Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:29

İnanclı insanlar Möhsüm Səmədovun həbsini necə qarşılayırlar?


Yol alırıq «Təzəpir» məscidinə. Namaz vaxtı olduğundan girən-çıxan çoxdur.
Bakının mərkəzindəki məscidlərə baş çəkirik. İslam Partiyasının sədri Mövsüm Səmədovun və başqa partiya üzvlərinin həbsinin doğurduğu reaksiyanı öyrənmək üçün. Sualımızı eşidən kimi «Qafqaz Müsəlmanları İdarəsinə gedin» deyirlər.

«Fatimeyi-Zəhra» məscidinin axundu Hacı İlqar siyasətə qarışmadıqlarını bildirir. Sonra da deyir ki, onların işi namaz qılıb, dua etməkdir. Dualarında qapısı bağlı olanları, eləcə də Mövsüm Səmədovun da adını anırlar.

Axundla kiçik söhbətə qulaq kəsilən məscid işçiləri və namaza gələnlər də mikrafona danışmırlar. Üzlərini yana tutub qaçırlar.

«Hacı Sultanəli» məscidinin həyətində ikibir, üçbir söhbətləşənlər jurnalist olduğumuzu biləndə bizə şübhəylə baxırlar. Sualımızı eşidənlərdən biri bir qədər susub sonra «Axundun otağına gedin» deyir. Axundun otağındansa ənənəvi cavabı eşidirik: «İdarəylə danışın, sonra».

«HƏR KƏS AĞZININ DANIŞIĞINI BİLMƏLİDİR»

Yol alırıq «Təzəpir» məscidinə. Namaz vaxtı olduğundan girən-çıxan çoxdur. Amma danışmağa həvəsli yoxdur.

Burdakı təsbehli əllərini arxasında cütləyən, buxara papaqlı mollalardan biri sualımıza kəsə cavab verir:

- Hər kəs danışığını bilməlidir. Münasibətim belədir.

«DÜZ MÜQAYİSƏ EDİB»

Qafqaz Müsəlmanları İdarəsinə üz tutmazdan qabaq «Təzəpir» məscidində namaza gələnlərə yanaşırıq. Burda ən müxtəlif zümrələrin təmsilçilərinə rast gəlmək olar. Məmura da, tələbəyə də, işsizə də, yaşlıya da, cavana da. Odur ki, bəziləri «məni çəkməyin, məni görməsələr yaxşıdır» deyib yan qaçırdı. Amma sualımızı dinləyib susanlarla yanaşı cavablandıran da az olmadı:

- İslam Partiyasının sədri həbs olunub. Əlbəttə, pisdir. Birmənalı yaxşı məsələ deyil.

Bunu deyən Ramin Hüseynzadədir. İslam Partiyası sədrinin dövlət başçısının ünvanına söylədiyi tənqidi fikirlərlə, hətta onu xəlifə Yezid ibn Müaviyyə ilə müqayisə etməsindən razıdır:

- İlham Əlyievi Yezidlə müqayisə edib. Düz müqayisə edib. Bugünki gündə düz müqayisə edib. Rüşvətxorluq, korrupsiya baş alıb gedir. Bəli, düz eləyib. Mən tərəfdarıyam onun.

«HƏR KƏSİN FİKRİNİ DEMƏK HAQQI VAR»


Elvin Yusifov isə bu qənaətdədir:

- Əgər dini etiqadına görə həbs olunubsa, buna düz baxmıram. Hər kəsin öz fikrini bildirmək haqqı, vicdan azadlığı var.

- Mövsüm Səmədov çıxışında dövlət başçısını, məmurları tənqid etmişdi. Bu çıxışdan xəbərdarsızmı?

- Mən açığı partiya haqda eşitmişəm. Amma o adam və ya çıxışı haqda eşitməmişəm. O sadəcə, öz fikrini bildirib. Təbii ki, hər kəsin öz fikrini bildirmək hüququ var. Bunu heç kim onun əlindən ala bilməz. Hər kəsin subyektiv fikri ola bilər, bunun pozulması qanuna qarşı çıxmaqdır.

Nofəl Əliyev:

Nofəl Əliyev
- Vallah, xəbərim yoxdur. Tutulubsa, Allah köməyi olsun. Allah hamısının qapısını açsın.

