Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:46

Şah İsmayıl polemikasına İrandan Şəlalə Cavanşir də qoşuldu


Şəlalə Cavanşir
Şəlalə Cavanşir
"Bizim dinimiz müqəddəs İslamdır. İslam adam əti yeməyi yasaqlamışsa, demək ki, Şah İsmayıl müsəlman da olmamışdır. Ortaya atılmış təsadüfi bir şəxsdir. İslamla, irfanla, təsəvvüflə də heç bir əlaqəsi olmamış..."


İrandan "Oxu zalı"na yolladığı bu məqaləsi ilə yazar Şəlalə Cavanşir açdığımız "Səfəvi polemikası"na qoşulur. Polemika Güntay Gəncalpın "Səfəvilər" kitabının ("Qanun") çapından sonra başlanıb.


Şəlalə CAVANŞİR
(Ərdəbil)


TARİXİN QARANLIĞINDA YANDIRILAN ŞAM

(Güntay Gəncalpın “Səfəvilər” kitabı üzərinə)

Səfəvilər kitabının internet ortamında yayılmış ərəb əlifbası variantını oxudum. Kitaba veriləcək təpkilər məni çox maraqlandırırdı.

Azadlıq Radiosunun "Oxu zalı"nda başladılan müzakirələri qaçırmadan izlədim. Həm kitabla bağlı yazılan məqalələri, həm də məqalələrə yazılan kommentləri.

Sonra qərara gəldim ki, mən də kitabla bağlı öz fikirlərimi yazıb "Oxu zalı"na göndərim.

Öncə başlanqıcda söyləyim ki, mən ana dilimdə təhsil almadığım üçün dilimdə bəzi əksikliklər ola bilər. Buna görə oxucular məni bağışlasınlar.

Fikirlərimi açıqlamaq üçün yazıma Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi” əsərindən bir alıntı ilə başlayacam.

Mövlanə məsnəvisində anladır ki, hindistanlılar böyük bir fili qaranlıq bir dama salırlar. Car çəkirlər ki, kim fil görmək istəyirsə gəlsin. Ömründə fil görməmiş adamlardan para alırlar ki, girib bu qaranlıqda fili görsünlər.

Adamlar bir-bir içəri girib dışarı çıxdıqlarında filin nə olduğunu əhaliyə anladırlar. Filin qıçına toxunan adam deyir ki, fil dirək kimi bir şey imiş! Filin qulağına toxunansa deyir ki, fil yelpəc kimi bir şey imiş, hava isti olduğunda onunla özümüzü yelləyib sərinlədə bilərik. Filin xortumuna toxunan da deyir ki, fil novdan kimi bir heyvan imiş. Filin belinə əlini sürən adam dışarı çıxdığında deyir ki, fil taxtadan yataq kimi bir şeydir, üstündə uzan yat. Biri də filin quyruğuna toxunur və deyir ki, fil deyilən şey ip imiş.


Hər kəs filin harasına toxunursa hiss etdiyi kimi anladır. Sonra da filə toxunub dışarı çıxanlar bir-birləri ilə qövqa edirlər ki, sən bilmirsən fil nədir. Digəri deyir ki, yox, sən yanlış anlatdın, sən heç fili görməmisən. Mövlanə nəticə alır ki, hissin gözləri əlin içi kimidir. Əlin içinə fil tam olaraq sığmaz. Onların birində ağıl olsaydı, bir şam yandıraraq o qaranlıq dama girməli idilər. Şamın işığında filin nə olduğunu görə bilərdilər.

İndi Güntay Gəncalpın “Səfəvilər” kitabı əslində o qaranlıq damın içində bir şam yaxmışdır. Filin nə olduğu görülmüşdür. Filə qaranlıqda toxunub nə olduğunu anlayıb anladanların dünyası dağılmışdır. Çünki gerçək fil onların anlatdıqlarının heç birisi deyilmiş. Güntay Gəncalpın “Səfəvilər” kitabına göstərilən təpkilər də bu şəkildədir. İnsanlar şamın işığında görülən fili qəbul etmək istəmirlər. Öz əsassız inanclarından vaz keçmək istəmirlər.

