Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:29

FƏDAİ. Bəxtiyarnamə (5)


əvvəli

SƏKKİZİNCİ VƏZİRİN
PADŞAHIN YANINA GƏLMƏSİ


Gecə keçdi, yenə çün oldu sabah,
İlahi olmuya bədxah islah.
Yığılıban hamı gəldi vəzirlər,
Yenə şaha şikayət eylədilər,
Ki: şaha, nəngü, namin getdi badə,
Gərəkməz bundan həm səbr ziyadə.
Necə saxlayasan bu nabikari?1
Unutmuşsan məgər namusü ari?
Əgər vardır sənin şəkkü gümani,
Deyəlim necə gəlmişkən zəmani.
Qamumuz görməmiş həngamü fürsət,
Hərəmdən söyləşirkən neçə növbət2.
Demədik qorxudan, qıldıq təqafül,
Görüb qıldın, özün təsdiq hasil.
Həqiqət sənə zahir oldu əhval,
Nədir qılmaq dəxi təsdiq ehmal.
Neçin onu yetirməzsən cəzayə?
Ki, ibrət ola hər bir nasəzayə.
Səninlə həmnişinü3, həmzəbandır4,
Nə deyim, vəqtşünasü5, qissəxandır6.
Gərək ola igidlərdə həmiyyət,
Bu sözlərdən şaha əl verdi qeyrət.
Qaraldı bərmisali qiri-qətran7,
– Gətirin Bəxtiyari! – dedi Sultan.
Necə eyləyəlim səbrü təhəmmül?
Gətirdilər, buyurdu bitəhəmmül8:

__________
1 Yaramazı
2 Dəfələrlə
3 Bir məclisdə oturan
4 Dilbir, həmsöhbət
5 Vaxtdan istifadə edən
6 Çoxlu hekayə bilən
7 Qətran qırı kimi
8 Vaxtı itirmədən


– Bu şumi-bihəyani parə-parə,
Qılın, ta xəlq edə ona nəzarə.
Əlində tiqi-Misri gəldi cəllad,
Dedi pəs Bəxtiyar: – Ey Bəxtazad!


BƏXTİYARIN PADŞAHA
CAVAB VERMƏSİ

Həmişə dövlətin payəndə olsun,
Sənə xaqani aləm bəndə olsun!
Həqqə bir bax, eşitmə, qövli qəmmaz1,
Məni çün şah qılmışdı sərəfraz.
Məni məmur edərdi, şah hər işə
Mənə möhtac idi onlar həmişə.
Bu gün düşdü olarə çünki fürsət,
Vurar onlar həsəddən mənə töhmət,
Olar sözü mənim həqqimdə böhtan,
Gərəkdir kim qəbul etməyə sultan!
Ölümdən qorxmaram, sən bil gəl agah!
Vəlakin qorxmazam mən ondan ey şah!
Ölümdən gər deyil mümkün xilasim,
Mənim səndən ala yəzdan qisasim.
Necə ki, mən eşitmişəm İlanşah,
Vəzirlər sözünə çün oldu gümrah2,
Hər ondan axir aldı intiqami,
Yetirdi qətlə nahəq Butəmami.
– Kim idi? – dedi sultan – o İlanşah!
Bizə söylə olalım ondan agah!

__________
1 Böhtançı söz
2 İnanıb yoldan çıxmaq


PADŞAHIN HEKAYƏSİ
VƏ BUTƏMAMIN SƏRGÜZƏŞTİ

Dedi pəs Bəxtiyar: ey dadküstər1,
Pənah olsun sənə danayi-davər2.
Rəfiq olsun sənə tofiqi-yəzdan,
Sənin rəyincə dönsün çərxi-dövran.
Həvadisdən3 sənə asibü azar
Yetişməsin əya4 şahi-cahandar.
Eşitdim var imiş bir mərdi-dana,
Süxandanü5, süxənfəhmü6, tavana7.
Atası qoymuş ona Butəmam ad.
Həmişə şadü xürrəm, qəmdən azad,
Var idi çox onun əsbabü mali,
Ziyadə etməz idi qiylü qali.
Vəli bir zalimü birəhm sultan,
Qamu ölkəni o, etmişdi talan.
Olub əndişənak8 ol mərdi-dərviş,
Çəkərdi fikir edib ənduhü təşviş.
Məbada kim onunla ol sitəmkar,
İrişib yetirə nöqsanü azar.
Dedilər var ona bir şahi-adil,
Kərimültəb9 danüşməndü aqil.
Rəiyyətpərvərü miskin nəvazi,
Xudavü xəlq ondan cümlə razi.
Süpahü məmləkət halindən agah,
Cavanü xeyrixah, adi İlanşah.
Yetişdi bu xəbər, çün Butəmamə,
Mübahat10 eylədi işbu kəlamə.

__________
1 Ədalətli
2 Hər şeyi bilən Allah
3 Hadisələrdən
4 Ey
5 Söz bilən
6 Söz anlayan
7 Varlı
8 Qorxulu fikrə düşmək
9 Kəramətli
10 Qəbul etmək


Götürdü hər nə var, əsbabü malin,
Belə alıb gedər əhlü əyalin.
Rəvanə oldu, getdi varə-varə,
Yetişdi əz qəza çün ol diyarə.
Münasib töhfələrdən bari-xanə,
Tutub gətirdi ol şahi-cahanə.
Səlam eylədilər sultanə onlar,
Oxudular sənavü mərhəbalar.
Ona yer göstərib pəs qıldı təklif,
Dedi sultan: göz üstə gəldi təşrif,
Çü sultan məclisinə oldu daxil,
Onun göftarinə1 şah oldu mail.
Fəsihü qabilü mətbuü məqbul,
Hünərməndü süxənara və məqul.
Mülaqat eylədi onunla sultan,
Ki, xoşnud oldu ondan, etdi ehsan,
Zərü simü yükəş əmvali-dünya2,
Nə kim könlü dilər olmuş məhəyya
Dedi sultan: mənə gəl həmnişin ol!
Gecə-gündüz bizimlə həmqərin ol!
Gərəkdir bizə bir mərdü güzidə3,
Xüsusən bir sənin tək kardidə4.
Bizimçün həqq səni ey mərdi-kamil,
Yetirdi, müddəamiz oldu hasil.
Dedi pəs Butəmam: – Ey mərdi-ziba!
Qəbuli-mənsəb etməz mərdi-dana.
Kim ola həmdəmi mərdi səlatin,
Bəqa eyləməz5 ona cani şirin.
Məlik hökmünə yox tədbirü çarə,
Kəminə bir qulam mən şəhriyarə.
Əlinə verdi sultan ixtiyarın,
Qamu işlərdə gördü etibarın.

__________
1 Söhbətinə
2 Dünya malı
3 Seçilmiş
4 İş bilən
5 Canını əsirgəməz


Özünə gördü şah onu müqərrəb,
Ona mənsub etdi nəsbü mənsəb.
Rücu eylərdi hər işi ona şah,
Yetirdi yerinə bərhəsbi-dilxah1.
Var idi padşahın üç vəziri,
Müəyyən, hər birinin yox nəziri.
İmansız bir neçə əyyarü məkkar2.
İraq həqdən, sitəmgər, mərdümazar.
Sərəfraz eylədi şah Buiəmami,
Həsəddən onların təlx3 oldu kami,
Dedilər bir-birə: iş oldu müşkül,
Gərəkməz dəxi təqsirü təqafül.
Aradan götürəlim Butəmami,
Və ya tərk eyləyim mən bu məqami.
Biri dedi: budur tədbirə çarə,
Ki, avarə ola bu ol diyarə.
Eşitdim şahi-Rumin bir qızı var,
Kim onu görsə olmaz mərdi-hüşyar.
Onun avazəsi tutmuş cahani,
Üzü gül, filməsəl, püstə dəhani.
Hər iqlimdə müəzzəm bir padşah var,
Ona candan olurlardı tələbkar.
Ona hər kimsə kim elçi gedərdi,
Atası elçiyə gör kim, nedərdi?
Çü elçi olduğun eylərdi məlum,
Onun başın kəsibən qeysəri4-Rum.
Əgər şah elçi etsə Butəmami,
Aparsa qeysərə ol bu peyami,
Onu qətl eyləyər qeysər gümansız,
Bula yüz möhnətü qəmdən amansız.
Vəzirlər gəldi şahın həzrətinə,
Müşərrəf oldular çün xidmətinə,
Dedilər hər cəhətdən nəğlü əxbar,

