Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:59

Əkrəm Əylisli romanında Heydər Əliyevin mənfi obrazını yaradıb?


Heydər Əliyevin portreti. Rəssam: Tahir Salahov
Heydər Əliyevin portreti. Rəssam: Tahir Salahov

Romanda aktyor Nüvariş Qarabağlının xatirələrindən (ruscadan tərcümə)

-

Tərcümə aşağıda

Yazıçı Əkrəm Əylislinin Rusiyanın "Drujba narodov" jurnalında çap edilmiş qalmaqallı "Daş yuxular" romanı ətrafında müzakirə və mübahisələr səngimir.

Onu ən sərt tənqid edənlər arasında hakim Yeni Azərbaycan Partiyasının üzvləri də var. Onlar romanda erməni-Azərbaycan münaqişəsinin birtərəfli işıqlandırıldığını, azərbaycanlıların vəhşi, ermənilərinsə məzlum kimi göstərildiyini əsas gətirirlər.

Partiyanın sədr müavini Əli Əhmədov hətta yazıçının erməni olduğu ilə bağlı gümanını səsləndirib. Amma Ə.Əylislinin romanında Sovet dövründə Azərbaycana rəhbərlik etmiş, müstəqillik dövründə isə YAP-ı yaratmış, onun ilk sədri olmuş sabiq prezident Heydər Əliyevin obrazının yaradıldığını da ehtimal etmək olar. Hər halda bunun belə olub-olmadığını müəyyənləşdirməyi oxucuların öz ixtiyarına buraxırıq. Romanda aktyor Nüvariş Qarabağlının xatirələrindən (ruscadan tərcümə):

"O, 1979-cu ilin mayını, külli-Azərbaycanın o zamankı Birinci şəxsinin qəfildən teatra təşrif buyurub, elə o cür də qəfildən ona şəhərin düz mərkəzində mənzil verməsini xatırladı.

Yadına düşdü ki, hələ 60-cı illərin sonlarında, bir dəfə möhkəm vurandan sonra lül-qəmbər avtobus dayanacağına üz tutanda Zevin küçəsinin tinində o vaxtlar el arasında adına Xozeyin deyilən adamla rastlaşmışdı.

Onda Nüvariş Qarabağlı hələ dədəsinin evində yaşayırdı və teatr səhnəsinə təzə-təzə, epizodik rollarda çıxırdı.

Sən demə Xozeyin (həyat möcüzələrdən xali deyil) Nüvarişi həmin kiçik rollarda görübmüş və nəinki görübmüş, hətta onları yaddaşına da həkk edibmiş.

Həmin axşam Xozeyin də, deyəsən. hansısa məclisdən qayıdırmış, kefi də yerindəymiş (yanında iki cüssəli kişi də varmış - cangüdənləri).

- Aaa, artist, dayan görək, qardaş, - demişdi - Nə çox içmisən sən? Harda vurmusan belə? - yanındakı kişilərdən birinə göz də vurmuşdu. - Mən də içmişəm, amma, görürsən, düz yolda ləngər vurmuram...

O vaxt Nüvariş, təbii ki, hələ respublikanın Birinci şəxsi ilə tanış deyildi və əgər Birinci əlini ona uzadıb "Gəl tanış olaq" deməsəydi, yəqin ki həmin gecə Zevin küçəsinin tinində kimə tuş gəldiyi heç yadında da qalmaqaycaqdı.

- Gəl tanış olaq. - O öz adını demişdi. - Səni isə tanıyıram, artistsən. Teatrda yaxşı rollar oynayırsan. Hara gedirsən belə?

Dili dolaşan Nüvariş zorla "Xı-xı-Xırdalana. Avtobusa minməyə gedirəm" deyə bilmişdi.

Həmin uzunsov sifətli adam onu başdan-ayağacan süzüb:

- Get - səsində qorxunc bir həqarətlə əmr etmişdi. - Gecdi artıq. Şaqom marş! Bir də belə içmə.

"Sən hələ də Xırdalanda qalırsan?" Birincinin sonralar teatrda dediyi bu sözlər indi artistin qulaqlarında elə bərkdən cingildədi ki, sanki onları xəstəxana dəhlizinin cansız divarları da aydın eşitdi.

- Mən indi Montində yaşayıram - yer səthindən bir mərtəbə aşağıda, - artist köhnə tanışı ilə ürəklə zarafat etmişdi.