Tarixi olquları rəsmi ideolojilərin dar bacasından baxaraq incələməyə çalışan araşdırmaçılar üçün bir fenomenin plüralist (çoxyönlü) açıqlanması qəbul edilməzdir. Onlar üçün tarixi gerçək deyə bir şey yoxdur.

Onlar öz təsəvvürlərindəki xəyalları tarixi gerçəklik kimi görməkdən xoşlanarlar. Tarixi yaşanılan sonrakı çağların siyasi və duyğusal ehtiyaclarına görə incələməklə gerçəkləri bilmək mümkün ola bilməz.

“Səfəvilər” kitabına sərt təpki göstərənlərin ortaq nöqtələri budur ki, Səfəvilər Azərbaycanın bütövlüyünün əsasını qoymuş, böyük Azərbaycan dövləti qurmuşlar! Və ona toxunmaq, o dönəmə tənqidi yanaşmaq doğru sayılmaz.

Şah İsmayıl Azərbaycan imperatorluğu qurmuşdur! Belə bir şey olmuşmu gerçəkdən? Azərbaycan vətəndaşları bəlkə bir tür aşağılıq kompleksi yaşamaqdadırlar və bu yolla aşağılıq kompleksini gedərmək istəyirlər.

Şah İsmayılın Azərbaycan imperatorluğu qurma əməlinin nətcələrini nədən İranda yaşayan bizlər əsla hiss etmirik? Hiss etdiyimiz başqa şeylərdi. Bu doğrultuda Əli Şəriətinin “Əli şiəsi və Səfəvi şiəsi” kitabı çox diqqət çəkicidir. Səfəvilər əslində şiə inanışına da zərər vermişlər.

Hətta bunlar doğru olsa belə, yəni Şah İsmayıl Azərbaycan imperatorluğu qursa da (ki, yalandan başqa bir şey deyildir) azad düşüncənin tənqidi yanaşmasının önünü kəsmək olmaz. Azad düşüncə tarixdən üstündür, tarixdən önəmlidir.

Azad düşüncəni tarixin cahil dönəmləri öz əsarəti altına ala bilməz, almamalıdır. Modern insanın düşüncəsini Səfəvi bataqlığı yönləndirməməlidir. Azərbaycan cümhuriyyəti son iki əsrdə Səfəvi tarixi mühitindən və həyat şəklindən böyük ölçüdə olmasa da, qismən ayrılmış, qopmuşdur.

O kültürəl mühitlə, ancaq xəyal və təsəvvürlərlə irtibat qurmağa çalışırlar. Qürurla özlərini qızılbaş adlandırırlar. Sanki qızılbaşlıq bəşəriyyət üçün bir aydınlıq çağı olmuşdur.

Qızılbaşları sırf türk olduqlarından ululayırlar. Ancaq türk olmaları onların pis işlər etməyəcəkləri anlamında deyildir. Zatən türk tarixini və türk aqibətini qaranlığa gömən türklər özləri olmuşlar.

Başqa millətdə səbəb axtarmaq yanlışdır, anlamsızdır. Azərbaycan ölkəsi vətəndaşlarına sanki tarixdən bir imperatorluq lazım olduğu üçün Səfəviləri idealizə etmə təmayülü ortaya çıxmış. Ancaq onlar Səfəvi həyat şəklinin,
Səfəvi sosial psikolojisinin nə olduğunu yaşantı olaraq bilmiş olsalar, nəinki Səfəviləri sevməz olarlar, həm də Səfəvilərdən hissən və fikrən uzaqlaşarlar. 21-ci əsrdə dünyəvi qanunla təlim-tərbiyə alan Azərbaycan vətəndaşlarının səfəvisevərliyi çox düşündürücüdür.

