Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:29

Hüseyn Arifin “qırx lotu” dediyi şairlər kimiydi? (Qızıyla müsahibə)


Hüseyn Arifin qızı Zöhrə xanım və Cavid Zeynallı
Hüseyn Arifin qızı Zöhrə xanım və Cavid Zeynallı
Himnin sözlərini başdan-ayağa özü yazsa da, razı olub ki, müəllif kimi Səməd Vurğunun və Süleyman Rüstəmin də adı qeyd edilsin...

Hüseyn Arifin lətifələri yaxın günlərdə kitab şəklində çap ediləcək...

Bir gün atam Kommunist küçəsindən çıxanda qəfildən Vəli Axundovla rastlaşıb. Soruşub ki, Hüseyn...

Mən Hüseyn Arifin qızıyam, bu evə bir qəpik haram pul girə bilməz...


Cavidlə xatırlamaq


HÜSEYN ARİFİN "QIRX LOTU" DEDİYİ ŞAİRLƏR KİM İDİ? (QIZI İLƏ SÖHBƏT)


Lətifəbaz “lotu” dostlar

İyunun 15-i Hüseyn Arifin doğum günüydü. Lap doğrusu, Hüseyn Arifin yox, Hüseyn qağanın... Nə hikmətdisə, bu “Qağa” rütbəsini adına calamaq üçün çoxları dəridən-qabıqdan çıxıb. Haqqa qovuşan kimi “Qağa” nədir, heç quruca adları nişan qalmayıb.

Qayım-qədim aşıqların sözü olmasın, gərək bu çin adama el-obadan gəlsin, sevgi dolu könüllərdən qopsun.

Görün, evində qonaq olduğum Zöhrə xanım, Hüseyn qağanın qızını deyirəm, nə söyləyir:

“Evdə də onu qağa çağırırdıq. Biz Bakıya köçəndə mənim beş yaşım vardı. Ağstafada hamı atama qağa deyirdi, ona görə bizim də dilimizə düşmüşdü bu kəlmə.

Atamın dünyasını dəyişməyindən 20 il keçib, amma Hüseyn Arif deyən kimi adamların dodağında təbəssüm yaranır, ovqatları xoş olur.

Bəzən tədbirlərdə bilmirlər kimin qızıyam, atam haqqında həmişə könül oxşayan şeylər danışırlar. Bilirsən, adama necə xoş gəlir?

Düzdür, bizim xalq ölünün arxasınca pis şeylər danışmır, amma həmişə sevgi ilə xatırlanmaq üçün gərək bu mərtəbəyə ucala biləsən...”.


Hüseyn Arif yaddaşlarda daha çox baməzə əhvalatları, huşsuzluğu ilə qalıb. Atanız haqqında daha nə danışırlar? – Soruşuram.

“Bütün əhvalatlardan atamın xeyirxahlığı, ürəyigenişliyi görünür. Sovet vaxtı İsmayıl Şıxlının “Dostum Hüseyn Arifin lətifələri” adlı kitabı çap olunmuşdu.

Bu yaxınlarda Nahid Hacızadə ilə danışdım, dedim, bu kitabı yenidən çap etmək istəyirəm. Sağ olsun, kömək etdi, İsmayıl Şıxlının kitabına düşməyən lətifələri də topladıq, bu günlərdə nəşr olunacaq.

İyunun 29-u Hüseyn Arifin dostları ilə bir yerdə, kitabın təqdimat mərasimini də keçirəcəyik. Atam haqqında danışılan, yazılan əhvalatların çoxu olmuş hadisələrdir. “Basin”də 36 il yaşadıq, üst qonşumuz 36 il başımıza su tökdü.

Bir dəfə Hüseyn qağam divanda uzanmışdı, tavandan su şırhaşır axmağa başladı. Qonşunu səslədik ki, ay İsgəndər dayı, gəl bax, başımıza yenə su tökülür. İsgəndər dayı içəri girən kimi atam dedi, ay İsgəndər, gəl ee, gəl oturub çörək yeyək, elə bil, Damcılı bulağındayıq.