__________
1 Ürəyi istədiyi kimi
2 Hiyləgər
3 Acı
4 Padşah


Hədisi-xəttü-xalü hüsnü göftar.
Arayə saldılar onlar bəəmda1,
Əsər eylədi sultana bu sevda.
Dedi sultana bir sahib cəmali,
Yox onun mislü manəndü misali.
Dedilər: şah onun bir qızı var,
Tutulur gün əgər göstərsə rüxsar.
Boyu tuba, gözü nərkəs, üzü gül,
Qaşı yay, kirpiyi ox, saçı sünbül,
Dişi dürr, ləbləri ləli-Bədəxşan,
Mələk görsə qalır əlbəttə heyran.
Nigari-nazənin, bir işvə əngiz,
Nihani qəmzəsi, cəlladi-xunriz.
Əsirü mübtəla qılmış cahani,
Alır can kim, ona baxsa nihani.
Dahan püstə, sözü bənzər nabatə,
Salıbdır fitnə, qövqa kainatə.
Dedilər ol qədər şirin fəsanə2,
Ki, sultan aşiq oldu qayibanə.
Dedi sultan: gərək fərxəndə qasid,
Ona elçi qıla hasil müqasid3,
İşarət eylədilər Butəmamə,
Onun adına çün yazıldı namə.
Çağırdı şah ol dəm Butəmami,
Dedi pəs ona: ey yari-girami!
Sən elçi ol bizə, qıl lütfü imdad!
Bizi sən eylədin xoşhalü dilşad.
Sənin tək bunda yoxdur bir süxəndan
Dedi: – Şaha, sənindir hökmü fərman
Tamam oldu büsati barixanə4,
Pəs ol dəm Butəmam oldu rəvanə.
Gedərdi ruzü şəb mənzil-bəmənzil,
Yetişdi şəhrə çünki oldu daxil.

__________
1 Qəsdən
2 Əfsanə, nağıl
3 Məqsədə nail olmaq üçün
4 Yol tədarükü


Müşərrəf oldu ali asitanə1,
Gətirdi şahə, çəkdi barixanə.
Qəbul eylədi sultan dedi təhsin,
– Gəl əylən! – dedi, mənzil qıldı təyin.
Qılıb səcdə oturdu ol süxəndan,
Məlik qıldı ona əltafü ehsan.
Nəvaziş qıldı ona qeysəri-Rum,
Nə üçün gəldiyini qıldı məlum.
Dedi: xoş gəldin ey mərdi-süxəndam,
Gedib sən görgilən ol mahi-əndam2.
Əgər var isə İlanşahə layiq,
Onun təbinə gər olsa müvafiq,
Əgər bilsəm qəbul eylər onu şah,
Rəvanə edəlim səninlə həmrah.
Bu gün var ixtiyarın, olma nadan!
Nə hasil sonradan olmaq pəşiman?
Buyurdu Butəmamə qeysəri-Rum:
– Dur indi sən həqiqət eylə məlum.
Rəvanə oldu ol dəm xürrəmü şad,
Ol evdə kim olurdu ol pərizad,
Mürəsse təxt, bir zərbəft pərdə,
Görür kim asılıbdır ara yerdə,
Oturmuş təxtdə rövşən avtabi3,
Görüb pərdə, rəf olmuşdur hicabi.
Vəlakin Butəmam, ol mərdi-niku
Gözün açdı baxıb ol mahə doğru.
Nə baxdı soluna, ol dəm, nə sağə,
Gözün yumub başın saldı aşağə
Dedi qız ona kim: ey mərd, gər4 sən,
Əcəb olmuya, kim həm lalü kərsən?5
Dedi o nazəninə: ey nikufal!6
Kim olmaz padşahlar elçisi lal!

__________
1 Yüksək saraya
2 Aya oxşayan
3 Günəş kimi işıqlı
4 Əgər
5 Karsan
6 Xoşbəxt

Mülaqat etmədi, ol nazəninə,
Qayıtdı yenə sultan məclisinə.
Dedi sultan ona: ey əhlü hümmət!
Necə gördün, bizə söylə həqiqət!
Dedi pəs Butəmam ol şəhriyarə:
– Göz açıb baxmadım mən ol nigarə.
Eşitmişəm ululardan nəsihət,
Mənə atam dəxi qılmış vəsiyyət.
Göz açıb baxma naməhrəm üzünə,
Qulaq asma dəxi böhtan sözünə.
Əlini, dilini sən saxla zinhar,
Yetirə kimsəyə nöqsanu azar.
Dilin döndərmə, sən hər bir yamanə,
Dil ucundan düşər hər kim ziyanə.
Əgər göz olmasa casusi-infaq,
Könül mərdlərə olmazdı muştaq.
Əlin, dilin, gözün, hər kimsə saxlar,
Yəqindir görməz ol asibu azar.
Eşitdi bu sözü çün ondan ol şah,
Dedi: təhsin, ona yüz barəkallah
Dedi pəs Butəmamə qeysəri-Rum,
Nihan sirrimi etdim sənə məlum.
Qız almağa bizə çox gəldi qasid,
Nə idi onlara ölmək məqasid.
Olara eylər idim, belə təklif,
Gəlib onlar mənə eylərdi tərif.
Edərlərdi çü tərifi-ziyadə,
Verərlərdi onunçün cani badə.
Könül mən qüssə ilə doldururdum
Bu sözü söyləyəni öldürürdüm.
Təəssüf artırardı mənə bu dərd.
Dedilər kim, görübdür, onu bir mərd,
Əgər göz açmayıb görməzdi anan1,
Haçan torpaqla olurdu yeksan?
Səni gördüm çü mərdi badəyanət,
Gəlibsən xeyr işə, qıldın icabət,

__________
1 Onlar


Bu gün verdim mən İlanşahə iqrar,
Apar mətlubini, ey mərdi-dindar!
Əsasü xeyməvü xərgahü fərraş,
Cahan, cəmiyyət, qul, qarabaş1.
Füravan simü-zər, ləlü cavahir,
Vəzirü xacə, fərraşü şatir2.
Kecavə içrə girdi ol səmənbər,
Olarə qoşdu həm büsyar ləşgər.
Qamu ərkani-dövlətdən sərəfraz,
Müşərrəf eylədi xursəndi mümtaz.
Çalındı təblü kus şadyanə,
Fəraqül-bal3, həm oldu rəvanə.
Bişarət şah İlanşahə gəldi
Özü qarşı çıxıb ol mahə gəldi.
Biləsincə tamam ol mir, ləşgər
Dedilər Butəmamə afərinlər!
Ona verdi ünanü4 ixtiyari,
Ki, keçməz onsuz ol bir dəm qərari.
Çü oldu Butəmamin qədri əfzun
Bu mənidən5 bular oldu cigərxun.
Dedilər: istədik tədbirü çarə,
Günümüz bundan ilə oldu qarə.
İki kimsə var idi şahə həmdəm6
Ki, şahdan ayrı olmaz ləhzə bir dəm
Olarə yalvarıb qıldılar, ilhah,
Dedilər: bizə axşam oldu səbah.
Bizimçün zaye oldu tirə ovqat,
Nə tədbir edəlim biz qalmışıq mat.
Əgər siz qılasız əltafü ehsan,
Bizim üçün olur bu müşkül asan.
Dedi onlar kim, ey ərkani-dövlət!
Buyursuz hər nə qulluq canə minnət.

__________
1 Qaravaş, qulluqçu qadın
2 Şah qulluqçusu
3 Sakitliklə
4 Cilov (burada ixtiyar deməkdir)
5 Cəhətdən
6 Yaxın dost


Dedilər: siz həmişə şahə xidmət
Qılırsız, hər zaman kim olsa fürsət.
Gəlib sultan edəndə istirahət,
İkiyiz bir-birə edin hekayət:
Ki, hər kimin olursa əsli napak,
Canında qorxu olmaz, ola bibak1.
Ki, tərk etmədi bu sevdayi-xami.
Gör o namərdü bikəs Butəmami.
Ona hər vaxt müyəssər ola fürsət,
Hərəmdə eylər imiş ol xəyanət.
Qamu bilir bu sözü aşikarə,
Deyən yoxdur bu sözü şəhriyarə.
Dedi: bilməz bunu infaqi-casus,
Fəraqət eylər ol rəzzaqi-salus2.
O saət kim ol şahi-cahandar,
Əgər ki, yatmış ola yoxsa bidar,
Eşitsə sizdən ol bu göftü-guni3
Aradan götürər işbu əduni.
Vəzirlər etdilər belə nəsihət,
Pəs onlar dedilər kim canə minnət.
Pəs ondan sonra qullar bir-birilən
Danışuban məgər eşitdi sultan.
Qulağına yetişdi bu fəsanə,
Məlik düşmüş oda, döndü ilanə.
Acıqlandı ona əl verdi qeyrət,
Çağırıb dedi kim: ey bihəmiyyət,
Qələt etdim səni qıldım sərəfraz,
Yox imiş sən təki bədfelü, keçbaz4
Sən ey bietibarü bidəyanət!
Qılırsan bizim ilə sən xəyanət?
Dedi pəs Butəmam ol dəm bəsultan,
Ki, şaha, qıl ədalət, eylə ehsan.
Mənə sabit əgər olsa xəyanət,

