Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:38

Gənclər ABŞ dövlət katibindən nəyi eşidiblər


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Bakıda «Muğam» klubunda gənclərlə görüşüb. Əncir ağacı altında, çay süfrəsi arxasında keçən söhbətdə jurnalistlərə yalnız xanım Klintonun 5 dəqiqəlik nitqini dinləmək imkanı verilib. Sonra baş verənləri isə biz gənclərdən eşitdik. Müxtəlif təşkilatları təmsil edən gənclər dövlət katibindən fərqli fikirləri eşidiblər.

DEDİ, DAHA ÇOX ÇALIŞIN

«Mən Hillari Klintonun çıxışından belə başa düşdüm ki, o, Azərbaycanda demokratiya istəyənlərin daha aktiv olmasını, daha çox çalışmasını istəyir». Bunu ABŞ dövlət katibinin gənclərlə görüşündə iştirak edən bloqçu Əli Novruzov deyib:

«Mən ona vətəndaş azadlıqlarının vəziyyəti ilə bağlı sual verdim. O da cavabında dedi ki, demokratiya uzun bir prosesdir, demokratiya uğrunda mübarizə gah irəliləyir, gah geri çəkilir, geri çəkilmələrlə barışmaq lazımdır və daim bu prosesi irəli aparmaq üçün cəhdlər olmalıdır».

DEDİ, SƏBRLİ VƏ UZAQGÖRƏN OLUN

Rəşad Şirin (AN şəbəkəsi) deyir ki, xanım Klinton Emin Milli və Adnan Hacızadə ilə bağlı özü və prezident Barak Obamaya çox sayda məktublar gəldiyini deyib:

«O dedi ki, çox ümid edir ki, yaxın zamanda bloqçular azadlığa çıxacaqlar. Xanım Klinton bu məsələni Azərbaycan rəsmiləri ilə görüşlərdə də qaldırıb».

Rəşad Şirin
Görüşdə həbs olunmuş bloqçulardan biri Emin Millinin də yaradıcılarından biri olduğu AN şəbəkəsini təmsil edən Rəşad Şirin deyir ki, onlar həmçinin dövlət katibi ilə Azərbaycanda demokratikləşmə proseslərində olan problemlər haqqında da danışıblar:

«O qeyd etdi ki, bir çox Avropa və Asiya dövlətləri bir müddət əvvəl çox avtoritar, diktator dövlətlər olublar, amma sonradan demokratiya yoluna keçiblər. Dolayısı ilə mesaj ondan ibarət idi ki, bir az daha səbrli, uzaqgörən olun».

DEDİ, ZAMAN TƏLƏB EDİR

«İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlı isə deyir ki, bloqçuların həbsi ilə bağlı məsələnin təfərrüatına varılmayıb. Onun sözlərinə görə, «dövlət katibi dedi ki, hər hansı gəncin həbsi arzu olunmur, amma məsələnin təfərrüatlarına heç kim varmadı».

Hillari Klinton bloqçuların həbsi ilə bağlı məsələnin Bakıda prezident və xarici işlər naziri ilə keçirdiyi görüşdə qaldırdığını görüşün mətbuatın iştirakı ilə keçən hissəsində deyib.

Ceyhun Osmanlı deyir ki, Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton ABŞ-ın Azərbaycanla bağlı yaxın zamanda nail olmaq istədiyi üç əsas məsələ barədə danışıb:

«Birinci məsələ Dağlıq Qarabağ probleminin həlli, ikinci isə Azərbaycana həm iqtisadi, həm hərbi, həm də siyasi təhlükəsizlikdə dəstək verməkdir. Xüsusi bir məqamı qeyd etdi ki, hələ də Azərbaycanın müstəqilliyi ilə barışmayan insanlar və ölkələr var, ABŞ-ın da məqsədlərindən biri Azərbaycanın müstəqilliyinin davamlı olması üçün hər zaman onun yanında olmaqdır. Üçüncü məsələ isə Azərbaycanda insan kapitalına verilən qiymətdir. Bu məsələyə də ABŞ-ın dəstəyindən söhbət getdi. Xanım Klinton dedi ki, demokratik inkişaf evalüsyon bir prosesdir, zaman, o cümlədən insanların inkişafını və o dəyərləri mənimsəyərək digərlərinə çatdırmaq tələb edir. Bu baxımdan da insan kapitalının inkişafı məsələsində ABŞ-ın Azərbaycanın yanında olmasını xüsusi qeyd etdi. Xanım Klinton dedi ki, ABŞ Azərbaycana dəstək üçün, xüsusən də Dağlıq Qarabağ probleminin həllində əlindən gələni edəcək».

