Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:32

Sarkisyanın açıqlamaları nədən xəbər verir?


Serj Sarkisyan
Serj Sarkisyan
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycana güc tətbiq etməmək barədə saziş imzalamağı təklif edəcəklərini bildirir. Sarkisyan onu da deyir ki, kompromis üçün nəzarətdə saxladıqları Azərbaycan torpaqlarının bir hissəsini qaytara bilərlər. Amma o şərtlə ki, Azərbaycan Dağlıq Qarabağın müqəddaratını həll etməyə və təhlükəsizliyə təminat versin.

HƏRBİ RİTORİKA YIĞIŞDIRILIR?

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə Sarkisyanın güc tətbiq etməmək barədə saziş təklifini alqışladıqlarını deyib. Onu da əlavə edib ki, yeniləşmiş Madrid prinsiplərindən biri də hərbi qüvvədən istifadə etməməkdir. Elxan Poluxovun fikrincə, Serj Sarkisyan digər prinsipləri unudub, yalnız bir prinsipdən danışır. Onun sözlərinə görə, Ermənistanın silahlı qüvvələri Azərabaycanın ərazisindən çıxarılan kimi münaqişənin hərbi yolla həlli avtomatik aradan qalxır. Poluxov hesab eləyir ki, bu halda hərbi ritorikaya ehtiyac qalmayacaq.

Azərbaycanlı ekspertlər isə Ermənistan prezidentinin son açıqlamalarını Madrid prinsiplərindən boyun qaçırmaq üçün növbəti addım hesab edirlər.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Dağlıq Qarabağ ətrafındakı 5 rayon işğaldan azad edilməyincə, Azərbaycan təhlükəsizlik təminatı verməyəcək. Danışıqlar əslində dalana dirənib deyə,
Elxan Şahinoğlu
Ermənistan Azərbaycanın dilindən güc tətbiq etməmək barədə iltizam almaq istəyir:

ERMƏNİSTAN MADRİD PRİNSİPLƏRİNDƏN BOYUN QAÇIRIR?

«Çünki beynəlxalq aləmdə 5 rayonunun azad olunması aktualdır və Ermənistan da bu danışıqlardan qaçmaq üçün ortaya belə bir təklif atır. İlk baxışdan cəlbedicidir, yəni beynəlxalq ictimaiyyətin diqqətini çəkə bilər ki, erməni tərəfi sülhə çağırır. Ancaq əslində indiki vaxtda 5 rayonunu qaytarmamaq üçün bu təkliflə çıxış edir».

Serj Sarkisyanın Suriyanın «Əl-Vətən» qəzetinə verdiyi müsahibəsini şərh edən «Reuters» Agentliyi isə qeyd edir ki, indiyə kimi erməni liderləri belə açıq tezislərlə çıxış etmirdi.

«Ermənistan prezidenti güc tətbiq etməmək barədə saziş təklif etməklə münaqişənin gələcəyini sığortalamaq istəyir».

Bu qənaəti bölüşən politoloq Vəfa Quluzadə hesab eləyir ki, Ermənistanın Rusiyadan beli bağlı deyil və indidən Dağlıq Qarabağa qarant almaq istəyir:

SARKİSYAN GƏLƏCƏYİ DÜŞÜNÜR?

«Rusiya silkələnir. Rusyia Sovet İttifaqı kimi birdən çökə bilər, yerində erməni təcavüzünü dəstəkləməyən rejim yarana bilər.
Vəfa Quluzadə
Onda Avropa, Amerika üçün Azərbaycanla imzalanmış və onların xeyrinə olan müqavilənin əhəmiyyəti olacaq. Sarkisyan gələcəyi düşündüyü üsün belə danışır».

Serj Sarkisyanın torpaqları geri qaytarmaqla bağlı qoyduğu şərtə toxunan politoloq Quluzadə bunu dünya ictimaiyyətinə ünvanlanan təbliğat sayır. Amma onun fikrincə, bu təbliğat yetərli beynəlxalq dəstək ala bilməyəcək.

Digər politoloq Rasim Musabəyov isə Ermənistan prezidentinin səsləndirdiyi son təklifləri təəccüblə qarşılayır:

«Belə çıxır ki, Sarkisyan 6 illik danışıqların nəticələrini kənara atıb hansısa yeni mücərrid münasibətlər təklif edir. Madrid prinsiplərinə müsbət münasibət bildirmək istəmir, danışıqları pozmaq məsuliyyəti onların üzərində qalmasın deyə, belə ucuz, demaqoqcasına boyun qaçırmaq istəyir».

Yeri gəlmişkən, əslində Azərbaycanın özündə də yenilənmiş Madrid prinsiplərinə tənqidi münasibətlər var. Xüsusilə də, bəzi ekspert və müxalifət liderləri hakimiyyəti Dağlıq Qrabağın statusunun referendum yoluyla müəyyənləşməsiylə bağlı bənddən imtina etməyə çağırıblar. Onların fikrincə, bu Azərbaycanın milli maraqları və ərazi bütövlüyünə ağır zərbə vuracaq.
XS
SM
MD
LG