__________
1 Qorxusuz
2 Yalançı
3 Danışıq
4 Xəyanətkar


Sən eylə mənə ənvai1 siyasət.
Həzər qıl, etmə nahəq əmrü fərman,
Ki, axır qorxuram olan pəşiman.
Məni kəs qiymə-qiymə, parə-parə,
Ki, ibrət ola hər bietibarə.
Qəbul etmədi sultan bu kəlami,
Yetirdi qətlə nahəq Butəmami.
Çü nəşi oldu onun qərqeyi-xun2,
Apardı qullar onu etdi mədfun3.
Çü oldu Butəmam torpağə vasil,
Vəzirlər müddəası oldu hasil.
Olara oldu ol dəm toy və bayram,
Yaraları sağaldı, buldu aram.
Vəli qəmdən pərişan oldu sultan,
Özü öz felinə oldu pəşiman.
Məgər bir gecə durdu qəhrü kindən,
Keçər qulların qəsri önündən.
Dedi bir-birinə ol iki bədgü:4
Oların gözünə gəlməzdi yuxu.
– Yaman eylədik ol miskinə böhtan,
Onu nahaq yerə öldürdü sultan.
Eşitdi dərzəman, çağırdı sultan:
– Mənə zahir edin bu sirri pünhan.
Dedilər qullar ona: kim şəhənşah!
Vəzirlər eylədi çün bizi gümrah.
Bizə eylədilər çox axca təslim,
Bu növ ilə bizi böhtana təlim.
Vəzirlər oldu bais bu fəsadə,
Sitəm, zülmü sərih, ol namuradə.
Qılıban şah onu, öldürdü nahəq
Deyildi sahibi-təqsir mütləq.
Gümani-bəddir, bilirmiz axiri-kar,
Onun qani bizi eylər giriftar.


__________
1 Hər cür
2 Qana bulanmış
3 Dəfn etmək; basdırmaq
4 Böhtançı


Olardan bu sözü eşitdi çün şah,
Təhəmmül etdi, ta oldu səhərgah.
Sabah oldu vəzirləri gətirdi,
Üçün dəxi o dəm qətlə yetirdi.
Durub, evə gedib ol əhli-hümmət,
Yenə xatün ilə qıldı məhəbbət.
Nə üçün mənim ilə sərgiransən?1
Nədir təqsir bilməm, neylədim mən?
Nə əl verdi mənimçin ey səlamət!
Onunçün eylədi sultan, hekayət.
Təmamət hər nə var dedi sərasər,
Eşitdi bu sözü ol huri-peykər.
Dedi şahə: bu mənidən2 ol agah,
Olubsan sən bu gün əlhəmdülillah,
Şaha həm zahir olmuşdur həqiqət,
Ki, məndə yox imiş nöqsanü sirət.
Bu sözdən oldu azürdə3 həm ol zən
Könüldə oldu sultan ilə düşmən.
Ona müstoli4 oldu xişm ilə qəhr,
Şahın aşına daxil eylədi zəhr.
Yedi aşı rəvan tapşırdı cani,
Çü öldürmüşdü nahəq Butəmami.
Qalıb ləşgər, qılıb fəryad, əfqan,
Gətirib qıldılar torpağə yeksan.
Pəs ol xatun, həmişə zarü məyus,
Deyərdə: ey driqa5 nəngü namus.
Mənim töhmətli adım getdi badə,
Dirilik istəməm bundan ziyadə.
Pəşimanəm, bu dirilikdən, pəşiman,
Yanında var idi bir tiği-bürran6.
Qınından çəkdi, özün saldı üstə,

_________
1 Acıqlı
2 Məsələdən, hadisədən
3 İncimiş
4 Qalib gəldi
5 Əfsus
6 İti bıçaq


Bulandı qanda ol məcruhü xəstə.
Rəvan can eylədi cananə təslim,
Xəbərdar oldu ol ərbabi-təzim.
Gətirib qıldılar barəsmi-qanun5
Əri qəbri yanında onu mədfun6.
Fədai, çəkmə sən ənduhü qeyqu,
Muradə etməyə7 bədxahü, bədgu.
Xəcildir, münfəildir8, hər nə kim var,
Olur öz felinə axır giriftar.
Eşit sultan, kəminə Bəxtiyarəm,
Günahım yox, yəqin mən rəstkarəm
Mənə mümkün əgər yoxdur xilasi,
Sənə həqq çəkdirə axır qisasi.
Təmam etdi sözün ol nikfərcam,
Yenə gün batdı oldu vəxti-axşam.
Yenə apardılar nalanü giryan,
Müqəyyəd oldu əndər künci-zindan.


DOQQUZUNCU VƏZİRİN
PADŞAHIN YANINA GƏLMƏSİ

Yenə ruzi-nöhün1 cümlə vəziran
Gəlibən qıldılar fəryadü əfqan:
– Əlindən padşahim, dadü bidad,
Bari sən eylə bu bədbəxti azad!
Yetirir bir vəsilə, bir bəhanə,
Səninçin söylər ol hər gün fəsanə.
O bir fitnə, düru2, zərraqü3, salus
Məgər yoxdur səninçün nəngü namus?
Məgər yoxdur səninçün əql ilə huş,

__________
1 Qayda-qanun ilə
2 Dəfn
3 Etməsin
4 Kədərlidir
5 Doqquzuncu gün
6 İkiüzlü
7 Hiyləgər


Təqafül birlə sultan oldu xamuş.
Vəzirlər hamısı durdu ayağə,
Yığıldılar hərəm ol gündə bağə.
Pəs ol dəm yazdılar xatunə ərzə,
Ki, qeyrət canımıza saldı lərzə4.
Ki, bir bədbəxt, bir bədfel şeyda,
Səni qıldı əcəb bədnamü rüsva.
Onu öldürməyə sultan təqafül,
Qılır, san əqlini xoş etdi zayil.
Necə kim ölməyibdir, ol cavanmərg,
Sizə yaman deyər, xəlq eyləməz tərk.
Əgər dildən sala eylərsə xamuş,
Xəlayiq bu sözü eylər fəramuş.
Təqafül etmə gəl sən səyi-büsyar,
Şaha bir ləhzə qıl təkidü təkrar.
Deyəsən rəf olur dildən gümani,
Ki, şayəd öldürə bu nasəzani.
Deməkdən bu sözü xəlq ola xamuş,
Edələr bu sözü mütləq fəramuş.
Bu sözdən müttəle oldu çü xatun,
Müşəvvəş-xatır oldu, çün digərgun.
Divandan çun qayıtdı, gəldi sultan,
Yanına gəldi ol xatun giryan.
Dedi sultan: – Olubsan, neyşə dilgir?
Dedi xatun: ki, ey şahi-cahangir!
Dəxi yox məndə taqət, səbrü aram,
Cahanda olmuşam rüsvayü bədnam.
Bugün öldürməsin gər Bəxtiyari,
Aradan salmasın ol nabikari.
Yetirməsən diləyim, ehtiyacım,
Özümü öldürərəm, yox əlacım.
Təərrüzgunə sözlər dedi övrət,
Yenə sultanə qalib oldu qeyrət.
Acıqlandı, yenə buyurdu sultan
Gətirdilər onu iftanü xizan


__________
1 Titrətmə


Dedi sultan ona: ey duni-bədtər!
Ölüm oldu sənə axır müqərrər.
Həqiqətsiz, həyasız, bivəfa, şum,
Hərəmdən eylədim təhqiqü məlum.
Mənə ixbar qıldı çün şəhadət,
Ki, səndə varmış meyli xəyanət.


BƏXTİYARIN PADŞAHA
CAVAB VERMƏSİ

Dedi, pəs Bəxtiyar: ey şahi-adil!
Eşitməz qövli-zən1 kim olsa aqil!
Həzər qıl, mən ölümdən çəkməzəm bak,
Vəli, övrətdə olmaz əqlü idrak!
Həmişə övrət eylər məkrü hiylə,
Olur hər fitnə övrətdən vəsilə.
Necə övrət ki, etdi məkr həm fənd,
Öz oğlun verdi qətlə ey xudavənd!
Deyər daim, səlamət ola cani,
Dəxi fərq eyləməz yaxşı-yamani.
Özü öz oğluna çün etdi böhtan,
Haçan övrətdə olur əqlü iman?
Kim idi? – Söylədi sultan. – O, övrət?
Özü öz oğluna eylədi töhmət?