Ceyhun Osmanlı
DİPLOMATİK CAVAB VERDİ


«Mən xanım Klintonun çıxışından belə başa düşdüm ki, ABŞ Azərbaycanda demokratiyanın bərqərar olmasında gənclərin rolunu daha çox qiymətləndirir və proqresi bunda görür».

Gənclər Klubu İctimai Birliyinin sədri Zaur Əkbər belə deyir. Bildirir ki, dövlət katibinin diqqətinə çatdırıb ki, onun Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı bu vaxtadək verdiyi iki bəyanatın heç bir nəticəsi olmayıb:

«Xanım Klintondan tələbləri yerinə yetirilməzsə hansı addımları atacaqlarını soruşdum. O da diplomatik cavab verdi. Onların azad olunacağına ümid etdiyini dedi».

Zaur Əkbərin dediyinə görə, xanım Klinton ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayırması məsələsinə də münasibət bildirib, deyib ki, bu, Dövlət Departamentinə aid bir məsələ deyil, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Minsk qrupunun fəaliyyətini yaxından izləyir.

HİLLARİ KLİNTONUN GƏNCLƏRLƏ GÖRÜŞDƏ DEYİB:

«O dövlətlər inkişaf edir ki, onlar dialoqa və uyğunlaşmaya hazırdır. Bir dövlət katibi kimi mənim prioritetim demokratiyanı, azadlığı, gəncliyi, o cümlədən ictimai aktivliyi, internet azadlığını dəstəkləməkdir. Yeni texnologiyalar ünsiyyətin xəritəsini dəyişir. İnsanların ünsiyyət texnologiyaları dəyişə bilər, amma ABŞ-ın söz azadlığına münasibəti, prinsiplərə sadiqliyi dəyişmir».

Hillari Klinton gənclərə deyib ki, prezident Barak Obama və o Azərbaycanda iki gənc bloqçunun həbsi ilə bağlı çoxlu məktublar alıblar və bu gün Bakıda keçirdiyi əvvəlki görüşlərdə o, bu məsələni qaldırıb. H.Klinton prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.



«Müstəqillik əldə olunan gündən bu yana 234 il ərzində Amerika uzun bir yol keçib. Biz çoxlu çətinliklərin öhdəsindən gəlmişik, çoxlu dəyişiklik aparmışıq. Vaxtilə ABŞ –da yalnız mülkiyyət sahibi olan ağdərili kişilər səsvermə hüququna malik idilər. Çoxlu sayda ədalətsizliklər baş verirdi və dövlətimiz bizim idealımıza uyğun deyildi. Hər bir ölkə bu cür yolları keçməlidir. Və məncə, təkcə hökumətlər deyil, həmçinin vətəndaşlar da bu yolda aparıcı rola malik olmalıdırlar. Odur ki, sizin ölkədə demokratiyanı gücləndirmək daha çox adama şans verir ki, bu işə töhfə versin. Hələ də Azərbaycanda problemlər var. Mən və prezident Barak Obama həbsdəki iki gənc bloqqerlə bağlı çoxlu məktub almışıq. Bu cür məsələr var və hər bir cəmiyyət bu kimi problemləri aradan qaldırmağa çalışmalıdır. Bugünkü görüşlərimdə mən bu məsələni qaldırdım. Demokratiya yalnız seçkiylə bağlı deyil, demokratiya həm də azad mətbuat, müstəqil məhkəmə sistemi, hesabatlı və şəffaf institutlar, liderlərlə bağlıdır. İndiki zamanda yeni texnologiyalar, yeni media, sosial media demokratik dialoqu çiçəkləndirə bilər. Bu yerdə istəyirəm ki, sizin fikirlərinizi öyrənəm, ABŞ sizə başqa hansı kömək edə bilər».

ABŞ dövlət katibi ilə görüşdə hakimiyyətyönlü gənclər təşkilatı – «İrəli»nin sədri Ceyhun Osmanlı, təşkilatın həmtəsisçisi Röya Talıbova, «Flex» təşkilatının sədri Leyla Aslanova, bloqçu Əli Novruzov, «Dalğa» Gənclər Təşkilatından Ramin Hacılı, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova, AN şəbəkəsinin üzvü Rəşad Şirin, Gənclər Klubu İctimai Birliyinin sədri Zaur Əkbər, bloqçu Vüqar Səfərov iştirak ediblər.
XS
SM
MD
LG