lütfü bəsi ehsanü ənam.
Gecə-gündüz şah ilə həmdəm oldu,
Qamu sirri nihanə məhrəm oldu.
Deyildi əskik ona nazü nemət,
Yenə gəldi ona iqbalü nemət.

__________
1 Qaçqın
2 Yalvarmaq


Qalıb əyləndi onda ruzigari,
Keçərdi işbu növ ilə müdari.
Qəzara bir gün əylənmişdi ol şah,
Xəbər oldu ki, düşmən gəldi nagah,
Qayırdı ləşgərin, oldu rəvanə,
Onu qarşıladı şahi-zəmanə.
Çalındı kərana1 cəm oldu ləşgər,
İkisi bir-birə durdu bərabər.
Qərivü qülqülə2 düşdü cahanə,
Boyandı yer üzü ol gündə qanə.
Müxalif ləşgərindən gəldi bir ər,
Əlində nizə, belində xəncər,
Suvar olmuş səməndi-bad rəftar3,
Dilavər, pəhləvan, mərdanə, cərrar4,
Çağırar: ər olan meydanə gəlsin!
Müxənnət gəlməsin, mərdanə gəlsin!
Bu gün meydan içində əjdəhalər,
Mənə şirü pələng olmaz bərabər.
O dəm vurdu özün qəlbi süpahə,
Qamu ləşgər kömək eylədi şahə,
Sınıb ləşgər ələm oldu nikunsar,
Qırıldı ləşgəri-düşmən, nə kim var.
Basıldı ləşgəri, talandı sərdar,
Kisb5 eylədi hər kim mali-büsyar.
Dedi Bəxtazima ol dəm ki, ey şah!
Süpər6 oldu qəzadən sənə Allah.
Deyil cəng eyləmək, sərdarə layiq,
Bu tədbir olmaya əqlə müvafiq,
Necə oldu nişani-tirü şəmşir,
Xilafi əqlidi bu rəyü tədbir.
Durub bir yerdə sən tut istiqamət,
Savaşü cəng edə ləşgər təmamət,

__________
1 Böyük şeypur
2 Səs-küy
3 Yel kimi iti gedən at
4 Qüdrətinə inanıb ahəstə yürüş edən əsgər
5 Qənimət
6 Qalxan, dayaq


Dedi sultan kim, ey yari vəfadar!
Səninçün şərh edim bir gizli israr,
Həmişə eylərəm həqqə təvəkkül,
Onunçün görməzəm düşvarü1 müşkül.
Mənim ixlasimə həm bir səbəb var:
Səninçün nəğl edim, sən eylə izhar!
Keçən illərdən ey gözüm çiraği!
Mənim üstümə gəldi ta ki, yaği,
Var idi məndə ləşgər, bişümarə2,
Onu əndək görüb etdim nəzarə.
Mən oldum öz gücümə çünki məğrur,
Basıldım ol zaman mənkubü məqhur.
Dağıldı ləşgərim, oldu girizan,
Ədu əsbabü malim qıldı talan.
Qaçıb mən dəxi çıxdım bir diyarə,
Mənim düşdü yolum bir kuhisarə3.
Çü görmüşdüm elə bir rüzgari,
Qılırdım növheyi-əfqanü zari.
Gəzərdim hər zaman şuridə əhval,
Göründü gözümə nakəh, bir əbdal4,
Bəqəyət xişmigin5, heybətli dərviş,
Dedi: ey binəva, miskinü dərviş,
Kimin əlindən işbu dadü bidad,
Qılırsan naleyi-əfqanü fəryad?
Ona şərh eylədim mən çünki əhval,
Cavab verdi mənə ol dəmdə əbdal.
Olubsan öz gücünə çünki məğrur,
Səni həqq eyləmiş məğlubü məqhur.
Təvəkkül etmiş onlar kirdigarə,
Veribdir fürsəti Allah olarə.
Gər istərsən ola dərdinə çarə,
Yeri, eylə təvəkkül kirdigarə.