BƏXTİYARIN PADŞAH
SƏRGÜZƏŞTİNİ NAĞIL ETMƏSİ

Dedi pəs Bəxtiyar: ey xani-xaqan!
Əlində daim olsun hökmü fərman!
Var idi bir müəzzəm padşahi,
Bəşəhri-Misr onun həm təxtigahi.
Fəraqət müttəssil, xoşnudü eymən,

__________

1 Qadın sözü


Yox idi heç tərəfdən ona düşmən.
Qayırmazdı qoşun ol mərdi-bibak1,
Məvacib verməyib, eylərdi imsak2.
Nə bir qanun, nə bir dəftər, nə divan.
Rəiyyət müztərib, ləşgər pərişan.
Var idi padşahın bir vəziri,
Hünərmərdü süxəndan, mərdi-piri!
Qəbul eylər nə kim söylərdi ol pir,
Bu halə eylədi ol pir təqdir.
Gərəkdir var ola sultanə fərzənd,
Ki, şayəd ol ola bundan xirədmənd.
Hərəmdə var idi bir neçə övrət.
Cəmilə, sahibi-namusü ismət.
Üzü gülbərg tək şəkkər dodağı,
Vəlakin onların olmaz uşağı.
Gəlib şah yanına ol mərdi-hüşyar3,
Dedi: sultani-Rumun bir qızı var.
Cəmali dilfəribü hüsni ziba,
Dodağı filməsəl4, gülbərgi-rəna,
Səhi qəddü səmənbuyü səmənbər,
Pəritələt, bəeyni5 huri-peykər.
Əgər görsə cəmalin hurü, qılman,
Olur pərvanə tək sərgəştə, heyran,
Mübarək tələtü fərxəndə6 əxtər,
Cəmali-pərtövündən7 xanə ənvər.
Ziyadə eylədi osafü8 tərif,
Pəs ondan eylədi sultanə təklif:
Gərək sultan ala ol hurizadi9,
Həqqə bağlaya sidqi, etiqadi,

__________
1 Qorxusuz kişi
2 Qənaət
3 Ayıq kişi
4 Misal üçün
5 Lap
6 Xoşbəxt
7 İşıqlı üzündən
8 Vəsf-tərif
9 Mələk balasını


Məgər hasil ola ondan bir oğlan,
Ki, səndən son ola ümmidi xəlqan.
Bu söz oldu qəbuli-təbi-sultan,
Müşərrəf xatır oldu, şadu xəndan.
Vəzir aldı ələ çün tərhi-xamə,
Rəvan sultani-Rumə yazdı namə.
Tamam oldu mətaü barixanə
Götürüb elçi pəs oldu rəvanə.
Yetişdi, eylədi çün ol diyarə,
Çəkildi pişkəşlər şəhriyarə.
Qılıb hörmət, təvazö1, qeysəri-Rum,
Gəlibdir nə üçün eylədi məlum.
Məhəbbət etdi çox ol həddən əfzun,
Cavabi-namə yazdı işbu məzmun:
– Bizə tərsa deyərlər, siz müsəlman,
Dönüb dindən əgər ola pəşiman,
Yaxub məshəf2, belə bağlaya zünnar3,
Sən ol tərsa, əgər gəlməz sənə ar.
Qəbul gər eyləsən, bu dinü millət,
Verərəm qızımı mən, canə minnət.
Bu sözü gər qəbul etməz bəradər,
Yəqin bil kim, bu iş olmaz müyəssər.
Qayıtdı elçilər məhzunü qəmgin,
Gətirdilər şahə namə cavabın.
Buyurdu açdılar gəncü xəzinə,
Neçə illik məvacib hər birinə.
Bölüşdürdü qayırdı ləşgərin şah,
Qamu sərhədd, vilayət, oldu agah.
Yığıldı hər tərəfdən xəlq büsyar,
Rəvanə oldu pəs sultanü sərdar.
Yavuq çün yetdilər ol mərzü bumə4,
Xəbər gəldi rəvan sultani-Rumə.
Döyüldü təbl ba kusü nəğarə,

__________
1 Kafər
2 Quran
3 Kafərlərə məxsus qurşaq
4 Ölkənin mərzi, sərhədi


Yığıldı cəm tərsa bişümarə1,
Bərabər durdu tərsavü müsəlman.
Göyə yetdi xruşü ahü əfqan.
Çü oldu üzbəüz, kaplan ilə şir,
Hamu əldə sinanü2 nizə, şəmşir.
Qubari-tirədən3 xurşidi-taban,
Sanasan əbr4 içində oldu pünhan,
Qarışdı bir-birə ləşgər təmamən.
Sanasan qopdu qovğayi-qiyamət,
Bulara pəs açıldı çeşmeyi-xun,
Qızıl qan ilə meydan oldu gülgun.
Müsəlman güclü, tərsa oldu məğlub,
Basıldı ol zaman məcruhi-məğlub.
Şəhi-Rum oldu çün məcruhü xəstə,
Gətirdilər müqəyyəd dəst-bəstə.
Şəhadət gətirib oldu müsəlman,
Nəsib odu ona islamü iman.
Qızın iqrarını çün aldı ol şah,
Deyildi o qızın halından agah.
Vəli qızdan eşit sən bir hekayət,
Bu məzmun eyləmiş ravi rəvayət:
Ki, bundan irəli bir neçə illər,
Qamu ərkani-dövlət həm bilirlər.
Məgər sultanə qovm5 idi bir oğlan,
Ona vermiş idi qızını sultan.
Rza verdi, nigah eylədi qazi,
Pəşiman oldu çün, olmadi razi.
Çü münkər oldu6, gətirdi bəhanə,
Cavab eylədi pəs ol novcəvanə.
Dəmaqi xüşk olub, oğlan mükəddər,
Məgər bir gün vüsal oldu müyəssər.

__________
1 Saysız
2 Yaraq
3 Qaranlıq tozundan
4 Bulut
5 Qohum
6 Sözündən döndü


Bir ara gəldi iki yari-cani,
Sanasan gördü bülbül gülüstani.
Bir ara gəldi ol qız, həm oğlan,
Olardan zayil oldu əqlü iman.
Qızın getdi əlindən ixtiyari,
Kəsildi oğlanın səbrü qərari.
Arada yox rəqibü səg təbiət1,
Müyəssər vəsli canan, cayi xəlvət.
Cana şəhvət odu saldı hərarət,
Götürdü qızdan ol mehri-bəkarət,
Uşağa qaldı ol dəm düxtəri-şah,
Bu halə olmadı heç kimsə agah,
Çü oldu hamilə, düşdü gümanə,
Yetişdi dayə ol sirri-nihanə,
Dedi pəs dayəyə ol sərgüzəştin,
Dedi pəs dayə ona: olma qəmgin!
Pərişan olma, məhzun, ağzı acı,
Mən ona eylərəm yaxşı əlacı.
Bilirdi necə qıla ona dərman,
Onun uşağına olmadı nöqsan.
Həmişə dayə idi həmnişini,
Rəayət eyləyən ol nazənini.
Çü onda hamilə olmuşdu dayə,
Təsəlli verdi o məhlliqayə.
Bu sirrə olmadı kimsə xəbərdar,
Qəzara çün yetişdi vədeyi-kar,
Vücudə gəldi ol qızdan bir oğlan,
Nə oğlan, bəlkə bir xurşidi-taban,
Pəs ol oğlanı dayə etdi pünhan,
Görün ol dərdə necə etdi dərman?
Özü həm doğdu bir qız aşikarə,
Dedi budur mənə tədbirü çarə!
Qızı öldürdü dərdəm, etdi pünhan,
Qız əvəzinə qaldı ona oğlan,
Qızın yerinə oğlanı təsərrüf,
Qılıban, çəkmədi ahü təəssüf.

__________
1 İt xasiyyətli düşmən


Bu fikr ilə bu fitnə oldu pamal.
Necədir duymadı kimsə bu əhval,
Onu bəslədi, yetirdi kəmalə,
Boyu bənzərdi bir növrəs nəhalə1
Qaşı yay, kirpiyi ox, gözü cəllad,
Görən kimsə üzün, qəmdən olur şad.
Dişi dürr, ləbləri ləli-Bədəxşan,
Dili bülbül, sözü yağutü mərcan.
Vəcihə2 qabil, mətbuü3 məqbul,
Zərifü pak, danişməndü məqul,
Çü ali xəlq içində oldu məşhur,
Deyərlər Dayə oğlu ona məşhur.
Çü şahi-Rum Misrə verdi qızi,
Onunla getdi dayə, həm kənizi.
Dedi: ey mehriban, cansuz4 dayə!
Əlac eylə bu dərdi-bidəvayə.
Yenə məkr eyləyübən qıldı dərman,
Ki, bikr olmadığın bilmədi sultan.
Təsərrüf eylədi ol gülüzari,
Yox idi onsuzun bir dəm qərari.
Əgər çi onu çox istərdi sultan,
Vəli getməzdi yanından oğlan.
Məgər bir gün hərəmdə dedi sultan,
Gərəkdir bizə bir pakizə oğlan.
Vəcihü zirəkü sahib fərasət
Ola həm süfrəçi, həm pişxidmət5.
Dedi xatun babamın bir qulu var,
Vəcihü qabilü movzunu6, həmvar.
Dediyi, etdiyi təbə müvafiq,
Bu işdən yoxdur ona qeyri layiq.
Yaraşır qılasan hər əmrə məmur,
Deyərlər Dayə oğlu, ona məşhur.

