Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:43

“Bu necə Mədəniyyət kanalıdır ki, kitabı təbliğ etmir?”


"Bu necə Mədəniyyət kanalıdır ki, kitabı təbliğ etmir"
Gözlə

No media source currently available

0:00 0:55:09 0:00
Direct-ə keçid

"Bu necə Mədəniyyət kanalıdır ki, kitabı təbliğ etmir"

“Mədəniyyət kanalı kitabı təbliğ etmirsə, onda bu necə Mədəniyyət kanalıdır? Onda bu nəyi təbliğ edir?”

Bu fikirləri Azadlıq Radiosunun “Pen klub” proqramında “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirib.

- Heç kitab təqdimatları zamanı büdcədən maliyyələşən televizyalara müraciət etmisizmi?

- Təqdimatlardan 2-3 gün əvvəl televiziyalara məktubla müraciət edirik. Hətta nə qədər qəribə səslənsə də, bəzi kitab təqdimatlarında “Lider” TV-dən çəkiliş qrupu iştirak edib. Amma İctimai TV, AzTV, Mədəniyyət kanalı heç zaman iştirak etməyib.

- Səbəbiylə maraqlanmısızmı?

- Mən ölkədə tanınan bir nəşriyyatın rəhbəriyəm. Bunlar bu müraciəti qəbul etməli və ona əsaslandırılmış cavab verməlidirlər. Amma onlar “iqnor”a qoyurlar və bu hörmətsizlikdir. Hörmətsizliyin səbəbini də soruşmazlar. Amma mən də inadımda israrlıyam. Bir şeyi də deyim ki, ATV, “Space” kanalı da təqdimatlara gəlir.

- Bəlkə sizdən reklam, maddi gəlir gözləyirlər?

- Mədəniyyət kanalı dövlət kanalıdır, kitabsa mədəniyyətin böyük bir hissəsidir. Əgər kitabı təbliğ etmirsə, onda bu necə Mədəniyyət kanalıdır? Onda bu, nəyi təbliğ edir?

Kitab reklamı niyə televiziyalara yol aça bilmir? “Pen klub”da bu dəfəki mövzumuz beləydi. Ş.Xuduoğlu ilə yanaşı proqrama yazıçı Seymur Baycan, telefonla «SOY Production» şirkətinin rəhbəri Oqtay Əliyev və başqa bir production-un koordinatoru Günel Əliyeva qatıldılar.

PROQRAMI DİNLƏ

SEYMUR BAYCAN: “REKLAMA PUL LAZIMDIR”

Şahnaz Bəylərqızı:

- Seymur bəy, siz özünüz yazar olaraq dövlət televiziyalarına və ya özəl kanallara müraciət eləmisizmi ki, məsələn, müharibə haqda “Quqark” romanı yazmışam, gəlin bir süjet edək?

Seymur Baycan:

- Açığı, müraciət etməmişəm. İndiyə qədər bir yazar olaraq məni nə Mədəniyyət kanalına, nə İctimai Televiziyaya, nə AzTV-yə müzakirəyə dəvət ediblər. Yəni elə bundan münasibət aydındır. Əvvəllər hərdənbir özəl kanallara çağırırdılar. Mən də hiss edirdim ki, məni ora dolamağa, özümün əhəmiyyətsiz olduğumu “sübut eləməyə” çağırırlar. Ona görə də imtina edirdim. 5-6 müğənnini çağırıb, klip nümayiş etdirib, mənə də 2 dəqiqə ərzində hansısa bəşəri sual verirlərsə, bu artıq... Özümü gülünc vəziyyətə qoymaq istəmirdim deyə getmirdim. Reklama isə pul lazımdır. Yəni çarxın çəkilməsi, nümayişi üçün. Məndə isə o məbləğ olmadığı üçün baş qoşmamışam.

- Heç maraqlanmısızmı məbləğlə? Bəlkə kitab reklamına güzəşt edirlər?

- Özümü orda görməmişəm deyə maraqlanmamışam. Heç kimi günahlandırmaq istəmirəm. Sadəcə, ümumi vəziyyət buna gətirib. Zatən kitab kanalların marağında olsaydı, heç reklam çarxına da ehtiyac olmazdı. Müzakirələrdə, ayrı verilişlərdə kitabı təbliğ eləmək mümkün idi. Amma təəssüf ki, bizim kanalların başı idmançılara və müğənnilərə qoşulub. Mən orda kitabı görmürəm.

