Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:59

Əli Həsənov: «Biz Strasser'in hesabatı ilə razı deyilik»


Əli Həsənov
Əli Həsənov
-
«Christoph Strasser’in hesabatı ilə bağlı hazırda müvafiq qurumlar təhlil aparır. Azərbaycanın bu məsələdə Avropa Şurasından fərqli mövqeyi var. Biz hesab edirik ki, Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycanda konkret əməllərinə görə həbs olunmuş insanlar var. Baxmayaraq ki, bu insanların bəziləri siyasətlə, bəziləri fəal siyasətlə məşğuldur, amma siyasətlə məşğul olmaq onları öz əməllərinə görə məhkum olmaqdan sığortalamamalıdır. Bu, Azərbaycanın mövqeyidir».

Bunu APA-ya açıqlamasında Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənovun fikrincə, əvvəlcə «siyasi məhbus» anlayışının dəqiq meyarı müəyyənləşdirilməlidir:

«Azərbaycan dəfələrlə Avropa Şurasına (AŞ) və siyasi məhbus məsələsi ilə əlaqədar tövsiyələr irəli sürən qurumlara bəyan edib ki, siyasi məhbus anlayışının dəqiq meyarı olmalıdır. Bu meyar bütün dünya ölkələrində eyni qaydada tətbiq olunmalıdır. Bundan əvvəl biz Strasser’in səfəri ilə əlaqədar narazılığımızı bildirmiş və müvafiq tədbirlər görmüşdük. Xüsusən onun Azərbaycan üzrə məruzəçi təyin olunmasına etiraz etmişdik. Hazırda da bu danışıqlar gedir. Komitədə bu məsələ qaldırılıb və sentyabr ayında bu məsələnin AŞPA-nın gündəminə gətirilməsi qərara alınıb. Azərbaycanın müvafiq qurumları bu məsələni öyrənir və buna münasibət bildirəcəklər».

Strasser Azərbaycanda siyasi məhbus kriteriyasına 90 nəfəri aid edir. PA rəsmisi bunun subyektiv mövqe olduğunu deyir:

«Azərbaycanın bu məsələdə öz yanaşması və metodikası var. Strasser’in yanaşması subyektiv mahiyyət daşıyır. Onun neçə nəfəri həmin siyahıya aid etməsi də ziddiyyətlidir. Çünki Azərbaycanda uzun müddətdir, bu məsələ ətrafında fərqli fikirlər irəli sürülür. Azərbaycanın və Avropanın hüquq-müdafiə təşkilatları bu məsələdə yekdil rəyə gələ bilməyib. Kimi siyasi məhbus kateqoriyasına aid etmək, yaxud onun kriteriyasını necə müəyyən etmək məsələsində uyğunsuzluq var. Biz Strasser’in hesabatı ilə razı deyilik. Öz münasibətimizi yazılı şəkildə Avropa Şurasına və onun müvafiq qurumlarına çatdıracağıq».

AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsi iyunun 26-da alman deputat Christoph Strasser'in siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini qəbul edib.
XS
SM
MD
LG