Hüseyn Arif haqqında danışılan lətifələr durulur-durulur, özəlliyini tapanda dillərə düşür. Yalandan lətifə quraşdıranlar olur, amma onların heç biri olmayıb. Çünki hamısı beyindən gəlib, ürəkdən yox. Düzdür, bu atamın dostlarının sevgisi idi, hamısı onu çox istəyirdilər, ancaq bilirsən, olmayan əhvalat çox yaşamır, axı...”


Hələ sağlığında Hüseyn Arif haqqında lətifə uyduranlar çox olub. Mənə maraqlı gəlir, Zöhrə xanımın sözünü kəsib soruşuram ki, bəlkə deyəsiniz, o adamlar kimlər olublar?

Hüseyn Arif (solda) anası və qardaşları ilə…
Hüseyn Arif (solda) anası və qardaşları ilə…
Gülür, “Bir də gördün, qağam gəlirdi ki, qırx lotu yenə mənim haqqımda lətifələr qoşublar” – deyir. Ardınca “lotular”ın adını sadalayıb, barmaq qatlayır: Zəlimxan Yaqub, Rəfiq Zəka, Vaqif Səmədoğlu, Abbas Abdulla, Musa Ələkbərli...

Ölümə qurban olum

Hüseyn Hüseynzadə... Şair uzun-uzun illər bu imza ilə tanınıb. Ta 1976-cı ilə qədər...

O vaxtacan ki, 21 yaşlı oğlu Arif avomobil qəzasında dünyasını dəyişir. Oğul itkisinin dəhşəti Hüseyn qağanın şeirlərinə söz-söz, misra-misra hopur:

...Dağ sökülüb, dedilər,
Bel bükülüb, dedilər,
Arif ölüb, dedilər -
Ölümə qurban olum.

***

Qəza bir qapını bağlamayıbdır,
Bizim qapımızı bağlayan kimi.
Füzuli Məcnuna ağlamayıbdır,
Hüseyn Arifə ağlayan kimi.


2008-ci ildə dünyasını dəyişən qızı Səhərin xatirələrindən oxumuşam:

“Hadisə baş verən gün atam Səməd Vurğunun 70 illik yubileyi ilə bağlı Qazaxdaydı. Evə böyük bir dəstəylə gəldi. Daha heç nə xatırlamıram… Arifi Qurd qapısında, babamın yanında dəfn etdilər. Bizim yanımızda demirdi, amma ucundan-qulağından eşidirdik deyir: "Arifi aparacağam Ağstafaya". Ona çox dedilər, belə eləmə. Razılaşmadı. Axır, Arifin məzarını Yenigün kənd qəbiristanlığına, anasının yanına köçürdü”.

Zöhrə xanımın dilindən qopan “şairlərin həyatı faciəvi olur” cümləsindən yapışıb, tezcənə bir sualıma cavab istəyirəm: “Hüseyn qağanın faciəsi nə idi?” Öz dilindən, daha ətraflı şeylər eşitmək niyyətindəyəm.

Anası Hüseyn Arifi əsgər yola salır. 1943-cü il.
Anası Hüseyn Arifi əsgər yola salır. 1943-cü il.
Alınır. Yox, lap düzü, hiss edirəm, qəlbinə toxunur bu sual, ərkyana üstümə acıqlanır:

- Sən Hüseyn Arifin həyatı haqqında eşitməmisən?

- Zöhrə xanım, oxumuşam da, eşitmişəm də! Amma... bilirsiniz, mən sizdən oxucusu kimi yox, övladı kimi danışmağınızı istəyirəm – Ötkəm-ötkəm dillənirəm.

Bir az fikirləşir, köks ötürür, sonra durub yan otağa adlayır, əlində iki dondurma qayıdır.

“Ye, istəsən, bir azdan çay da dəmləyərəm” deyir. “Aha, bu da baş qatmağın bir yolu...” – ürəyimdə naşükürlük baş qaldırır. Sonrakı dəqiqələrdə onun ərkyana tələbləri dörd yandan üstümə şığıyır: “Ürəklə ye, istidən gəlmisən! Bu nədir, oturanda belini əymə, cavan oğlansan” Araya uzun bir sükut çökür, kövrəlir, handan-hana:

- Gəl, bu haqda danışmayaq. İstəmirəm. Başqa nədən soruşsan, mən hazır.

