Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:35

Bloggerlər Avropa Məhkəməsinə doğru


«Bu qərarı ədalətsiz hesab edirik, sözün düzü, başqa bir ədalətli qərar da gözləmirdik, hər bir halda hesab edirik ki, ədalət mühakiməsi sistemi üçün şərəf gətirməyən növbəti qərar oldu».

ZƏRƏRÇƏKMİŞLƏR HANI?

Vəkil Elton Quliyev Ali Məhkəmədə bloggerlər Emin Milli və Adnan Hacızadənin kassasiya şikayətinin təmin olunmaması ilə bağlı çıxarılan qərara münasibətini belə bildirir.

Bir ildir ki, hüquq müdafiəçilərinin saxta adlandırdığı xuliqanlıq ittihamı ilə həbsdə yatan iki tənqidçi blogger Adnan Hacızadə və Emin Millinin işi üzrə ölkə daxilindəki son instansiya da qərarını avqustun 19-da verib.

Səbail rayon Məhkəməsinin çıxardığı və Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı həbs hökmündən kassasiya şikayətini Ali Məhkəmə də təmin etmədi – Emin Milli iki il yarım, Adnan Hacızadə iki il həbsxanada qalmalıdır.

Bloggerlərin tələbi isə təkcə bəraət deyil. 199 bənddən ibarət kassasiya şikayətində vəkillər Ali Məhkəmədən Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, bloggerlərin istintaqını aparmış müstəntiqlər və onların barəsində hökm çıxarmış hakimlər barədə qərar çıxarılmasını istəyirdilər.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçən prosesdə vəkillər Elton Quliyev və İsaxan Aşurov şikayətə işdə adları zərərçəkmiş kimi hallanan Vüsal Məmmədov və Babək Hüseynovun iştirakı ilə baxılmasını xahiş etdilər.

İsaxan Aşurov
İsaxan Aşurov dedi ki, həmin şəxslər hökmdən verilmiş apellyasiya şikayətinə baxılarkən də prosesdə iştirak etməyiblər. Hakim onların ünvanına bildiriş vərəqəsi göndərsə də məlum olub ki, bu şəxslər həmin ünvanlarda yaşamırlar. Vəkil prosesdə onların iştiraklarının vacibliyini qeyd etdi. Prokuror zərərçəkmişlərin iştirakını vacib hesab etmədi və hakim kassasiya şikayətinə zərərçəkmişlərin iştirakı olmadan baxılmasına qərar verdi.

«EŞŞƏKLƏ MÜSAHİBƏ»NİN AQİBƏTİ

Vəkillər kassasiya şikayətini əsaslandıran çıxışlar etdilər. İsaxan Aşurov dedi ki, Adnan Hacızadə ilə Emin Millinin həbsi siyasi xarakter daşıyır. Hər iki gənc ictimai fəaliyyətlə məşğul olub. Onlar «facebook»da və «youtube»də eşşəklə müsahibə videoçarxı yayılandan 10 gün sonra həbs olunublar.

Vəkillər Emin Milli və Adnan Hacızadənin həbs olunduğu andan bəri pozulan hüquqlarından da danışdılar. Onlar əsasən diqqəti bloggerlərə məcburən dövlət hesabına vəkil təyin olunmasına, polis idarəsindən müvəqqəti saxlanma təcridxanasına aparılarkən ictimaiyyətin gözü qarşısında bir-birinin qoluna qandallanmış vəziyyətdə maşına mindirilməsinə, döyüldükləri halda məhkəmə tibb ekspertizasının onların üzərində xəsarət olmaması barədə rəy verməsinə yönəltdilər. İbtidai istintaqın və məhkəmələrin düzgün aparılmadığını dedilər.

PROKUROR: «SİYASİLƏŞMƏSƏYDİ...»

Vəkillər qeyd etdilər ki, nə ibtidai istintaq, nə də məhkəmə bloggerlərin şəxsiyyətlərini araşdırmaqda maraqlı olmayıb. Əgər gənc ziyalıların şəxsiyyətlərinə qiymət verilsəydi onların cinayət törətmədikləri üzə çıxardı.

