Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Baş redaktor: "Yazıçılar Birliyi ildə 1 dəfə konfrans keçirməlidir"


Elçin Hüseynbəyli
Elçin Hüseynbəyli
-

“Qulu Ağsəs “Ulduz” jurnalı üçün tam olaraq öz potensialından istifadə etmir”.


“Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin “Gündəlik teleqraf” qəzetinə müsahibəsindən


- Yazıçılar Birliyinin növbəti qurultayında Birlikdə, onun orqanlarında, eləcə də “Ulduz” jurnalında gəncləşmə aparıla bilərmi?

- Bu qurultayda kimin sədr seçiləcəyindən asılı olmayaraq, bəzi yeniliklər olmalı, islahatlar aparılmalıdır. Mən demirəm ki, hər şey kökündən dəyişməlidir, xeyr. Heç bu, mümkün də deyil. Ümumiyyətlə, Yazıçılar Birliyinin öz ənənəsi var və ona uyğun fəaliyyət göstərir.

Mənim də ideyalarım və fikirlərim var. Cəmiyyət builki qurultaydan eynən bizim kimi çox şeylər gözləyir. Yəqin ki, yeniliklər bizim nizamnaməmizdə öz əksini tapacaq. Mən yeni layihələr təklif edəcəm və istərdim ki, qurultaydan sonra onların üzərində işləyək. İldə heç olmasa, bir dəfə konfrans keçirək...

Başqa təkliflər də irəli sürmək fikrindəyəm. Bir də mən istərdim, icra aparatında bir az möhkəmlənmə olsun. Mən qurultaydan qəbul olunacaq yenilikləri gözləyirəm. “Ulduz” jurnalında isə gənclərə yer ayırmağı düşünürük.

- Baş redaktoru olduğunuz “Ulduz” jurnalının son illərdəki fəaliyyətini necə dəyərləndirirsiniz?

- “Ulduz” jurnalına 2004-cü ildən baş redaktor gəlmişəm. Mən jurnala gələndən sonra bir sıra dəyişikliklər oldu, yeni rubrikalarla çıxış etdik. Yazar Aysel Əlizadə (“Ulduz”un son sayı gənc yazar Aysel Əlizadəyə həvalə edilmişdi – Oxu zalı) müsahibələrindən birində deyib ki, o, jurnalda oxuculara əlyazma şəklində müraciət edib.

O, yəqin mənim hazırladığım ilk nömrələri oxumayıb, oxusaydı bilərdi ki, ilk başda mən də oxuculara əlyazma şəklində müraciət edirdim. Yəni bu metoddan istifadə olunub.

Biz hər zaman çalışmışıq ki, jurnal Azərbaycan ədəbi palitrasını bütövlükdə əks etdirə bilsin. İndi də üstünlüyü gəncliyə vermişik və çalışırıq məşhur yazıçıların cavanlıq şeirlərini, hekayələrini “Retro” rubrikasında çap edək.

Cavanlarımız görsünlər ki, indi müəyyən məqama sahib yazıçılar onların yaşında olanda necə yazırdılar.

Heç şübhəsiz, başqa sahələrdə olduğu kimi, “Ulduz” jurnalında da məni qane etməyən məsələlər var. Bu, bizim inersiyalı hərəkətimizidir. İşçilərin təşəbbüskarlıqları azdır, daha
Əsəd Cahangir Azadlıq Radiosunun "Pen klub" proqramında "Ulduz" jurnalının müzakirəsində
Əsəd Cahangir Azadlıq Radiosunun "Pen klub" proqramında "Ulduz" jurnalının müzakirəsində
çox məndən ideyaları, fikirləri gözləyirlər. Bir yandan, onları da anlamağa çalışıram. Çünki burda çalışanların əksəriyyəti yaradıcı insanlardır, həm də indiki cavanların hamısı demək olar ki, qonorar məsələsindən şikayət edirlər. Bizim işçilər çox az maaşa çalışırlar.

İllik büdcəmiz elə də böyük deyil, hardasa bir normal maşının puludur. Bunu da nəzərə almalıdırlar ki, jurnal ildə 12 nömrə 500 tirajla çıxır. Öz qrafikinə uyğun fəaliyyət göstərir, 14 işçi burdan maaş alır. Nömrənin qonorarı isə cəmi-cümlətani 600-700 manatdır. Qonorarın belə aşağı olmasına mən də razı deyiləm, çünki yaradıcı insan normal qonorar almalıdır…

- “Ulduz” jurnalının baş redaktor müavini Qulu Ağsəs Azadlıq Radiosuna müsahibəsində bütün müəlliflərin redaktor olaraq sizə müraciət etdiyini deyib. Daha sonra əlavə edib ki, jurnal baş redaktorun əsəridi. Bunu öz ünvanınıza yumşaq tənqid və eyham kimi qəbul edirsinizmi? Sizcə, jurnalda Qulu Agsəsin imkanlarından, potensialından tam istifadə olunurmu?

