Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:00

Reha Çamurğlu: "Şah İsmayılla qürur duymalı, amma səhvlərini də deməliyik"


Reha Çamuroğlu
Reha Çamuroğlu
"Bəli, Şah İsmayıl anasının öldürülməsini əmr edib".

"Xətai əlbəttə, Türk tarixinin çox böyük qəhrəmanıdır".



Türkiyə ələvilərinin liderlərindən biri, tarixçi, "İsmayıl" romanının (əsəri "Qanun" nəşriyyatı azərbaycanca çap edib) müəllifi Reha Çamuroğlunun "Oxu zalı"na müsahibəsi.

Güntay Gəncalpın "Səfəvilər" romanı çap olunandan sonra ("Qanun") açdığımız polemika davam edir.


- Reha bəy, Şah İsmayıl müzakirə mövzusu olanda bəzi tarixçilər onun yalnız xidmətləri haqqında danışmağın tərəfdarı kimi çıxış edirlər. Siz necə hesab edirsiniz, ideologiya naminə tarixi simaların ancaq müsbət tərəflərini aşılamaq lazımdırmı? Yoxsa...

- Əvvəla, Azərbaycandakı bütün qardaşlarımızı sevgi və sayğı ilə bağrıma basıram. Şah İsmayıl Xətai əlbəttə, Türk tarixinin çox böyük qəhrəmanıdır. Fəqət unutmamalıyıq ki, bütün qəhrəmanlar insandır. Biz Şah İsmayılı insan kimi, yəni əti, canı, kirpikləri olan insan kimi qəbul etməliyik. Tariximizdəki şəxsiyyətlərin ilahiləşdirilməsinin bizə başucalığa gətirməsi qənaətində deyiləm. Şah İsmayıl Xətainin xidmətləri iki baxımdan qiymətlidir. Birincisi, köçəri tayfalardan böyük dövlət quran hökmdar, ikincisi bir mürşid və böyük şair kimi. Şah İsmayıl tariximizin bir parçası olduğu üçün öyünməli və qürur duymalıyıq. Amma bu, bizim onun insan kimi qüsurlarını görməyimizə əngəl olmamalıdır. Şəxsən mən tarixi simalara belə yanaşmağın tərəfdarıyam.

- Şah İsmayılın xətaları, qüsurları nədən ibarət idi? Bəlkə bu haqda danışaq...

- Əslində, Şah İsmayılın bəzi qüsurları dövrünün qaçılmaz xətaları idi. Yəni özü də bu qüsurlardan qaça bilməzdi, sanki tələyə düşmüşdü. Məsələn, İsmayıl təbliğ etdiyi ələviliyi (mən də bu yolun yolçusuyam) qəbul etməyən insanların yaşamaq haqqını tanımayan mərhəmətsiz bir nizam yaratmışdı. Bu, onun birinci xətasıdır. İkincisi, onun hakimiyyətə gəlməsinə kömək edən gücləri tərk edib onlara vəfasızlıq etmişdi. Şah İsmayılı var edən güclərdən biri qızılbaş türkmənlərdir. İsmayılın oğlunun adı Təhmasibdir. Bu adın türk yox, sasani mənşəli ad olduğunu hər kəs gözəl bilir. Yəni o, Sasani imperatorluğu ənənəsinin yaşamasına müəyyən qədər rəvac vermişdir.

- Mən sizin “İsmayıl” romanınızdan bir cümləni xatırladım: İsmayıl yuyunmadan günəşə baxmağın hörmətsizlik olduğunu fikirləşdi”. Bu düşüncədə olan insan bir neçə səhifədən sonra anası Aləmşah bəyimin öldürülməsi haqqında fərman verir. Doğrudanmı, İsmayıl ana qatilidir?

- Bəli, Şah İsmayıl anasının öldürülməsini əmr edib. Amma bir şeyi unutmayaq ki, 16-cı əsrdə siyasət çox mərhəmətsiz qaydalara tabe idi. Məsələn, Sultan Səlim qardaşlarını, oğlunu öldürtdürmüşdü. Yəni əlbəttə, Şah İsmayılın doğmaca anasını öldürtdürməsi əfvolunmaz, bağışlanılmaz bir hərəkətdir. Bir şeyi unutmamalıyıq ki, bu təkcə İsmayıla aid olan məsələ deyil. O dövrdə Qərb dövlətlərində də bu belə idi, amma təkrar edirəm, təbii ki, bu qəbuledilməz xətadır.

