Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

Korrupsioner millətçilik


Anar Məmmədli
Anar Məmmədli
-

Görəsən, Əylislinin romanında “alçalmış” milli hissiyyat seçkilərdə milli dövlətçiliyin şərəfi ləkələnərkən niyə oyanmırdı?


Anar Məmmədli


KORRUPSİONER MİLLƏTÇİLİK

Sizin müsibətlərinizdə insanlar müqəssir deyil, onların başqa çarəsi yoxdur. (Viktor Hüqo)

Əkrəm Əylislinin “Daş yuxular”ı ictimai ətalətdən əziyyət çəkən ölkə üçün ədəbi-siyasi hadisədir.

Ancaq bu hadisəyə hakimiyyət qeyri-ciddi münasibət sərgiləməklə həm özünü, həm də yandaşlarını çıxılmaz vəziyyətə qoydu; kitab yandırmalar, ödüllərdən məhrum etmə və hədələr Sovetlərin “xalq məhkəmləri”ni xatırlatdı.

Bununla da yerli və beynəlxalq ictimaiyyətə anti-humanist dövlət siyasətinə dair söylənənləri isbat etdilər...

Bir çox insanlar, xüsusən də zəkasına hörmət etdiyim siyasi xadimlər və yazarlar öz yanaşmaları ilə romanı bədii əsərdən daha çox tarixi araşdırma kimi yorumlayıb, ictimai yanlışlığın sonsuzadək uzanmasında iştirak etdilər.

Ən üzücü olay isə əksər media orqanlarında müzakirələrin millətçilik üzərindən yürüdülməsi oldu; yetərincə bəsit fakt isə budur ki, roman Əylislinin yaradıcı təxəyylünün məhsuldur.

Güman ki, bu sadə həqiqəti Prezident Administrasiyasında oturanlar da dərk edirlər. Sadəcə iqtidarı bu kampaniyaya görə anlamaq çətin deyil – hakimiyyət Elşad Abdullayevin videoları, İsmayıllının “Çıraq” otelindəki yanğın və ordudakı əsgər ölümləri ilə zədələnmiş nüfuzunu sağaltmaq üçün tamaşaya ehtiyac duyurdu.

Əsərə qarşı toplumun öndə gələn təmsilçilərinin hücumu göstərdi ki, ifadə azadlığına hörmət milli və dini atributların başladığı yerdə bitirmiş.

İfadə azadlığı insanın danışmaq, eşitmək və yemək ehtiyacları kimi təbii ehtiyacı və haqqıdır.

Amma Mirzə Cəlilin təbirincə desək, “saqqallı uşaqlar” təbii hüquq dedikdə yalnız bioloji ehtiyacları anlayırsa, bu adamların özlərini ibtidai dəyərlərdən uzaq sosial varlıq hesab etdiyinə də şübhə edirsən.

Əkrəm Əylislinin evi qarşısında etiraz aksiyası, 31 yanvar
Əkrəm Əylislinin evi qarşısında etiraz aksiyası, 31 yanvar
Axı, sosial məsuliyyət anlayışı, ictimai davranış qaydaları və nəhayət diplomatiyadan az-çox başı çıxan hər kəsə bəllidir ki, “Daş yuxular”dakı Saday Sadıxlı, Fərid Fərzani, doktor Abbasəliyev kimi humanist azərbaycanlı obrazları münaqişənin sülh yolu ilə həllinə töhvə verərək, bizi aşağılamırlar. Və yaxud sabah Əylislinin romanını erməni tərəfi tarixi fakt kimi təqdim edərsə, bununla yüksəlməyəcəklər.

Əsərdə turançılıq, siyasi liderlər və milli-dini atributların satira predmetinə çevrilməsi də romana elmi araşdırma və ya siyasi tarix dərsliyi kimi yanaşmağı vadar etmir.

Burada bəhs olunan hadisələr bədii obrazlar vasitəsilə yorumlanır, yaradıcılıq azadlığından istifadə edilir.

Ancaq biz hələ də çağdaş dünyada insan hüquqları üzrə konvensiyalardan daha ali sənədin olması həqiqətini qəbul edə bilmirik.

Romandakı təhqir elementlərinə gəldikdə isə Avropa İnsan Hüquqları Məhkəməsinin 1994-cü il “Otto-preminger İnstitutu Avstriyaya qarşı” işindən dini hissiyyatın aşağılanması iddiası ilə bağlı örnək münasibətə nəzər salaq:

“Dini əksəriyyət və ya dini azlığın bir üzvü olaraq öz dinini nümayiş etdirmək azadlığını seçən şəxslər bütün tənqidlərdən uzaq duracaqlarını ehtimal edə bilməzlər. Onlar səbirli olmalı, öz dini etiqadlarının digərləri tərəfindən rədd edilməsini, hətta onların inancına düşmən olan doktrinaların digərləri tərəfindən yayılmaısnı qəbul etməlidirlər”.

