Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:48

Müsavatın Naxçıvan təşkilatının sədri iş tapa bilmir


Meydan Babayev

«Bu ölkədə insanlara fərqli düşüncə sahibi olduqlarına görə ayrı-seçkilik qoyurlar».

Bir zamanlar yüksək vəzifələrdə işləmiş, indi isə ailəsinə çörəkpulu qazanmaq üçün el-obasında fəhləlik belə tapa bilməyən Meydan Babayev fərqli düşüncəsinin qurbanı olduğunu düşünür.

«İSTƏNİLƏN İŞDƏ ÇALIŞARAM, TƏKİ İŞ OLSUN»

Meydan Babayev Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun sakinidir. Ali təhsillidir. Müsavat Partiyasının Muxtar Respublika təşkilatının sədridir. Məşğulluq Mərkəzində qeydiyyatda durmasına baxmayaraq, illərdi iş tapa bilmir. Deyir, istənilən işdə çalışaram, təki iş olsun. Axı hansı kitabda, qanunda yazılıb ki, müxalifətçilərə çalışmaq qadağandır.

Meydan Babayev: «Mən ali təhsilli, müxtəlif dövlət strukturlarında vəzifələrdə çalışmış bir adam, gedib Bakıda tikintilərdə fəhləlik edirəm. Neyləmək olar, məcburam. Bu gün ədalətsizlik hökm sürür Naxçıvanda».

Müsavatçı deyir ki, işsizlik onun siyasi fəaliyyətinə də təsir edir. Tez-tez çörəkpulu üçün Naxçıvandan getməsi aktiv fəaliyyəti üçün maneədir. Ancaq buna baxmayaraq, mübarizəsini davam etdirməyə çalışır. Düşünür ki, məsələnin kökündə iqtidarın müxalifətə qarşı apardığı qərəzli siyasət dayanır:

«Biz məcburiyyət qarşısında qalıb Muxtar Respublikadan gedirik. Könüllü fəaliyyətimizi dayandırıb getmirik. İnsan siyasi fəaliyyət göstərmək üçün heç olmasa insan kimi yaşamalıdır. Onun ailəsi, uşaqları çörəklə, ərzaqla təmin olunmalıdır. Siyasi kursumuzu gücümüz və imkanlarımız daxilində davam etdirməyə çalışırıq. Bu məsələnin kökündə iqtidarın müxalifətə qarşı apardığı qərəzli siyasət dayanır. Məqsəd ondan ibarətdir ki, onlar kimi düşünməyən, onları qəbul etməyən, onların kifayət qədər sərt siyasətlərinə müxalif olan insanların hamısını məcbur edirlər ki, ölkədən uzaqlaşsınlar».

NAZİR MƏSƏLƏYƏ MÜNASİBƏT BİLDİRMİR


M. Babayevin sözlərinə görə, Naxçıvanda döymədiyi qapı qalmayıb. Kəngərli rayon Təhsil Şöbəsindən tutmuş Muxtar Respublikanın Təhsil Nazirliyinə, Nazirlər Kabinetinə, Ali Məclisə dəfələrlə müraciət edib.

Müraciətlərinə əhəmiyyət verilmədiyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Milli Məclisə şikayət ərizəsi göndərib. Naxçıvandan fərqli olaraq Milli Məclisin İnsan haqları komitəsindən və Azərbaycan Respublikası Təhsil Nazirliyindən yazdığı müraciətlərə müsbət cavablar alıb. Adı çəkilən orqanlar tərəfindən problemin müsbət həll olunması üçün Naxçıvanın Təhsil Nazirliyinə məktub göndərilməsinə baxmayaraq, məsələ həl ədə öz həllini tapmayıb. M. Babayev yenə də işsizdir.

Problemə aydınlıq gətirmək üçün biz də Naxçıvan Təhsil Nazirliyinin mövqeyini öyrənmək istədik. Nazirliyin Aparat rəhbəri Rəşad Xudiyevin bizə cavabı konkret oldu:

«Nazir Piri Nağıyev sizi qəbul etmək istəmir və məsələyə də heç bir münasibət bildirmir».
XS
SM
MD
LG