- Jurnal baş redaktorun simasıdır və bunu hər kəs bilir. Bir yandan da jurnal kollektivin məhsulu olduğu üçün həm də kollektivin siması sayılır. Bircə onu qeyd edim ki, Qulu Ağsəs “Ulduz” jurnalı üçün tam olaraq öz potensialından istifadə etmir. Ona bütün imkanlar yaradılıb, bu baxımdan onun dediyi iradlar kifayət qədər normaldir...

- “Ulduz” jurnalının 7-ci sayını gənclər çıxarıb, tənqidçi Əsəd Cahangir həmin sayı sərt tənqid edib. Bu tənqidlərlə razısınızmı? Əsəd bəyin tənqidini ümumiyyətlə, jurnalın müəyyən saylarının gənclərə tapşırılmasına qarşı bir mövqe kimi qəbul etmək olarmı?

- Birinci ordan başlayaq ki, “Ulduz” jurnalı artıq üçüncü ildir ki, ayrı-ayrı saylarını gənclərin ixtiyarına verir. Yəni bu, bir eksperimentdir və mahiyyəti ondan ibarətdir ki, cavanlara şərait yaradılsın, onlar özlərini həm redaktorluqda, naşirlikdə sınasınlar, həm də əsərləri ilə nəyə qadir olduqlarını göstərə bilsinlər.

Onların işinə heç bir müdaxilə etmədik, hərtərəfli seçimi elə gənclərin özlərinin üzərinə buraxdıq. Jurnalın baş redaktor müavini Qulu Ağsəs yalnız ona nəzarət edirdi ki, nömrədə hər hansı söyüş, vulqar ifadə getməsin. Təəssüf ki, “Ulduz” jurnalının gənclərə ev sahibliyi etməsi, onlara geniş meydan verməsi qeyd olunmur. Belə bir fikir deyirlər ki, jurnal onsuz da yaxşı çıxmırdı, indi də bu cavanlar çox bərbad günə qoydular.

O ki qaldı, konkret Əsəd Cahangirin fikirlərinə. Mən belə düşünürəm ki, Əsəd Cahangir gənclərdən daha çox şey gözlədiyi üçün tənqidə geniş yer vermişdi. Məncə, o, siz deyən kimi elə də sərt tənqid etməmişdi. Mən Əsəd Cahangirin tənqidini çox normal qəbul edirəm. O, yalnız xoşməramlı niyyətdədi. Demək istəyirdi ki, bax, siz cavanlar hər zaman Elçin Hüseynbəylini tənqid edirsiniz, sizin də ortaya qoyduğunuz məhsul budur. Yəni siz də mükəmməl bir jurnal yarada bilmədiniz. Siz də döşünüzə döyməyin ki, nəyisə bacardıq. Məncə, Əsəd Cahangirin fikirləri, sözləri bundan ibarət idi.

"Ulduz" jurnalının gənclər buraxan son sayı
"Ulduz" jurnalının gənclər buraxan son sayı
Ancaq Əsəddən fərqli olaraq, mən gənclərdən bundan artığını gözləmirdim. Çünki gəncləri də qınamalı deyil. Onlar da Azərbaycan ədəbi palitrasında bəyəndikləri yazıları qəbul edib çapa veriblər. Dizayn baxımından nəyə gücləri çatıbsa, onu ediblər.

- Bundan sonra da eksperimental layihə davam edəcəkmi?

- Hər bir jurnal baş redaktorun simasıdır. Ona görə də xırda bir səhv gedəndə bizi qınayır və deyirlər ki, hazırladığınız jurnal budur... Necə ki, Yazıçılar Birliyi haqqında söz düşəndə ilk zərbə Anar müəllimə dəyir, bizdə də elədir. Məncə, hər iki tərəf haqlıdır, həm ittiham edən, həm də ittiham olunan. O gənclər də çox əziyyət çəkdilər, amma bununla yanaşı, indiyə kimi bizim işçilərin nələr çəkdiyini gördülər. Biz bu eksperimenti davam edəcəyik. Növbəti oktyabr sayımızı Kəramət Böyükçölə tapşıracağıq. Növbəti ildə bu işlər davam edəcək.

Bir məqamı da deyim. Bu nömrələrdə çap olunmayan gənclər şikayət edirlər ki, biz kənarda qalırıq. Mən də deyirəm ki, gəlin, bir nömrəni də sizə verim, bacarığınızı göstərin. Onlar sizi bəyənmirlər, siz də onları. Onların hazırladığı jurnalı gördük, indi də növbə sizindir. Azad işləyin, heç kim sizə müdaxilə eləməyəcək. Biz bölgələrimizdə olan yazarlara da yer ayırmağın qayğısını çəkirik və düşünürük ki, onları diqqətdən kənarda saxlamamalıyıq.
XS
SM
MD
LG