__________
1 Cavan ağac
2 Gözəl
3 Xoşa gələn
4 Can yandıran, qayğıkeş
5 Qulluqçu
6 Hər cəhətdən düzgün


Bu təqrib eylər ol sərxeyli-xuban4,
Dedi bu sözü, çün eşitdi sultan,
Yazıb namə, ona göndərdi qasid,
Çü məlum oldu mətlubü məqasid,
Gətirib qasid ol sultan-pəsəndi,
Görüb sultan onu candan bəyəndi.
Buyurdu xidmət ol darül-imarə,
Yetirdi yerinə həsbül-işarə5.
Ona şəh eylədi ezazü hörmət,
Həm oldu süfrəçi, həm pişxidmət,
Qılırdı xidmət ol bir vəch, kim şah,
Deyərdi hərdəm ona: barakallah!
Vəlakin heç olmazdı müyəssər,
Onu birdən görə ol hüri-peykər,
Məgər bir gün, qəzara oldu xəlvət,
Onu görməyə xatun buldu fürsət.
Görüb xəlvətdə onu, yandı canı,
Bədəndə şövqilə qaynadı qanı.
Çü məhzuz1 oldu oğlanın sözündən,
Qucub boynun, onun öpdü üzündən,
Vəli döndərdi üzün, qaçdı oğlan,
Əlindən qurtulub oldu girizan.
Vəli bir xacə gördü onu nagah,
Pəşiman oldu xatun, eylədi ah!
Dedi: – Görün nə iş gəldi başıma.,
Necə mən ağu qatdı öz aşıma!
Bu sözü gər desə sultanə izhar,
Qılım asan işim olmuya düşvar2,
Gəlib sultanə etdi dadü bidad,
Bu gün gör bu qulami-şuxü şəyyad3
Uzatdı əl mənə bədəhlü küstax,
Onu sən eylə gər, surax-surax4,

__________
1 Saray qulluqçusu
2 Bir işarə ilə
3 Xoşlandı, həzz aldı
4 Çətin
5 Sevgili
6 Deşik-deşik


Buyurdu şah ol dəm gəldi oğlan,
Vücudi qeyrətindən oldu lərzan.
Şəha! Yoxdur mənim mütləq günahim,
Bu mənidən mənim vardır güvahim1.
Dedi: kimdir güvahin? Dedi: Xacə!
Dedi: həm Xacəyə, görmüşdü necə;
Ki, şaha bigünahdır işbu oğlan,
Rəva görmə ona azarü nöqsan.
Ol övrət, eylədi oğlanə təklif,
Pəs oğlan verdi ol təsdiqə təhqiq.
Əlindən qurtulub oldu girizan,
Bu sözü Xacədən eşitdi sultan.
Acıqlandı, qəzəbləndi bu sözdən,
Pəs ol xatuni sultan saldı gözdən.
Xəyalü fikr edib düşdü gümanə,
Gümandan rəngi döndü zəfəranə.
Ata evində ikən bu qız, oğlan,
Var imiş ikisi bir-birə xahan,
Məgər oğlan alıb gəlmiş gülabi
Götürmüş ola ol qızdan hicabi.
Tutuldu çünki dustaq oldu oğlan,
Müqərrər oldu ona bəndü zindan.
Çü məşhur oldu xəlqə bu hekayət,
Yenə xatun şahə qıldı işarət:
Məni işbu qulami-bədsərəncam2,
Cahanda eylədi rüsvayü bədnam.
Bunu öldür ki, nöqsan oldu sirət.
Əgər vardır sənin canında qeyrət,
Əgər sən eyləsən bu işdə təqsir,
Özümü öldürərəm, yox özgə tədbir.
Mənim namusumu ol verdi badə,
Diri qoyma onu bundan ziyadə.
Dedi övrət çü şahə bu kəlami;
Cağırdı şah pəs ol dəm qulami
Dedi: ey qul, apar əndər nihani,

__________
1 Şahid
2 Xain fikirli


Kəsib başın sən öldür bu cavani.
Dedi: heyf ola, bu xurşidi-taban,
Ola nahaq yerə torpağa yeksan.
Necə mən öldürüm bu bigünahi?
Bunun əlbəttə yerdə qalmaz ahi.
Münasib yerdə onu qıldı pünhan,
Rəayət eylər idi əzdilü can.
Vəli könlündə qaldi şahə kinə,
Deyildi mültəfit ol nazəninə.
Bu idi müttəsil fikrü xəyaldan,
Nola olaydı bir sahib kəmaldan;
Xəbərdar ola ol yaxşı yamandan,
Çıxaraydı məni şəkkü gümandan.
Özündən bir xəbər olsaydı təhqiq,
Bileydim bigüman, bər həsbü təsdiq
Kim ol övrət dürər, sahib xəyanət,
Qılaydım ona iyzavü1 əhanət2.
– Nöşün qəmnaksən ey şahi-xuban?3
Məgər kim səndə yoxdur meyli sultan?
Dedi xatun: olum mən necə xürrəm,
Məni gözdən salıbdır şahi-aləm.
Özümdə bilməzəm heç gunə təqsir,
Nədir bilməm bu dərdə çarə tədbir.
Dedi dayə: elə sən dərdin izhar,
Ona mən eylərəm dərmanü timar4.
Dedi xatun ki, ey dayə eşit sən!
Deyə bilməm bu dərdi kimsəyə mən.
Bilirəm mən bu dərdə yoxdur dərman,
Gərək eşitməyə5 bu rəmzi sultan.
Dedi pəs dayə: ey huri-pərivar6,
Olur hər dərdə bir dərmanü timar.

__________
1 Əziyyət vermək, cəzalandırmaq
2 Etibardan salmaq
3 Gözəllər padşahı
4 Yardıma ehtiyacı olan adama kömək etmək
5 Eşitməsin
6 Mələyə oxşayan


Nə dərdin var isə danayə1 söylə,
Demə nadanə; ondan ibrət eylə.
– Gəl ey xatun, eşit məndən bu gün pənd;
Səninçin eyləyim mən yad söykənd2
Deməyim kimsəyə bu sirri-razi,
İşinə olayım mən karsazi3.
Əlinə məshəf aldı, içdi sokənd,
Təsəlli tapdı ol xatuni-dilbənd.
Dedi pəs dayəyə ol huripeykər,
Yaman-yaxşı, tamam halin sərasər.
Dedi dayə ki: səndə yoxdur təqsir,
Deyil xali işin əzhökmü təqdir.
Atan vermiş səni bir növcəvanə,
Müvafiq şərü, qanuni-zəmanə.
Sənin həm var imiş bir zövci-mazi4,
Səninçin eyləmiş həm əqd qazi.
Çü ondan hasil olmuşdur bu oğlan,
Məgər bilməzmidir bu hali sultan?
Əgər o bilə bu razü-nihani,
Sənə təlim edib məkri-zənani.
Gecə sən özünü salgəl yuxuyə,
Dilin cari ola bu göftüguyə.
Demişlər doğrudur, doğru əyilməz,
Əgər doğru ilə əyri, doğru gəlməz.
Degəl sən sərgüzəşti-hali-qissə5
Tamam ola yəqin ənduhü qüssə.
Çü verdi xatunə ol dəm bu pəndi
Bu pəndi dayədən xatun bəyəndi.
Durub sultan yanına gəldi dayə,
Götürüb əl, şüru etdi duayə.
Ki, ey şahi-cahan, sultani-aləm!
Həmişə olasan sən şadü xürrəm!