__________
1 Çətinlik
2 Saysız
3 Dağlıq yer
4 Dünyadan əl çəkmiş dərviş
5 Acıqlı


Xudadan istə tofiqü inayət,
Qərin ola sənə aşüftə dövlət.
Yeri, həqq ilə sən qıl əhdü peyman,
Bunu deyib gözündən oldu pünhan,
Pəs ol gündən bəri, həsbül-işarə1,
Yəqinim bağlamışam kirdigarə.
Olursa hər kimə tofiqi-həqq yar.
Olur asan ona hər kar düşvar.
Könül verdim çü mən bu etiqadə,
Qayıtdım dər zaman, irdim2 müradə.
Kimə yoldaş ola tofiqi-yəzdan3,
Ona kar eyləməz, şəmşiri-bürram4.
Yeri, sən həqqə bağla sidqi-ixlas,
Könüldən xali eylə fikri vəsvas.
Gər istərsən muradın ola hasil,
Könül bağla həqqə sən olma qafil.
Dürüst olsa həqq ilə etiqadın,
Olur hasil sənin bişəkk muradın.
Əsər qıldı bu söz Bəxtazimayə,
Təvəccöh eylədi ol dəm xudayə,
Olub guşənişin, məşğuli-taət,
Qərin ola sənə iqbalü dövlət.
Ziyadə oldu ixlasü yəqini,
Səadət oldu onun həmnişini5.
Ona kəşf oldu israri-nihani,
Könüldə qalmadı mütləq gümani.
Düşində6 dedilər Bəxtazimayə,
Təvəkkül eylədin çün sən xudayə,
Müqərrər eylədi həqq sənə fürsət.
Sənə verdi bu gündə malü nemət.
Yeri get şəhrə sən qılma təqafül7,

__________
1 Edilmiş işarə əsasında
2 Çatdım
3 Allah
4 Kəsərli qılınc
5 Dostu
6 Yuxusunda
7 Fürsəti əldən vermə


Sənə mətlubü məqsud oldu hasil.
O dəmdə yuxusundan oldu bidar1,
Həqqin dərgahına şükr etdi büsyar.
Sabah olcaq durub oldu rəvanə,
Yetişdi əz qəza çün ol məkanə.
Məgər ol gün hamu əşrafü əyan,
Çıxıb gəştə2 olar eylərdi seyran.
Olara yetdi qıldı həmzəbanlıq,
Təvazö eylədilər, mehribanlıq.
Dedilər: ey cəvanmərd, aşinasan,
Əcəb olmuya sən Bəxtazimasən?
Dedi: bəli, güman vardır bəhər hal,
Qamu xoşnud, şakər3 oldu xoşhal.
Ayağına hamusu düşdü bir-bir,
Dedilər: bizdə yox cürmü4 təqsir.
İnayət eyləyib əfv eylə, ey şah!
Üzün gördük sənin əlhəmdülillah!
Gətirib gəldilər Bəxtazimani
Gecə daxil olub şəhrə təmami.
Əkabirlər5 qamusi etdi beyət
Vəzirü həm vəkil, ərkani-dövlət.
Çü tutdular gecə onun qənimin6,
Sitəmdən, zülmüdən xəlq oldu əmin.
Hökumət etdi çün Bəxtazimayə,
Yəqinindən7 yetişdi müddəayə.
Olursa hər kişidə siqdi-ixlas,
Ona yol bulmaya şeytanü vəsvas.
Mənim yox həqqidən özgə pənahim,
Təvəkkül etmişəm, mən padşahim.
Onun dərgahinə ümidvaram.
Mən axır bu bəladən rəstkaram8.

__________
1 Oyanmaq
2 Gəzməyə
3 Şükür edən
4 Günah
5 Kübarlar
6 Düşmənin
7 İnandığı üçün
8 Xilas olmuş


Fədayi, sən təvəkkül qıl xudayə,
Yetərsən inşallah müddəayə.
Tamam oldu bu dastan, getdi sultan,
Məkanı Bəxtiyarın oldu zindan.