- Bu gündən düz şəhərin mərkəzində yaşayacaqsan - yer səthindən 10 mərtəbə yuxarıda. - zarafata zarafatla cavab verən Birinci qətiyyətlə demişdi.

Həmin axşam Axundovun "Müsyo Jordan"ından sonra teatrın bütün kollektivi direktor Mopassan Mirələmovun kabinetinə toplaşmışdı. Nüvariş tamaşada Məstəli şahı oynayırdı. Deyəsən, onun ifası Brincinin də xoşuna gəlmişdi. "Sən "Ölülər"də Şeyx Əhmədi də yaxşı oynayırsan", - demişdi o. - "televizorda görmüşəm iki dəfə. Belə rollardan çox oyna".

Yəqin ki, həmin gün teaatra gəlməyə hazırlaşanda Xozeyin bir neçə işçiyə mənzil verməyi qabaqcadan planlaşdırmışdı və həmin bəxtəvərlərin arasında Qreta Minasova da olmalıydı. "Burda bir qoca arvad da varıydı - Minasova. O hələ də işləyir sizin teatrda?" - deyə Xozeyin formallıq xatirinə direktordan xəbər almışdı - əlbəttə bilə-bilə ki Minasova teatrdan heç vaxt heç yerə getməyib.

Və gözləmədiyi dəvətdən özünü itirən Qreta Sarkisovna Mopassanın kabinetinə sifəti ölü kimi ağappaq ağarmış halda girib ordan sevincindən ağlaya-ağalaya və yorulmadan "Sağ ol, oğlum! Çox təşəkkür edirəm sizə!!!" deyə-deyə çıxmışdı.

Qreta Sarkisovnanın o axşamkı üzü hələ də artistin gözləri önündən çəkilməyib. Bəlkə də onun üzü o vaxtkından daha canlı, daha ifadəlidir. Bir də Saday Sadıqlının bozarmış üzü, qızarmış gözləri, hirs və qəzəb dolu baxışları.

Onunku Birinci ilə lap əvvəldən tutmamışdı. Hər halda Nüvarişin qənaəti bu idi ki, bunun günahı Xozeyində yox, Saday Sadıqlının qürur və tərsliyindəydi.

"Hamam suyu ilə dost tutur özünə. Hamıya nəsə peşkəş eləyir, amma bunun əvəzində insanın ən qiymətli incisini alır əlindən - ləyaqətini. Milləti ruhunu xədim eləyir ki. heç kəs səsini çıxarmasın, hamı sözəbaxan olsun". Saday Sadıqlı belə dəhşətli sözləri hətta teatr rəhbərliyinin yanında da dilinə gətirməkdən çəkinməzdi.

"Bəs sənin nəyə ehtiyacın var, cənab Sadıqlı?" - deyə o vaxt Birinci, ona xas olmayan yorğun və inamsız səslə Sadaya müraciət etmişdi, deyəsən səsi yüngülcə qırılmışdı da.

"Cənab" sözündə isə açıq-aşkar ironiya, hətta gizli qəzəb çaları vardı. Heç şübhəsiz ki. Xozeyin Saday Sadıqlının "dünyagörüşü"ndən xəbərdar idi. "Mənim heç nəyə ehtiyacım yoxdu!" - deyə Saday Sadıqlı ucadan təkəbbürlə cavab vermişdi. Birinci ilə danışanda hamı ayağa qalxırdı, o isə heç oturuduğu yerdə qımıldanmamışdı da.

"İşi-gücü olmayanda məzələnməyə gəlir bura. Hər bir kəsin haqqı çatan dövlət mənzilini adama elə minnətlə verir ki, elə bil şəhərdəki bütün binalar buna rəhmətlik atasından miras qalıb" - o, yığıncaq bitəndən sonra hamının yanında qorxub-çəkinmədən qəzəblə demişdi.

Ertəsi gün teatrda hamı təəssüflənirdi ki, əgər Saday Sadıqlı özünü bir az "abırlı" aparsaydı, Xozeyin ona da şəhərin mərkəzində, nazirlərə də hələm-hələm pay düşməyən binadan mənzil verərdi.

Bütün bunlardan sonra axı necə deməyəsən ki, insan olan kəsin ən alçaq düşməni elə öz dilidir".
XS
SM
MD
LG