Vəkillər deyib ki, döyülən də Adnan Hacızadəylə Emin Milli olub, ittiham edilən də. Lakin prokuror çıxışında dedi ki, vəkillərin 199 bənddən ibarət olan kassasiya şikayəti obyektivliyə söykənmir və əsassızdır. Prokuror dedi ki, vəkillər kassasiya şikayətinin 5 bəndini Emin Millinin və Adnan Hacızadənin şəxsiyyətinə həsr ediblər. Lakin cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq cinayət törədən hər kəs cəzasını almalıdır. Prokuror dedi ki, hələ hadisə baş verərkən polis bölməsində tərəflərə barışıq təklif olunub. Lakin vəkil İsaxan Aşurov işə qarışandan və məsələyə siyasi don geydirəndən sonra vəziyyət dəyişib. Prokuror kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

Məhkəmə kassasiya şikayətini təmin etmədi.

Vəkillər zərərçəkən kimi təqdim olunan şəxslərin də kimliyinin məhkəmə istintaqı zamanı araşdırılmadığını, onların özü və yaşadığı ünvan barədə təqdim olunan məlumatların şübhə doğurduğunu deyib.

«OBYEKTİV OLAYDILAR, SİYASİLƏŞMƏYƏYDİ»

Hikmət Hacızadə
Adnan Hacızadənin atası Hikmət Hacızadə deyir ki, məsələnin siyasiləşib bu mərhələyə çatmasında böyük rolu elə ittiham tərəfi oynayıb: «Prokuror açıq-aşkar özü istintaqı, prosesi siyasi proses kimi qiymətləndirdi. Dedi ki, bu, adi xuliqanlıq idi, amma sonra müttəhimlərin yaxınları məsələni siyasiləşdirdi və proses siyasiləşmiş şəkildə getdi. Mən də deyirəm ki, obyektiv olaydılar, məsələnin də siyasiləşməsinə şərait yaratmayaydılar».

Hikmət Hacızadə deyir ki, həqiqətən də, əvvəl döyüldükləri bildirilən Vüsal Məmmədov və Babək Hüseynov tərəfindən barışıq təklifi gəlib və Adnanla Emin də buna razılaşıb. Lakin son məqamda müstəntiq deyib ki, barışıqdan söhbət gedə bilməz və cinayət işini Adnanla Eminə qarşı başlayıb.

NÖVBƏTİ ÜNVAN - AVROPA MƏHKƏMƏSİDİR

Vəkil Elton Quliyevsə deyir ki, bloggerlərin işi ilə bağlı bütün yerli məhkəmə instansiyalarını keçdilər və növbəti ünvan Avropa Məhkəməsidir:

«Azərbaycanda əlçatan olan bütün müdafiə vasitələri artıq tükəndi. Növbəti mərhələ yalnız Avropa Məhkəməsidir. Məhkumlarla məsləhətləşəndən sonra növbəti addımları müəyyənləşdirəcəyik. Hələ 6 ay vaxt var».

Hökumətdəki korrupsiyanı tənqid edən materiallar yayması ilə məşhur olan iki blogger Emin Milli və Adnan Hacızadə 2009-cu il, iyulun 8-də özlərinin, eləcə də yerli və beynəlxalq hüquq müdafiəçilərinin qondarma saydığı xuliqanlıq ittihamı ilə həbs olunublar. Adnan Hacızadəyə iki il, Emin Milliyə iki il yarım həbs cəzası kəsilib. İyul ayında Qaradağ rayon Məhkəməsi Adnan Hacızadənin həbs cəzasının yarısını çəkdikdən sonra azadlığa buraxılması barədə ərizəsini təmin etməyib. Beynəlxalq təşkilatlar tənqidçi bloggerləri həbs etdiyinə görə Azərbaycan hökumətini sərt tənqid edib.
XS
SM
MD
LG