Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Eynulla Fətullayev Bakı İstintaq Təcridxanasına köçürüləcək


Dekabrın 31-də Qaradağ rayon Məhkəməsi Eynulla Fətullayevin cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülməsinə dair qərar qəbul edib.

Bu haqda AzadlıqRadiosuna E.Fətullayevin vəkili İsaxan Aşurov məlumat verib. Vəkil deyir ki, prosesdə jurnalistin narkotik maddə məsələsində təqsirsiz olduğunu və Fətullayevə qarşı pis rəftara yol verildiyini məhkəmənin diqqətinə çatdırıb.

Məhkəmə pis rəftarla bağlı faktın araşdırılacağına söz verib.

Eynulla Fətullayev yanvarın 4-dən sonra Bakı İstintaq Təcridxanasına göndəriləcək. Jurnalist indiyə qədər 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdı.

Dekabrın 29-da Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0,223 qram heroin tapıldığı barədə Penitensiar Xidmət məlumat yayıb. Faktla bağlı Eynulla Fətullayev barəsində Cinayət Məcələləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət işi açılıb.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir. Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir. Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin azad olunmasını tələb edirlər.
XS
SM
MD
LG