Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:46

«Ukraynada demokratiyadır»


Krımda səsvermə, 17 yanvar 2010
Krımda səsvermə, 17 yanvar 2010
2004-cü ildə «narıncı inqilab»la hakimiyyətə gələn Ukrayna prezidenti Viktor Yuşşenko yanvarın 17-də keçirilən prezident seçkisinin ikinci turuna adlaya bilməyib. 18 nəfərin mübarizə apardığı prezidentik marafonunda ikinci mərhələyə Yuliya Timoşenko və Rusiyapərəst mövqeyilə tanınan Viktor Yanukoviç çıxıb.

«UKRAYNADA BAŞ VERƏN PROSESİN BİR ADI VAR»

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, nəticəsindən asılı olmayaraq Ukraynada baş verən prosesin bir adı var - demokratik seçki:

- Böyük dəyişikliklərdən sonra cəmiyyətlərdə çox ciddi gözləntilər olur. 2004-cü ildəki dinc inqilabi prosesdən bir müddət sonra cəmiyyətin gözləntiləri doğrulmayanda insanlar fərqli seçimlərə baş vurmağa başlamalıydı.
İsa Qəmbər
Eyni proses 90-cı illərin başlanğıcında Şərqi Avropa ölkələrində baş verdi. Birinci mərhələdə demokratik qüvvələr hakimiyyətə gəldi, sonra yenidən keçmiş kommunist qüvvələr çeşidli adlar altında hakimiyyətə qayıtdılar. Ancaq mən Ukraynadakı proseslərə nikbin baxıram. Çünki bu seçkilər hər şeydən öncə azad və ədalətli keçirilib. Çox təəssüf ki, postsovet məkanında belə seçkilərə az rast gəlinir. Dinc inqilabla hakimiyyətə gələn demokrat Yuşşenko xalqa imkan verdi ki, dinc yolla öz prezidentini seçsin.

İsa Qəmbər deyir ki, Yuşşenkonun öz hakimiyyətini saxlamaq üçün heç bir inzibati resurslara əl atmaması onun demokratik prinsiplərə sadiqliyinin sübutudur. Bu, həm də Ukrayna xalqını öz seçiminin məsuliyyətini anlamağa yönəldən addımdır. İkinci mərhələdə kimin qalib gəlməsindən asılı olmayaraq, İsa Qəmbər düşünür ki, Ukrayna demokratiyaya doğru hərəkətini davam etdirəcək.

«YUŞŞENKONUN YERİNDƏ KİM OLSAYDI…»

Politoloq Vəfa Quluzadə də düşünür ki, Yuşşenkonun yerində kim olsaydı, eyni vəziyyətdə hakimiyyətdən gedəcəkdi:

- Çinki ölkədə həm demokratiyanı qurmaq, həm də Ukrayna kimi böyük bir ölkənin iqtisadiyyatını irəli aparmaq asan məsələ deyil.
Vəfa Quluzadə
«Narıncı inqilab»da Yuşşenkonu dəstəkləyənlər gördülər ki, həyat bir o qədər də gözəlləşmir, ona görə də seçimlərini dəyişdilər. Bütün bunlara baxmayaraq, Yuşşenkonun Ukraynanın demokratik ölkə kimi inkişafında xidmətləri böyükdür. Ukrayna demokratiyasına hətta Rusiya da qibtə edir. Postsovet məkanında olduqca az ölkələrdə demokratiya var – onlardan biri də Ukraynadır. Bu da Yuşşenkonun sayəsində baş verib.

Politoloqa görə, Rusiya Ukraynada demokratların hakimiyyətdən getməsinə tərəfdar olsa da, prosesin bütünlüklə Rusiyanın planlarına uyğun davam etdiyini söyləmək olmaz.

«UKRAYNALILARIN ƏSL SEÇİMİ İKİNCİ TURDA OLACAQ»

Millət vəkili Pənah Hüseyn də prosesə bu cür yanaşmanı birtərəfli sayır. Onun sözlərinə görə, 17 yanvar seçkiləri hər şeydən öncə Ukraynada demokratik ənənələrin gücləndiyindən xəbər verir:

Pənah Hüseyn
- Üzdə olan isə odur ki, Ukraynada prezident seçkisi demokratik əsaslarla keçirilir. Səbəblərə gəldikdə, ilk sırada onu vurğulayım ki, Ukraynanın totalitarizmdən demokratiyaya keçiddə sosial-iqtisadi nəticələri vətəndaşı tam qane eləmirdi. Onu da nəzərdən qaçırmaq olmaz ki, Rusiyapərəst mövqeyilə tanınan Yanukoviç 2004-cü il seçkilərinin birinci turunda indikindən çox səs toplamışdı. Məncə, ukraynalıların əsl seçimi ikinci turda olacaq.

Bakı sakinləri ilə söhbətimizdə də bəlli oldu ki, onlar Ukraynadakı prezident seçkilərində daha çox Rusiya izləri axtarırlar:

«UKRAYNA XALQINA QİBTƏ EDİRƏM»

- Ukrayna yaxın qonşusu Rusiyaya arxa çevirib 12 min kilometr uzaqdakı ABŞ-la dostluğa başladı. Axırda da Rusiya yenə də istədiyini yeritdi. Yaxın qonşularla yaxşı münasibət qurmayanlar hakimiyyətdə qala bilmir.

- Yuşşenkonu xalq 2004-də öz əlilə hakimiyyətə gətirdi. İndi də onu dəyişir. Bu, Ukrayna xalqının seçimidir.

- Qərb necə illər Ukraynaya ancaq vədlər verdi. Rusiya isə bu illərdə öz siyasətini yürüdə bilib ölkə içərisindəki dayaqlarını möhkəmləndirdi. Ona görə də Yuşşenko məğlub oldu.

- Bir ölkədə ki, prezident 6 faiz səs toplayıb prezidentlikdən gedirsə, demək orada demokratiya var.

- Ukrayna xalqına qibtə edirəm. Onlar istədiklərini seçə, istədiklərini danışa bilirlər. Biz isə qorxuruq ki, doğrunu desək, axşam evimizdən apararlar. Demokratiyanın dəyərini bilsinlər. Onlara ikinci mərhələdə doğru seçim etməyi arzulayıram.

HƏMÇİNİN OXU

UDUZAN UDANI KRİMİNAL DAİRƏLƏRİN ADAMI ADLANDIRIR
XS
SM
MD
LG