Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:02

Kür daşqınlarının qurbanları indi də məhkəmə yolunda


Məhkəmə zalını təkcə iddiaçılar yox, həm də dərdləri eyni olub, amma hələ məhkəməyə rəsmi müraciət etməyənlər də doldurmuşdu
Məhkəmə zalını təkcə iddiaçılar yox, həm də dərdləri eyni olub, amma hələ məhkəməyə rəsmi müraciət etməyənlər də doldurmuşdu
İyunun 29-da Bakı İqtisad Məhkəməsində Kür daşqınları nəticəsində zərər çəkmiş bir qrup sakinin Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə qarşı qaldırdıqları iddia üzrə məhkəmə prosesi keçirilib.

Zərərçəkənlərin hüquqlarını qoruyan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının əməkdaşı Oqtay Gülalıyev deyir ki, bundan öncə Səbail rayon Məhkəməsi qaldırdıqları iddianı iki dəfə geri qaytarıb. Daha sonra Bakı İqtisad Məhkəməsi zərərçəkənlərin iddialarını icraata götürüb.

NAZİRLİYİN NÜMAYƏNDƏSİNİ GÖRMƏK EŞQİ İLƏ GƏLƏNLƏR

Prosesin keçirildiyi məhkəmənin kiçik bir zalını təkcə iddiaçılar yox, həm də dərdləri eyni olub, amma hələ məhkəməyə rəsmi müraciət etməyənlər də doldurmuşdu. Dediklərinə görə, Fövqəladə Hallar Nazirliyinin nümayəndəsini görmək və dərdlərini ona demək ümidi ilə gəliblər. Amma çox keçmədi ki, ümidləri puça çıxdı. Qarşı tərəf məhkəməyə gəlmədiyindən proses iyulun 19-dək təxirə salındı. Amma zərərçəkənlərin vəkili Nemət Heydərov imkan tapıb vəsatət qaldırdı, tələb etdi ki, üçüncü cavabdeh qismində «Meliorasiya və Su Təsərrüfatı» ASC də məhkəməyə cəlb edilsin. Hakim Tahirə Əsədova vəsatəti təmin etdi.

Hakim prosesin qapandığını elan etsə də, dərdlərini bölüşmək istəyən vətəndaşların sözlərini ağızlarında qoymadı, onları dinlədi. O, bildirdi ki, hamının şikayəti məhz Fövqəladə Hallar Nazirliyindən olduğundan onların nümayəndəsinin məhkəmədə iştirakını vacib hesab edir.

«PENSİYAMI HÖKUMƏTƏ VERİRƏM, GƏLSİN O PULLA MƏNİ DOLANDIRSIN»

Prosesdə çəkilişə imkan verilmədiyindən zərərçəkənlərlə yalnız məhkəmə binasının önündə danışa bildik.
Daşqın on minlərlə insana, 4000-dən çox evə ziyan vurub
80 yaşlı Saatlı rayon Musalı kənd sakini Hafizə Şıxəliyeva deyir ki, ona verilməsi nəzərdə tutulan ev yarımçıq tikilib, indi isə yarımçıq tikilini də sökmək istəyirlər:

«Komissiya göndərsinlər, görsünlər ki, mən nə gündə yaşayıram. İt də orada yaşamaz. 13 uşaq anasıyam, özüm də veteranam. Məni dolandırsın, dolandırmır çıxıb gedirəm Ermənistana, vətəni tərk edirəm. Bundan başqa çarəm yoxdur. Dolandırmır da, acından ölürəm, evim yoxdur. May ayının 5-dən mən əynimin paltarını da tapa bilmirəm. Hərbi maşında kimin qapısına gedib, bilinmir. Mən nə yeyim, nə geyinim? 50 şirvan (100 manat) pensiya alıram, verirəm onu hökumətə məni dolandırsın».

İmişli rayonundan olan CavidŞahin Səmədov qardaşları da deyirlər ki, əllərində onlara ev tikiləcəyinə dair rəsmi sənəd olsa da, daşı daş üstə qoyan yoxdur:

«Əlimizdə təsdiq olunmuş sənəd var ki, bizə ev tikilir. Amma süründürmələr davam edir. Sənəd var, amma həyata keçirən yoxdur, aldadırlar. Orda-burda kirayədə qalırıq. Evimizi tərk etmişik, tamam qəzalı vəziyyətdədir».

KOMİSSİYA HƏSƏDİNİ ÇƏKƏNLƏR

Zərərçəkənlər dövlətdən yalnız bir dəfə - cəmi 800 manat kompensasiya aldıqlarını deyirlər. Əksəriyyətinin evinə komissiya üzvləri baxsa da, bəziləri hətta komissiya üzünə də həsəd qalıb.

Saatlı rayonu, Naharlı kəndindən olan Qalib Mehtiyev deyir ki, bir ildən artıqdır ki, gözləri yolda qalıb:

Oqtay Gülalıyev
«Yerli rayon komissiyası 80 yaşlı anamı evdən çıxarıb ki, ev uçur. Bir ildir deyirlər ki, Bakıdan komissiya gələcək və sizə təzə ev tikiləcək. Komissiya gəlir, bütün kəndlərə girir, bizimkindən başqa».

İDDİAÇILARIN SAYI ARTIR

Zərərçəkənlərin hüquqlarını qoruyan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının əməkdaşı Oqtay Gülalıyev deyir ki, hələ ki, 6 nəfərin şikayəti üzrə məhkəmə prosesi gedir. İddia ərizəsində həmin şəxslərə dəyən ziyanın ödənilməsi, qəzalı evlərə vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yenidən baxış keçirilməsi və insanların problemlərinin həll olunması tələb olunur. Oqtay Gülalıyev deyir ki, şikayətçilərin sayı artdığından bundan sonra da məhkəməyə müraciət olunacaq:

«Biz çalışacağıq ki, daşqından əziyyət çəkmiş digər insanların da hüquqlarının müdafiəsi üçün iddialarını hazırlayıb məhkəməyə təqdim edək. Bir ildən çoxdur ki, daşqınlar baş verib, amma bu günədək bu insanların hüquqları bərpa olunmayıb, onlara dəyən ziyan ödənilməyib».

2010-cu ilin may-iyun aylarında Kür və Araz çaylarında daşqın baş verib. Çaylarda suyun səviyyəsinin artması nəticəsində 110 min hektardan çox kənd təsərrüfatı sahəsi su altında qalıb. Daşqın on minlərlə insana, 4000-dən çox evə ziyan vurub. Təxminən bir ay öncə «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının Ümumrespublika Forumunda iştirak edən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Agentliyinin rəis müavini Elxan Əsədov deyib ki, ayrılan vəsaitin hələ ki, 70 faizi xərclənib. Evlərin tikintisi bundan sonra da davam etdiriləcək. Onun dediyinə görə, FHN-nin xətti ilə artıq 152 milyon 900 min manat vəsait xərclənib, 1714 evin tikintisi başa çatıb.
XS
SM
MD
LG