Belə anlaşılır ki, Azərbaycan öz gələcəyini sevmək, ona qovuşmaq istəmir, Azərbaycan Səfəvi qaranlığına gömülmək istəyir. “Səfəvilər” kitabı isə, bu xəyalın yanlış, yalan və batil olduğunu kiçik şam yandıraraq göstərir.

Əlbəttə ki, uzun illər boyu Səfəviliyi yalanlara bürüyərək mənimsəmiş toplum üçün bu gerçəyi qəbul etmək çox çətindir. Azərbaycan vətəndaşları ilk oxuldan sona qədər Səfəvi həsrəti, Səfəvi heyranlığı ilə yetişdirilmiş. Buna sovet ideolojisi də mane olmamış.

Çünkü sovetlərin “parçala hökm sür” ideolojisinə bu, çox yaxşı xidmət edirdi. Bütünüylə Moskva bağımlı olan Pişəvərinin 1945-ci ildə qızılbaş ordusu təsis etməsinə Stalinin xoşgörü ilə baxması da bu üzdən idi. Sovetlər 1945-ci ildə Səfəvi mehvərli milli kimliyin yüksəlişinə izn verirdi. Bunun öncəsinə və ötəsinə çıxmasına izn verməzdilər, verəməzdilər.

“Qızıl baş” və “qızıl ordu” anlayışları həmahəng edilmişdi. Bu baxımdan Azərbaycan vətəndaşlarının Güntay Gəncalpın “Səfəvilər” kitabına göstərdikləri təpkilər anlaşılırdı. Çünkü beyinlərə doldurulmuş yalanlar ifşa edilir. Çünkü gerçək fil görünməyə, göstərilməyə başlamış və insanların təlqin edilən dünyaları dağılmışdır.

Azərbaycan şairlərinin şeirlərində deyildiyi kimi heç də Şah İsmayıl bir əlində saz, bir əlində kitab ozan kimi dolaşmamış. Ümumiyyətlə Şah İsmayıl saz çalmağı başarmamış, türk saz kültürünün yayğın olduğu ortamda yetişməmişdi. Gilanda türk sazı harda idi? və

“Bu gün ələ almaz oldum mən sazım
Ərşə dirək-dirək çıxar avazım” -


kimi şeirlər “Səfəvilər” kitabında iddia edildiyi kimi Şah İsmayıla aid deyil, aid ola bilməz. Bunların hamısı kitabda vurğulandığı kimi Anadolu ozanlarına, Anadolu xətailərinə məxsusdur.

Fanatik düşünmənin və tarixə fanatik bağlılığın yararlı olmadığını çağdaşlaşma tarixi isbatlamışdır. Tək çarəmiz çağdaşlaşmaq deyilmi? Çağdaşlaşmanın aydınlanma sürəcində tarixə fanatikcə bağlanmanın bir anlamı olmaz.

Tarixpərəstlik inkişafın önündə əngəldir. Tarixə büt kimi səcdə etmək gərək deyil, o, bilgi olaraq bilinməlidir. Bilinən bilgilərin çağımızda keçərli olub-olmaması başqa mövzudur. Azərbaycan ölkəsində Səfəvilik bilgi deyildir.

Təbliğatdır. “Səfəviliyə bağlan və kimlik qazan” görüşü insanların şüuraltına yerləşdirilmiş. Bu növ insan heç bir zaman çağdaşlaşa bilməz. Dialoqa açıq olmaz. Çünkü onun qazanacaqları gələcəkdə deyil, Səfəvilər adlı keçmişdədir. Səfəvilər isə idealizə edilmək yerinə elmi yöntəmlərlə araşdırılmalıdır.

