Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:58

Əvəz Zeynallı ilə bağlı imzatoplama kampaniyası başladı


Əvəz Zeynallı
Əvəz Zeynallı
Oktyabrın 9-u «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsi və hüquqlarının bərpası çağırışı ilə prezident İlham Əliyevə ünvanlanmış müraciətlə bağlı imza toplanışına başlanılıb.

Kampaniyanın başlanmasına həsr olunmuş brifinqdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bildirib ki, istənilən vətəndaş müraciəti imzalaya bilər.

İmza toplanışı Facebook, E-mail və çap versiyasında həyata keçirilir.

Müraciətdə deyilir: «Cənab prezident, sizi «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsinə və hüquqlarının bərpasına çağırırıq. Keçmiş deputat Gülər Əhmədovadan rüşvət istəmə ittihamı üzrə Ə. Zeynallını 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Eyni zamanda G. Əhmədovanın Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevdən onun deputat seçilməsi üçün 1 mln. tələb etməsi barədə video süjet bütün KİV-ə yayımlanıb.

Ə. Zeynallıya qarşı irəli sürülmüş ittihamın ləğvinin, ona dəyən maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsinin vaxtı çatıb».

İmza toplanışı 10 gün davam edəcək. Bundan sonra sənəd prezidentə göndəriləcək.

Ə. Zeynallı keçmiş deputat Gülər Əhmədovanın prokurorluğa müraciəti əsasında həbs olunub. G. Əhmədova redaktor tərəfindən şantaja məruz qaldığını, Əvəz Zeynallının ondan pul tələb etdiyini bildirib.

Onun ərizəsi əsasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ə. Zeynallı barəsində CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi qaldırıb.
XS
SM
MD
LG