Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:46

Ən pis sülh nədir?


Asim Mollazadə
ASİM MOLLAZADƏ: «PİS SÜLH REAL SÜLHÜN YOX, ATƏŞKƏSİN OLMASIDIR»

«Yolumuz sülh yoludur. Ən pis şəraitdə sülhün mövcudluğu ən gözəl müharibədən yaxşıdır».

Bunu ötən həftə Dağlıq Qarabağda və Ermənistanda səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Asim Mollazadə deyir:

«Müharibədə dağıdılan şəhəri, yolu bərpa etmək olar. Amma insan itkisini bərpa etmək olmaz. Azərbaycan bu müharibədə ən qəhrəman oğullarını itirib. Kiçik sülh şansı varsa, bu yolla getmək lazımdır. Münaqişəni insan itkisi vermədən, sülh yolu ilə həll etmək lazımdır. Bir də, məncə, müharibədən heç vaxt danışmaq lazım deyil».

«Pis sülh» nəyə deyirsiz» sualını isə Mollazadə belə cavablandırıb:

«Bu gün real sülhün olmamağı, atəşkəsin olması pis sülh deməkdir».

Asim Mollazadəyə görə, bu gün danışıqlarda işğal olunmuş Azərbaycan torpaqları güzəşt mövzusu deyil:

«Söhbət sülhə aparan yolda dövlətimizin və xalqımızn mövqeyini qorumaqdan gedir. Biz ziyalıların vəzifəsi sülhə dəstək verməkdir».

«İşdən sonra» proqramının başqa qonağı «Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov isə deyir ki, bu cür qarşılıqlı səfərlər yuxarıdan təşkil edilib və hakimiyyətlərin sülhə nə qədər yaxın olub-olmadığını nümayiş etdirmək məqsədi güdür.

«NİYƏ LAÇINLA KƏLBƏCƏR BEŞ İLDƏN SONRA QAYTARILACAQ?»

Rauf Mirqədirov Rusiya telekanallarından birinə müsahibə verən Azərbaycan prezidenti İlham Əliyevin dediklərinə də münasibət bildirib:

«Prezidentin açıqlaması birtərəfli idi. O Azərbaycan cəmiyyətinə çatdırmaq istədiyi hissəni dedi. Yəni, bəli, ərazilər qaytarılacaq. Əvvəlcə beş rayon, yəni Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli qaytarılacaq. Beş il sonra isə daha iki rayon - Laçınla Kəlbəcər qaytarılacaq. Nə üçün bunun üçün beş il lazımdır? Bu beş ildə nə baş verəcək? Rayonlar hansı şərtlər daxilində geri qaytarılacaq? Dağlıq Qarabağın statusu ilə bağlı bəyanat isə ümumiyyətlə qeyri-müəyyən idi».

Prezidentlərin iyulun ortalarında baş tutmalı görüşünə toxunan Rauf Mirqədirov deyir ki, sülh sazişinin imzalanması yaxın olduğu qədər də uzaqdır:

«Bu bəlkə də əcaib səslənir. Son bəyanatlara baxanda belə fikir yaranır ki, tərəflər hansısa sənədin imzalanmasına yaxındırlar. Amma belə bir addımın atılması isə iki prezidentdən birinin karyerasının sonu ola bilər».
XS
SM
MD
LG