Öncədən hazır ideallarla Səfəvi seyrinə çıxmaq modern insan tipinə yaraşmayan bir durumdur. Adama sormazlarmı ki, idealizə etdiyiniz bu dönəmdən insanlıq üçün hansı mədəni miras qalmış? Səfəvilər dönəmində həm türk, həm də fars dilində ədəbiyyat sönmüşdür. Bir Mövlanə, bir Xaqani, bir Cami, bir Füzuli belə yetişməmişdir. Füzulinin özü etiraf edir ki, Əlişir Nəvai məktəbinin davamçısıdır.

Səfəvilər kitabı İslam fəlsəfəsi və İslam tarixi üzərinə dərin açıqlamalarla başlamışdır. Bu bilgilərin özü Azərbaycan tarixçiliyi üçün çox önəmli olmalıdır.

Çünkü İslami dəyələrin tarixi sürəc içində bükülüb genişləməsi və siyasətə müdaxiləsi çox önəmli məsələlərdən biridir. Olayı sırf qızlbaşların əski İslam öncəsi türk kimliyinə bağlılığı yönündən açıqlamaq yanlış nəticələr doğura bilər. Bunun nəticəsini zatən biz Azərbaycan Cümhuriyyətində görməkdəyik.

Sanki Azərbaycan-türk tarixi, yalnız Səfəvilərdən ibarətdir və bunun dışında heç bir tariximiz olmamışdır. Çox maraqlı olan budur ki, “Səfəvilər” kitabında qaynaqlarla göstərilər ki, Şah İsmayılın nəvəsi İkinci Şah İsmayıl babasının “mənəvi” mirasını ortadan qaldırmaq istəyir və İslam böyüklərinə söyüş söyməyi yasaqlayır.

Təbərraçıların küçələrdə Hz. Məhəmmədin qadınına, dostlarına lənət göndərilməsini yasaqlayır. Onu sırf bu üzdən zəhərləyib öldürürlər.

Öz nəvəsi Şah İsmayılın tətbiğatına qarşı çıxmış, ancaq gəl gör ki, Azərbaycan Cümhuriyyətinin vətəndaşları tutdurub durmuşlar ki, Şah İsmayılın heç bir xətası olmamış, sufi olmuş, ozan olmuş, haqq aşiqi olmuş, sərkərdə olmuş, elə olmuş, belə olmuş!

Haqq aşiqi olan haqqın yaratdığı insanları heç bir suçları olmadan, inanclarından dolayı dəstə-dəstə qətl edərmi? 14 yaşında çocuq nə bilir dövlət nədir, dövlətçilik nədir? Bilmədiyi üçün getdiyi yerləri yaxıb yox edir.

Diplomatiyanın nə olduğunu bilmirdi. Qaba və kobud davranırdı. Sultan Səlim taxta çıxır, ona təbrik məsajı göndərmir. Şeybanini öldürüb leşini leşxor qızılbaşlara yedizdirdikdən sonra başının dərisinə saman doldurub Sultan Bayəzidə göndərir.

Qolunu kəsib başqa birinə göndərir. Belə dövlətlərarası münasibətlərmi olar? Budurmu uluslar arası diplomasi? Belə vəhşilikmi olar? Ancaq Anadoludan axın edən qızılbaş gücü 14 yaşlı çocuğun bu şıltaqlığını ört-basdır edir.
Şah İsmayıl
Şah İsmayıl
Bütün bunlar Şah İsmayılda yenilməzlik duyğusu yaratmışdı.

Gerçəkdən o, öz içində imamların yenilməz və qutsal ruhlarını daşıdığına inanmışdı.

Çaldıran məğlubiyyəti onun bu inancının yalan, yanlış və batil olduğunu göstərdi. İnsanları zəfər qazandıqları vaxtlarda dəyərləndirməzlər, qələbənin özünəməxsus sərxoşluğu var.

Məğlub olduqları vaxtda dəyərləndirərlər. İnsanın gerçək insanlığı və cövhəri məğlub olduğu zaman ortaya çıxar.

