Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:46

Bakiyev danışdı


Kurmanbek Bakiyev, 23 mart 2010
Kurmanbek Bakiyev, 23 mart 2010
Qırğızıstan prezidenti Kurmanbek Bakiyev bildirib ki, o, istefa vermək fikrində deyil. Aprelin 8-də «Exo Moskvı» radiosuna müsahibəsində Bakiyev deyib:

«Mən seçilmiş dövlət başçısıyam və məğlubiyyəti qəbul etmirəm. Düşünürəm ki, indi baş verənlər bir qrup silahlı adamın törətdiyi zorakılıqdır və bu, mənim məğlub olduğumu göstərmir».

Bakiyevi hakimiyyəti ailəsinin əlində cəmləməkdə, korrupsiyada ittiham edən müxalifət isə artıq özünün müvəqqəti hökumətini yaradıb. Həmin hökumətə rəhbərlik edən Roza Otunbayeva AzadlıqRadiosuna müsahibəsində bildirib ki, o, yeni konstitusiya hazırlanana qədər qarşıdakı altı ayda ölkənin müvəqqəti hökumətinə rəhbərlik edəcək. Ölkədə yeni azad və ədalətli prezident, parlament seçkiləri keçiriləcək:

«Biz müvəqqəti hökumət kimi prezidentin, parlamentin, hökumətin bütün səlahiyyətlərini icra edirik. Hazırda ölkədə hakimiyyətə tam nəzarəti öhdəmizə götürməyə çalışırıq».

Otunbayeva deyir ki, müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında son iki gündə baş verən toqquşmalarda 75 nəfər həlak olub, 1000 nəfər isə yaralanıb. Qətlə yetirilənlərin xatirəsi üçün aprelin 9-u ölkədə matəm elan olunub.

Bakiyev hakimiyyətinin vəzifədən sui-istifadə ittihamı ilə həbs etdiyi keçmiş Müdafiə naziri İsmayıl İsakov müxalifətin müvəqqəti hökumətində yenə müdafiə naziri postunu tutub.

İsakov AzadlıqRadiosuna bildirib ki, ölkədə vəziyyət nəzarət altındadır:

«Təhlükəsizlik qüvvələri ölkədə sabitliyə tam nəzarət edirlər. Hər yerdə xalqın hakimiyyəti bərpa olunub. Sərhəd keşikçiləri öz vəzifələrinin başındadırlar. Klanların və korrupsiyaya uğramış adamların ailə üzvlərinin dağıdıcılıq fəaliyyətlərinə son qoymalıyıq. Qalan məsələlərdə mən əminəm ki, həyat öz axarı ilə davam edəcək».

POLİSƏ ƏMR VERİLİB: GÜLLƏLƏYİN!

Roza Otunbayeva
Bişkekdə olan jurnalistlər bildirirlər ki, şəhərdə talanlar bu gün də (aprelin 8-i) davam edib. Dünən hökumət binaları alt-üst edilib, muzeylər talan olunub. Talançılar Bakiyevin ailəsinin evini də dağıdıblar.

Otunbayeva radio ilə xalqa müraciətində adi adamların əmlakının talan edilməsinə imkan verməməyə çağırıb.

Qırğızıstanın Daxili İşlər naziri vəzifəsini icra edən Bolot Şerniyazov bildirib ki, təhlükəsizlik qüvvələrinə paytaxt Bişkekdə talançılara atəş açmağa icazə verib.

BAKİYEV HARADADIR?

Hələlik Bakiyevin dəqiq harada olduğu məlum deyil. Amma onun Oş şəhəri yaxınlığında sağ-salamat olması barədə Qırğızıstanın özündən, Qazaxıstandan və Rusiyadan xəbərlər gəlir. «Exo Moskvı» radiosuna müsahibə verən prezident yalnız onu deyib ki, ölkənin cənubundadır.

Otunbayevanın bildirdiyinə görə o, öz tərəfdarlarının mitinqini təşkil etməyə çalışır.

Qırğızıstanın cənubundakı Cəlalabad şəhərinin qubernatoru şəhərdə keçirilən mitinqdə çıxış edərək Bakiyevin qorunması üçün komitə yaratdığını bildirib. Qubernator deyib ki, «Cəlalabad heç kimə oğluna toxunmağa imkan verməyəcək».