YEDDİNCİ VƏZİRİN
PADŞAHIN YANINA GƏLMƏSİ

Səhər oldu, günəş göstərdi tələt,
Vəziri həftüminə1 yetdi növbət.
Gəlübən dedi: ey sultani-kamil!
Gərəkməz bunda təqsirü təqafil,
Haçanatən bu bədbəxt ola məhbus?
Məgər yox səndə şaha, arü namus?
Məni öldür ki, nöqsan oldu sirət2,
Xudavənda, hanı şərti mürüvvət?
Bunu öldürməyin eyni mətalib3,
Yenə sultanə qeyrət oldu qalib.
Gətirsinlər, – deyib qıldı işarə,
Qəzəbləndi dedi, ol Bəxtiyarə:
Kim, ey bədəsl4, nakəs, dunü5 əbtər6,
Bu gün oldu sənə ölmək məqərrər.


BƏXTİYARIN PADŞAHA
CAVAB VERMƏSİ

Dedi pəs Bəxtiyar: ey şahi-aləm!
Başından sayeyi-həqq olmasın kəm7.
Mürüvvət eylə, tünd olma fəqirə!
Siyasət eyləmə mən tək fəqirə.

__________
1 Yeddinci
2 Üzüqaralıq
3 Məqsədəuyğun
4 Nacins
5 Səfil
6 Alçaq
7 Əskik


Əgərçi qulların işi xətadır,
Böyüklər şivəsi əfvü ətadır.
Mənim əfv eylə cürmüm, ey cavanmərd!
Necə kim əfv qıldı şah Behkərd,
Bağışladı onun cürmün tamami,
Xəta qılmışdı onun bir qulami.
Dedi sultan kim, ey bürnayi-pürdərd1,
Nə qıldı qul, necə əfv etdi Behkərd?


BƏXTİYARIN BEHGƏRD ŞAHIN
SƏRGÜZƏŞTİNİ DANIŞMASI

Eşitdim, var idi bir padşahi,
Nəhayətsiz onun xeyli süpahi.
Süxən təbü2 hünərməndü cəvanmərd,
Şücaü3 pəhləvanü şah Behgərd.
Qəzara bir gün ol şahi-nikukar4,
Ova çıxdı belə ləşgər, nə kim var.
Məgər bir qul ox atırdı şikarə,
Qəzara getdi dəydi şəhriyarə.
Götürdü şahi Behgərdin qulağın,
Müşəvvəş eylədi şahın dəmağın.
Töküldü üstünə şahın qızıl qan,
Onu ləşgər görübən qıldı əfqan.
Müşəxxəs etdilər oxdan nişanı,
Tutub gətirdilər ol növcavanı.
Buyurdu şah dərdəm, gəldi cəllad,
Pəs oğlan yalvaruban qaldı fəryad:
– Rəva görmə sitəm, mən bipənahə,
Ki, mən qəsd etməmişəm padşahə.
Rizayi-həqq ədalət eylə mütləq,
Yazığam, sən məni öldürmə nahəq

__________
1 Çox dərdli gənc
2 Söz bilən
3 Cəsarətli
4 Xeyirxah


Kərəm eylə, xəta qıldım, əta qıl,
Məni azad, əzbəhri-xuda1 qıl,
Fəda olsun sənin yolunda canım,
Gər öldürsən, qalır boynunda qanım.
Ədalət eylə şaha, olma zalım!
Bu gün rəf eylə boynundan vəbalın
Ki, sultan gördü onun suzi-ahin,
Kərəm qıldı, bağışladı günahin.
Gəl indi vaqif ol sən, bu xəbərdən,
Kim idi ol cavan, əsli nə yerdən?
Vəzir imiş onun atası dirlər2,
Əlində müttəssil divanü dəftər.
Bir özgə şəhr, özgə məmləkətdən,
Həmişə dadgiri, səltənətdən,
Vəlakin ol diyarın padşahi,
Talardı peyvəstə3 ol bigünahi.
Cəfacu4 tündxu5, zalim, sitəmgar,
Qılırdı ona nifrin, hər nə kim var.
Qamu azürdə ondan mirü6 ləşgər,
Əlindən təngə gəlmiş şəhr yeksər,
Tifaq7 eylədi pəs əyanü əşraf,
Ki, yoxdur padşahda ədlü insaf.
Aradan götürəlim ol əmiri,
Yerinə nəsb edəlim ol vəziri.
Qəbul eylədilər bu sözü bari8,
Gecə öldürdülər, ol nabikari9.
Vəzir oldu onun yerində sultan,
Qayırdı ləşgərin, çox etdi ehsan.
Götürdü məmləkətdən zülmü bidət,

