Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:28

Cabbar Savalanlının kasasiya şikayəti təmin olunmadı


Cabbar Savalanlı
Cabbar Savalanlı
Noyabrın 29-da Ali Məhkəmədə AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının kasasiya şikayətinə baxılıb. Prosesə hakim İmran Hacıqayıbov sədrlik edib.

Cabbar Savalanlı Sumqayıt şəhər Məhkəməsi tərəfindən barəsində çıxarılmış həbs cəzasının ləğv olunmasını və ona bəraət verilməsini tələb edirdi. Savalanlı bu ilin mayında qanunsuz narkotik vasitə saxlama ittihamı ilə iki il yarım həbs cəzası alıb.

BİLDİRİŞ SAVALANLIYA ÇATDIRILMAYIB

Kasasiya şikayətində bildirilirdi ki, həbs olunarkən hüquqları pozulub, ibtidai istintaq və məhkəmələr Cabbar Savalanlıda olan narkotik maddənin mənşəyini müəyyən etməyiblər. Onun çoxsaylı vəsatətləri məhkəmələr tərəfindən təmin olunmayıb.

Əvvəlcə vəkil Əshabəli Mustafayev iclasda Cabbar Savalanlının iştirakının təmin olunmasını tələb edib. Hakim deyib ki, onun məhkəməyə gətirilməsi ilə bağlı cəzaçəkmə müəssisəsinə bildiriş göndərilib. Vəkil isə bildirib ki, göndərilən bildiriş Cabbar Savalanlıya çatdırılmayıb.

Sonra vəkil deyib ki, Cabbar Savalanlının işinə baxılarkən Avropa İnsan Hüquqları Konvensiyasının 6 və 14-cü maddələri (Ədalətli məhkəmə çəkişməsi hüququ və diskriminasiyasının qadağan olunması) pozulub.

Hakimlər 10 dəqiqəlik müşavirəyə gediblər. Məhkəmə salonuna qayıtdıqdan sonra hakim İmran Hacıqayıbov kasasiya şikayətinin təmin olunmadığını elan edib.

«AZADLIQ» ŞÜARLARI

Hakimin qərarı Cabbar Savalanlının zalda əyləşmiş qohumları tərəfindən etirazı ilə qarşılanıb, «Azadlıq» şüarları səsləndirilib. Nəzarətçilər onları məhkəmə binasından çıxarıblar. Gənclər məhkəmə binasının qarşısında qısamüddətli şüarlar səsləndirəndən sonra dağılışıblar.

Cabbar Savalanlı ötən il fevralın 5-də yaşadığı binanın qarşısında saxlanılıb. Əməliyyatçılar onu Sumqayıt polis İdarəsinə gətirdikdən sonra cibindən 0.17 qram narkotik tapıblar. Cabbar Savalanlı narkotik vasitənin cibinə kənardan atıldığını iddia edib. İttihamları qəbul etməyib, həbsini sosial şəbəkələrdəki fəaliyyəti ilə əlaqələndirib.

Mayın 4-də o, Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

«Amnesty International» Cabbar Savalanlını vicdan məhbusu elan edib.
XS
SM
MD
LG