Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:40

2 aprelçilərin məhkəməsi: «Şüşəsındıranlar niyə həbs olunmayıblar?»


Səbail rayon məhkəməsi
Səbail rayon məhkəməsi
Avqustun 23-də Səbail rayon məhkəməsində 2 aprel aksiyasına görə həbs olunan 4 nəfərin - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd MəcidliFuad Qəhrəmanlının işi üzrə proses davam edib.

Səhər saat 9 radələrindən məhkəmənin qarşısına yığışan İctimai Palatanın təmsilçiləri saat 11-də - təqsirləndirilənlər məhkəməyə gətirilən zaman onları alqışlayaraq “Azadlıq!” şüarları səsləndiriblər.

Məhkəmədəki çıxışında Arif Hacılı deyib ki, onların həbsi siyasi sifarişdir. Əslində zərərçəkən də onlardır. Çünki 5 aydır qeyri- qanuni həbsdə saxlanılırlar. Və bu, siyasi opponentə qarşı repressiyadır:

“Azərbaycan xalqı 90-cı ilin 20 yanvarından sonrakı günlərdə, mərhum Əbülfəz Elçibəyin dəfnində və başqa vaxtlar dəfələrlə sübut edib ki, o, mütəşəkkil olaraq toplaşa və heç bir fəsad törətmədən aksiya keçirə bilər. Azərbaycanda polisin müdaxiləsi olmayan aksiyalar həmişə normal keçib. Bütün problemlər, qarşıdurmalar polisin müdaxiləsi, təxribatı zamanı yaranıb. Əgər polisin müdaxiləsi olmasaydı, aprelin 2-də heç nə olmayacaqdı”.

Arif Hacılı deyib ki, əslində onlar həbsdə də öz mübarizələrini davam etdirirlər. O, məhkəmədəki çıxışının da bu mübarizənin tərkib hissəsi olduğunu bildirib.

Prosesi müşahidə edənlər Arif Hacılını əl çalaraq alqışlayıblar. Bu isə hakimin xoşuna gəlməyib və nəzarətçilərə salonu boşaltmağı tapşırıb. Sonra Arif Hacılının xahişini nəzərə alaraq güzəştə gedərək xəbərdarlıqla kifayətlənib.

VƏZİYYƏTİN BU HƏDDƏ ÇATMASINA BŞİH-nin BAŞÇISI SƏBƏB OLUB

Fuad Qəhrəmanlı
Digər təqsirləndirilən Fuad Qəhrəmanlı da məhkəmə prosesinin siyasi sifariş olduğunu, müxalifətçiləri həbsdə saxlamaqla əslində hakimiyyətin ictimai fəallığın qarşısını almaq niyyəti güddüyünü deyib. Bununla belə o, hesab edib ki, hakimiyyət belə sifarişlərlə ölkədə gedən demokratik prosesin qarşısını ala bilməyəcək:

“Videokameralarda şüşələri sındıranların şəkilləri var. Niyə onlar indiyədək həbs olunmayıblar? Bu onu göstərir ki, baş verənləri hakimiyyət özü təşkil edib. Hakimiyyət bizi həbsdə saxlamaqla Azərbaycanda ictimai fəallığın qarşısını almaq istəyir”.

Fuad Qəhrəmanlı hesab edir ki, BŞİH-nın başçısı məhkəmədə dindirilməlidir. Çünki məhz o aksiyanın keçirilməsi ilə bağlı İctimai Palatanın xəbərdarlıq müraciətinə müsbət cavab verməməklə vəziyyətin bu həddə çatmasına səbəb olub.

HÜSNÜ MÜBARƏKİN DƏ HAKİMLƏRİ, PROKURORLARI VAR İDİ

Tural Abbaslı isə çıxışında deyib ki, o, ümumiyyətlə ittihamın mahiyyətini bilmir. Və nəyə görə həbs olunduğunun izahını tələb edib. O üzünü hakimə və dövlət ittihamçısına tutaraq deyib ki, Hüsnü Mübarəkin də hakimləri, prokurorları var idi. Sonda heç birinin ona köməyi dəymədi. O hakimi və prokuroru belə bir sifarişi yerinə yetirməkdənsə, istefa verməyə çağırıb.

Tural Abbaslının vəkili Anar Qasımov da müdafiə etdiyi şəxsin həbsinin konkret səbəbini, “Azadlıq”, “İstefa” qışqırmağın cinayət olub olmamasını və onun konkret olaraq zərərçəkənlərdən kimlərə hansı ziyanı vurduğunu izah etməsini istəyib.

Hakim belə bir izahı verə bilməyəcəyini deyib.

Təqsirləndirilən Məhəmməd Məcidli isə çıxışının sonunda onların həbslərinə sifariş verənlərin və bu işdə iştirak edənlərin hamısının tarix qarşısında cavab verəcəklərini bildirib.

2 aprel aksiyası
ZƏRƏRÇƏKƏN SALONDAN ÇIXARILIB

Prosesin gedişində zərərçəkənlərdən Rafiq Muradovla təqsirləndirilən Tural Abbaslı arasında mübahisə yaranıb. Salondakıların da məsələyə qarışması qalmaqala səbəb olub. Hakim Rafiq Muradovu salondan çıxartdırıb.

Prosesdə müdafiə tərəfi müttəhimlərin əməllərində cinayət tərkibi olmadığı üçün işə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb.

Bundan başqa Fuad Qəhrəmanlı istisna olmaqla təqsirləndirilən digər 3 nəfərin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və bir neçə başqa vəsatətlər də verilib.

Məhkəmə Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib. (Fuad Qəhrəmanlı haqqında əvvəldən həbs qətimkan tədbiri seçilməyib). Qalan vəsatətlər isə baxılmamış saxlanılıb.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar.

İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.

Məhkəmə prosesi sentyabrın 1-də davam edəcək.

BUNDAN ƏVVƏLKİ MƏHKƏMƏDƏ

2 aprelçilərin məhkəməsi: müttəhimlərlə nəzarətçilər arasında mübahisə olub
XS
SM
MD
LG