__________
1 Ağıllı adam
2 And içmək
3 Yardım göstərmək
4 Keçmiş ər
5 Başına gəlmiş hadisəni


Eşitmişəm ki, ey şahi-cahan sən,
Bəqayət xatun ilə dilgiransan.
Dedi: ey dayə, ondan sərgiranam1,
Onunçün ki, mən ondan bədgümanəm.
Cahanda verdi badə nəngü nami,
Onun ucundan öldürdüm qulami.
Yəqin bilməm, vəli düşdüm gümanə,
Ki, böylə imiş o keçmiş zəmanə.
Qılıram ol qədər səbrü təhəmmül,
Bu işə ta yəqinim ola hasil.
Nə saət kim, yəqin etdim gümani,
Vurub ona bu tiği cansitani2
Dedi: dayə, kim ey şahi-cahangir!
Onun çün qılmışam bir fikrü tədbir.
Qulaq as, bu sözü məndən eşit sən,
Gecə yuxuda ola çünki ol zən,
Qoy onun köksünə bir pəri-hüdhüd3,
Düşində4 sirri razin deyə labüd.
Deyər bişəkk tamam ol sərgüzəştin,
Həqiqət sənə zahir ola yəqin.
Çıxasan ol zaman şəkkü gümandan,
Xəbərdar olasan yaxşı-yamandan.
Gecə yatmış ikən o mahi-rüxsar,
Gözü yuxuda, əmma könlü bidar.
Gəlib sultan könüldə buğzu5 kinə,
Qoyub ol pəri onun sinəsinə,
Qulaq asdı onun köftarinə şah,
Eşitdi yuxuda söylərdi ol mah,
Nə kim keçmiş başından sirri pünhan,
Dedi bir-bir onu eşitdi sultan.
“Çü verdim qətlə mən fərzəndi dilbənd,
Ki, məndən bədgüman olma xudavənd!

__________
1 Nigaran
2 Can alan bıçaq
3 Şanabubbu tükü
4 Yuxusunda
5 Ədavət, kin


Onunçün ölümə verdim mən oğlan,
Ki, məndən bədgüman olmaya sultan.
Oğul getdi əlimdən, qalmışam zar,
Əcayib möhnətə oldum giriftar,
Əgər getdi oğul, çəkməm nədamət,
Həmişə sağ ola sultan səlamət!”.
Çağırıb ol yuxudan qıldı agah,
Eşitdi sərgüzəştin çün onun şah.
Çü xabi-məsləhətdən oldu bidar,
Dedi sultan ona kim: ey vəfadar!
Eşitdim hər nə dedin, şərhi-təqdir,
Yox imiş səndə mütləq cürmü təqsir.
Əgər bu sirri sən qılsaydın izhar,
Oğul getməzdi, həm çəkməzdin azar.
Nədamət çəkdi, sultan oldu giryan,
Onu öldürməyə oldu pəşiman,
Eşitdi bu sözü ərkani-dövlət.
Məlik onlar üçün qıldı hekayət,
– Driqa, kim əlimdən getdi fürsət!
Deyib hərdəm çəkərdi ahü həsrət
Qamu əşrafü əyan oldu qəmnak,
Baş açıb qıldılar çün yacalar çak1.
Eşitdi ol cavan çün bu fəqani,
Kim ol oğlani saxlardı nihani.
Evə gəldi rəvan ol paki-tələt
Ona başdan-ayağa verdi xələt.
Gətirdi oğlani sultanə dərhal,
Onu sultan görübən oldu xoşhal.
Çü oğlan qayib ikən oldu zahir,
Başına səpdilər ləlü cəvahir.
Nişatu eyş ilə toy oldu bayram.
Fəraqət oldu onlar tutudu aram.
Göz açıb gördü madər2 çünki oğlan,
Sicud3 eylədi, qıldı şükri-yəzdan.

__________
1 Yaxa yırtmaq, ağlamaq
2 Ana
3 Səcdə


Üzündən öpdü ol dəm xürrəmü şad,
Qamusu bəndi qəmdən oldu azad.
Qılıb ənamü ehsan ol şəhanşah,
Onu taxta çıxarıb eylədi şah.
Ol oldu padşahi-dadgüstər,
Cahan oldu onun hökmünə yeksər.
Ona həqq verdi dövlət, şənü şövkət
Müsəxxər1 oldu ona əsri dövlət.
Fədayi, olasan ondan xəbərdar.
Eşitmə qövli-zən zinhar, zinhar.
Yəqin bil övrət eylər məkrü təlbis2,
Onu bilməyə, aciz qala İblis.
Ümidim var xudavəndi-cahanə,
Bizi uğratmaya məkri-zənanə,
Bu nəğli Bəxtiyar edincə axir,
Sitarə göy üzündə oldu zahir.
Günəş məğrib zəmində oldu pünhan,
Müəzzin3 söylədi təkbirü əzan.
Yenə zindançıya sultan buyurdu,
Aparıb yenə onu bəndə vurdu.


ONUNCU VƏZİRİN
PADŞAHIN YANINA GƏLMƏSİ

Cecə oldu, yenə gəlib səhərgah,
Gəlib şah yanına ol qövmü bədxah.
Yenə eylədilər fəryadü əfqan,
Ki, biz də olmuşuq qəmdən pərişan.
Məgər belə olur ərlik, həmiyyət,
Hanı namusü namü nəngü qeyrət.
Utandıq, şərməsar olduq, deməkdən,
Baş alıb gedəlim bu məmləkətdən.
Hərə bir söz deyib ol qövmü napak,

__________
1 Hökmü altına keçdi
2 Hiylə
3 Əzançı

Ki, sultan xişmigin oldu qəzəbnak.
Gətirsinlər dedi ol binəvani,
Ki, qətl eyləyəyim ol bihəyani.
Gedib ol dəm rəvan qullar şitaban,
Gətirdilər onu iftanü xizan.
Dedi: ey Bəxtiyarü-şumü bədzat,
Səninlə eylədim bəsdir mülaqat.
Təqafül eylədim bir neçə gün mən,
Müqərrərdir bu gün ölmək gərək sən.


BƏXTİYARIN PADŞAHA
CAVAB VERMƏSİ

Dedi pəs Bəxtiyar: ey şahi-pürgin!1
Fəda olsun yolunda cani-şirin.
Ölümüm gər sənin əlində Allah
Müqərrər eyləmiş, əlhökmü-lillah!
Əgər yoxdur mənə tədbirü çarə,
Nola qurban olam mən şəhriyarə,
Əgər belə deyil, təqdiri-Allah,
Məni öldürə bilməzsən bu gün şah!
Necə kim öldürə bilmədi oğlun,
Şahənşahi-diyari-ölkeyi-Çin.
Dedi: sultan şahi-ölkeyi-Çin
Nə üçün öldürə bilmədi oğlun?


BƏXTİYARIN PADŞAH
SƏRGÜZƏŞTİNİ NAĞIL ETMƏSİ

Dedi pəs Bəxtiyar, ey şahi-xuban!
Pənahında səni saxlaya yəzdan!
Var idi bir müəzzəm padşahi,
Diyari-Çinü Maçin2 qibləgahi

__________
1 Kinli
2 Monqolustan


Diyari-Çini ol almış nəginə1.
Çox onda cəmiyyət, gənc, xəzinə.
Əsasi-səltənət, əsbabi-dünya,
Nə kim könlün dilər, olmuş mühəyya.
Müyəssər ola ona tacü əfsər,
Vilayət, ləşgərü divanü dəftər.
Cavanmərdü kərimül-təb2 adil,
Nə kim, könlü dilər olmuşdu hasil.
Şücavü, kamilü vala, xirədmənd
Vəlakin yox idi sultanə fərzənd.
Bina eylədi məscid, körpü bünyad,
Qulamü həm kəniz eylədi azad.
Nə yerdə var idi üryanü3 həm ac,
Yetimü müstəhəqq, yoxsul və möhtac.
Doyurdu onları, həm etdi xeyrat,
Qılırdı əhli-həqq ilə mülaqat.
Firavan axça4 verdi əhli-həqqə,
Bölüşdürdü, yetirdi müstəhəqqə.
Onun dövründə var hər kim rəiyyət,
Məaf etmişdi5, olmuşlar fəraqət.
Ola oğlu, ola hasil muradi,
Həqqə bağlamışdı o, etiqadi.
Qəbul oldu həqqə xeyratü ehsan,
İnayət qıldı ona həqq bir oğlan.
Qəmər tələtli, bir xurşid rüxsar,
Atası qıldı həqqə şükri-büsyar.
Gətirdilər münəccim, dedi sultan:
Ki, ey rövşən rəvan, mərdi-süxəndan,
Bu oğlan necədir, məmduhü6 məzmum7,
Nə vardır taleyində eylə məlum.
Münəccim rəmlü istirlabə8 baxdı,

__________
1 Üzük qaşı kimi dairəyə almaq
2 Kəramətli
3 Lüt
4 Pul
5 (vergidən) azad
6 Tərifə layiq
7 Məzəmmət edilməli
8 Falçıların fal aləti


Nə vardır taleyində ona baxdı.
Bu rəmzi qılmaq olmaz – dedi zinhar,
Vəlakin söylərəm çün oldu naçar.
Yetişsə – dedi – yeddi yaşa oğlan,
Ölür əlbət onun əlində sultan.
Gərək saxla, gərək sən eylə məfhum,
Bizə əhval belə oldu məlum.
Eşitdi çün münəccimdən bu sözü,
Fəraq1 əl verdi şaha dolu gözü.
Bu sözdən düşdü çox fikrü gümanə,
Nə oğlanə qıyar, nə qıydı canə
Var idi bir biyaban, dur əzrah2,
Məgər var idi onda bir gühən3 çah.
Tutub dayə pəs ol sultani-sərvər,
Məkanın eylədi onda müqərrər.
Çü gördü dayə yoxdur çarə tədbir,
Verərdi oğlana ol çahidə şir4.
Vəli bir kimsə təyin eyləmiş şah,
Xəbərdar ola ondan gahü bigah5,
Xəbərdar olmadı kimsə bu halə,
Çü oldu onda oğlan həftsalə6.
Var idi bir dəvə əndər biyaban,
Gəzərkən uğradı ona bir aslan.
Çü hiylə qurdu aslan, qaçdı dəvə,
Düşüb ardınca aslan qova-qova
İkisi dəxi ol dəm düşdü çahə,
Qaçıb gizləndi oğlan bir bucağə.
Dəvəni, övrəti çün yırtdı əslan,
Yeməyə durdu çün ol şiri qərran7.
Pəs o oğlanə çün həqq verdi tofiq,
Qaçıb ol çahidən qurtardı təhqiq.