SSENARİLƏRİN QİYMƏTİ 3 MİNDƏN BAŞLAYIB... 15 MİNDƏ BİTMİR...

Ş.B:

- Məncə, qiymətləri az sonra öyrənə biləcəyik. Söhbətə özəl production-lardan birinin layihə koordinatoru Günel Əliyeva qoşulur. Günel xanım, sizə kitabla bağlı reklam çarxı
Seymur Baycan
Seymur Baycan
çəkdirmək üçün müraciət edən olurmu?

Günel Əliyeva:

- “Kitab reklamı” ifadəsi bir qədər düzgün deyil. Reklam kommersiya məqsədinə xidmət edir. Kitab isə maarifçi ideyaya xidmət edir. Kimsə kitab buraxır və onu reklam eləmək istəyir. O kitabın ictimai əhəmiyyəti artıq arxada qalır. Kitabın tanıtımı anlayışı ola bilər, kitabın təbliği və ya promosu ola bilər. Məsələn, Bakıda bir neçə kitab mağazası var və tanınmış adamlar orda könüllü satıcı işləyirlər. Bu da təbliğatdır. Biri var mənə mağazada kitabı savadlılar, ondan xəbəri olanlar təbliğ etsin, biri də var xəbəri olmayan. Mən kitabı birincidən alaram və bu, təbliğatdır. Amma kitab reklamı başqa şeydir.

- Yazara kitabı üçün bir reklam çarxı çəkdirməyə nə qədər pul lazımdır?

- Reklam büdcəsi ilk növbədə ssenaridən asılıdır. Elə ssenari ola bilər ki, 3 min manata, 5 min manata başa gəlir. Elə ssenari ola bilər ki, 10 minə və ya 15 minə, bəzən də ondan artıq. Daha sonra çəkiliş texnikasından asılıdır. İndidən nəsə demək olmur.

- Efir qiyməti nə qədərdir?

- Televiziyada reklamın hər saniyəsi 35-40 manat arasındadır. Amma prime-time-larda qiymətlər artır.

Ş.B:

- Seymur bəy, bu qiymətə mümkündürmü kitab reklamı etdirmək?

S.B.

- Yox. Həmin qiymətə rahat roman yazaram. Nəinki onu televiziyada reklam etdirərəm.

“REKLAM ÖDƏNƏN QONORARDAN, KİTABDAN BAHA BAŞA GƏLDİ”

Ş.B:

- Bəs nəşriyyat belə cəhd edibmi?

Ş.X:

- Azərbaycanda kitab böyük tirajla nəşr olunsaydı, məsələn 100-200 min tirajla, onu reklam eləmək olardı, özü də reklam şərtləriylə. Hərçənd bir dəfə bunu sınamışam. “SOY Production”la birgə kitab klipi hazırlamışdıq. O zaman ANS bizə 50 faiz güzəşt də etdi. Amma bununla belə, reklamın qiyməti kitabın özünün hazırlanma qiymətindən, müəllifə ödənən qonorardan baha başa gəldi. Eyni zamanda, bu, 2 min tirajla satılmalıydı və növbəti 2 min tiraj ilə biz qoyulan sərmayəni çıxara bilərdik... Bu halda kitab təbliğatından danışmaq olmur.

G.Ə:

- Bu artıq bizim televiziyaların problemidir. Televiziyalar sosial məsuliyyətdən uzaqlaşdığı üçün...

Ş.X:

- Televiziya sosial məsuliyyətdən niyə uzaq olmalıdır ki? Bir halda ki, televiziya cəmiyyətə və sosial maraqlara xidmət etməlidir.

G.Ə:

- Bu, bəlkə də qeyri-peşəkarlıqdan irəli gəlir. Televiziyanın əsas işi həm də maarifləndirməkdir. Amma televiziyada qeyri-peşəkarlıq baş alıb getdiyindən onlar çox vaxt bunu unudurlar.

S.B:

- Mən Günel xanımın dediyi bir məqama – televiziyaların qeyri-peşəkarlığı haqda dediklərinə toxunmaq istərdim. Əslində biz nə qədər müzakirə etsək də, kitaba bu
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
günkü münasibət Azərbaycan hakimiyyətinin sifarişidir. Yəni sistem dəyişməyincə, Azərbaycanda kitaba münasibət dəyişməyəcək.

