Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:41

Ötən həftə bloqlarda nə diqqəti çəkib


Еmin və Аdnan niyə təhlükəlidir?
Еmin və Аdnan niyə təhlükəlidir?
Elnur Məcidlini bir müddətdir unutmuşdum, özü xatırlatdı, sağ olsun. Ötən bloq icmalında şərh yazaraq onu da yada salmağımız üçün ünvanını buraxmışdı.

Elnurun son postu Parisdə bir gündə (17 noyabr- Milli Dirçəliş Günü) Azərbaycanla bağlı üç fərqli tədbirdə qarşılaşdığı sürprizlərlə bağlıdır. Qeydlərində bloqçu yazır ki, tədbirlərdə baş nazirin mədəniyyət məsələləri üzrə müavini, yazıçı Elçin Əfəndiyevin, həm də Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayevin 1918-ci ildə yaranmış və 23 ay sürmüş Azərbaycan Demokratik Respublikasından qısa da olsa bəhs etməsi, diqqətini çəkib.

Digər tərəfdən, maraqlı qarşılaşmalardan biri Böyük Britaniyaya mühacirət etmiş azərbaycanlı avanqard rəssam Babi Bədəlovla olub. Bu görüşü maraqlı edən onun həm də qeyri-adi məkanda baş tutması olub:

«Əslində, bu qeyri-adiliyi hazırlayan da Babi idi. Bizi «Livan» restoranına dəvət edəndə normal bir dəvət kimi həmin restoranın yolunu tutduq, ancaq daha sonra restoranda söhbətimiz zamanı məlum oldu ki, burda görüşməyimizin simvolik mənası var».

Emin Milli və Adnan Hacızadə Bakıda məhz «Livan» restoranında həbs olunmuşdu - Babinin bizə verdiyi bu mesajda da onun sənət adamı incəliyi ön plana çıxmışdı».

EMİN VƏ ADNAN NİYƏ TƏHLÜKƏLİDİR?

Journaleast yazır ki, «Azərbaycanın ən yeyib-içən, ən çox səyahət edən kişisi Qərib Azər saytların birində Adnan və Emin haqda fikirlərini bildirib, eşşək videosunu təhlil edib. Videoda xalqın təhqir olunduğunu, onun eşşək adlandırıldığını deyir».

Bloqçu yazır ki, «Qərib Azərin sadaladığı insanlar həqiqətən güclü qələm sahibi və ictimai təsir gücü olan insanlardır. Amma Emin və Adnan daha təhlükəlidirlər. Nə üçün? Çünki gəncdirlər. Təkcə yazmırlar, həm də təşkilatlanırlar. Ətraflarına gənc, ağıllı insanları toplayırlar. Onlar savadlıdırlar, bacarıqlıdırlar. Özləri qazana bilirlər. Çətin ki, onları pul ilə şirnikləndirmək mümkün olsun».

«DONUZLARIN «DONUZ QRİPİ»NDƏN QORXMASINA EHTİYAC YOXDUR»

Dedeqorqud yazır ki, Azərbaycanda qeyd olunan bayramları əslində tərsinə başa düşmək lazımdır:

«Azərbaycanda nə yoxdursa, onun bayramını eləyirlər. Ölkədə iki müstəqillik günü var. Azadlıq, müstəqillik! Harada? Azərbaycanda! Özü də iki dənə!

Ümumiyyətlə, Azərbaycandakı bayramlar qara bayramdır. Onları tərsinə başa düşmək lazımdır. Hansı bayram varsa, deməli, onun özü yoxdur. Necə ki, Azərbaycanda qanun yoxdur, amma konstitusiya günü var.

Burada sual yaranır? Azərbaycan camaatına konstitusiya lazımdırmı? Əlbəttə, yox. Azərbaycan xalqına konstitusiya lazım deyil. Əgər lazım olsaydı, onda dədə-baba adətləri ilə yox, qanunla yaşayardılar…Xalqa konstitusiya lazım deyil. Bizim konstitusiyada pozulmayan maddə qalmayıb. Xalqın heç vecinə də deyil. Maraqlanmır. Türk müğənniləri demişkən, umrunda deyil. Amma bir toy-nişan adəti pozula, bir ad günündə sağlıq düz deyilməyə, onda bu xalqın
əsl qanunlarının pozulmasına qəzəbli hayqırtısı baş qaldırır. Azərbaycan toylarında düşən davalar əslində xalqın dədə-baba qanunlarının pozulmasına etirazdan başqa bir şey deyil!».

KASIB KÜRÜN PULLARI VƏ YA «MƏN DƏ VARAM» ŞOUSU

İlqar Mirzə bloquna qəribə ad verib – Aftafa, özü də yazır ki, «aftafamızın heç kimlə qərəzi və düşmənçiliyi yoxdur, biz gördüklərimizi təhlil edir və nəticələrimizi bölüşürük». Nə deyirəm, bizə də bu lazımdır -bloqçular fəal olun, gördüklərinizi bizimlə də bölüşməyi unutmayın.

Bloqçu yazısında İKT sərgisi - BakuTeldə gördüklərindən, narazı qaldığı məqamlardan söz açır. Deyir ki, «Bizim bəzi İT şirkətləri də «Ən son pulunu yığıb, ən bahalı cici paltarını alıb özünü qohumlarına göstərmək üçün toyunu gözləyən qızlar kimi» BakuTel sərgisini gözləyirlər. Bu illər ərzində məndə belə bir təssürat yaranıb ki, BakuTel bir hesabat xarakteri daşıyır – «Hər şeyim pis olsa da, mütləq Bakuteldə iştirak etməliyəm» prinsipi.

Daha ətraflı bu linkdən oxuya bilərsiniz.

AZƏRBAYCANDA KİTABLAR AVROPA ÖLKƏSİNDƏN İKİ DƏFƏ BAHADIR

Vəfa Cəfərovanın son qeydinin adı Leninin məşhur sitatını sual altında qoyur. «Oxumaq. Oxumaq! Oxumaq?» adlanan yazıda Vəfa Azərbaycanda kitablara marağın azalmasının səbəblərini araşdırır.

Bloqçu yazır ki, kitabsevər dostlarından soruşanda ki, niyə əvvəlki kimi kitab dükanlarına getmirlər, cavabları belə olub: «Birincisi, kitablar bahadır, internetdə oxumaq daha ucuz başa gəlir; ikincisi, maraqlı heç nə yoxdur, Dostoyevski, Remark, Heminquey, bunlar onsuz da kitabxanamda var. Müasir yazıçılar bayağı yazırlar. İllah da ki, özlərini «postmodernistlər» adlandıran Azərbaycandilli yazarlar və üçüncüsü, vaxtım yoxdur kitab oxumağa. Gündəlik xəbərləri oxuyuram, forumlarda otururam bəsdir».

Vəfa yazır ki, əgər bir neçə əsr əvvəl roman yazmaq üçün sadəcə istedad tələb olunurdusa indi istedaddan çox insanlara «əla PR kampaniya da, tələb olunur ki, kitab rəfinə yaxınlaşanda məhz sizin kitabınızı əlinə alıb kassaya aparsın. Təəssüf ki, XXI əsr oxucusu istedad, çörək və tamaşanı – üçünü birində tələb edir».
XS
SM
MD
LG