Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:40

Amnesty International: «Azərbaycanda 18 vicdan məhbusu var»


Amnesty International
Amnesty International
Beynəlxalq Mətbuat Azadlığı günü ərəfəsində Amnesty International təşkilatı Azərbaycanda ifadə azadlığı pozuntularına dair hesabat yayıb. «Azərbaycan hakimiyyəti «Eurovision»ın uğurlu keçməsi üçün narazıların səsini kəsməkdə qərarlıdır» adlı hesabatda bildirilir ki, bu ölkədə ictimai toplantılar zorakılıqla dağıdılıb, jurnalistlər və insan haqları müdafiəçiləri qorxudulub, həbsə atılıb və hətta dövlət adamları tərəfindən döyülüb.

«EUROVİSİON» QABAĞI SÖZ AZADLIĞINA HÜCUMA SON QOYULMALIDIR

Ötən ilin Beynəlxalq Söz Azadlığı Günündən sonra, Azərbaycan səndələyə-səndələyə beynəlxalq səhnəyə çıxıb – bu il «Eurovision» müsabiqəsinə ev sahibliyi etmək hüququ qazanıb, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Hökumət milyonlarla dollarlıq neft gəlirini millətinin müasir, proqressiv və demokratik imicini yaratmaq üçün PR kampaniyasına xərcləyib.

Ölkədə insan haqlarının vəziyyətindən narahat olanları susdurmaq üçün yüngülvarı jestlər də olunub – bu ilin Dünya Mətbuat Azadlığı Mükafatının qalibi olan Eynulla Fətullayev səkkiz illik həbsinin dörd il yarımını çəkəndən sonra azadlığa buraxılıb. 20 yaşlı sosial media fəalı Cabbar Savalanlı da əfv olunub.

18 VİCDAN MƏHBUSU

Ancaq Azərbaycanı idarə edən avtoritar oliqarxların hakimiyyəti daha da möhkəmlənib; onlar tənqidi səsləri susdurmaqda qətiyyətlidirlər. Amnesty International indi Azərbaycanda 18 vicdan məhbusunun olduğunu deyir: 14 fəal ötən ilin dinc aksiyalarında həbs olunub, iki jurnalist və iki hüquq müdafiəçisi isə bu yaxınlarda uzun müddətli həbs cəzası alıblar.

Amnesty International son hesabatını iki ay bundan əvvəl verib, o vaxtdan bəri hakimiyyət narazılara daha çox hücuma keçib.

Qurum bildirir ki, Bakının mərkəzində ictimai aksiyalara icazə verilmir, zorakılıqla dağıdılır; siyasi səbəblər və uydurma ittihamlarla təqib olunan hökumət tənqidçilərinin və müxalifət fiqurlarının sayı artıb. Son iki ayda jurnalistlər və insan haqları müdafiəçiləri qorxudulub, təqib olunub və dövlət adamları tərəfindən döyülüb.

Bütün bunlara baxmayaraq, Avropa Yayım Birliyi «Eurovision» hazırlıqları üçün hakimiyyətlə sakitcə işləyir. Bu media azadlığı «çempionu» Azərbaycan jurnalistlərinin qaldırdığı məsələlərə müdaxilə etməyib və təmsil etməli olduğu dəyərləri müdafiə etməyib.

JURNALİSTLƏR HÜCUMLARLA ÜZ-ÜZƏ

Amnesty International daha sonra apreldə Sulutəpədə evlərin sökülməsini lentə alan zaman döyülən jurnalistlər İdrak Abbasov, onun qardaşı Ədalət Abbasov, Müsavat qəzetinin əməkdaşı Günay Musayevadan bəhs edir. Hesabatda həmçinin AzadlıqRadiosunun əməkdaşı Esmira Cavadova, digər jurnalistlər Qalib Həsənov Elnur Məmmədovun həmin söküntülər vaxtı SOCAR-ın formasında olan əməkdaşlar tərəfindən hücuma məruz qaldığı bildirilir.

Amnesty International bu hücumlara görə məsuliyyət daşıyanların dərhal və qərəzsiz istintaqa cəlb olunmasına çağırır.

Hesabatda daha sonra AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılovanın şantaj olunmasından, onun özəl həyatına aid videonun yayılmasından bəhs olunur. Jurnalist Aİ-yə deyib ki, təhdidlər qarşısında geri çəkilməyəcək və bu insident sadəcə dünyaya göstərib ki, Azərbaycan hökuməti müstəqil jurnalistləri təqib edir.

Aİ narahatdır ki, bu hücum jurnalistin nüfuzuna maksimum zərər vurub və onu əsasən mühafizəkar olan Azərbaycan cəmiyyətində zorakılıq riskinə məruz qoyur.

Qurum şantajın hərtərəfli və qərəzsiz araşdırılmasına, təşkilatçıların tapılmasına çağırır.

