Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:48

Elektron xidmət: Nazirliklər nə vaxt kağız-qələmdən əl çəkəcəklər


Foto: Arxiv
Foto: Arxiv
-
Vergiödəyicisi Rəşad Şirin hesab edir ki, Azərbaycanda bütün qurumlar kağız üzərində yox, praktik olaraq «elektron hökumət» portalına qoşulmalıdır. Onun fikrincə, «elektron hökumət»in ən böyük dəyəri ondan ibarətdir ki, burada insanlarla qurumlar arasında fiziki təmas azalır. Yəni, bütün işlər onlayn, internet üzərindən görülür. Rəşad Şirinin dediyinə görə, artıq Vergilər Nazirliyi bu sistemə keçə bilib. Amma bunu bütün qurumlar haqqında demək çətindir:

«Sadələşdirilmiş vergilərin elektron xidmət vasitəsilə ödənilməsi Azərbaycanda çox yaxşıdır. Yəni, rübdə bir dəfə hesabatı doldurub göndərirsən. Amma digər strukturlarda, məsələn, sosial müdafiə sistemində vəziyyət fərqlidir. Orada elektron sistem hələ işləmədiyi üçün gedib yerində - yəni idarədə hesabat verməyə məcbur olursan. Orada da başlayırlar variantlar axtarmağa ki, səndən necə pul alsınlar. Yəni, burada insanlarla birbaşa təmasın hələ də qalması belə hallara imkan yaradır. Vergilərdə isə hər şey elektron həll olunduğu üçün belə hallar ortadan qalxıb».

Rəşad Şirin deyir ki, əslində sosial müdafiə sistemində də «elektron hökumət»ə qoşulduqlarını bildirirlər. Amma ora gedib müraciət edəndə vətəndaşlara hansısa «kod»un alınmasından danışırlar. Bu isə insanları çətinə salır. Ona görə də, istifadə edə bilmirlər. Halbuki, vergilər sistemində elektron xidmətdən çox adam istifadə edir.

«AZƏRSU»NUN ELEKTRON XİDMƏTİ

Böyük dövlət qurumlarından birinin yerli idarələrinə - «Azərsu ASC»nin Nəsimi rayon bölməsinə təmir üçün müraciət edirik. Oradan bildirirlər ki, ərizə doldurmaq üçün mütləq idarəyə gəlməlisiniz. Elektron xidmət bu məsələdə kömək etməyəcək. İdarədə isə bizə bildirirlər ki, şəbəkə olmadığı üçün müraciətinizin qeydə alınması bir müddət çəkəcək.

BƏLƏDİYYƏLƏRİ DƏ BU SİSTEMƏ QOŞMALI

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev isə deyir ki, artıq «elektron hökumət» portalı da yaradılıb və dövlət orqanlarının 120 xidməti www.egov.az portalına inteqrasiya olunub. Artıq 31 dövlət orqanı ora qoşulub:

«Amma müəyyən dövlət orqanları üçün bu, yeni bir işdir. Amma elələri də var ki, 5-6 il əvvəldən başlayıblar bu işə. Yəni, bu işdə dövlət orqanlarının hamısı eyni vəziyyətdə deyillər. Bu da təbii ki, onların bu sistemə mərhələlərlə keçməsinə zərurət yaradır. Yəqin ki, bu proses mərhələlərlə davam edəcək və mərhələlərlə də başa çatdırılacaq».

İsfəndiyar Əliyev
İsfəndiyar Əliyev
İsfəndiyar Əliyev deyir ki, prezidentin 2011-ci il mayın 23-də verdiyi fərmanda söhbət yalnız mərkəzi icra hakimiyyəti orqanlarından gedirdi. Amma hazırda icra hakimiyyətləri və bələdiyyələrin də bu sistemə qoşulması üzərində düşünülür və yaxın zamanlarda bu işlərə başlanılacaq.

Bu ilin əvvəlində prezident İlham Əliyev sərəncam verib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılsın. Müvafiq işlərin görülməsi üçün də 3 ay vaxt verilmişdi. İyulda isə prezident yeni bir fərman imzaladı.

HƏLƏ VAXTA VAR

Həmin sənəddə qeyd olunurdu ki, prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılsın.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, bu işdən ötrü də 3 ay vaxt verilib. O hesabla bu işi yerinə yetirməli olan qurumların hələ sentyabradək vaxtları var. Həmin fərmandakı maddələrin biri Rabitə Nazirliyi nəzdindəki agentliyin ləğvini nəzərdə tuturdu.

İSTƏK VAR, MƏBLƏĞ YOXDUR, YA DA...

Osman Gündüz deyir ki, ümumiyyətlə bütün dövlət qurumlarının elektron xidmət yaradıb portala inteqrasiya olunması barədə 2011-ci ilin mayında imzalanmış fərman qüvvədədir. Amma o fərman hələlik tam olaraq icra edilməyib:
Osman Gündüz
Osman Gündüz


«Dövlət qurumunun rəhbəri istəyirsə, bu sahənin mütəxəssislərini yığıb komanda yaradır və bu iş gedir. Bu işi həyata keçirmək üçün zəruri şərtlər bunlardır. Amma əlbəttə ki, bu kağız üzərində olan prosesi elektron prosesə keçirmək üçün 10-20-100 minədək pul lazımdır. Bu məbləğ, məsələn, Vergilər Nazirliyində, Gömrük Komitəsində, Rabitə Nazirliyində, DİN-də var. Ona görə onlar bu işi öz daxili imkanları hesabına qururlar. Amma Ailə Qadın və Uşaq Komitəsi, Müəllif Hüquqları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və sair bu kimi qurumlarda ola bilər ki, həqiqətən rəhbərlər istəyir, komandası da var, sadəcə pul yoxdur. Pul məsələsi isə büdcədən həli olunmalıdır. Büdcədən həll olunmasına baxan dövlət qurumu yox idi. Ona görə də, prezident yeni bir qurum yaratdı ki, bu məsələlər mərkəzləşdirilmiş şəkildə həyata keçirilsin».

ŞÜURLU ŞƏKİLDƏ İSTƏMİRLƏR

Osman Gündüz hesab edir ki, sentyabr ayınadək bu prosesin maliyyə məsələləri həll olunacaq. Ancaq onun fikrincə, elə dövlət qurumları da var ki, onlar şüurlu şəkildə hansısa xidmətin elektron formaya keçirilməsini istəmirlər. Ona görə də, bəzi qurumlarda bu proses demək olar ki, getmir.

«Elektron hökumət» — hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni, hər bir vətəndaş dövlət qurumlarının mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt öyrənə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər.

Mütəxəssislər hesab edirlər ki, «elektron hökumət»in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində «elektron hökumət» fəaliyyət göstərir.
XS
SM
MD
LG