Üstünü vurmuram. Başımı razı-razı tərpətməkdən başqa əlacım yoxdur. Amma necə deyərlər, sən saydığını say... Zöhrə xanımın mənə verdiyi “Dünya durduqca...(Hüseyn Arif haqqında xatirələr)” kitabından bircə gün sonra oxuduğum dörd-beş cümləlik övlad xatirəsini bura yazmağım, düşünürəm, yerinə düşər:

“Atam gündəlik yazırdı. Dediyinə görə, cəbhədə yazmağa başlamışdı. Döyüşlərin birində bərk yaralanmış və bütün yazdıqlarını itirmişdi... İkinci dəfə Arifdən sonra gündəlik tutmuşdu. Hər günü belə başlayırdı: “Arif, sənə qurban olum, oğul!"

Təəssüf ki, bu gündəliklər də naməlum şəkildə evdən yox oldu. Əldə qalanlarını isə mən bu yaxınlarda evdən köçəndə Dövlət Ədəbiyyat və İncəsənət arxivinə təqdim etmişəm”.

Bənövşə bəndə düşə...

Zöhrə xanım:

“Atam şeirlərini heç vaxt redaktə eləmirdi. Öz otağına çəkilib pəsdən saz çalanda bilirdik ki, şeir yazır. Səhəri deyirdi, Zöhrə balam, otur, sənə şeir oxuyum. Şeir bitən kimi gözümün içinə baxırdı, ürəyimcə olmurdusa, o dəqiqə cırıb atırdı, demirdi, ora-burasını düzəldəcəm.

Hüseyn qağamın şeirlərindəki axıcılıq sazdan gəlirdi. Atamın ana tərəfi bəy nəsli olub. Nənəmin qızı olmadığına görə, bizə tapşırmışdı ki, ona Ana deyək, biz də onu axıracan belə çağırdıq.

Nənəmin atası Aşıq Ələsgərlə dost olub. Yaylağa köçəndə Aşıq Ələsgər tez-tez bizim evdə qonaq olurmuş. Nənəm dörd qardaşın bir bacısı idi. Gözəl, süd ağlığında qadınıydı. Danışırdı ki, bir gün dan yeri sökülməmiş Aşıq Ələsgər bizə gəlir, atam məni qucağına
Hüseyn Arif ailəsi ilə
Hüseyn Arif ailəsi ilə
alıb, Aşıq Ələsgərə göstərir ki, ay aşıq, gör nə gözəl qızım var. Ələsgər “Qəndab” şeirini orda nənəm üçün bədahətən deyir. Atamgil kənddə Aşıq Mirzə ilə qonşu olublar. Nənəm danışırdı ki, Hüseyn Aşıq Mirzənin Bənövşə adlı qızını sevirmiş. Amma nənəm buna razı olmayıb. Səbəbini bilmirəm. Atam əsgər gedəndə qız başqasına – varlı adama ərə gedir. Bu yaxınlarda Tovuzda qonaq olanda Bənövşə xala ilə görüşdüm, dedim, ay Bənövşə xala, niyə qağamı gözləmədin, ərə getdin? Arvad elə pis tutuldu ki... Tez söhbəti dəyişdi, yox-yox, bundan danışmayaq. Soruşmağıma peşman oldum".

Vəli Axundovla qəfil qarşılaşma və...

Zöhrə xanım deyir, atasının ətrafı çox böyük olub, dost-tanış sarıdan heç vaxt korluğu olmayıb. Soruşuram ki, özünə bir köynək yaxın bildiyi insanlar kimlər idi?

- Məleykə Abbaszadənin atası Mehdi Mustafayev Hüsü Hacıyevdə bizimlə qonşu idi. O kişi otuz il meşə naziri işlədi. O qədər təmiz, sadə adam idi, bazar günləri əlinə zənbil alıb özü bazarlığa gedirdi. Bir də gördün, qağam bizi səsləyirdi ki, gəlin baxın, bu boyda nazir bazara gedir. Hüseyn qağam yazmışdı, Mehdi Mustafayev atam qədər sevdiyim insandır.

