Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:31

Yeni qanun layihəsində testdən kənar qəbul nəzərdə tutulur


TQDK-nın sabiq sədrisə deyir ki, ali məktəbə qəbulda heç bir güzəşt olmamalıdır
TQDK-nın sabiq sədrisə deyir ki, ali məktəbə qəbulda heç bir güzəşt olmamalıdır
Növbəti təhsil ilindən orta məktəblərdə medal alanlar, beynəlxalq olimpiadaların və beynəlxalq yarışların qalibləri ali məktəbə birbaşa - yəni testdən kənar qəbul oluna bilərlər. Magistr hazırlığının təşkili və qəbulu məsələləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilə bilər. Bu, «Təhsil haqqında» qanun layihəsində nəzərdə tutulub.

«30 MİN NƏFƏR ÜÇÜN 15 NƏFƏR HEÇ BİR PROBLEM YARATMAZ»

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu üç maddənin layihədən çıxarılmasını təklif etsə də, qəbul olunmadı. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev iyunun 16-da komitə müvafiq strukturların iştirakı ilə layihəni sonuncu dəfə müzakirə edərkən belə dedi. O, bu maddələrin layihədən çıxarılmamasının səbəbini belə izah edir:

«Beynəlxalq olimpiadaların, yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Bunların sayı artıq 4-ə çatıb. Həmçinin dünyada keçirilən bir sıra müsabiqələr, yarışlar var. Onların da siyahısı təsdiq olunandan sonra hesab edirəm ki, yarışların qalibləri heç 15 nəfər olmayacaq. Yəni qəbul olunan 30 min nəfər üçün bu 15 nəfər heç bir problem yaratmaz. Əksinə stimul yaradacaq. Nəhayət, bir maddədə biz yazmışıq ki, magistr hazırlığı və bunun təşkili qaydaları, qəbul və s. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək. Bu maddənin də çıxarılmasına lüzum yoxdur. Bütün işçi qrup, hüquqşünaslar da bu fikirdədirlər».

Yeri gəlmişkən deyim ki, məhz bu maddələr qanun layihəsinin parlamentdə ikinci oxunuşu zamanı ən çox mübahisə doğuran məqamlardan idi. Çıxış edən bir çox millət vəkilləri o zaman hesab edirdilər ki, olimpiada, beynəlxalq yarış qaliblərinə, eləcə də orta məktəblərdə medal alanlara testdən kənar ali məktəbə daxil olmaq imkanı yaratmaq təhsil müəssisələrində neqativ halları artıracaq.

TQDK-nın təmsilçisi Nərminə Bayramova isə deyir ki, onlar layihədən maddələrin çıxarılmasını təklif etməyiblər. Sadəcə, təhsilin ilkin pilləsində əldə olunun nailiyyətin qəbulda nəzərə alınmasına dair müddəaların çərçivə qanuna salınmasını məqbul saymırlar:

«Biz demişdik ki, əgər qanunda hansısa müvafiq icra hakimiyyəti orqanına qayda yaratmaq və bunun əsasında qəbul aparmaq imkanı göstərilirsə, onda tövsiyə edirik ki, detallaşdırıcı müddəalar da həmin müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunan qaydalarda nəzərdə tutulsun. Yəni bu müddəalar çərçivə qanununda nəzərdə tutulmasın».

«ALİ MƏKTƏBƏ QƏBULDA HEÇ BİR GÜZƏŞT OLMAMALIDIR»

Vaxtilə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinə rəhbərlik etmiş Vurğun Əyyub isə deyir ki, əslində, ali məktəbə qəbulda heç bir güzəşt olmamalıdır. Əgər yeni qanun layihəsi beynəlxalq olimpiadaların qaliblərinə belə bir güzəşt nəzərdə tutursa, olsun, amma bu istisnanı orta məktəblərdə medal alanlara aid etmək olmaz. Çünki Azərbaycanda bu mexanizmin necə işlədiyi hər kəsə bəllidir. Və bir sıra məsələlərin layihədə sadəcə müvafiq icra hakimiyyətinə həvalə edilməsi ifadəsi təsadüfi deyil:

«Müvafiq icra hakimiyyəti orqanı qanunda konkretləşmir. Bu da o deməkdir ki, ali icra hakimiyyəti bu məsələləri təhsillə bağlı hansı quruma istəsə həvalə edə bilər».

Deputatlar Pənah Hüseyn və Nizami Xudiyev də layihədə bir sıra məsələlərin məhz müvafiq icra hakimiyyəti orqanının öhdəsinə buraxılmasını məqbul saymırlar.

Nizami Xudiyev deyir ki, hər şeyi icra hakimiyyəti orqanının öhdəsinə buraxaraq başdan eləmək olmaz. Müvafiq icra hakimiyyəti orqanı qanunu icra etmək üçündür. Onun nə edəcəyi isə qanunda konkret göstərilməlidir. Yəni qanun mübahisə doğurmamalıdır.

ASPİRANTURA ARADAN QALDIRILIR

İyunun 19-da parlamentin növbədənkənar iclasında 3-cü oxunuşa çıxarılacaq «Təhsil haqqında» qanun layihəsinə görə hər bir halda biliyin qiymətləndirilməsi mütləq test üsulu ilə həyata keçirilir. Hansı ali məktəbi seçmək məsələsi də heç kimin müdaxiləsi olmadan abituriyentin ixtiyarına buraxılır.

Əsas mübahisə doğuran və bəzi mütəxəssislərin fikrincə, layihəni 17 ildir ki, təsdiqdən saxlayan aspirantura isə aradan qaldırılır. Magistraturadan sonra doktorantura saxlanılır.

Şəmsəddin Hacıyev əmindir ki, deputatların əksəriyyəti 3-cü oxunuşda layihəni dəstəkləyəcəklər və sənəd nəhayət ki, qəbul olunacaq.
XS
SM
MD
LG