Ş.X:

- Azərbaycanda kitaba münasibət kökündən dəyişməlidir. Biz eşitməliyik ki, məsələn, təhsil naziri, gömrük naziri hansı kitabı oxuyur. Türkiyədə prezident Gül dedi ki, Barak Obamanın “Atamın arzuları” kitabını oxuyuram, həmin gün bu kitab 500 min satıldı. Bizdə kitab heç kəsi düşündürmür və biz bunu dəyişməliyik. Bu yaxınlarda bir türk gəlmişdi dükana və Kamyunun “Yad” kitabını aldı. Dərhal bunu söhbətə çəkdim. Məlum oldu ki, mebel ustasıdır, 3 aydır Azərbaycandadır və bu dildə 5-ci kitabı alır. Dedi ki, Azərbaycan dilində danışa, ünsiyyət qura bilmirmiş. Ona görə kitab oxumağa başlayıb və müştəriləri artıb. İlk dəfə kitab oxumağın üstünlüyü ilə bağlı praktik cavab aldım.

SPACE: “BİZƏ KİTAB REKLAMI İLƏ BAĞLI MÜRACİƏT EDİLSƏ, QİYMƏTLƏR FƏRQLİ OLACAQ”

Ş.B:

- “Space” telekanalının şöbə müdiri İman Məcidovdan da kiçik bir müsahibə almışıq. Prodüsserimiz Cavid Zeynallı ona sual verib ki, niyə kitab televiziyalara yol tapa bilmir? Onun cavabını eşidək.

İman Məcidov:

- Bizdə bazar günləri “Mədəniyyət saatı” verilişi gedir. Həmin verilişdə kitabla bağlı, onun təbliğiylə, təqdimatlarla bağlı məlumatlar gedir. Biz burda reklam məqsədi güdmürük. Bu, kitabın təbliğidir. O ki qaldı reklama, bizə reklamla bağlı müraciət edən də olmayıb. Hər halda müraciət edilsə, onun qiyməti ilə başqa reklamların qiyməti arasında böyük fərq olacaq. Amma ümumən kitabları təbliğ edirik. “Əli və Nİno” mağazalar evinin, “Qanun” nəşriyyatının tədbirlərini işıqlandırmışıq. Elə Şahbaz Xuduoğlu bir neçə dəfə qonağımız olub. Özü də bunlar təmənnasız olub. Yazarın siyasi əqidəsinə, baxışlarına görə dəvət etməmək söhbəti də olmayıb. Olub ki, “Qanun” nəşrlər evinin təqdimatlarında siyasi əqidəsi fərqli adamların da kitablarını, tədbirlərini işıqlandırmışıq.

Şahbaz.X:

- Bəli, olub. “Space” kanalına diqqətə görə təşəkkür edirəm. Amma bilirsiz, kitaba dövlətin qayğısı olmalıdır. Belorusda kitab satılan yer vergidən azaddır. Türkiyədə kitaba görə 4 faiz vergi ödəyirlər. Amma Azərbaycanda ƏDV 18 faizdir. Gürcüstanda nə kitab kağızı, nə kitab özü, nə kitabçı, nə kitabla bağlə gətirilən texniki avadanlıq vergiyə cəlb olunur. Amma Azərbaycan dövləti bu qədər imkanı olduğu halda kitab üzərində ƏDV-ni nəyin gücünə olursa-olsun saxlamaq istəyir. Sanki prinsip məsələsinə dönüb bu.

OQTAY ƏLİYEVLƏ ŞAHBAZ XUDUOĞLUNUN GÜRCÜSTAN MÜBAHİSƏSİ

Ş.B:

- İndi söhbətə “SOY Production”-ın rəhbəri Oqtay Əliyev qoşulur. Oqtay bəy, siz, deyəsən, ilk kitab reklamı ilə məşğul olanlardansız?

Oqtay Əliyev:

- Azərbaycanda ilk dəfə kitab reklamı ilə bağlı Yunus Oğuz bizə müraciət edib. Onun çarxını endirimlə biz hazırlamışıq.

Ş.X:

- Oqtay, ilk dəfə bizim kitabla bağlı klip hazırlamışdınız, “Zerkalo Klara” ilə bağlı, niyə unudursuz?