QMİ SÖZÜNÜ DEYİB


Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova deyir ki, İslam Partiyası qeydiyyatı olmayan qurumdur. Partiya sədrinin siyasi baxışlarına isə bazar günü yaydıqları bəyanatda qiymət veriblər. İdarə onların siyasi baxışlarına etiraz edir. O ki qaldı, həbslərə, bununla artıq hüquq-mühafizə orqanları məşğuldur.

Rəhimə Dadaşovadan axundlarla söhbətə icazə istəyirik. Əvvəlcə etiraz etmir. Daha sonra deyir ki, Qafqaz Müsəlmanları İdarəsinin nəzarətində olan məscidlərin mövqeyi onların bəyanatından fərqlənməyəcək. Onların deyəcəyi fikir bəyanatda səslənib. Bəs qurumun nəzarətində olmayan məscidlər hansılardır? Rəhimə Dadaşova deyir ki, söhbət qeydiyyatda olmayan məscidlərdən gedir.

«BİZ AXİRƏT ÜÇÜN ÇALIŞIRIQ»


Mətbuat katibinin dediyi belə məscidlərdən biri – Müşfiqabad məscidinin rəhbəri Şeyx Mübariz Qaçayevlə əlaqə saxlayırıq:

«Biz siyasətdən, radikallıqdan uzaq camaatıq. Bizimki axirətdir, Allahın rəhmətini qazanmaqdır. Bəziləri dinlə siyasəti qarışdırırlar. Din ayrı şeydir, siyasət ayrı. Biz radikallıqdan uzağıq. Çalışırıq özümüzü elə şeylərdən qoruyaq. Heç olan söhbətdən xəbərimiz də yoxdur. Ordan-burdan eşitmişik. Amma onların dedikləri fikirlərdən uzağıq».

MÖVSÜM SƏMƏDOVUN YEZNƏSİNİN EVİNDƏ QUMBARA TAPDILAR

Sonda yanvarın 11-nə son məlumatları da çatdıraq. Yanvarın 10-da saxlanmış partiya təəssübkeşlərindən ikisi Nurəddin Darafərin və Babək Həsənov yanvarın 11-də sərbəst buraxılıb.

Partiya sədri Mövsüm Səmədov daxil olmaqla beş nəfər partiya üzvü həbsdədir.

Müşfiqabad məscidinin rəhbəri Şeyx Mübariz Qaçayev
Yanvarın 11-də İslam Partiyası sədri Mövsüm Səmədovun yeznəsi Firdovsi Məmmədrzayevin evində axtarış aparılıb. Polis əməkdaşları evindən əl qumbarası, avtomat patronu götürüblər.

Bu haqda AzadlıqRadiosuna o özü məlumat verib.

Firdovsi Məmmədrzayevin sözlərinə görə, uşağını müalicəyə gətirdiyindən axtarış vaxtı Bakıda olub:

«Uşaq zəng elədi ki, evə polis gəlib. Doluşublar evə. Uşağa da deyiblər ki, get bibinin evinə. Uşağın başını qarışdırıblar, özləri də istədiklərini yorğan-döşəyin arasına qoyublar. Sonra məlum olub ki, on əl qumbarası, 40 avtomat patronu, bir maqazin tapılıb».

Firdovsi Məmmədrzayevin qənaətincə, hüquq-mühafizə orqanları Mövsüm Səmədovun qohumlarını şərləməyə, ləkələməyə çalışır:

«Burda çanaq Hacı Mövsümün başında çatdamalıdır. Bizləri də buna görə bu işə qatırlar ki, əllərində sənəd-sübut olsun, guya bu adam nəyəsə hazırlaşır. Halbuki zülmün, hicab məsələsində insanların hüququnun tapdalanmağını deyib. Gətirib evə belə şey atıblar. Mən o qədər düşüncəsizəm, belə şey ola-ola evdə, yorğan-döşəkdə silah gizlədim?..».

Quba rayon Polis İdarəsindən Firdovsi Məmmədrzayevin evində keçirilmiş axtarış əməliyyatı barədə məlumat vermək istəməyiblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, keçirilmiş axtarış əməliyyatı ilə bağlı mətbuat xidmətinə hələlik məlumat daxil olmayıb:

«Ola bilsin ki, sabah, ya birigün bu barədə məlumat daxil olsun və biz o məlumatı yayaq».
XS
SM
MD
LG