Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:34

Azərbaycan Təhlükəsizlik Şurasına üzvlükdən nə gözləsin?


Bülənt Əlirza
Bülənt Əlirza

Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvlük səsverməsində əsas rəqibi Sloveniyanı 40 səs geridə qoyub və Şuraya iki illik qeyri-daimi üzvü seçilib. Beləliklə, Azərbaycan 2012-ci ilin yanvarından Şərqi Avropa regionunu Təhlükəsizlik Şurasında təmsil edəcək. Vaşinqtonda Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirza bununla bağlı suallarımızı cavablandırır.

- Bülənt bəy, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi nə qədər önəmli hadisədir ölkə üçün?

- Müstəqilliyin 20-ci ilində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi iftixarvericidir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu qaldıracaq.

Qeyd edim ki, Türkiyə Cumhuriyyəti həmin yerə sahib olmaq üçün 50 il gözləməli və seçilməyə cəmi iki il əvvəl nail ola bilmişıdi. Türkiyə o vaxt bunu diplomatiyasının çox ciddi uğuru kimi təqdim etmişdi. Azərbaycan indi dünya əhəmiyyətli qərarların qəbulunda müəyyən qədər iştirak edəcək.

Bu da ölkə üçün həm fəxrdir, həm də məsuliyyət. Bu statusun Azərbaycan üçün həm müsbət, həm də mənfi nəticələri ola bilər.
  • - Qeyri-daimi üzvlüyə seçim vaxtı ölkələrin hansı göstəricilərinə üstünlük verilir?

- Adətən qonşularıyla ciddi problemləri olan ölkələr kənarda qalırlar. Həm də seçilmək üçün ciddi lobbiçilik etməyə ehtiyac var. Bu baxımdan, ciddi uğurdur, amma o qədər də şişirtməmək lazımdır, çünki çətinliklər də çox olacaq.
  • - Bülənt bəy, bu statusun Azərbaycan üçün mənfi və müsbət nəticələrinə keçməzdən əvvəl xahiş edərdim, BMT Təhlükəsizlik Şurasının mənzərəsini cızasınız ki, Azərbaycanın Şuradakı yerinin nədən ibarət olduğunu daha aydın görək.

- Təbii ki. BMT Təhlükəsizlik Şurasının beş daimi, 10 qeyri-daimi üzvü var. Daimi üzvlər dünyanın güclü dövlətləri - ABŞ, Rusiya, İngiltərə, Fransa, Çindir. Şurada güc sahibləri və veto hüququ olan dövlətlər bunlardır.

Qeyri-daimi üzvlərə gəlincə, bunlar müxtəlif regionlardan və qitələrdən iki il müddətinə seçilirlər. Həmin üzvlərin də Təhlükəsizlik Şurasının işinə müəyyən təsirləri var.
  • - Daha spesifik desək, bu postda olmaq Azərbaycana hansı üstünlükləri verəcək?

- Qeyri-daimi üzvlər Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı istədikləri vaxt söz alıb çıxış edə bilərlər. Qeyri-daimi üzv olmayanlar isə çıxış etmək üçün sədrə müraciət edib müəyyən prosedur keçməlidirlər. İndi Azərbaycan istədiyi mövzuya istədiyi vaxt münasibət bildirə biləcək.

Bundan başqa, qeyri-daimi üzvlər də daxil olmaqla 15 üzv ölkənin hər biri rotasiya qaydasında bir ay müddətinə Şuraya sədrlik edir. Sədr ölkə toplantının gündəliyini müəyyən edir, kimin çıxış edəcəyi barədə qərar verir. Bu baxımdan, Azərbaycanın nüfuzu daha da artacaq və digər ölkələr Azərbaycanla yaxşı münasibətlər qurmağa çalışacaqlar. Qeyri-daimi üzvlərlə yaxşı münasibətlər qurmaq üçün adətən ölkələr ciddi lobbiçilik edirlər.
  • - Bəs, səsvermə prosesində Azərbaycanın hansı səlahiyyətləri var?

- Bir qeyri-daimi üzv olaraq Azərbaycan da səsvermədə iştirak edəcək və bu da o deməkdir ki, səs çoxluğuna təsir edəcək. Prosedura görə, qeyri-daimi üzv neytral da qala bilər. Amma əlbəttə ki, daimi üzvlərdən fərqli olaraq qeyri-daimi üzvlərin veto hüququ yoxdur və bu o da deməkdir ki, bütün ölkələr səs versə, Azərbaycan səs verməsə belə sənəd qəbul olunacaq. Yəni, Azərbaycanın səlahiyyətləri müəyyən sərhədlər daxilində olacaq.
  • - Səsvermədə iştirak yəqin ki, Azərbaycanı üçün həm də ölkələr arasında seçim etmək və bu ölkələrlə sonrakı münasibətlər baxımından çətinliyə salacaq.