- Yazmısınız ki, İsmayılın yaxın silahdaşları - Dədəbəy, Nəcm, Məhəmməd bəy hökmdarın əmrinə qarşı çıxıb Aləmşahı öldürməkdən boyun qaçırıblar. Baş vəzir Zəkəriyyə əmri icra edib...

- Əlbəttə, əlbəttə... Çünki onun silahdaşları vicdanlı insanlar idi. Vicdanlı adamların iqtidarın ədalətsiz əmrlərini qəbul etməsi mümkün deyil.

- İddia olunur ki, Səfəvi dövləti totalitar hakimiyyət yaradıb. Kütləvi qətllərlə şiəliyin yeganə rəsmi məzhəb olaraq qəbul etdirilməsi tolerant dini düşüncənin dayaqlarını sarsıdıb. Bu haqda fikirlərinizi bilmək istərdim...

- Kim bu fikri ortaya atıbsa, böyük mənada doğrudur. Amma eyni dövrdə Misirdə böyük bir sünni dövləti yaratmışdılar. Bu fikri Osmanlı dövlətinə də aid etmək olar. Belə olanda kimin daha haqlı olduğu ortada qalan məsələ olur. Haradasa, Səfəviləri bu ittihamla
günahlandırmaq mümkündür, amma bunun da bir həddi olmalıdır.

- Şah İsmayılın məzhəb ayrı-seçkiliyinin altını bu gün türklər çəkirmi?

- Əlbəttə! Məsələn, Türkiyədə rəsmi tarix Çaldıranda iranlıları məğlub etdik deyə, öyrədilib şagirdlərə. Amma Çaldıranda biz bir-birimizi məğlub edib, bir-birimizə məğlub olmuşuq. Sanki zəfər qazanmış kimi sevinirdik. Ortada da qələbə yoxdur. Biz bir-birimizi qıran vaxt portuqaliyalılar Hindistana çatmışdılar, İpək Yoluna nəzarəti əldən vermişdik. Əslində, İslam mədəniyyətinin çökməsində və sümürücü Qərbin inkişafında bizim sünni və şiə ayrı-seçkiliyimizin, qırğınlarımızın rolu böyük olub. Biz bu gün də bunun acısını çəkirik.

- Tez-tez bir fikirlə rastlaşırıq: Çaldıran döyüşü olmasaydı, türklərin Avropada hökmranlığı başlayacaqdı. Bu fikirlə razısınızmı?

- Çaldıran olmasaydı, bəli, türklər tarixdə çox böyük rola sahib ola bilərdilər.

- Şah İsmayılı bu döyüşə təhrik edən Sultan Səlim olub...

- Bəli, tamamilə doğrudur. Şah İsmayıl böyük silahlara malik Osmanlı ordusu qarşısına çıxmaq istəməmişdi. Əgər İsmayıl Osmanlı ordusu qarşısına inandığı tərəfdarları tərəfindən təhrik edilib çıxmasaydı və geri çəkilsəydi, Osmanlılar müqavilə bağlaya bilərdilər.

- İsgəndər Pala “Şah və Sultan” romanında yazır ki, İsmayıl Təbrizdə şiəliyi qəbul etməyən insanları qaynar yağ qazanlarında öldürtdürürmüş. Sizcə, bu, yazıçı fərziyyəsidir, yoxsa bu cür faktlar var?

- Şah İsmayılın Təbrizdə Xalid ibn Validin nəslini öldürtdürməsi həqiqətdir. Xeyli sayda sünni aliminin də edam etdirdiyini gizlədə bilmərik. Amma mən tarixçi olaraq yağ qazanları kimi dramatik olaylarla rastlaşmadım.

- Hətta düşmən əsgərlərinin ətini ordusuna yedirtdiyi də yazılır...

- Bu iddialar çox mübaliğəli və qəbul olunmayan iddialardır. Çünki Şah İsmayılın ordusu da, Osmanlı ordusu da müsəlmandır. İslamda insan əti yeməyin hansı anlama gəldiyini hər kəs bilir.

- Reha bəy, səfəvilərdə rəsmi dövlət dilinin türk dili olmasını da şübhə altına alırlar. Əks arqument kimi fars dilini göstərirlər. Belədirmi?

- Fars dili məsələsi qətiyyən doğru deyil. Səfəvilərdə rəsmi dövlət dili türk dili olub. Şah İsmayılın türkcə şeirlər yazması bunu sübut edir. Yəni bu məsələdə mənim heç bir tərəddüdüm yoxdur. Amma Təhmasibdən etibarən farscaya keçirilməsi də faktdır.
XS
SM
MD
LG