Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:44

AİP-in həbsdə olan sədri: «İslam terrora müxalifətdir»


Mövsüm Səmədov
Avqustun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, qardaşı oğlu Dəyanət Səmədovun və partiya üzvü Zülfüqar Mikayılovun məhkəməsi davam edib.

VƏKİL: «SƏMƏDOVUN HƏBSDƏ QALMA MÜDDƏTİ BİTİB»

Prosesdə əvvəlcə Mövsüm Səmədovun vəkili Anar Qasımov vəsatət qaldırıb. O bildirib ki, Mövsüm Səmədov barəsində bu il yanvarın 20-də 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Aprelin 15-də bu müddət avqustun 8-dək uzadılıb və 3 gün əvvəl başa çatıb.

Vəkil:

- Faktiki olaraq avqustun 8-dən bu günə kimi Mövsüm Səmədov qərar olmadan qanunsuz həbsdə saxlanılır. Avropa İnsan Haqları Məhkəməsinin presedentlərinə, həmçinin Avropa Konvensiyasının 5-ci maddəsinin tələbinə görə, şəxsin barəsində məhkəmə qərarı olmadan o, həbsdə saxlanıla bilməz.

Dövlət ittihamçısı Vüqar Quliyev hakimə:

- Vəsatət təmin olunmasın.

Hakim:

- Bu vəsatət təmin olunmur.

Sonra Mövsüm Səmədov tərəfindən vəsatət qaldırıldı:

«BİZ CİHAD SÖZÜ DEMƏMİŞİK»

- İttiham aktı mənə aydın deyil. Xahiş edirəm, prokuror mənə aydınlaşdırsın ki, ittiham aktında yazılan «Quba rayonunda yaşayan digər dini təriqətlərin üzvlərini öldürmək istəyiblər» deyəndə, kimləri nəzərdə tutublar.

Hakim vəsatəti tərəflərin müzakirəsinə buraxdı.

Prokuror:

- «Digər dini təriqətlər» deyəndə, İslam dinindən başqa nə din varsa, onlar nəzərdə tutulub. Dini savadı olan bilər ki, burda söhbət nədən gedir.

Köməkçi hakim Cavid Hüseynov:

- Əslində bu vəsatətin müzakirə olunması yolverilməzdir.

Vəkil Anar Qasımov:

- Bir vəsatəti özünüz müzakirəyə verirsiniz, sonra da deyirsiniz müzakirəsi yolverilməzdir.

Vəkil Anar Qasımov
Məhkəmə vəsatəti yolverilməz vəsatət kimi təmin etmədi.

Sonra Mövsüm Səmədov ifadə verdi. O, məhkəməni «siyasi oyun» adlandırdı. Dedi ki, bütün bunlar onun bu il yanvarın 2-də AİP qərargahında etdiyi çıxışı ilə bağlıdır:

- Biz bilirik ki, bu məhkəmə sizin ixtiyarınızda deyil. Biz orda «cihad» sözü deməmişik. Hakimiyyət fikirləşməsin ki, xalq ayağa qalxmayacaq. Bu hakimiyyət xalqı kommunist rejimi ilə idarə edə bilməyəcək… Məni çıxışıma görə tutmusunuz, bəs bu adamların günahı nədir ki, evlərinə silah atıb tutmusunuz? Elə silahı öz evimə atıb təkcə özümü tutardınız.

Hakim sözünü kəsir:

- Səmədov, ittihamın mahiyyəti üzrə danışın.

«DEMİŞƏM Kİ, CAMAAT İŞ TAPA BİLMİR»

İfadə verərkən Mövsüm Səmədovun səhhəti pisləşdi. Hakim fasilə elan etdi və təcili yardım çağırıldı. Tibbi yardım göstərildikdən 1 saat sonra proses Mövsüm Səmədovun ifadəsi və tərəflərin sual-cavabıyla davam etdi.

Prokuror:

- Partiyanızın neçə üzvü var?

Səmədov:

- 5000.

Prokuror:

- Onların hamısını tanıyırsınız?

Zaldan səs:

- Zakir Qaralovun neçə min prokuror işçisi var. Hamısını tanıyır?

Köməkçi hakim Əlisultan Osmanov:

- Çıxışınızda demisiniz ki, məscidlər sökülür. Hansı məscidlərin sökülməsini nəzərdə tutursunuz?

Səmədov:

- Təəssüf ki, sizin bundan xəbəriniz yoxdur. Uzun müddətdir mətbuat da yazır bu barədə. Məsələn, «Fatimeyi-Zəhra» məscidi və başqaları.

Prokuror:

- Siz çıxışınızda demisiniz ki, Azərbaycan övladları ölkəni tərk edir, gedib xaricdə işləməyə məcbur
Bakıda orta məktəblərdə hicab qadağasına qarşı aksiya, 10 dekabr 2010
olurlar.

Səmədov:

- Bəli, mən orda demişəm ki, camaat iş tapa bilmir.

Prokuror:

- Bu məlumat Sizdə haradandır?

Səmədov:

- Məgər Siz qəzet oxumursunuz? Mətbuatdandır.

Köməkçi hakim Cavid Hüseynov:

- Ümumiyyətlə, «cihad» sözünün mənası nədir?

Səmədov:

- «Cihad» «cəhd» sözündəndir. Nəyəsə cəhd göstərmək mənasını verir. İnsan öz nəfsinə qarşı da cihad edə bilər, cəhd göstərər ki, nəfsinin qarşısını alsın.

Vəkillərdən biri:

- İslam və terror nə deməkdir?

Səmədov:

- İslam terrora müxalifətdir. Terror insanların həlak olması və başqa zərərlər almaları ilə nəticələnən aksiyasıdır. Ona görə də İslam terroru heç vaxt yaxına buraxmayıb.

Mövsüm Səmədov tərəflərin suallarını cavablandırdıqdan sonra hakim növbəti məhkəmə iclasını avqustun 15-ə təyin etdi.

İttiham aktına əsasən, Mövsüm Səmədov İslam Partiyası adı altında rəsmi dövlət qeydiyyatı olmayan quruma daxil olan bir neçə nəfərlə ölkədə terrora hazırlıq işləri aparıb. Cihada çağırışa, mövcud hakimiyyəti dəyişməyə yönələn hərəkətlər edib. İstintaq orqanı cinayət işinin başlanmasına əsas kimi Mövsüm Səmədovun yanvarın 2-də hicabla bağlı çıxışını göstərib. İttiham aktında qeyd olunur ki, partiyanın hazırda həbsdə olan üzvləri, o cümlədən Səmədovun həbsdə olan qohumları ətrafında aparılan əməliyyatlar zamanı silahlar aşkar edilib, bu silahların terror məqsədilə istifadə üçün əldə olunduğu sübuta yetirilib. İttiham aktında belə yazılıb.

İslam Partiyası fəallarına qarşı bu ittihamlar sübut olunsa, onlar 10 ildən 15 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilərlər. Amma özləri ittihamları rədd edirlər.

M. Səmədov bu il yanvarın 2-də partiyasının iclasında orta məktəb şagirdlərinə hicab geyməyin qadağan edilməsinə görə hakimiyyəti sərt tənqid etmişdi. Tərəfdarları onun və partiya fəallarının əslində bu çıxışa görə həbs olunduqlarını deyirlər.
XS
SM
MD
LG