BARMAQLIQ ARXASINDA JURNALİSTLƏR

Amnesty International həmçinin hazırda həbsdə olan jurnalistlər – Xəyal TV-nin əməkdaşları Zaur QuliyevVüqar Qonaqov, İranın Səhər televiziyasının əməkdaşı Anar Bayramlı, İslam-Azeri saytının redaktoru Ramin Bayramovun saxlanma səbəblərindən bəhs edir və bütün hallarda bu jurnalistlərin irəli sürülən ittihamların əsassız, siyasi motivli olduğunu bildirir və onların azadlığa buraxılmasına çağırır.

Aİ Ramin Bayramov və Anar Bayramlıya qarşı ittihamların siyasi motivli olduğunu deyir, hər iki jurnalisti siyasi məhbus hesab edir. “Azərbaycanın dünyəvi hakimiyyəti bu jurnalistlərə qarşı ittihamlarla onları dini məsələlərin işıqlandırılmasında susdurmaq istəyib”.

Amnesty International müxalifətin ötən il keçirdiyi aksiyalarda 17 fəalın saxlandığını xatırladır, 14 məhbusu vicdan məhbusu kimi tanıdığını vurğulayır.

Qurum bildirir ki, bu il də dinc aksiyalara qadağalar davam edib. Müxalifətin yürüşləri icazəli yaxud icazəsiz olmasından asılı olmayaraq zorakılıqdan sığortalanmayıb, bu aksiyalara qatılanlar daim qorxudulma, döyülmə və həbs riski ilə üz-üzədirlər.

Müxalifətin aprelin 8-də keçirdiyi aksiyada 3.000 fəal iştirak edib. İcazəli olmağına baxmayaraq, iştirakçıların çoxunun yürüşdə iştirakının qarşısı alınıb.

Martda polis gənc və müxalifət fəallarının bir neçə dinc aksiyasını zorakılıqla dağıdıb.

İCTİMAİ TOPLANTILARIN KRİMİNALLAŞDIRILMASI

Amnesty International narahatdır ki, Azərbaycan hakimiyyəti beynəlxalq öhdəliklərini pozaraq Bakının mərkəzində ictimai toplantıları qadağan edir, nəticə etibarilə ictimai aksiyanı kriminallaşdırır.

Martın 5-də iki vicdan məhbusunun həbsdə döyülməsi barədə məlumat yayılandan sonra Bakının mərkəzində etirazlar oldu. Polis aksiyaları dağıtdı, gənc fəallar Cabbar Savalanlı və Dəyanət Babayev döyüldü.

Hesabatda həmçinin martın 17-də gənclərin icazəli aksiyasından Camal Əli və Natiq Kamilovun saxlanmasından da bəhs olunur. Buraxılandan sonra Camal Əli həbsdə iki dəfə döyüldüyünü təsdiqləyirdi.

Amnesty International Azərbaycan hakimiyyətini çağırır ki, heç kəsin işgəncə və pis rəftara məruz qalmamasını təmin etsin. Polis işçilərinin pis rəftarına dair iddialar isə araşdırılsın.

Hesabatda həmçinin həbsdə olan hüquq müdafiəçiləri Taleh Xasməmmədova qarşı iddiaların uydurma olduğu, şişirdildiyi bildirilir. Aİ Xasməmmədovu vicdan məhbusu hesab edir, hakimiyyəti onu dərhal buraxmağa çağırır.

HƏBS VƏ TƏHDİD OLUNAN HÜQUQ MÜDAFİƏÇİLƏRİ

Amnesty International «Kür» Vətəndaş Cəmiyyətinin sədri Oqtay Gülalıyevi vicdan məhbusu hesab edir. Onun da dərhal buraxılması tələb olunur.

Hesabatda həmçinin Naxçıvanda işləyən hüquq müdafiəçisi Məlahət Nəsibovanın bu ilin fevralında naməlum şəxsdən telefon zəngi aldığı qeyd olunur. Özünü rəsmi kimi təqdim edən həmin şəxs ona xəbərdarlıq edib ki, idarə etdiyi Naxçıvan İnsan Haqları və Media Monitorinq saytında sosial və insan haqlarına dair xəbər və məlumatlar yerləşdirməsin. Elə həmin gün Məlahət Nəsibova Naxçıvanın Xarici İşlər İdarəsindən xəbərdarlıq alıb ki, qızışdırıcı və «qeyri-dəqiq» informasiya yaymasın. Eyni məzmunlu məktub Ədliyyə Nazirliyindən Bakıdakı RATİ təşkilatına da gəlib.

Hər iki QHT narahatdır ki, bu xəbərdarlıqlar tənqidi hesabatlarına cavab olaraq onların bağlanmasına gətirib çıxarar. Ötən il Azərbaycanda iki beynəlxalq QHT bağlanıb. Onlar yazılı xəbərdarlıq olmadan qeydiyyat tələblərinin pozulmasında ittiham olunurdular. Həmin QHT-lərdən biri – İnsan Haqları Evi hələ də bağlı qalır.

Azərbaycan hakimiyyət rəsmiləri bir qayda olaraq beynəlxalq qurumların hesabatlarında deyilənləri qəbul etmir, onların mövqeyini qeyri-obyektiv və qərəzli adlandırır.
XS
SM
MD
LG