Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Tunis hadisələri Azərbaycan bloqlarında


Natiq Cəfərli
Natiq Cəfərli
Natiq Cəfərli Tunisdə baş verənləri Azərbaycanla müqayisə etməyə çalışıb:

Sosial şəbəkələrdə millət qol-qanad açıb oynayır ki, bəs Tunisdə 23 il xalqın qanını soran aftoritar rejim çöküb və onların “ulu öndəri” ölkədən qaçıb. Bu hadisələrın alovlanmasının nədəni, hakim ailə haqqında çıxan məlumatlar oldu. Hakimiyyəti mafiya ilə müqaisə edən məlumatlar, hakim ailənin qanunsuz əməlləri, korrupsiya fəaliyyətləri haqqında olan informasiya ölkədə bilinən kimi, ilk öncə tələbələr ayağa qalxdı, sonra isə diktatoru devirdilər.

Eyni məzmunlu məlumatlar bizim hakimiyyət haqqında xarici mətbuat yayımlarında, yerli müxalifət KİV-lərində və İnternet resurslarında yayılanda, Tunis tələbələrindən fərqli olaraq, bizim tələbələr qış sessiyasının imtahan qiymətlərini müzakirə etmək üçün çayxanalarda toplaşdılar…

Nə isə, Afrika modeli də ola bilmədik…”.

DEMOKRATİYA ƏDALƏT SAVAŞINDA PRİNSİP DEYİL, OYUNCAQDIR

Anar Önər də Tunisdən yazıb:

Tunisdə inqılab oldu. İnqılab gənc bir oğlanın kasıbçılıqdan od vurub özünü yandırmasından başladı. Xalq küçələrə axışdı və prezidenti istefaya göndərdi. Tunisin bundan sonra demokratik olub-olmayacağı barəsində söz demək çətindir. Zatən demokratiya ədalət savaşında prinsip deyil, oyuncaqdır…

Bizim ölkədə nə vaxtsa inqilab başlasa, bu hansısa jurnalistin və ya fəalın həbsinə görə olmayacaq. Buna görə də kimsə həbs olunanda durub camaatı söymək, “niyə ayağa qalxmırsınız?”, “niyə mübarizə aparmırsınız?” demək axmaqlıqdır…”.

ƏZİLMİŞLƏRİN QƏZƏBİ

İlkin Əlisoy isə yazır ki, Tunisdə baş verənlər bir daha göstərdi ki, təslim olunmuş, sındırılmış saydığın xalq günlərin bir günü gözləmədiyin tərzdə qalxıb, səni hökmranlıqdan sala bilər. Ona görə də bu qəzəbdən heç kim sığortalanmayıb:

Tunisin prezidenti Zine al-Abidine Ben Ali
“Heç 23 ildir ki, Tunis xalqını bütün azadlıqlardan məhrum edən Ben Əli, ən dəhşətli yuxusunda belə görə bilərmiydi ki, bir gün bu sındırılmış, əzilmiş xalq ayağa duracaq və onu dəmir barmaqlıqlara çevirdiyi ölkəsindən naməlum istiqamətə qaçmağa məcbur edəcək?

Düşünmürəm. Azərbaycanın da daxil olduğu bu tip cəmiyyətlərdə belə bir fikir dövran edir ki, ABŞ və Avropa “dobro” verməsə, istəyir lap iki milyon çıxsın meydanlara – heç nə düzələn deyil. Amma göründüyü kimi Qərbin heç xəbəri olmadan da özünə inanmaq və ayağa qalxmaq mümkündür. Mütləq deyil ki, seçkidən-seçkiyə gözümüzü siyasi müxalifətə dikək, liderlərin birləşib-birləşməməsini müzakirə edək, səs verək, axırda da başımızı partiyalardakı istefalara qarışdıraraq enerjimizi itirək”.

MANUEL TERAPİYA

Dərvişin hücrəsindən yazan bloqçu Joze Manuel Barrosonun səfərini “kommunizm” dövrü ilə müqayisə edir:

“Avropa Komissiyasının Azərbaycana səfəri kommunizmin yaxşı dövrlərində olduğu kimi, təşkil olunmuşdu: şəhərkənarı iqamətgahda təmtəraqlı qəbul, brifinqdə mətbuatın olmaması, mərkəzdə və əsas magistralda nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, hətta qonağın “Yaşıl teatrın” yanında “Brejnevin keçmiş evində” qalması.

Jose Manuel Barroso Bakıda İlham Əliyevlə görüşür - 13 yanvar 2011
Sadəcə, zəhmətkeşlərin küçələrə çıxaraq “Əziz yoldaş Manuel, çiçəkli Azərbaycana qayğına görə sağ ol!”, “Brüsseldən olan yoldaşların tapşırıqlarını artıqlaması ilə yerinə yetirəcəyimizə söz veririk!” deyə çığırmaları çatışmırdı. Eyni zamanda vətəndaş cəmiyyəti, müxalifət liderləri ilə heç bir görüş olmadı. Niyə? Sadəcə burda Avropaya lazım olan neft və qaz var...”.