Çaldırandan sonra Şah İsmayıl canlı meyitə çevrilir. Yox olur, çevrəsindəki ən kiçik bəyliklərdən də qorxmağa başlayır. Qorxağın biri olur.

Çünkü onun batil inancını bu məğlubiyyət ifşa etmişdi. Gerçək üzü bu məğlubiyyətdən sonra ortaya çıxmışdı. Azərbaycanda Şah İsmayılın gerçək üzünü görmək istəməzlər. Məğlubiyyətdən sonra onun necə qorxaq bir həyat şəkli sürdüyünü dilə gətirməzlər.

Ancaq Şah İsmayıl heç də qəhrəman olmadığını özü də öz gözü ilə görürdü. Belə bir insanı modern dünyada Azərbaycan vətəndaşları üçün örnək tarixi şəxsiyyət kimi göstərmək millətləşmənin önündə böyük əngəl törədə bilər.

Çünkü Azərbaycan Cümhuriyyətində yalan və yanlışla təsvir edilən Şah İsmayıl adında “ədalətli!”, “azərbaycansevər!”, “türk kimliyi ilə qürur duyan!” bir şəxs tarixdə olmamışdır. Tam tərsinə qızılbaşlara xəyanət edən və onları dövlətdən uzaqlaşdıran bir Şah İsmayıl gerçəyi ilə qarşı-qarşıyayıq.

Ortaya atılan suallardan biri də budur ki, tarixi kim yazmalıdır? Belə bir yanlış fikir var ki, tarixi tarixçilər yazmalıdır.

Tarixçilər də, əslində tarixi xalq kütləsi üçün yazmazlar. Anlaşılmaz terminlərlə bir-birləri üçün yazarlar. Yazdıqları kitablar da kitabxanaların qəfəsələrində qalıb üstünü toz basar. Ancaq xalqın aydınlanması üçün yazılan tarix kitabları tarixi sorquladığı üçün hər zaman maraqla qarşılanar. İranda da elədir.

Əski tarixlə bağlı kitabları oxuyan yoxdur. Çünkü rəsmi ideolojilərin tarixə baxışıdır. Pəhləvilərin tarixə faşist baxışları əsasında yazılan kitabları kimsə oxumadı. Ancaq örnək üçün Nasir Purpirar adında bir tarixçi çıxır və pəhləvilərin yazdırdıqları kitablardakı yalanları bir-bir tarixi qaynaqlara dayanaraq ifşa edir və kitabları əldən-ələ dolaşır.

Çünkü çağımızda insanların aydınlanmağa ehtiyacı var. Modern dünya hər kəsin tarix elmi ilə məşğul olma haqqını rəsmiyyətə tanımışdır. Çünkü tarix yalnız tarixi verilərdən və nəqliyyatdan ibarət deyildir. İnsan düşüncəsinin yatağı olaraq da tarix incələnməlidir.

Düşüncə və kültürün kökü tarixdədir. Tarixlə uğraşmaq bir tür düşüncənin və kültürün sərgüzəşti ilə tanış olmaqdır. Tarix incələnməsi bir də yaşayan nəslin fikrən aydınlanmasına yardım etməlidir.

Aydınlanma və çağdaşlaşma təmayülü olaraq tarix uğraşısı meydana çıxmalıdır. Buna görə tarixi olayların axrasında və axarındakı düşüncələri və inancları açıqlamaq özü-özlüyündə bir sənətdir, fəlsəfədir. Bu baxımdan Güntay Gəncalpın “Səfəvilər” kitabı açıqlayıcı yönü ilə də diqqəti cəlb etməkdədir.

Səfəviyyəti tarixilik bağlamında incələdiyindən dolayı əsər oxucunu həm Anadolu, həm də İran gerçəkləri ilə dərindən-dərinə tanış etməkdədir. Əski türk gələnəyi, moğolların bölgəmizə gəlişi, xanigahların mənəvi-siyasi gəlişmələrdəki rolları haqqında kitabda ayrıntılı bilgi yer almışdır.

