Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

«Azərbaycanda korrupsiya bulağının gözü tutulub»


«Əvvəllər bulağın iki gözü də açıq idi, məmurlar daim ordan «su» götürürdülər. İndi bulağın gözü tutulub»
«Əvvəllər bulağın iki gözü də açıq idi, məmurlar daim ordan «su» götürürdülər. İndi bulağın gözü tutulub»
Qubalı bir sahibkar Rusiyadan gətirdiyi malı gömrükdən keçirə bilmədiyi üçün özünü yandırıb. Göyçaydan olan digər sahibkar isə polis rəisinin ondan hər ay 2000-2500 manat rüşvət tələbilə razılaşmadığı üçün həbs edildiyini iddia edir. Amma hər iki sahibkarla bağlı rəsmi qurumlar rüşvət məsələsini qəti təkzib edirlər. Yalama gömrük postundan deyirlər ki, sahibkar Eldar Qəhrəmanov sərxoş olduğu üçün özünü yandırıb, ondan heç kim rüşvət istəməyib:

«Hamısı yalan söhbətdir. Heç kim heç kimdən pul istəməyib. İstintaq gedir və hər şeyi də istintaq bilir. Sərxoş olub, qıraqda üstünə benzin töküb özünü yandırıb».

«GÖYÇAYDA «SEMİÇKA» SATANDAN ƏT SATANA QƏDƏR HAMIDAN PUL YIĞILIR»

İyunun 17-də Bakıda onlarla adam Göyçaydan olan bir sahibkarın həbsinə etiraz olaraq kütləvi intihara cəhd etdi. İş adamı Çingiz Mayılovun ailəsi və qohumları onun rayon polis rəisinə rüşvət vermədiyinə görə həbs edildiyini bildiriblər. Onların deməsinə görə, rayonun polis rəisi sahibkardan hər ay 2000-2500 manat pul tələb edirmiş. Sahibkar da həmin məbləği vermədiyi üçün onu həbs ediblər. Çingiz Mayılov polis rəisinin ondan rüşvət istəməsini hüquq-mühafizə orqanlarına çoxdan deyibmiş

Sahibkarın vəkili Vidadi İsgəndərov deyir ki, bu, bir neçə günün problemi deyil. Hələ fevral ayından başlayaraq həmin sahibkar ona müraciət edib, işləməyə imkan verilmədiyini, polis rəisinin ondan dəfələrlə pul tələb etdiyini bildirib. Vəkil deyir ki, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib, şikayətlə bağlı araşdırmalar aparılıb, amma ortalığa bir şey çıxmayıb:

«Göyçayda «semiçka» satandan ət satana qədər hamıdan pul yığılır».

Vəkil deyir ki, ona müraciət edən çoxlu sahibkar var, sadəcə, onlar məhkəməyə müraciət etməkdən çəkinirlər, ehtiyat edirlər ki, müraciətləri özlərinə qarşı yönələr.

Ancaq Göyçay rayon polisindən deyirlər ki, sahibkardan heç kim pul istəməyib, sadəcə məhkəmədə ikinci həyat yoldaşından boşanmaqla bağlı keçirilən prosesdə xuliqanlığa yol verib. Polisin iddiasına görə, bu səbəbdən idarəyə aparılan Çingiz Mayılov həmin hərəkətlərini orda da davam etdirib və bundan sonra onun haqqında iki aylıq həbs qərarı verilib. Göyçay rayon Polis İdarəsindən növbətçi Vahid Musayev deyir ki, polis rəisinin rayondakı sahibkarlardan pul istəməsi barədə deyilənlər şər-böhtandır.

RÜŞVƏTƏ GÖRƏ SAHİBKAR FƏALİYYƏTİNİ DAYANDIRIB

Göyçaydan olan başqa bir sahibkar Oqtay Rüstəmovsa fəaliyyətini hələ bu ilin yanvarında dayandırıb. O deyir ki, polislərin qanunsuz müdaxilələri ona işləməyə imkan verməyib. Müraciətləri də nəticəsiz qalıb:

«Məndən aylıq haqq tələb edirdilər, qoymurdular işləməyə. Mənim tikinti materialları dolu maşınımı bir həftə polis bölməsində saxladılar. Aradan bir müddət keçəndən sonra oğlumu saxta ittihamlarla həbs elədilər. Ayda min, iki min manat haqq qoyurlar, verməsən, aqibətin məlumdur. Müxtəlif yollarla səni şərləyib içəri salırlar. Ona görə də məcburiyyət qarşısında qalıb yanvar ayından fəaliyyətimi dayandırdım».

O.Rüstəmov deyir ki, üzləşdiyi problemlərlə, polisin ondan rüşvət tələb etməsilə bağlı Prezident Administrasiyasından tutmuş Daxili İşlər Nazirliyinə qədər hər yerə müraciət edib, ancaq nəticəsi olmayıb:

«Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsindən gəldilər, yoxladılar və dedilər ki, şikayətdə yazılanlar sübut olunmadı. Mən prezidentə, Daxili İşlər nazirinə, Baş Prokurorluğa məktublar yazmışam, həmişə də şablon cavablar gəlir ki, bu məsələ sübuta yetirilmədi və s.»

O.Rüstəmov hesab edir ki, sahibkarların hansısa adla həbs edilməsi, onların rüşvətə, korrupsiyaya qarşı etirazlarına müxtəlif don geyindirilməsi, əslində, korrupsiyalaşmış vəzifə sahiblərinin öz əməllərini ört-basdır etməsinə yönəlib.

Sahibkarlarla bağlı insidentlərə Sahibkarlar Konfederasiyasından münasibət öyrənmək mümkün olmadı. Məlum oldu ki, konfederasiyada hər iki hadisədən xəbərsizdirlər.

«KORRUPSİYA BULAĞININ GÖZÜ TUTULUB, SAHİBKARLAR ONA GÖRƏ GÖZÜMÇIXDIYA SALINIB»

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, sahibkarlara qarşı təzyiqlər əslində, ölkə rəsmilərinin qəbul etmək istəmədiyi beynəlxalq iqtisadi böhranın Azərbaycansayağı nəticəsidir. Onun sözlərinə görə, böhranla bağlı büdcədən maliyyələşən qurumlara verilən vəsaitlərin azalması, ticarətdəki zəifləmələr müəyyən təbəqələrin gəlirlərini xeyli məhdudlaşdırıb. Bu səbəbdən də həmin təbəqə itmiş gəlirlərinin yerini doldurmaq üçün sahibkarlara əlavə haqq qoymağa başlayıblar.

A.Mehtiyev deyir ki, əgər əvvəllər tərəflər arasında razılaşmaya yer var idisə, indiki iqtisadi böhran vəziyyətində buna əməl etmək mümkün deyil:

«Əvvəllər ayrı-ayrı postlarda oturan insanların gəlir mənbələri formalaşmışdı. Yəni bulağın iki gözü də açıq idi, onlar daim ordan «su» götürürdülər. İndi bulağın gözü tutulub».

A.Mehtiyev deyir ki, yaranmış vəziyyəti yoluna qoymaq üçün qanunlara əməl olunmalıdır, yoxsa yuxarılardan verilən göstərişlər, tapşırıqlar müsbət nəticə verməyəcək.
XS
SM
MD
LG