O.Ə:

- İmkan daxilində yadımda qalanları deyirəm. Şahbaz bəyin dediyi tərzdə olan kitabların anonsunu, çarxlarını biz yığdıq. Nəticəsini özü də bilir. Alıcılar kitabı gözəl aldılar. Amma başqa müraciət edən yoxdur. Səbəbi var. Kitabın satışından gələn gəlirdən
Şahbaz Xuduoğlu (sağda) və Seymur Baycan
Şahbaz Xuduoğlu (sağda) və Seymur Baycan
reklam vermək mümkün deyil. Gözəl yazıçılarımız var, gənclər modern ədəbiyyatı inkişaf etdirirlər. Amma sadəcə, gənclər onu internetdən oxumağa üstünlük verirlər, nəinki kitabı almağa. Səbəb budur... Bir də, bayaq Gürcüstandan danışdız. Keçən il orda olanda mən normal kitab dükanı tapa bilmədim. Bütün sovet ölkələrində belədir. Ruslar da deyirlər ki, oxucu azalıb. Səbəb də internetdir.

- Yalnız internetmi günahkardır? Amma dediz ki, bəzi kitabları reklam etdiz və reytinq artdı. Amma Şahbaz Xuduoğlu deyir ki, bu kitablar çox baha başa gəlib onlara...

- Təbii. Şahbaz Xuduoğlunun kitabları kütləyə nəzərdə tutulmuşdu. Onu alanlar daha çox idi. Onu oxuyanların bəzisi Zerkalo Klaranı tanıyırdı, bəzisi Sanka Zveri tanıyırdı. O reklama qoyulan pul öz-özünü ödəmədi. Amma satışa təsirini göstərdi.

Ş.X:

- Əlbəttə hər reklam çarxından 30-40 zəng gəlirdi, bu çox yaxşı idi. əlbəttə imkan olsa bu reklam işini davam etdirərdik. Yəqin ki, bu işə qayıdacağıq. Gürcüstanla bağlı deyilənlərə gəlincə, mən naşirəm. Dünyanın çox nəşriyyatları ilə işləyirik. Statistik rəqəmləri alıram. Gürcülər kitab oxumağa görə bizdən həddən artıq irəlidədirlər. Gürcüstanda 15 adama 1 kitab düşür, Azərbaycanda 3000 adama 1 kitab düşür.

O.Ə:

- Biz də araşdırmalar, reytinqlərlə məşğul oluruq. Çox vaxt bu araşdırmalar, reytinqlər şişirdilmiş olur. Bilmirəm, nəyə görəsə gürcüləri xarici şirkətlər Qafqazda öndə, çox səviyyəli, elitar göstərməyə çalışırlar. Bilmirəm niyə?

OQTAY ƏLİYEV: “O VERİLİŞLƏR REYTİNQ VERMİRDİ”

S.B:

- Son səfərlərimdən biri Oqtay bəyin qardaşı Elçin Əlibəyli ilə Tiflisə olmuşdu. O da mağazaların artmasından, rəngarəngliyindən təəccüblənmişdi. Burda onu da deyim ki, Elçin ATV kanalında olanda bizi ora tez-tez dəvət edirdilər, səmimi şəkildə kitab təbliğ olunurdu. O çıxandan sonra ATV-də kitab mövzusu birdəfəlik bağlandı.

O.Ə:

- Deyim də, niyə. Bütün kanallar kommersiya xarakteri daşıdığına görə reytinqə işləyirlər. Həmin o kitabdan, şairdən və ya yazıçıdan olan proqram çox təəssüflər olsun, reytinq vermirdi. Onda sponsor da deyirdi ki, mən burdan gedirəm.

Ş.B:

- Amma televiziyaların maarifləndirici xüsusiyyəti də var.

O.Ə:

- Maarifləndirici işlə dövlət televiziyası və İctimai televiziya məşğul olmalıdır. Onlara dövlət büdcəsindən vəsait ayrılıb. Kommersiya televiziyaları maarifçiliklə məşğul olmurlar. Bütün dünyada bu belədir.

Ş.X:

- Media ictimai marağa xidmət etməlidir. Bu medianın təməl qanunudur. İctimai maraq tələb edirsə, kitabdan danışmaq lazımdır. Amma “corab pul gətirir deyə media ondan danışmalıdır” yanaşması da düz deyil.
XS
SM
MD
LG