__________
1 Ayrılıq
2 Yoldan uzaq
3 Köhnə
4 Süd
5 Vaxt aşırı
6 Yeddi yaşlı
7 Yırtıcı


Yeridi, durmayıb ol qaçdı dağə,
Nihan etdi, özün çəkdi qırağə.
Dəvə istəməyə gəldi şütürban,
Dəvəni görməyib tapdı bir oğlan.
Nə oğlan? Bəlkə bir dürri-yeganə,
Ki, misli yox idi əndər zəmanə.
Onu çün gördü oldu şadü xəndan
Götürdü, evinə gəldi şütürban.
Atadan yaxşı ona mehribanlıq
Qılır cansuzluq, həm canfişanlıq.
Çü rədd olmuş imiş təqdiri-Allah,
Bu halə olmadı heç kimsə agah.
Məgər bir gün qılır sultan müqərrər,
Gedə ol quyu üstə bir neçə ər.
Gətirələr ona ol məhliqani,
Gətirsinlər, təsəlli ala cani.
Gəlib ol quyu üstə mötəmidlər1,
Təfəhhüs həm təcəssüs2 eylədilər.
Tapa bilmədilər ol nöcəvani,
Sümükdən özgə yox onda nişani.
Yük oldu bu əhvalə çü sultan,
Təəssüf çəkib oldu zarü giryan.
Pərişan oldu ol əfkari-nömid,
Təməh ondan götürdü, kəsdi ümmid.
Vəli oğlan şüca, oldu dilavər,
Onunla kimsə gəlməzdi bərabər.
Bəhəm yetirdi ol bir neçə yoldaş,
Cəlalliyyü hərami oldular faş.
Özünə uydurub çox pəhləvani,
Dağıtdı, handa gördü karivani.
Ona eyləmədi heç kimsə çarə.
Yetirdilər bu sözü şəhriyarə.
Ki, bənd oldu3 şəha, yollar təmami,
Cahani sərbəsər tutdu hərami4.

__________
1 Etimadlı adamlar
2 Axtarış
3 Bağlandı
4 Oğru, quldur


Hərami dünyanı eylədi qarət,
Ziyadə oldu nöqsanü xəsarət,
Gərəkməz bu işə ehmalü təqsir,
Buna etmək gərək bir çarə, tədbir.
Eşitdi bu sözü, atlandı sultan,
Onunla getdi çox ləşgər firavan
Yetişdi onların üstünə çün şah
Səlabətdən1 olar çün oldu agah,
Dedi oğlan: pəs ol dəm, ey yaranlar!2
Bu gün qeyrət günüdür pəhləvanlar!
Kim olsa mərd əndər ruzi-meydan,
Qılır əlbəttə ol öz qanına qan.
Zireh cövşən3 əlinə aldı şəmşir,
Həvalə oldular bifikrü tədbir.
Məgər oğlan həvalə oldu şahə,
Vurub bir zəxmi4-möhkəm padşahə,
Hücum eylədi ləşgər yer-yerindən,
Ağır gəlsə, yüngül qalxmaz yerindən.
Pəs oğrular qamu məcruhü xəstə,
Giriftar oldu cümlə dəst-bəstə.
Apardılar qamusun şəhrə dustaq,
Vəli sultan yaradan oldu naçaq,
Çağırdı dərzaman gəldi münəccim,
Dedi: yalan dedin, sən mənə ol dəm,
Mənim oğlum quyuda idi, ol şir,
Mənə bir özgə verdi zəxmi-şəmşir,
Münəccim dedi: dana cahil olmaz:
Ki, təqdiri-ilahi batil olmaz.
Əgər oğlun əlindəndir bu yarə,
Dəxi yoxdur ona tədbirü çarə.
Əgər ki, qeyridəndir bu məzərrət5
Şəha, vardır sənə imkanü sihhət,

__________
1 Qorxulu, heybətli
2 Dostlar
3 Dəmir geyim
4 Yara
5 Zərbə


Qəza bil ki, yəqin rədd olmaz ey şah!
Yamanın1 gəlməsin, sən ol gəl agah.
Əgər yetişməyibdir ona nöqsan,
Səni qətl eyləyər axır o, oğlan.
Münəccimdən eşitdi bu peyami,
Çağırdı yanına ol növcavani.
Dedi ona: Mənə söylə nə kimsən?
Atan kimdir, nə yerdir sizə məskən?
Dedi oğlan: Atamdır bir şütürban,
Onu istədilər, buyurdu sultan.
– Gəl indi doğru söylə sən həqiqət
– Sənin oğlundur bu pak tələt?
Dedi şaha yəqin, təhqiq, məlum,
Bu bir yeddi yaşında tifli-məsum,
Gəzərdim mən dəvə üçün bu dağda,
Nihan gördüm oturub bir qıraqda.
Gətirdim, saxladım, dedim yetimdir,
Vəli bilməm onun atası kimdir?
Yenə pəs dedi sultan ol cavanə:
– Həqiqət söylə, biüzrü2 bəhanə,
Nə üçün getmiş idin sən bu dağə?
Necə gizlənmiş idin bir bucağə?
Dedi oğlan kim: “Ey şahi güzidə!
Anam ilə olurduq bir quyudə
Ki, nagah düşdü bir dəvə bir aslan,
Özümü eylədim bir küncə pünhan.
Bilirəm, mənə məlum oldu təhqiq,
Quyudan çıxmağa həqq verdi tofiq.
Xilas oldum, qaçırdım baxa-baxa,
Yetişdim kuh saru3, səngilaxa4.
Dedim gəlir yenə ardımca aslan,
Bu qorxudan mən oldum orda pünhan.
Eşitdi şah bu əsrari-nihani,
Üzündən öpdü təslim etdi cani.

__________
1 Acığın
2 Üzürsüz
3 Dağa tərəf
4 Daşlıq yer


Budur şahzadə təhqiq oldu məlum,
Deyərdi: ey driqa babi-mərqum!
Əza tutdu atasıçün müsibət,
Yığıldı hamusu ərkani-dövlət,
Ayağın öpdülər hamısı bir-bir,
Rəva görmədilər xidmətdə təqsir.
Başına qoydular həm taci-izzət.
Yığıldı hamısı ərkani-dövlət
Atasından dəxi oldu ziyadə,
Muradinə yetişdi şahzadə.
Yəqin bil yox imiş təqdirə çarə,
Necə hökm etsə kimsə kirdigarə?
Mənimçün yoxsa gər təqdiri Allah,
Məni öldürə bilməz bigünah şah.
Tamam edincə ol bu dastani,
Günün qalmadı asarü nişani.
Fədai, kimsəyə neyləyə bədxah,
Çü rədd olmaz imiş təqdiri-Allah.
Yenə zindançiyə buyurdu sultan,
Apardılar pəs onu suyi-zindan,


VƏZİRLƏRİN GƏLİB
PADŞAHA ƏRZ ETMƏLƏRİ


Sabah oldu yenə gəldi vəzirlər,
Oturdular divanə cümlə yeksər.
Şikayət eylədilər yenə bünyad,
Ki: şaha, sən eşitməzsən məgər dad?
Üzümüzdə bizim həm qalmadı qan,
Xəlayiq tənəsindən bari utan!
Deyər o dastan, sən eylərən guş1,
Bu gün o adəti eylə fəramuş.
Gətirmə sən yanına belə söylə,
Yenə tapar özüyçün bir vəsilə.
Qulaq asma, necə kim eyləsə dad,

__________
1 Qulaq asmaq


Buyur qətl eyləsin filhal cəllad.
Bu sözləri eşitdi çünki sultan,
Ona əl verdi qeyrət, qaynadı qan.
Acıqlandı yenə oldu qəzəbnak,
Dedi cəlladə sən dur, çəstü çalak2
Apardı qətlgaha Bəxtiyari,
Yığıldı onda gəldi xəlq vari3.
Qılırsan ona eyzavü əhanət,
Üqübət4 eylə ənvai-siyasət.
Pəs ondan eylə onu parə-parə,
Baxıb xəlqi-cahan etsin nəzarə.
“Baş üstə!” – dedi düşdü yola cəllad,
Vəzirlər qamü oldu xürrəmü şad.
Aparmaq oldu yəqin qətligahə,
Siyasətlər qılarlar bigünahə.
Xəbərdar oldu qamu şəhrü bazar,
Yığıldı el, vilayət, hər nə kim var.