AZƏRBAYCANLILARIN ALMANİYADA QAÇQIN HƏYATI

Rezo Əliyev son 20 ildə Almaniyaya sığınacaq almaq üçün gedən azərbaycanlıların minlərlə olduğunu yazır. Sırf siyasi səbəbdən sığınacaq alanların sayının daha az olduğunu qeyd etsə də, qaçqın statusu ilə bu ölkədə “ilişib” qalanların daha çox olduğunu bildirir. Qaçqınların bu ölkədə qaldığı yataqxananı rus kazarmaları ilə müqayisə edir:

“Almaniyada “Azülhaym” (alm. Asylheim) kimi ad çıxarmış, rus kazarmalarını xatırladan, bərbad sanitariya şəraitində olan bu binalarda darısqal otaqlara bəzən bütün ailəni doldururlar. Bir neçə ailəyə bir duş, bir tualet və bir mətbəx şəraitində yaşamağa məcbur qalan insanların həyatı təkcə “Asylheim”-ın daxilində ürəkağrıdan yox, həm də kənarda onlara münasibətin pis olmasından xəbər verir...

Almaniya kimi ölkəyə Avropa standartlarına uyğun olmayan təhsillə gəlmiş orta və daha yaşlı insanların bu cəmiyyətdə özlərinə yer etmələri müşkül məsələdir. Adi fəhlə işləmək üçün 3 il peşə məktəblərində təhsil almış almanların yanında bu soydaşlarımızın şansı çox pisdir. Ona görə də, bir neçə ilə əzab-əziyyətlə qaçqın statusu almış azərbaycanlıların sosial yardıma “oturmaqdan” başqa yolları qalmır. Sosial yardım yaşayış, sığorta xərclərindən əlavə hər kişiyə aylıq 300 avro civarında yemək və cib xərcliyindən ibarətdir”.

Sosium bu dəfə postuna belə bir ad verib – siz nədənsə şikayətlənmisiniz? Sonra özü sualına cavab verir: “Mən çox şikayətlənmişəm, amma nə xeyri var ki , həyat belə də davam edir, hər kəs öz bildiyini edir…”.

MÜXALİFƏTİN YERİNİ İFRAT İSLAM İDEOLOGİYASI DOLDURUR

bakıda Aşura mərasimi - 16 dekabr 2010
Abbaso
v adlı bloqçu yazır ki, dünənə qədər heç kəs Azərbaycanda İslam inqilabı təhlükəsindən danışmırdı. Dünənə qədər heç kəs İslamın siyasi meydanda hansı güc sahibi olduğunu hiss etmirdi. Nə hakimiyyətdəkilər, nə də müxalifətdəkilər bu barədə düşünürdülər. İndi isə vəziyyət dəyişib:

“Çayxanada dostlarımla söhbət edərkən biri qəribə bir fikir dedi. Dedi ki, razıyam Azərbaycanda hakimiyyətə ən pis adam gəlsin, təki bu klan getsin. Dedim, niyə belə düşünürsən? Dedi ki, mən bu hakimiyyətdən yorulmuşam. Buyurun! Məhv edilən, əzilən, döyülən, həbsxanalara atılan müxalifətin yerini tədricən ifrat İslam ideologiyası doldurur. Bu ideologiya istifadə üçün çox yararlı bir alətdir və bunu beynəlxalq təcrübə çoxdan təsdiq edib”.

İMİŞLİDƏ YENİ İL SÜRPRİZLƏRİ

Müşviq Məmmədov İmişlidən yazan bloqçulardandır. Və 2011-ci ilin İmişliyə gətirdiyi pis “sürprizlər”dən yazır:

“Yeni ildən bir neçə gün keçmişdi ki, silsilə oğurluq hadisələrinin səs-küyü İmişlini bürüdü. Bir neçə günün içində balaca bir şəhərdə 10-15 oğurluq hadisəsi haqqında məlumatlar yayıldı. Klassik oğurluq üsullarından isə söhbət gedə bilməz. Üsul çox sadədir, qab-qacaq alqı-satqısı ilə məşğul olan firmanın nümayəndələri kimi özlərini təqdim edərək evlərə daxil olurlar və...

İkinci məsələ isə daha maraqlıdır. Demək olar son bir neçə gündə, şəhərin mərkəzində yol qırağında bitən ağaclara divan tutulur. Yerdən iki metr hündürlüyündə ağacın gövdəsini saxlayıb, qalan hissəsini isə elektrik mişarla budama adı ilə kəsirlər. Hava qaralanda isə yerdə qalan gövdələri səliqə ilə odun sobası ölçüsündə kəsib traktorlara yükləyirlər. Cəzasızlıq və şəxsi maraqların hökm sürdüyü bir cəmiyyətdə belə hallar təbiidir”.

MƏHV EDİLƏN KEÇMİŞİMİZ...

Qış bulvarı ərazisində sökülən bina
Araz Bayramov
Qış bulvarının tikintisinə görə tarixi binaların sökülməsi ilə “Bakının daha bir qədim hissəsini dəfn etdik” deyə yazır:

Həmin ərazidə tikilən Qış bulvarı olacaq ərazi nə qədər gözəl olsa, nə qədər möhtəşəm tikilsə də, heç bir zaman uçurulan o qədim binalardan daha dəyərli ola bilməz. Çünki Bakının qədimliyinin simvolları olan bu binaların dəyəri çox qiymətlidir. Onların soyuqqanlılıqla bu cür vandalizmə qurban edilməsi qədimliyi və gözəlliyi ilə məşhur olan Bakımızın itirdiklərinin siyahısını daha da uzatmış olur...”.
XS
SM
MD
LG