Atamın dostları arasında sürücü də olub, nazir də, fəhlə da! Amma dolanışığımız yaxşı olmayıb. Düzdü, kitablarından yaxşı qonorar alırdı, amma nolsun... kimin nəyə ehtiyacı olurdusa, əsirgəmirdi. Bax, pullar belə gedirdi. Qonşumuz vardı, Hüseyn qağamın beş kitabı çıxanda, o birini yazırdı. Di gəl, bizdən qat-qat yaxşı yaşayırdılar. Hüsü Hacıyevdəki evi mənim altı yaşım olanda Yazıçılar İttifaqından vermişdilər. Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Bayram Bayramov, İsa Hüseynov, Salam Qədirzadə, Həmid Axundov bizim qonşularımız olublar. Xatırlayıram, Abdulla Şaiq də bizimlə bir binada yaşayırdı. O kişi, indi də gözümün qabağındadır. Evimiz darısqal idi, üstəgəl, bizdən başqa bir ailə də yaşayırdı.

Bir gün atam Kommunist küçəsindən çıxanda qəfildən Vəli Axundovla (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi - C.Z.) rastlaşıb. Axundov soruşub ki, Hüseyn, necə dolanırsan, çətinliyin-filanın yoxdur? Qağam cavab verib ki, ev şəraitim yaxşı deyil. Çox keçmədi, “Basin”də bizə ev verdilər. Atam Heydər Əliyevin qayğısını həmişə hiss edib. Mən Tibb Universitetini təzə qurtaranda köhnə Oktyabr, indiki Yasamal rayonunda tibb şöbəsinin müdiri təyin olundum. 1998-ci ildə
Oğlu Ariflə vida günü. 1976-cı il.
Oğlu Ariflə vida günü. 1976-cı il.
Heydər Əliyev məni vəkili seçdi. Sonra başı qarışdı, xəstələndi. Məni şərlədilər, köhnə iş yerimdən uzaqlaşdırıb Respublika Klinik Xəstəxanasına köçürdülər. 1978-ci ildə konstitusiya dəyişiləndə Himni də dəyişdilər. Heydər Əliyev atamı Mərkəzi Komitəyə çağırıb deyib ki, himn üçün şeirlər göndəriblər, al oxu, gör necədir. Atam cavabını olduğu kimi söyləyirəm: deyib, yoldaş Əliyev, bunlar himn deyil, himn haqqında sözdür. Üç günə himnin sözlərini yazıb təhvil verdi və qəbul etdilər. Mərkəzi Komitədən deyiblər, Səməd Vurğunun adını saxlasaq yaxşı olar. Atam deyib lap yaxşı, onda Süleyman Rüstəmin də adını çıxarmayaq. Himnin sözlərini başdan-ayağa özü yazsa da, razı olub ki, Səməd Vurğundan və Süleyman Rüstəmdən sonra mənim adımı yazın - sonuncu...

Xalq Cəbhəsi, İsmayıl Şıxlı və Hüseyn Arif

Nə qədər qəribə də olsa, qızı danışır ki, ömrünün son illərində atasının yaşamaq həvəsi yox idi. Bir gün Zöhrə xanım evdə tək olanda, atası qapıya söykənib deyir: mən bu yaxınlarda rəhmətə gedəcəyəm. Xəstə deyilmiş, bir yerindən şikayətçi olmayıb.

“Atam həkimə getməyi qəti sevmirdi, dişi ağrıyanda çıxarıb atırdı, vəssalam. Axır-axırda ağzında iki-üç dişi qalmışdı. 90-cı il faciəsindən sonra qağam müvazinətini itirmişdi, başa düşə bilmirdi ki, bu müharibə, qan-qada bizim milləti haradan tapdı. O vaxt İsmayıl Şıxlı ona dəfələrlə demişdi ki, Xalq Cəbhəsinin iclasıdır Hüseyn, gəl iştirak elə. Atam heç vaxt razı olmamışdı, mənə həmişə tapşırırdı ki, birdən cəbhəçilərə qoşularsan ha, onlar düz adamlar deyillər. Zəlimxan Yaqubu çox istəyirdi, ona görə demişdi, Zəlimxan, belə şeylərdən uzaq ol, yoxsa üzünə baxmaram!"


