Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:47

İslam partiyasının ofisini bağladılar


İslam Partiyasının sədri Mövsüm Səmədovun vəkili Anar Qasımov bu gün onunla və qanunsuz silah saxlama ittihamı ilə saxlanan Dəyanət Səmədovla görüşüb. AzadlıqRadiosuna açıqlamasında Anar Qasımov bildirib ki, hər ikisi ona heç bir fiziki təzyiqə və işgəncəyə məruz qalmadığını bildirib:

«Mövsüm Səmədov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq təcridxanasında saxlanır, amma ona qarşı heç bir ittiham irəli sürülməyib. Onun barəsində inzibati qaydada 13 sutka həbs qərarı verilib».

Anar Qasımovun sözlərinə görə, Mövsüm Səmədov ona İslam Partiyasının iclasında etdiyi və «YouTube»da yayılmış çıxışı barədə suallar veriblər, ancaq ondan yazılı ifadə alınmayıb.

Vəkil deyir ki, Dəyanət Səmədov saxlanan zaman onun hüquqları kobud şəkildə pozulub və onlar bu barədə şikayət edəcəklər.

***

Yanvarın 11-də Quba şəhərindəki evindən silah tapıldığı deyilən, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevi polis saxlayıb.

Yanvarın 13-də “Media forum” saytına açıqlama verən Firdovsi Məmmədrzayevin həyat yoldaşı Mətanət Məmmədrzayeva deyib: “Dünən Bakıdan qayıdandan sonra Firdovsini evin həyətində polis saxladı. Bizə dedilər ki, hələlik onu bir günlük Quba polisində saxlayacaqlar. Bu gün axşam onu Bakıya aparmalıdırlar”.

Firdovsi Məmmədrzayev və həyat yoldaşı polis evdə axtarış apararkən Bakıda həkimdəymişlər. Onun sözlərinə görə də, axtarış zamanı evdə uşaqları olub və polis də bir başa onların yataq otağına girib, sonra isə evdə axtarış zamanı yataq otağındakı yükün içindən silah çıxıb. Mətanət Məmmədrzayeva deyir ki, onlar evdə həm yeniyetmə, həm də körpə uşaq olduğu halda neçə açıqlıqda silah saxlaya bilərdilər?

Mətanət Məmmədrzayeva deyib ki, mənzildə elə də dərindən axtarış aparılmayıb və o sula edir ki, silah saxlayırdılarsa, onu niyə evdə açıq yerdə qoyub Bakıya gediblər: “Onu zirzəmidə, daha gizlin yerdə gizlədərdim də... Ya o qədər avamıq ki, Mövsüm bəyin saxlandığını görüb mənim də evimdə axtarış aparılacağını əvvəlcədən proqnozlaşdıra bilməyək? Silahı aparıb gizlədərdim də, onu açıqda niyə qoyurdum axı? Bu haqsızlıq və ədalətsizlikdir, mömin bir şəxsə böhtan atırlar”.

Rəsmi məlumata görə, Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan 10 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı üçün 1 ədəd daraq aşkar edilib götürülüb.

***

İslam Partiyasından AzadlıqRadiosunun müxbirinə deyiblər ki, axtarışdan sonra partiyanın ofisini bağlayıblar.

Partiya üzvləri deyir ki, polis onlara Movsüm Səmədovun yaşadığı binanı tərk etməyi tapşırıb, əks halda onları da həbslə hədələyib.

Mövsüm Səmədovun evində axtarış davam edir. İçəridə olan ailə üzvləri- həyat yoldaşı, uşaqları, qaynanası mənzildən çıxmaq istəsələr də, onlara da icazə verilməyib.

Qeyd edək ki, Azərbaycan İslam Partiyası dövlət qeydiyyatından keçməyib.

***

Hazırda İslam Partiyasının sədri Mövsüm Səmədovun evində axtarış gedir. AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, axtarışı Respublika Prokurorluğunun Mühüm İşlər üzrə müstəntiqi Vüqar Nəsibov və bir neçə mülki geyimli şəxs aparır.

Mövsüm Səmədovun ailəsi media nümayəndələrinin axtarışda iştirakını tələb etsə də, buna əməl olunmayıb.

***

Yanvarın 13-də İslam Partiyasının ofisində də axtarış aparılıb. Partiya Baş Məclisinin üzvü İnqilab Əhədlinin AzadlıqRadiosuna bildirdiyinə görə, axtarış 4 saat çəkib. Partiya qərargahından 4 kompyuter, qovluqlar, sənədlər, kitabların hərəsindən bir nüsxə, disklər götürülüb. Axtarışı Respublika Prokurorluğunun müstəntiqi Mehdi Mirzəyev aparıb.

İslam Partiyasının üzvləri də hazırda partiya sədri Mövsüm Səmədovun mənzilinin qarşısındadır. Ancaq onları da axtarışı izləməyə qoymayıblar.

***

Yanvarın 13-də vəkil Anar Qasımov Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovla görüşmək üçün Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsə də, görüş təmin olunmayıb. Bu barədə AzadlıqRadiosuna vəkil məlumat verib.

Vəkil bildirib ki, yanvarın 12-də mətbuatda DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov həbsdə olan partiya sədrinin DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanması barədə açıqlama verib. Bu gün o, həmin idarədə olub:

«Növbətçi hissənin əməkdaşları dedilər ki, Mövsüm Səmədov 3 sutkalıq həbsdədir. Müstəntiq yoxdur, gözləyin, rəis gəlsin, ona məruzə edək. Yarım saatdan artıq gözlədikdən sonra növbətçi hissənin başqa bir əməkdaşı bildirdi ki, rəis olmadığına görə Mövsüm Səmədovla görüşmək mümkün olmayacaq».
Vəkil Anar Qasımov


Vəkilin sözlərinə görə, hazırda Mövsüm Səmədovun evində axtarış aparılması üçün Baş Prokurorluğun əməkdaşları gəlib:

«Mövsüm Səmədovun həyat yoldaşı mənə zəng elədi və xahiş etdi ki, yaşadıqları ünvana gedim, çünki evlərində axtarış aparmağa gəliblər. Həmçinin Baş Prokurorluğun müstəntiqi Vüqar Nəsirov da mənə zəng edərək dedi ki, hazırda Mövsüm Səmədovun yaşadığı ünvandadırlar, bəzi istintaq hərəkətləri aparmalıdırlar və mənim də iştirak etməyimi xahiş etdi. Ancaq mən bildirdim ki, Mövsüm Səmədovla görüşməmiş heç bir istintaq hərəkətində iştirak edə bilmərəm. Çünki mənimlə müqaviləni onun ailəsi bağlayıb, bəlkə ilk görüşdəcə mənim vəkil xidmətimdən imtina edəcək», – Anar Qasımov bildirib.

Həbsdə olan AİP sədri Mövsüm Səmədovun və onun əmisi oğlu Dəyanət Səmədovun ailə üzvləri yanvarın 12-də vəkil Anar Qasımovla müqavilə bağlayıblar. Vəkil hər iki həbsdə olan şəxsin harada saxlanmaları, nədə ittiham olunmaları və vəkillə görüşlərinin təmin olunmaları ilə bağlı Baş Prokurorluğa, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinə rəsmi müraciət etsə də, qurumların heç birindən cavab almayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti vəkilin iddialarına cavab verməyib.
XS
SM
MD
LG