__________
1 Allah yolunda
2 Belə deyirlər
3 Həmişə
4 Zülm edən
5 Xasiyyəti pis
6 Zabit
7 Birləşmək
8 Hamısı
9 Zalimi


Fəraqat tapdı dövründə rəiyyət.
Neçə il almadı mali-cəhati1,
Fəramuş eylədi eyşü nişati.
Anardı2 oğlunu o, ah edərdi,
Hər iqlimə ki, bazırgan gedərdi.
Sifariş eylər idi ona izhar,
“Mənim oğlumdan olarsız xəbərdar”.
Yenə çox kimsə qılmışdı rəvanə,
Ki: “Hər kim gətirə ondan nişanə,
Verərəm ona mülkü mal, büsyar,
Onu mən eylərəm ləşgərə sərdar”.
Xəlayiq bu xitabi çün eşitdi,
Onu istəməyə çox kimsə getdi.
Təfəhhüs3 eyləyib gedərdi bir mərd,
Yolu düşdü bəşəhri şahi-Behgərd
Gəzərdi, gördü nagah, ol cavani
Vəzirdən çün eşitmişdi nişani.
Qiyas4 ilə onu tanıdı fil-hal5.
Sevindi, şad, şakər oldu, xoşhal.
Ayağına düşübən oldu xəndan,
Ona pəs ol zamanda dedi oğlan;
Dedi: gəl görəlim sən aşinasən,
Bizim ilə haçandan aşinasən?
Səbəb bilməm nədir ey əhlü hümmət?!
Mənimlə qıldın izhari-məhəbbət?
Yetişdin zahirən indi səfərdən,
Nə yerlisən, gəlirsən, de nə yerdən?
Kişi bir xəlvətə qıldı işarət,
Dedi: gətirmişəm sənə bişarət6,
Vəzir idi atan, oldu şəhənşah,
Səninçin diləyir hər gündə yüz ah.

__________
1 Vergi
2 Xatırlardı
3 Axtarmaq, tədqiq etmək
4 Müqayisə etmək
5 O saat
6 Şad xəbər


Veribdir malü nemət, zər də büsyar,
Müsafir oldular sənə tələbkar.
Xəbər verib demişdi ol yeganə,
Çü zahir səndə gördüm ol nişanə.
Tanıdım mən səni əlhəmdülillah.
Dedi oğlan ona: ol gəl, sən agah!
Mənəm bu şahi Behgərdin qulamı,
Necədir, görməmişəm mən atamı?
Dedi kişi: eşit təhqiq, doğru,
Gətirib səni satmış ona oğru.
Gəl ey Yusif, bu gün Yəqubi-zarə,
Tərəhhüm eylə, qıl dərdinə çarə!
Atayə ey igid, püştü1-pənah ol!
Otur təxtə, yerində padşah ol,
Bu sözü ondan eşitdi, çü oğlan,
Münasib yerdə onu qıldı pünhan.
Kəsildi səbrü aramü qərari,
Gecə gəldi o dəm oldu süvari.
Dəlil oldu kişi ardınca oğlan,
Gecə-gündüz gedərdilər şitaban2,
Mübəddəl3 çün visalə oldu hicran,
Atası gördü oğlan şadü, xəndan.
Sanasan ölmüş idi gəldi cani,
Yetişdi Xizrə abi-zindəgani4
Sanasan bülbül etdi seyrü gülzar,
Kişiyə verdi malü mülk-büsyar.
Ona çox eylədi ikramü ezaz,
Xəlayiqdən onu qıldı sərəfraz.
Gəl indi sən qulaq ver, ey cavanmərd!
Necə oldu eşit, əhvali-Behgərd.
Məgər kim çıxdı ol seyri-şikarə,
Yəqin bil yoxumuş təqdirə çarə.
Yel əsdi binəhayət, oldu tufan,