BİÇARƏ BƏXTİYARIN
QƏTLİGAHA APARILMASI
VƏ ZİYAD HƏRAMİNİN
TAPILMASI

Qəribü bikəsü biyarü, qəmxar,
Pərişan, müztərib, ol diləfkar,
Nə kimsə var ona qıla şəfaət,
Nə xud vardır ona imkani-möhlət.
Əlaci yox, riza verdi qəzayə,
Könül bağladı sidqilə xudayə.
Bəli, həqdən qəza olmasa nazil,
Qəzayə kim qılır təqdir təbdil.
Həqqin tədbirini heç kimsə bilməz,
Əcəl yetməz əgər həqdən üzülməz.

__________
1 Təcili
2 Hamı
3 Əziyyət


Müqərrər olmasa heç kimsəyə mərg,
Ağacdan düşməz imiş vədeyi-bərg1.
Əgər həqdən yetişə əmrü fərman,
Nə çarə eyləyən vardır, nə dərman.
Gəl indi gör qəzayi-girdigarə,
Necə qıldı inayət Bəxtiyarə!
Gör indi ol Ziyad olan Hərami
Ki, saxlamışdı ol nikinami.
Ki, tapmış Bəxtiyari dərbiyaban,
Gətirib etmiş idi onu oğlan.
Gecə-gündüz qılırdı ahü fəryad,
Deyərdi: var ola, yarəb Xudadad2;
Qəzara eşidib ol Bəxtiyari,
Ki, sultan ona vermiş ixtiyari.
Qamulardan onu qılmış sərəfraz,
Ziyadın mürqi-ruhi3 etdi pərvaz.
Sanasan zövqdən od düşdü canə,
Onu görmək üçün oldu rəvanə.
Qəzara getdi şəhrə ol zəmanda
Xəlayiq tənə eylər hər zamanda
Düşübdür şəhrə bir aşubü qovqa,
Kimi ağlar, kimi eylər tamaşa.
Sərasimə olub dedi: ki, yaran,
Nədir bu şurü şər, fəryadü əfqan?
Dedilər necə kim keçmişdi əxbar,
Diləfkarü pərişan oldu ağlar.
Xəbərdar oldu çün ol günüqarə,
Özün yetirdi dərdəm Bəxtiyarə.
Özünü Bəxtiyar üstünə saldı,
Pəs ol cəllad əlindən tiği aldı
Dedi cəlladə: sən eylə mürüvvət,
Amandır ver mənə bir ləhzə möhlət,
Rizayi-həqq üçün et bir dəm mudara,
Özümü yetirim mən şəhriyara.

__________
1 Yarpaq
2 Xudadad sağdırmı?
3 Könül quşu


Verim sultanə onun xun bahasın1
Gər istərsən sənə olmuya nifrin.
Qəbul etməyə, qıla qəhrü kinə,
Məni öldür sən onun əvəzinə.
Səvaba daxil eylə özünü sən,
Görə bilməm onun ölümünü mən.
Bu oğlandır mənə fərzənd dilbənd,
Dəxi yoxdur mənə bir qeyri fərzənd.
Ziyad ilə var idi neçə həmrah2,
Gəlib sultana onu qıldı agah,
Dedi versin ona cəllad möhlət,
Ziyadə: – Gəl! Deyib qıldı işarət.
Yetişdi çün şaha qıldı sicudi,
Oxudu çox səna ilə drudi3.
Dedi sultan ona: ey kədxuda sən,
Bu oğlan ilə necə aşinasən?
Dedilər, sən deyibsən ona fərzənd,
Oğul, atasına olmazmı manənd4
Oğul ilə olur atası böylə,
Yalan demə həqiqət, doğru söylə!
Dedi: şaha mənəm məşhurü nami,
Ziyad adım, cahanda bir hərami.
Mənimlə var idi bir neçə yoldaş
Qamu rindü, hərami zeydü, qüllaş
Görüncə dağıdırdıq karvanı,
Əlimizdən gedən qurtardı canı.
Gözətlib5, karvan çöldə gəzərdik
Yetişdik bir bulaq üstündə gördük,
Bir oğlan dərmiyani6 müşgü ənbər,
Nə oğlan? Sanasan xurşidi-ənvər.
Qamu zərbəft ətlasdır libasi,
Vəli yanında yox hazır atasi.

__________
1 Qan bahası
2 Yoldaş
3 Dua
4 Oğul atasına oxşamazmı
5 Gözləyib
6 İçərisində


Başı üstündə var bir bədreyi-zər,
Mən onu görcək ey sultani-sərvər,
Uzadıb əl onu yerdən götürdüm,
Yetincə ta rəfiqlər, mən götürdüm.
Yox idi oğlum, ey şahi-cahandar,
Dedim oğlum bu olsun, qıldım iqrar.
Oğul dedim mən ol ziba liqayə
Müəyyən eylədim pəs ona dayə.
Əmizdirdi onu, süddən ayırdı.
Onun başına dövlət sayə saldı,
Müqərrər eylədim mən ona ustad,
Onun adını qoymuşdum Xudadad.
Pəs oldu sahibi-idrakü tədbir,
Mən onda görmədim heç gunə təqsir.
Dedi: hani nə yerdə rəxtü camə,
Ki, sarmışdı ana, ol nikinamə?
Dedi: hazır evimdə vardır onlar,
Rəvan durma gətir, sən onu zinhar.
Ziyad oldu rəvan pəs suyi xanə,
Gətirdi onları bəhri-nişanə.
Nəzər qıldı çü şah, rəxtü libasə,
Yetişdi ol dəxi yaxşı əsasə.
Götürdü onları getdi bəxanə,
Çağırdı xatunun fəxri-zəmanə.
Dedi xatuna: qıl indi qiyasi,
Gətirdim, tanırmısan bu libasi?
Görüncə qıldı əfqanü xruşi,
Başından getdi onun əqli huşi.
Gətirdi şuşa sultan ol nigari,
Yenə qıldı fəqanü ahü zari.
Dedi: ol rəxtidir, bu ey xudavənd,
Kim ona çulqadın fərzəndi-dilbənd,
Məgər ol gün ki, biz olduq giriftar,
Qaçıb Kirmanə getdik badilizar.
Məgər kim buldu həqq verdi inayət,
Vücudə gəldi ol xurşidi-tələt.
Bulaq başında düşmən qorxusundan,
Salıb onu qaçıb can qorxusundan,
Bu rəxt içində ol əbru-kəmani
Qoyub getdik, budur onun nişani.
Dedi sultan ki, mən düşdüm gümanə,
Vücudunda dəxi gördü nişanə.
Dedi gördüm ondan ey xudavənd,
Ayaqda barmağı bir-birə peyvənd.
Əgər belə isə təyinü təhqiq,
Bu sözdən dəxi hasil oldu təsdiq.
Gətirdilər buyurdu ol cavani,
Ayaqda gördü vardır ol nişani.
Buyurdu açdılar ol Bəxtiyari,
Üzündən öpdü getdi ixtiyari.
Özünə gəldi ol şahi-cahandar,
Dedi: ey nazənin fərzəndi-qəmxar!
Gözüm nuri, mənim ümidgahim!
Yaman günümdə sən püştü pənahim,
Mürəsse tac həm zərbəft xələt,
Geyindi Bəxtiyari-pak tələt,
Anası çün oğul üzünə baxdı,
Südü əmcəklərindən dərdəm axdı.
Dolandı başına, öpdü gözündən,
Ayağına düşüb getdi özündən.
Çü xatun gəldi ol dəmdə özünə,
Baxardı oğlanın hərdən üzünə,
Dedi: yuxudadır, yoxsa bu agah?
Nəzər qıldı mənə lütf etdi Allah.
Oğul vəslindən ana oldu dilşad,
Anası oldu bəndi-qəmdən azad!
Bina oldu əsasi-eyşü-işrət,
Süpahi şadiman, şakər1 rəiyyət.
Nağara döydülər, təblü büşarət,
Döşəndi hər nə var, ali imarət.
O şəhr içində qırx gün oldu bayram
Hamıya qıldı şah ehsanü ənam.

İntəha.

_________
1 Minnətdar, şükür edən
XS
SM
MD
LG