- Əlbəttə belədir. İndiyə qədər Azərbaycan həmişə həm İsraillə, həm də Fələstinlə yaxşı münasibət saxlayıb. Yaxın günlərdə BMT-də Fələstinin dövlət kimi tanınması məsələsi gündəmə qalacaq. Bu zaman Azərbaycan seçim qarşısında olacaq, o, mövqeyini bildirməlidir.

Ümumiyyətlə, Azərbaycan əvvəllər neytral qaldığı məsələlərdə indi mövqe bildirməli olacaq, bu da onun üçün bəzən mənfi, bəzən də müsbət nəticələnə bilər. Nəticədə Azərbaycan diplomatiyası həm çətin günlər yaşayacaq, həm də daha da aktivləşəcək.

Məsələn, keçən il İran məsələsi gündəmə gəlmişdi və ABŞ Türkiyənin İrana yeni embarqo qoyulması ilə bağlı təklifi dəstəkləməsini istəmişdi, amma Türkiyə buna razı olmamışdı. Bu da ABŞ Türkiyə münasibətlərinə mənfi təsir etmişdi. Buna bənzər bir vəziyyət də qarşıdakı iki il də Azərbaycan üçün yarana bilər.
  • - Azərbaycan İran və Rusiya kimi güclü dövlətlərlə həmsərhəddir, eyni zamanda bu iki ölkənin rəqibi sayılan Qərb dünyası ilə iqtisadi və digər sahələrdə əməkdaşlıq edir. İndiyə qədər hökumət bunların hər biri ilə münasibətləri normal saxlamağa çalışırdı və balanslı siyasət yürüdürdü. Ölkənin həssas geostrateji mövqeyini, üstəlik, Dağlıq Qarabağ münaqişəsini nəzərə alsaq, Azərbaycanın bu üzvlük üçün məhz indi müraciət etməsi və özünü seçim qarşısında qoyması doğru qərar idimi, sizcə?
- Məncə, bütün çətinliklərə baxmayaraq, Azərbaycanın üzvlük üçün müraciət etməsi və bunu qazanması yaxşı haldır və uğurdur. Hər ölkə buna cəhd edir. Çünki bu statusun yuxarıda dediyim üstünlükləri də var.
  • - Bu üzvlük Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa bir təsir edə bilərmi?

- Ciddi bir təsirin olacağına inanmıram. Çünki bu münaqişənin həllinə daha çox Rusiya və ABŞ təsir edə bilir. Amma dediyim kimi, Azərbaycanın sədrlik müddətində müzakirələrin gündəminə təsir etmək imkanı var və ümumiyyətlə, bu üzvlük onun beynəlxalq nüfuzunu artıracaq.
  • - Ermənistanın keçmiş xarici işlər naziri və bu ölkənin BMT-dəki keçmiş nümayəndəsi Aleksandr Arzumanyan deyib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi erməni diplomatiyası üçün möhkəm başağrısı olacaq. Yaxın iki ildə Ermənistana ciddi meydan oxuma halları baş verəcək…

- Əlbəttə ki, münaqişə tərəfi olaraq Azərbaycanın bu yeni statusu Ermənistanı narahat edir. Amma Ermənistan lobbisinin Vaşinqtona təsir imkanlarını nəzərə alaraq Azərbaycanın BMT-dəki mövqeyindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi müsbət dəyişikliyə nail olacağını gözləmirəm. Azərbaycan buna çalışsa da təzyiqlə rastlaşacaq. İndi Azərbaycan diplomatiyası əvvəlkindən daha peşəkar olmalıdır.

- İndiyə qədərki təcrübə göstərib ki, qeyri-daimi üzvlərə demokratiya ilə bağlı heç bir təzyiq edilmir. Onlar bu posta qeyri-demokratik gəlib, qeyri-demokratik gediblər.

O baxımdan, Təhlükəsizlik Şurasında üzvlüyə görə Azərbaycanda demokratiya ilə bağlı ciddi islahatlar gözləmək doğru olmazdı. Amma bu üzvlük Azərbaycanın daxili siyasətini beynəlxalq gündəmə gətirəcək, beynəlxalq medianın diqqətini bu ölkəyə yönəldəcək. Bu da, xüsusilə də Ərəb baharından sonra Azərbaycandakı demokratik qüvvələri həvəsləndirə bilər.
XS
SM
MD
LG