__________
1 Arxa, kömək
2 Sürətlə
3 Əvəz
4 Dirilik suyu


Sanasan gecə-gündüz oldu eksan.
Hava oldu müxalif, tünd, xeyrə1,
Çıxar gərduni2 dunə xaki-tirə.
Günəş tutuldu, aləm oldu zülmat,
Pəs ol ləşgər qamusu oldular mat.
Cahan oldu qaranqu, tirevü tar,
Qalıb hər kimsə öz halına naçar.
Baş alıb getdi hər kəs bir diyarə,
Yetişdi şah bir dərya kənarə.
Səlamət qurtulub ol rəstixizdəm3,
Gəmiyə oturub keçdi dənizdən.
Dənizdən keçdi, yetdi karivanə,
Həm oldular olar şəhrə rəvanə.
Kim ol qul olmuş idi, onda sultan,
Rəfiq olub gedər iftanü xizan.
Giribən şəhrə getdi suyu bazar4,
Ki, axşam oldu onda yatdı naçar.
Kəsər ol gecə oğru bir dükani,
Əsəs5 gördü tanıdı ol cavani.
Çü bildilər qəribdir, ol cəvani,
Tutuban qolların bağladı ani6.
Rəvani tutuban bağladı möhkəm,
Apardılar onu sultanə dərdəm.
Ki: şaha, işbu nakəs, düzdü tərrar7,
Dükan kəsmiş, aparmış mali-büsyar.
Buyurdu döydülər çox binəhayət,
Ona eylədilər çox-çox siyasət.
Qamu barmaqlarından axdı qani,
Yavuq oldu bədəndən çıxa cani.
Tərəhhüm eyləyən yox, gördü naçar.

__________
1 Qaranlıq
2 Göylərə
3 Fəlakətdən
4 Bazara tərəf
5 Gecə qaraulçusu
6 O saat
7 Hiyləgər oğru


Ölümdən yey1 onunçün qalmadı ar.
Buyurdu vurdular Behgərdi bəndə,
Ayağında səlasil2, əldə kündə.
Çü ol dəmdə giriftar oldu, Behgərd.
Qərib oldu onunla möhnətü dərd.
Anardı çünki keçmiş ruzgari,
Qılardı naleyi-əfqanü zari.
Nə bir munis, nə bir yoldaş, nə bir yar,
Canından şahi-Behkərd oldu bizar.
Məqam oldu ona qəmxanə, miskin,
Bacaya qondu nagəh, bir göyərçin.
Ələ bir daş alıb ol əhli hümmət,
Məgər könlündə qıldı belə niyyət:
Əgər mən daş ilə vursam bu quşi,
Fəramuş eylərəm ahü xruşi.
Oluram bigüman, zindandan azad.
Qəmim axir ola, ollam xürrəmü şad.
Görəm bir də yenə əhlü əyali,
Hökumət, səltənət, cahü cəlali.
Əgər rədd ola, ona dəyməyə daş,
Qəmu əndüh ola mənimlə yoldaş.
Qalam zindan içində zarü məhcur4,
Olam bədnamü rüsvay, xəlqə məşhur.
Əsiri mübtəla, qallam giriftar,
Ola təslim canim axirikar,
Fəraq əl verdi, gözdən tökdü yaşı,
Bu fikr ilə əlindən atdı daşı.
Qəza gör netdi5, təqdiri-ilahi,
Ova gedirdi şəhrin padşahi.
Qəza ru etdi6 daş dəydi o şahə,
Yıxıldı şah düşdü xaki-rahə.