Yüzünüz bir şair yaratmadınız...

Söhbətimizin bu yerində Zöhrə xanımın telefonu zəng çalır və gərək ki, xəttin o başındakı adam “Hüseyn Arifin lətifələri” kitabının çapında problem var, tədbirə çatdırmaya bilərlər, deyir. Uzun çək-çevirdən sonra məsələ həll olunur və söhbətimizin
Zöhrə xanım
Zöhrə xanım
məcrasını dəyişirik - Hüseyn qağanın ölümündən sonra çap olunan kitabları haqda danışırıq...

“Xalq Bank”ın maliyyə dəstəyi ilə nəşr olunan “ Hüseyn Arifin seçilmiş əsərləri” kitabının layihə rəhbəri Rafiq Həşimov, nəşrin tərtibçisi və redaktoru Səlim Babullaoğlundan razılığını bildirir. Atası haqqında 2008-ci ildə nəşr olunan “Dünya durduqca” kitabından bircə nüsxə qaldığını təəssüflə qeyd edir.

Soruşuram:

- Tədbir üçün az tirajla nəşr etmək olmaz? Məsələn, 200 nüsxə...

- İmkan yoxdur. Yəqin 400-500 manat xərci olar...

- Doğrudanmı? Yəni...

- Bəli-bəli, doğrudan. Elə bilmə, böyük bir xəstəxanada baş həkimin müaviniyəm deyə, atamın kitablarını çıxarmaq üçün hər imkanım var. Əslində, çox adam bu sualı mənə verir. Bilirsən bala, Mən Hüseyn Arifin qızıyam, bu evə bir qəpik haram pul girə bilməz. Qağamın kitablarını aylarla maaşımdan kəsib, çap etdirmişəm. Bax, belə...

Öz-özümə Hüseyn qağanın “Gözəllərə” adlı şeirindən bir bənd pıçıldayıram:

Buza döndü qələm, bozardı kağız,
Arxamı qış kəsdi, qarşımı payız,
Yüzünüz bir şair yaratmadınız,
Biriniz yüz şair bada verdiniz.


Sağollaşıb “ruhu şad olsun” deyirəm. Kövrəlir Zöhrə xanım. “Allah rəhmət etsin, amma onun ölümünə hələ də inanmıram. Elə bilirəm, yenə hansısa tədbirə gedib, gecikir”.

Bu yerdə yadıma yenə qağanın qızı Səhər xanımın nə vatsa oxuduğum xatirələri düşür. Sabahı kiçicik bir araşdırma aparıb, Səhərin xatirələrini özüm üçün bir də oxuyuram:

“Bazar günü tezdən həyət qapısı açıldı, gələn atamıydı. Sürücüyə söykənə-söykənə birtəhər içəri girdi. Həkimdən xəbərsiz gəlmişdi. Sürücünü məcbur etmişdi ki, onu evə götürsün. Bir müddət sonra dostu, yazıçı İsmayıl Şıxlı “təcili yardım” vertolyotu ilə gəldi. İsmayıl Şıxlıgil gəldiyi gün - sentyabrın 14-də gecə saat on birə on beş dəqiqə işləmiş atam dünyasını dəyişdi. Onu Yenigün kənd qəbiristanlığında torpağa tapşırdıq. Özü belə istəyirdi.

Hüseyn Arifin oğul həsrəti ancaq bununla bitə bilərdi. Doqquz il sonra - 2001-ci ildə anam da atam kimi 68 yaşında dünyadan köçdü. Onun da məzarı Ariflə atamın yanında qazıldı”

Ağstafa dəryaçasının açılışında Hüseyn Arif çıxış edir. Solunda Heydər Əliyev
Ağstafa dəryaçasının açılışında Hüseyn Arif çıxış edir. Solunda Heydər Əliyev

Hüseyn Arifin həyat yoldaşı Məleykə xanımın və oğlu Arifin məzarları
Hüseyn Arifin həyat yoldaşı Məleykə xanımın və oğlu Arifin məzarları
XS
SM
MD
LG