Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:40

Yolların əridi qarları, üzə çıxdı ayıblar...


Arxiv foto
Arxiv foto
«Çox vaxt orda tıxac yaranır, çünki yollar bərbad gündədir. Ona görə də maşın sürmək mümkün deyil. Bir il olar çəkilib bu yol, yaxşı idi, qardan sonra belə oldu».
Sürücü Anar Məmmədovun əli ilə işarə edib göstərdiyi yer Bakı-Sumqayıt yoldur. Bu yol 20 Yanvar dairəsinə birləşir. Şəhərin dörd bir tərəfini əlinin içi kimi tanıdıqlarını deyən sürücülər dərdlərini də elə buradaca danışırlar - gözlərinin dağına çevrilmiş asfalt çuxurların bol olduğu yerdə.
20 Yanvar dairəsini əhatəyə almış çala-çuxur, 29 yaşlı sürücü Anar Məmmədovu deməsinə görə, bir ayda 100 manat xərcə salıb.
«TA PREZİDENT GƏLMƏSƏ, MÜMKÜN DEYİL DƏ, O YOL DÜZƏLMƏZ»
«Maşın dağılır, ona görə heç yerdə sürmək mümkün deyil. Ən çox da 20 Yanvar dairəsində, Memar Əcəmi tərəfdə. Dəqiqədən bir mən maşının «peredok»nu, «xodovoy»nu yığdırıram. Sonra da baxmırlar yollara, düzəltmirlər, biz sürücülər də belə qalmışıq».
Sürücülər deyir ki, yolun örtüyünün xarab olmasına, çuxurlara hər yerdə rast gəlirlər :
- Qar yağandan sonra, həmişə belə olur. Qum, duz tökülür, bərbad vəziyyətə düşür. əsas o körpülər var e, onların yanları baxımsızdır, çox pisdir. O çuxurlar, təzə asfaltdı. Suyun içinə asfalt verərlər? Heç olmasa mazlanmalıdır, yalandan asfalt çəkməklə deyil ki!
- Keyfiyyətsiz asfaltın üstündə maşın gedirsə, qardan-yağışdan sonra dağılacaq da. Qıraq yollar yaxşıdı, amma şəhərin daxili pisdir.
- Bu yolu təzəlikcə təmir etmişdilər, bu yolu da. Asfaltın keyfiyyəti yoxdur. Çuxur altı yaxşı bərkidilməyib, başdansovdu edilib. «Klient» düşür, heç apara bilmirik.
- Ta prezident gəlməsə, mümkün deyil də, o yol düzəlməz.
Yolun keyfiyyətli olması üçün prezidentin oradan keçməsi şərtdimi? Taksi sürücüləri bu sualımızın cavabında 20 Yanvar abidəsinin qarşısındakı yolu göstərirlər. Onlar deyirlər ki, həmin abidənin açılışında da vaxtilə prezident iştirak etdiyindən yolu təzə çəkiblər. Ancaq nəticəsi belə olub...
Qarlı günlərdən qalmış buz qalıqları təmizləndikdən sonra Bakının bir sıra küçələrində asfalt örtüyü dağılıb. Yerində çatlar, çuxurlar və çalalar əmələ gəlib.
«MUZEY EKSPONATI DEYİL Kİ...»
Namiq Həsənov
Namiq Həsənov
Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənov deyir ki, Bakıdakı heç də bütün yollar onların balansında deyil. Onun sözlərinə görə, nazirliyə aid yollarda, xüsusən də, 20 Yanvar dairəsi, Mətbuat, Tbilisi Prospektində, hazırda, «Azəryolservis»in texnikaları işəyir, yolları təmir edir. Namiq Həsənov bildirdi ki, nə bu vaxta kimi belə qış görüblər, nə də ki bu qədər iş:
«Qar yağanda da şikayətlənirlər, qarı təmizləyəndən sonra da. Sürücülər birdəfəlik bilməlidirlər ki, dünyada belə bir praktika var. Yollar fövqəladə hallarda, buz bağlayanda, yer donanda, xüsusi texnika işləyəndə istər- istəməz onun asfalt örtüyünə ziyan dəyir. Mümkünsüzdür ki, bu qədər qar yağsın, texnika işləsin, asfalta heç nə olmasın, o muzey eksponatı deyil ki, qoyasan ora, təmiz qala».
İqtisadçı ekspert Natiq Cəfərli isə asfalt örtüyünün korlanmasında heç də təkcə qarlı havaları günahkar bilmir. O deyir ki, qar və normadan bir az artıq şaxta sadəcə nöqsanları üzə çıxarıb.
Onun sözlərinə görə, əgər bu təkcə qarla əlaqəli olsaydı o zaman daim qarlı olan ölkələrdə, ümumiyyətlə, yol olmazdı:
Natiq Cəfərli
Natiq Cəfərli
«Bizdə çəkilən yolların kağız üzərində qiyməti Avropa və Amerikada çəkilən yolların qiymətinə bəzən bərabər, bəzən bir az da ondan artıq olur. Belə çıxır ki, onda görülən işin keyfiyyəti, buna nəzarət çox aşağı səviyyədədir. Ayrılan pul tamam o məqsədlər üçün xərclənmir ki, belə keyfiyyətsiz iş ortalığa çıxır».
«SÜRÜCÜNÜ BAŞA SALMAQ OLMUR Kİ...»
Nəqliyyat Nazirliyindən Namiq Həsənov isə yolların keyfiyyətsiz çəkilməsi və ayrılan büdcənin düzgün xərclənməməsi faktlarını tamamilə rədd edir:
«Elə yol var ki, bu gün çəkilə bilər və günün sonuna kimi o xarab ola bilər. Bu ondan irəli gəlir ki, sürücünü başa salmaq olmur ki, ay qardaş bu «Kamaz»ın hər oxuna 9 ton yük düşür. Bu 9 əvəzinə vurur 27 ton, 3 qat artıq. 5 dənə ordan «Kamaz» keçəndə o yol bir günün içində dağılır, heç 5 il gözdəmək lazım deyil. Ona görə də biz tərəzi sistemini aktivləşdiririk. Yollara çıxan iri tonnajlı bütün maşınlar hamısı tərəzidə yoxlanıb sonra keçəcək».
İqtisadçı Natiq Cəfərli isə yollardakı problemlərin hər il təkrarlandığını xatırladaraq bildirir ki, yalnız vətəndaş nəzarəti bu halların qarşısını ala olar. Birdəki koorrupsiya ilə əməldə mübarizə...
XS
SM
MD
LG