Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:37

Hakimiyyətiçi savaşın görüntüləri


Şeyxülislam Allahşükür Paşazadə
Şeyxülislam Allahşükür Paşazadə
Dekabrın 15-də Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının toplantısı olub. Toplantıda şiə müsəlmanların öz imamlarına matəm saxladıqları Məhərrəm ayının və Aşura gününün dəqiq tarixi açıqlanıb. Toplantıda Şeyxülislam Allahşükür Paşazadə bir daha Azərbaycanda azanın səsgücləndiricilərlə verilməsi məsələsinə münasibət bildirib. Şeyx deyib ki, bəzən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) nümayəndələrinin səsi azan səsindən daha yüksək gəlir. Ona görə də azana qadağa tətbiq olunmasını istəyənlər düzgün mövqedə deyillər.

Yerli dindarlar Şeyxin məsələyə yetərincə sərt münsibətini bəyənir. «Məşədi Dadaş» dini icmasının başçısı Şahin Həsənli deyir ki, bu cavab hakimiyyətin azanla bağlı mövqeyinə adekvatdır:

«ŞEYXÜLİSLAMIN BU MƏSƏLƏYƏ AÇIQ CAVABINI BƏYƏNİRİK»

- Azana qadağa qoyulması tələbini müsəlmanlar doğru saymadıqlarını dəfələrlə bildirib. Şeyxülislamın bu məsələyə açıq cavabını bəyənirik. Azərbaycanda məmurlar İslamın, müsəlmanlığın əlamətləri olan azan, hicab məsələlərinə müdaxilə edirlər. Bəzi məmurları bu açıq-aşkar narahat edir. Anlaşılmır ki, Bakının bu səs-küyündə insanları mənəvi saflığa çağıran 5 dəqiqəlik azan məmurları hansı səbəbdən belə qıcıqlandırır.

Şahin Həsənlinin sözlərinə görə, Allahşükür Paşazadənin dedikləri heç bir halda rəsmilərlə din xadimləri arasında konflikt kimi dəyərləndirilməməlidir. Bu fikri «islam-azeri.az» saytının baş redaktoru Ramin Bayramov da müdafiə edir. O, Şeyxin çıxışında məhz BŞİH-in adını çəkməsini isə belə izah edir:

«ELƏ MƏMURLAR VAR Kİ, DOĞRUDAN DA ÖZBAŞINALIQ EDİRLƏR»

«Məşədi Dadaş» dini icmasının başçısı Şahin Həsənli (solda) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov
- Elə məmurlar var ki, doğrudan da özbaşınalıq edirlər. Bəzən Bakı Şəhər İcra Hakimiyyəti milli-mənəvi dəyərlərə zidd olan kütləvi tədbirlər keçirir. Görünür, «Bakı icra hakimiyyətinin səsi daha bərk çıxır» deyən Şeyxülislam bunu nəzərdə tutur.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Rəhimə Dadaşova da düşünür ki, azanın səsgücləndiricilərlə verilməsi ilə bağlı maneələrə ölkədə dinə rəhbərlik edən insanın münasibəti başqa cür ola bilməzdi:

«HƏR BİR MƏSƏLƏDƏ HÜDUD OLMALIDIR»

- Qazilər Şurasının toplantısında Şeyx bildirdi ki, hər bir məsələdə hüdud olmalıdır. Şeyx bildirdi ki, azsaylı insanların toplaşdığı məscidlərdə ətrafdakıları rahatsız edəcək dərəcədə yüksək səslə azanın verilməsinin də, çoxsaylı inanclıların məscidlərində azanın aşağı səslə verilməsinin tələb olunmasının da eyni dərəcədə doğru olmadığını düşünür. Şeyx tövsiyə verərkən bildirdi ki, mikrafonlardan, səsgücləndiricilərdən yararlanmaq nə yasaq, nə də haram deyil. Ona görə də istifadə tələb olunan yerlərdə bu qadağan olunmamalıdır. Təbii, söhbət xəstəxanalara yaxın məcidlərdən gedirsə, burada hansısa məhdudiyyət mümkündür və Qafqaz Müsəlmanları İdarəsi buna qarşı deyil.

Şeyx çıxışı zaman üzünü salonda əyləşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin başçısı Hidayət Orucova tutaraq hökumətin dindarların azana qadağa tətbiqi ilə bağlı narazılığını nəzərə alacaqlarına ümid etdiyini deyib.
Azər Rəşidoğlu
Komitə isə hələlik susur. Gün boyu dəfələrlə cəhd göstərsək də qurum təmsilçilərindən Şeyxülislamın dediklərinə cavab öyrənə bilmədik.

HAKİMİYYƏTİÇİ SAVAŞIN GÖRÜNTÜLƏRİ


Siyasi şərhçi Azər Rəşidoğlu isə deyir ki, azana qadağa və məscidlərin sökülməsi ilə bağlı məsələlər xeyli müddətdir davam edir. Şeyxin indiyə qədər susması və sonra korkret ünvan göstərərək açıqlama verməsi onunla Bakı Şəhər İcra Hakimiyyəti arasında açıq konfliktin olduğundan xəbər verir. A.Rəşidoğlu düşünür ki, baş verənlər mülkiyyətin yenidən bölüşdürülməsi uğrunda hakimiyyətiçi savaşın görüntüləridir. Əslində, bir ay öncə Şeyxin 60 illik yubileyini təntənəli şəkildə qeyd etməsini də bəzi ekspertlər onun güc nümayişi kimi dəyərləndirirdilər.
XS
SM
MD
LG