__________
1 Üstün
2 Zəncir
3 Dəxi
4 Ayrılıq
5 Nə etdi
6 Üz verdi


Götürüb zərb ilə şahin qulağın,
Pəs ol dəm çəkdilər qullar çomağın.
Gətirdilər onu boynunda zəncir,
Dedilər şahə: bundadır bu təqsir!
Ona eylədilər tənbihü azar,
Qəribü binəvayə yox havadar.
Bu bədbəxt idi kim atdı daşi,
Dükani kəsdi, apardı qumaşi.
Oğurluq eyləmiş həddən ziyadə,
Veribdir bir qulaği dəxi badə.
Buyurdu qullara şah aşikarə,
Boğazından asalar onu darə.
Dedi pəs şah, Behgərd: ey xirədmənd1,
Məni öldürmə, nahəq, ey xudavənd.
Oğurluq bilməzəm, mən bigünahəm,
Ki, mən həm bir diyarə padşahəm.
Məgər çıxmış idim, bir gün şikarə,
Mənim onda qulağım oldu parə,
Atardı bir qulum bərqəsdi nəxcir2,
Qulağım düşdü nagəh, dəydi çün tir.
Ağasın tanıdı ol dəmdə oğlan,
Ayağın öpdü, oldu zari-giryan.
Atası dedi: ey oğlan bu kimdir?
Tanırmısan və ya könlün rəhindir?
Dedi: oğlan yəqin bil, bu cavanmərd,
Mənim ağam budur, ol şahi-Behgərd.
Mənim tək var onun yüz min qulami,
Cahani tutmuş onun nik nami3.
Məkani-elmü, helmü, bəhri-insaf,
Mürüvvətli, həyali, əhli insaf.
Mən atdım ox ova, bərqəsdi nəxcir,
Qulağı düşdü nagəh, dəydi çün tir.
Məni tutub gətirdilər, həm ol dəm,
Mənimçün ruzi-behcət4 oldu matəm.

__________
1 Ağıllı
2 Dağ keçisini vurmaq məqsədilə
3 Yaxşı adı
4 Şadlıq günü


Qılırdım naleyi-əfqanü fəryad,
Məni pəs şah ol dəm qıldı azad.
Hamu təhsin dedilər şəhriyarə,
Nəsib oldu mənə ömür dübarə.
Bu halə çün atası oldu agah,
Məlik Behgərd əlindən öpdü ol şah.
Kərəm qıl, qılma bizdən cürmü təqsir,
Vəlakin yox imiş təqdirə tədbir.
Gecə-gündüz ona ənvai izzət1,
Özü, oğlu ona eylərdi xidmət.
Mühəyya oldu məclis, noğlü2 badə,
Təvazö eylədi həddən ziyadə.
Ona verdi füravan nazü nemət,
Bədöv atları3, həm zərbəft4 xələt,
Otaqü, xeyməvü5, xərgahü fərraş,
Bəsi leşgər onunla qıldı yoldaş.
Yamana uğramaz hər kim ola yaxşı,
Yamana deməzlər heç yerdə yaxşı.
Mənə qıl sən tərəhhüm, ey xudavənd!
Olasan bəhrəvər6 manəndi Behgərd.
Xudavənda, Fədayi binəvadır,
Həmişə işi təqsirü xətadır.
Vəlakin səndən istər istiqasə7,
Yamandan saxla qıl lütf, iqasə8.
Bu nəql olunca oldu vaxt axşam,
Pəs ol Azadbəxt külli fərcam9,
Apardılar buyurdu Bəxtiyari,
Müqəyyəd, binəva, yox ixtiyari.

__________
1 Hər cür hörmət
2 Şirni
3 Cıdır atı
4 Zər baftalı
5 Çadır
6 Əməyin bəhrəsini ələ gətirmək
7 Kömək
8 Yardım etmək
9 Qayə, aqibət

davamı
XS
SM
MD
LG