Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:49

«Freedom House» Azərbaycanı interneti «qismən azad» ölkə adlandırdı...


Foto: Arxiv
Foto: Arxiv
-
ABŞ-da yerləşən «Freedom House» hüquq müdafiə təşkilatının açıqlamasına görə, dünyanın hər yerində hökumətlər İnternet azadlığına basqıları gücləndirirlər.

Təşkilatın «İnternet azadlığı 2012» adlı hesabatı ötən ili və bu ilin birinci yarısını əhatə edir.

Hesabatda deyilir ki, tədqiq olunan 47 ölkənin 14-də hökumət lehinə muzdlu şərhçilər müşahidə olunub və kiber-hücum geniş yayılıb.

«Freedom House» internet azadlığına qanuni məhdudiyyətlərə, internetdəki tənqidçilərə qarşı fiziki hücumların genişlənməsinə də diqqət çəkir.

Hesabatda Belarus və Özbəkistan «azad olmayan» ölkə kimi qiymətləndirilib. İran, Kuba və Çində də internet azadlığı aşağı səviyyədə dəyərləndirilib. Azərbaycan, Pakistan və Rusiya «qismən azad» ölkə kimi təqdim olunub. Azərbaycan internetin vəziyyətinə görə 100 baldan 50-sini toplayıb.

İnterneti ən azad olan ölkə isə Estoniyadır. Qonşu Gürcüstan da interneti azad olan ölkələr siyahısında yer tutub.

Mətbuatı azad olmayan ölkə kimi təqdim olunan Azərbaycanla bağlı hissədə deyilir ki, ötən il ölkədə internet istifadəsi və onlayn fəallığı yüksəlib. Bu artım hökuməti mühitə nəzarət etmək üçün səyini gücləndirməyə vadar edib.

İNTERNET FƏALLARINA TƏZYİQ OLUR

İnternetin Azərbaycanda 1994-cü ildə tətbiq edildiyi və 1996-cı ildə bütün vətəndaşlar üçün açıq olunduğu xatırladılır. Bildirilir ki, şəhər yerlərində internet biznes və fərdi məqsədlər üçün istifadə edilir.
Foto: Arxiv
Foto: Arxiv
Ancaq kəndlərdə və şəhər yerlərindən kənarda internet əlçatımlığı aşağı səviyyədədir.

Hesabatda yazılır ki, Azərbaycan hökuməti onlayn materialları senzuradan keçirmir, informasiya texnologiyalarına girişi məhdudlaşdırmır, amma hansısa saytlar blok edilir. Məsələn, 2011-ci ildə AzadlıqRadiosunun veb-saytına ara bir giriş bloklanıb.

«Freedom House» bura bir neçə həbsi, onlayn fəallarına təzyiqləri də aid edir. Bildirilir ki, «Ərəb baharı»ndan sonra ölkədə müşahidə olunan etiraz aksiyaları zamanı internet fəallarına təzyiq olub, bəziləri həbs edilib:

««Ərəb baharı»nın doğurduğu etirazların narahatçılığı Azərbaycan hakimiyyətini nəzarəti gücləndirməyə vadar edib. Belə ki, məlumatlara görə, hakimiyyət «Azercell» mobil telefon şəbəkəsində «qara qutular» yerləşdirib və təhlükəsizlik agentlərinə bütün mobil əlaqələri izləmək imkanı yaradıb».

«Qara qutu» haqda deyilənlərə münasibət öyrənmək üçün «Azercell»in ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq.

«Biz «Azercell»in adını qeyd edilən məruzədə görməkdən təəccüblənirik. Digər mobil operatorları və telekommunikasiya xidmətləri göstərən şirkətlər kimi, «Azercell Telecom» da Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ aktlarına uyğun olaraq fəaliyyət göstərir» - deyə «Azercell»in açıqlamasında bildirilir.

Foto: Arxiv
Foto: Arxiv

İNTERNET ƏHALİNİN YARISI ÜÇÜN ƏLƏÇATIMLIDIR

«Freedom House»un hesabatında Beynəlxalq Telekommunikasiya Birliyinə istinadən bildirilir ki, 2011-ci ildə Azərbaycanda internet əhalinin 50 faizi üçün ələçatımlı olub. Amma Bakıdan kənarda yaşayan sakinlərin internetə çıxış imkanları daha zəifdir.

Hesabatda internetin qiymətinin 50 faizə qədər endirilməsi göstərilir. Eyni zamanda, vurğulanır ki, bəzi istifadəçilər hələ də aşağı sürətli «dial-up» sistemindən istifadə edir və internetə qoşulmaqda, xüsusilə audio-video materialları qəbul etməkdə çətinliklərlə üzləşirlər.

«Freedom House» göstərir ki, Azərbaycanda «Facebook» və «Twitter» sosial şəbəkələri yerli hakimiyyəti tənqid edən fikirləri yaymaq üçün də istifadə edilir:

««Facebook» etirazlar, nümayişlər və sosial məsələlərlə bağlı əsas informasiya mənbəyinə çevrilib».

O da vurğulanır ki, hökumət öz tənqidi fikirlərini internet vasitəsilə yayanlara qarşı təzyiqlərini gücləndirir və bunun qarşısını almaq üçün müxtəlif tədbirlərə əl atır:

«Bəzi dövlət institutları tələbələrə xəbərdarlıq edir ki, internetdə siyasi fəallıq etsələr, problemlərlə üzləşəcəklər».
XS
SM
MD
LG