Bu, azad düşüncənin və heç bir ideoloji axıma bağlı olmayan fikrin ortaya qoyduğu tərəfsiz tənqidi tarixçilkdir. Bəziləri bu əsərdə osmanlıcılığın yer aldığını iddia edərlər. Ancaq “Səfəvilər” kitabında Osmanlı da tənqid edilmişdir. Gerçək tarixyazarlığı da budur. Yoxsa birilərinin saxta tarix duyğularına cavabdeh olmaq üçün yazılan tarix kitabları modern tarixçilik anlayışı ilə uyğun gəlməz.

Tarix məni düşündürməyəcəksə, nəyimə lazımdır? Qəbul etsək də etməsək də, Şah İsmayılın əmri üzərinə adam əti yeyən dəstələr təşkil edilmiş və adamları diri-diri yemişlər. Leşxor dəstələrin olduğunu Səfəvi qaynaqları özü yazır. Bunun tək suçlusu da Şah İsmayıldır.

Bəzilərinin qalxıb skiflərdə də adam əti yeyən olmuş kimi ifadələrdə bulunmaları Şah İsmayılın bu cinayətlərinə bəraət qazandıra bilməz. Bu gerçəkləri bilmək tarix şüurunun doğrular üzərində qurulmasına zəmin sağlar.

Bizim dinimiz müqəddəs İslamdır. İslam adam əti yeməyi yasaqlamışsa, demək ki, Şah İsmayıl müsəlman da olmamışdır. Ortaya atılmış təsadüfi bir şəxsdir. İslamla, irfanla, təsəvvüflə də heç bir əlaqəsi olmamış.

Sufilik, ariflik kimi özəllikləri lidersiz yaşaya bilməyən qızlbaşlar və daha sonra sovetlər Şah İsmayıla yükləmişlər. İrfanda, təsəvvüfdə nə zaman adam əti yeyilmiş? Nifrəti və kini tariximizə gətirən və sosial psikolojimizi nifrətə və ona-buna söyüş vermə kimi sayqısızlığa qərq edən bir şəxsi millətin tarixi qəhrəmanı kimi necə göstərmək olar? Biz hansı əsrdə yaşayırıq?

Türklüyümüzü və müsəlmanlığımızı nifrət və kinlə dolduran Səfəviliyi modern ağlımızın məhkəməsində sorqulamalıyıq. İslam əxlaqı və çağdaşlaşma da bunu gərəkdirər. Çağdaşlaşma tarixin qaranlıqlarına fərar etmək deyildir, tarixin qaranlıqlarını aydınlatmaqdır. “Səfəvilər” kitabı bu baxımdan tariximizin qaranlıqlarını aydınladır və şam işığında fil tam olaraq görünür.

Əlbəttə kitabda tənqid olunası yerlər də var. Hz. Əli (ə) yolu ilə anlaşılan, ya da anlaşılması gərəkən islamiyyət üzərinə durulmamışdır. Hz. Əli (ə) Şiəsinin İslam və insanlıq mədəniyyətinə verdiyi töhfələr haqqında kitabda bilgi yox dərəcəsindədir.

Ancaq İslam tarixində Hz. Əli (ə) yolunun Həllac, Nəsimi və digər bu kimi böyük şəxsiyyətlər yetişdirdiyi danılmaz həqiqətdir. Baxıldığında Hz. Əli (ə) səbri, Hz. Əli (ə) xoşgörüsü ilə Şah İsmayılın heç bir əlaqəsi olmamışdır. Səfəviliyin gətirdiyi təxribat Hz. Əli (ə) böyüklüyünü anlamaq üçün də bir əngəl olmuşdur.

http://www.facebook.com/shelale.cavanshir
XS
SM
MD
LG