Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:46

Siyasi partiyalar hüquqi burulğanda


Z.Oruc düşünür ki, Azərbaycanda «siyasi super market» kimi çıxış edən partiyalar da var
Z.Oruc düşünür ki, Azərbaycanda «siyasi super market» kimi çıxış edən partiyalar da var
Azərbaycandakı siyasi partiyaların qeydiyyatı üçün bundan sonra 10 min imza tələb edilə bilər. Halbuki, qüvvədə olan qanunvericiliyə görə, bundan ötrü cəmi min imza lazımdır. Ana Vətən Partiyasından olan millət vəkili Zahid Oruc «Siyasi partiyalar haqqında» qanuna dəyişikliklər layihəsi üzərində işləyir və qeydiyyat üçün tələb edilən imzanın mindən 10 minə qaldırılması təklifi də ona məxsusdur. Əslində, hakim Yeni Azərbaycan Partiyasının aparıcı simaları da oxşar təkliflərlə çıxış edirlər. Bu partiyadan millət vəkili Siyavuş Novruzov isə mətbuata açıqlamasında qeydiyyat üçün tələb edilən imzanın 5 minə qaldırılmasını zəruri sayıb.

PARTİYA YOXSA SİYASİ SUPER MARKET?

Zahid Oruc isə bir qədər də qabağa gedərək hesab edir ki, partiyanın ümumrespublika statusu alması üçün o ölkə ərazisinin üçdə birini əhatə etməlidir. Z.Oruc düşünür ki, bu, 5-3 şəxsdən və bir qovluqdan ibarət partiyaların ambisiyalarına son qoyacaq:

- Həmin şəxslər də daha güclü partiyaların ya rəhbər orqanlarına, ya da orta eşalonuna daxil olacaqlar. Ölkədə daha güclü partiyalar sistemi yaranacaq.

Z.Oruc təklif edir ki, partiyalar seçkili orqanlardakı təmsilçiləri ilə bağlı Ədliyyə Nazirliyinə vaxtaşırı məlumat verməlidir. Bundan başqa, qanun, qeydiyyatı olmayan partiyaların fəaliyyətini məhdudlaşdırmalıdır. Z.Oruc düşünür ki, Azərbaycanda «siyasi super market» kimi çıxış edən partiyalar da var. Qanun partiyaların alqı-satqı mövzusuna çevrilməsinin də qarşısını almalıdır.

PARTİYALAR NECƏ MALİYYƏLƏŞMƏLİDİR?

Millət vəkilinin təkliflərində partiyaların maliyyələşməsi də xüsusi yer tutur. Zahid Orucun fikrincə, partiyaların maliyyələşməsində qeydiyyat və onların seçkili orqanlarda tutduqları yerlər xüsusi olaraq nəzərə alınmalıdır:

- Bəzi partiyaların siyasi elitası QHT-lərdə təmsil olunur və qrant layihələri vasitəsilə xaricdən maliyyələşirlər. Halbuki, hər bir partiyanın maliyyə mənbəyi öz xalqı olmalıdır.
Əli Kərimli
Bunun da hüquqi yolu qeydiyyatdan keçən partiyaların büdcədən maliyyələşməsidir.

CƏHALƏT RESPUBLİKASI

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyir ki, bu təkliflər QHT-lər haqqında qanuna nəzərdə tutulan dəyişikliklərlə birgə dəyərləndirilməlidir. Onun fikrincə, müstəqil media və QHT sektorunu boğmaqda olan hakimiyyət zəif saldığı, ancaq tam ram etmədiyi siyasi qüvvələri diz çökdürmək niyyətindədir:

- Məqsəd totalitarizmə keçiddir. Plüralizmin olmadığı, söz azadlığının olmadığı, bunların korrupsiyasına etiraz edənlərin susdurulduğu cəhalət respublikasının yaradılmasıdır. Elə bir ölkə olsun ki, adı respublika olsun, özünü sülalə idarə eləsin. Xalqın sərvətlərini də istədikləri kimi çalıb-çapsınlar.

Ə.Kərimli düşünür ki, həm müstəqil mətbuatın, həm QHT sektorunun, həm də siyasi partiyaların təqibi cəmiyyətdə radikal qüvvələrin meydana çıxmasına səbəb ola bilər. Onun fikrincə, bu siyasət bumeranq effekti də doğura bilər.

BEYNƏLXALQ TƏCRÜBƏ

İnkişaf etmiş Qərb ölkələrinin təcrübəsində isə partiyaların qeydiyyatı üçün xüsusi sayda imza tələb edilmir. Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyir ki, bu təkliflər artıq partiyalara inzibati qaydalarla yaxınlaşmaqdır. H.Həsənov düşünür ki, siyasi qüvvələri inzibati qaydalar yox, cəmiyyətin özü tənzimləməlidir. O, partiyaları dövlətin maliyyələşdirməsinə müsbət yanaşır. Ancaq Hafiz Həsənovun fikrincə, Azərbaycanda nə qədər ki, demokratik seçkilər keçirilməyib, partiyaların büdcədən maliyyələşməsində ədalətli mexanizm tapılmayacaq.
XS
SM
MD
LG