RUSİYA QIRĞIZISTANA 150 NƏFƏRLİK HƏRBİ HEYƏT GÖNDƏRİB

Rusiya Qırğızıstanda Kant şəhərindəki hərbi bazasını gücləndirib. Müdafiə Nazirliyindən bildiriblər ki, oradakı hərbçiləri və onların ailə üzvlərini qorumaq üçün əlavə 150 nəfərlik dəstə göndərilib.

ABŞ-ın istifadəsində olan Manas hərbi bazasından isə bildiriblər ki, bəzi təyyarələrin yerləri dəyişdirilib və Əfqanıstandakı hərbi əməliyyatlar üçün Manasdan istifadə edilməsi müvəqqəti dayandırılıb.

Bişkekin mərkəzində ticarət mərkəzini yandırıblar, 8 aprel 2010
Amma NATO komandanlığı bildirib ki, bu, Əfqanıstandakı əməliyyatların gedişinə heç bir təsir göstərməyəcək.

Müxalifətin müvəqqəti etimad hökumətinə rəhbərlik edən Roza Otunbayeva Manas bazasının bundan sonra da ABŞ hərbi qüvvələri üçün açıq olacağını deyib.

BEYNƏLXALQ REAKSİYA

Rusiyanın baş naziri Vladimir Putin telefonla Otunbayeva ilə danışaraq ona humanitar yardım təklif edib. Beynəlxalq ictimaiyyət, o cümlədən də ABŞ, Rusiya, Çin, BMT Qırğızıstanda bütün tərəfləri sakitliyi qorumağa çağırıb.

Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri də ölkədə qanunun aliliyini tezliklə bərpa etməyə çağırıb.

ROZA OTUNBAYEVA KİMDİR?


59 yaşlı Otunbayeva ingilis, alman, rus dillərini bilən, keçmiş Xarici İşlər naziri, ABŞ-da, Kanadada Qırğızıstanın səfiri olmuş bir diplomatdır. Onun qərbsayağı həyat tərzi keçirdiyi bildirilir.

2002-2004-cü illərdə isə BMT-nin Gürcüstan üzrə nümayəndəsi kimi çalışıb.

Otunbayeva hələ prezident Əsgər Akayevin vaxtında ilk dəfə 1991-ci ildə Qırğızıstanın Xarici İşlər naziri vəzifəsinə təyin edilmişdi. 2005-ci ildə Akayev «zanbaq inqilabı» ilə hakimiyyətdən qovulanda da Otunbayeva Qırğızıstanda Xarici İşlər nazirini əvəz edirdi. O zaman keçirilən hakimiyyət əleyhinə mitinqlərdə
Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva, Baş nazirin müavinləri Omurbek Tekebayev ilə Temir Sariyev və Müdafiə naziri İsmayıl İsakov Bişkekdə mətbuat konfransında, 8 aprel 2010
Otunbayeva da fəal iştirak edirdi.

2005-ci ilin martında davamlı etiraz aksiyalarından sonra Akayev ölkəni tərk edib Rusiyaya sığındı və o zaman müxalifətin lideri olan Kurmanbek Bakiyev hakimiyyətə gəldi.

İyul ayında Bakiyev prezident seçiləndən dərhal sonra Otunbayevanı da Xarici İşlər naziri təyin etdi. Amma parlament onu nazir vəzifəsinə təsdiq etmədi. O zaman söhbət gəzirdi ki, parlamentin bu rədd cavabında Bakiyevin özünün əli var, çünki o, Otunbayevanı özünə rəqib görür.

2006-cı ilin yanvarında Roza Otunbayeva müxalifətə qoşuldu.

Otunbayevanın siyasi karyerası da Sovet İttifaqı zamanından başlayıb.

O, 1972-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Sonra ölkəsinə dönüb, universitetdə dərs deyib. Kommunist partiyasının funksioneri olub. 1986-cı ildə Qırğızıstan SSRİ-nin Nazirlər Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. 1989-1991-ci illərdə Moskvada Xarici İşlər Nazirliyində çalışıb. Qırğızıstan müstəqil olandan sonra isə ölkəsinə qayıdıb.

FORUMDA MÜZAKİRƏLƏRƏ QATIL
XS
SM
MD
LG