Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:48

Bundan sonra Türkiyənin üzərindəki «soyqırımı» təzyiqi azalacaq


Ermənistan-Türkiyə sərhədi
Ermənistan-Türkiyə sərhədi
Mehmet Ali Birand («Posta» qəzeti)

ERMƏNİ DİASPORASI YENƏ GÜNAHA BATIR

Sabah Cenevrədə son dərəcə önəmli bir imza mərasimi var. Ermənistan və Türkiyə Xarici İşlər nazirləri münasibətləri yenidən sahmana salmaq üçün bir protokol imzalayacaqlar. Bu protokol qarşılıqlı şəkildə bir anlayışı, sülhsevər yanaşmanı, «soyqırımı» iddiaları ilə bağlı yeni araşdırma metodundan başlayaraq iki ölkə arasındakı sərhəddin açılmasına qədər gedən bir prosesi ehtiva edir. Hardan baxsaq, türk-erməni münasibətlərində yeni və sülhsevər bir dönəmə girilməsini nəzərdə tutan yol xəritəsi meydana çıxacaq. Bu sənəd imzalanandan sonra TBMM-də təsdiq ediləcək. Ancaq Azərbaycan və Ermənistan arasında olan Qarabağ problemi həll edilmədən belə, bu addımın atılması son dərəcə önəmlidir. Çünki bundan sonra Türkiyənin üzərindəki «soyqırımı» təzyiqi də azalacaq. Başda ABŞ olmaqla, «soyqırımı» qərarı qəbul edilməsi üçün ermənilərin təkidləri də dayanma nöqtəsinə gələcək. Belə bir önəmli addımın simvolu - çərşənbə günü Bursada oynanacaq Türkiyə-Ermənistan matçına prezident Sarkisyanın gəlməsi və oyuna Gül ilə birgə baxması olacaq. Bu jest tamamilə yeni bir başlanğıcın siqnalı olacaq.

YEREVAN İSTƏYİR, DİASPORA MÜQAVİMƏT GÖSTƏRİR

Bax, erməni diasporasını ayağa qaldıran ehtimal elə budur. Sarkisyanın Türkiyəyə getməsi və protokolun həyata keçməsi diasporanın ümumi siyasətinə uyğun gəlmir. Diaspora Türkiyə üzərindəki sanksiya gücünü itirməkdən qorxur. Ermənistan hökuməti bu protokolun imzalanmasını istəyir, ancaq Ermənistandan kənardakı ermənilər buna müqavimət göstərir. Diaspora son dərəcə güclüdür. Yeganə varlıq səbəbi də Türkiyəyə qarşı düşmənçiliyidir. Böyük qismi ailəsinin bir və ya bir neçə üzvünü 1915-16-cı illərdə itirmiş, bu hadisələri unutmamış, Türkiyəyə qarşı kin və nifrətlə böyümüş bir təbəqədən söhbət gedir. Onlar özlərini haqlı görməkdə və 100 il əvvəl baş vermiş hadisələrin fakturasını Türkiyəyə ödətdirmək istəməkdədirlər. Çoxu Fransa və Amerikada olan diaspora nümayəndələri əcnəbi ölkələrdə yaşamış, varlanmış və olduqları ölkələrin siyasi həyatında təsirli yerlərə gəlmişlər. İllər boyu əhatəli çalışma və sıx koordinasiya ilə Yerevanın belə söz eşitdirə bilmədiyi güclü bir mövqeyə gəlmişlər.

DÜNƏN ASALANI BƏSLƏDİ, BU GÜN YENİ AÇILIMI ƏNGƏLLƏMƏK İSTƏYİR

Diasporanın bundan əvvəlki ən qanlı təşəbbüsü ASALA terror təşkilatına pul vermək və onlara 37 türk diplomatını öldürtdürmək idi. Onlardan soruşsanız deyəcəklər ki, ASALA ilə heç bir əlaqələri olmayıb. Ancaq ASALA-nın diasporadan gələn pullarla fəaliyyətə necə başladığı və Orly aeroportundakı qanlı aksiyadan sonra Vaşinqton və Parisin təzyiqləri nəticəsində pul yolları bağlanaraq aksiyalara son qoyduğunu hamı bilir.

Diaspora ASALA-ya cinayətlər törətdirib türk ictimaiyyəti arasında «ermənilər düşmənimizidir» məfhumunu zehinlərə daxil etmiş, Türkiyəyə dərs vermək üçün fəaliyyətə başlamış, sadəcə iki toplum arasındakı nifaq toxumlarını çoxaltmışdır. Eyni diaspora bu gün də yeni bir səhvə imza atır. Ermənistan və Türkiyə arasındakı münasibətlərin yumşalmasına əngəl olaraq, diaspora bəlkə də öz gücünün erroziyaya məruz qalmasının qabağını ala biləcək, ancaq uzun möhlətdə daha böyük günahın altına girəcək. Bu baxımdan prezident Gülün erməni diasporasına müraciəti yerinə düşmüşdür. Sarkisyanın Türkiyəyə gəlməsi son dərəcə önəmlidir. Türk icitimaiyyətində ilk dəfə yumşalma işarələrinin başladığı, Ermənistan ilə mehriban yaşamağın doğru bir addım olmasına dair fikrin yayıldığı bir vaxtda diasporanın bu cəhdi gələcəkdə ASAL əməliyyatı kimi onun özünün əleyhinə olacaq.
XS
SM
MD
LG