Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:29

Berlusconinin adı yeni seks qalmaqalında


Silvio Berlusconi
Silvio Berlusconi
İtaliyanın baş naziri Silvio Berlusconiyə ittiham irəli sürülüb ki, o, şəxsi mülkündə yığıncaqlara qatılan yeniyetmə gecə klubu rəqqasəsinə qeyri-qanuni kömək edib.

Bu məlumatdan bir gün əvvəl İtaliya Konstitusiya Məhkəməsi Berlusconiyə istintaq immuniteti verən qanunvericiliyi qismən ləğv edib.

İtaliya baş nazirinə artıq saxtakarlıq və korrupsiya ittihamları irəli sürülüb. O özü isə hökumətinin parlamentdəki mövqeyini möhkəmləndirməyə çalışır.

Hakimlər araşdırırlar ki, Berlusconi polisin işinə qanunsuzmu müdaxilə edib? O, “Ruby” adıyla səhnəyə çıxan, əslən Mərakeşdən olan, oğurluqda suçlanan 17 yaşlı Karima El Mahroug-u həbsdən azad etməyə cəhd edibmiş.

“RUBY İŞİ”

Bu istintaqa yeniyetmələrlə cinsi əlaqə iddiaları da daxildir. İtaliyada yetkinlik yaşı 14-dür. Ancaq yaşı 18-dən aşağı olanlarla cinsi əlaqə cinayət sayılır.

İddia olunan cinayət 2010-cu ilin fevral-may aylarında baş verib. Bunu müstəntiqlər deyir. Məhkəmə çağırışı Berlusconiyə və vəkillərinə təqdim olunub.

Berlusconinin vəkili Niccolo Ghedini bəyanat yayaraq iddiaları “absurd və əsassız” adlandırıb. O deyib ki, şahidlər və işlə birbaşa əlaqəsi olanlar bu iddiaları təkzib ediblər.

“Ruby” işi ötən il beynəlxalq media qalmaqalı yaradıb. Həmin qız qəzetlərə deyib ki, ona 7.000 avro verərək Berlusconinin Milandakı iqamətgahına çağırıblar, ancaq o, baş nazirlə seksdən imtina edib.

BERLUSCONİ POLİSƏ ZƏNG ETDİYİNİ ETİRAF EDİB

2008-ci ildə hakimiyyətə gələndən adı cavan qadınlarla bir neçə seks qalmaqalında çəkilən Berlusconi Rubini tanıdığını, ona görə polisə zəng etdiyini etiraf edib.

Baş nazir mövqeyini belə əsaslandırıb ki, ehtiyacı olana kömək göstərib. Məqsədi heç də qeyri-qanuni təzyiq etmək, polisi qızı buraxmağa vadar etmək olmayıb.

“Reallıq budur ki, Berlusconi polis məntəqəsinə zəng edib. O iddia edir ki, polisə zəng edib qız barədə soruşub, onun Misir prezidenti Hüsni Mübarəkin qohumu olub-olmaması ilə maraqlanıb,” - bunu “Al Jazeera” televiziyasının Romadakı müxbiri Sabina Castelfranco deyir.

Berlusconi istintaqa ötən ay cəlb olunub, ancaq bu iş yanvarın 14-də ictimailəşib.

/Sayta hazırladı Arifə Kazımova/
XS
SM
MD
LG