Yazıçını hazırda lənətləyənlərin başında iqtidar rəsmiləri gəlir və günlərdir davam edən kampaniyada hakimiyyət bütün ictimai resurslarından istifadə edir; saxta yolla seçilmiş millət vəkilləri, hökümətyanlı ictimai birliklər və media orqanları.

Ancaq kampaniya boyunca rol alaraq, yazıçını “milli nankor” adlandıranların səyləri hakimiyyətin millətpərvər olmasını sübut etməyə yetmir.

Məgər “Daş yuxular” olmasaydı ölkədə milli hissiyyatın tapdalandığı iddia oluna bilməzdi?

Əslində rasional düşünməyi bacaran hər kəsə aydındır ki, tarixi Azərbaycan torpaqlarından miras qalan 67 min kvadrat metr ərazidə mövcud olan dövlətin milli düşməni korrupsiyadır.

Nə yazıq ki, bu barədə cəsarətli danışmaq kimiləri üçün özünü ifşa, kimiləri üçün də hakim siyasi elitanın müəyyən etdiyi imtiyazlardan məhrum olmaqdır.

Əkrəm Əylisli
Əkrəm Əylisli
Hakimiyyətin bütünlüklə korrupsiyaya uğradığı, səhiyyə, ədliyyə, təhsil və milli müdafiə sistemlərinin rüşvətxorluğa bulaşdığı cəmiyyətdə dövlət-vətəndaş münasibətlərinin hansısa ali dəyərlər əsasında qurulduğunu iddia etmək nə qədər gerçəkçidir?

Görəsən, Əylislinin romanında “alçalmış” milli hissiyyat seçkilərdə milli dövlətçiliyin şərəfi ləkələnərkən niyə oyanmırdı?

Bu cür sualları xeyli sayda sıralamaq olar. Əslində itidarın dəstəklədiyi millətçiliklə 20-ci əsrin əvvəllərində aparılan milli kimlik davası və ya milli müstəqilliyin bərpasına yönələn milli azadlıq mübarizəsi arasında heç bir ideya bağlılığı yoxdur.

Çağdaş Azərbaycan millətçiliyi nə yüz il əvvəlki əyalət, nə də 20 il əvvəlki etnik millətçilik qədər aktualdır; bunun adı indiki halda korrupsioner millətçilikdir.

Bu romanın siyasi yükü orada beynəlmiləlçiliyin və erməni mənzumluğunun təsviri ilə yekunlaşmır. Əsərdəki bəzi dialoqlar bir çox siyasətçidə, o cümlədən YAP rəsmilərində “haqlı” etiraz doğurur. Məsələn, romanın baş qəhrəmanı aktyor Saday Sadıxlının 79-cu ildə ölkənin rəhbəri olmuş adam barədə söylədikləri diqqət çəkir: “Hamam suyuna özünə dost qazanır. Hər kəsə nəsə verir, əvəzində isə insandan ən vacib olan şeyi, onun şərəfini alır. Xalqı dinc və sözəbaxan etmək üçün ruhunu axtalayır”.

Əkrəm bəyi cəsarətli yazıçı hesab etmək çətindir, o, davamlı olaraq, sistemə loyallığı və yardımı ilə seçilib. Elə isə nə baş verdi ki, yazıçı siyasi hakimiyyətlə bütün bağlantılarını kəsmək, sistemə qarşı cəsarətini yaradıcılığına gətirmək barədə düşündü?

Bu suala cavab tapmaq üçün yazıçının keçmişi və son əsərini müqayisə etmək lazım gəlir. Görünən odur ki, Əkrəm bəy daxili təlatümlərinin göstəricisi kimi ömrünün qürub çağında yazıçı kimliyi ilə siyasi kimliyi arasında mənəvi bağlantını kəsmək, keçmişi ilə vidalaşmaq istəyib.

Bu istəyi çox dəqiq müşahidə edən rejim tərəfdarları İctimai TV-də Zahid Orucun timsalında yazıçıya etiraz edirdilər – bu dövlətdən bir ömür boyu özü və nəvələri üçün bəhrələnənlər həyatlarının sonunda ya Markes, ya da Mənsur Həllac olmaq istəyirlər.

Əslində, hakimiyyət Əylislinin onunla mənəvi bağlantısını öz iradəsi ilə kəsməsini, bununla da başqalarına “yanlış” örnək olmasını bağışlamaq istəmir.

Bəhərələnməyə gəldikdə isə istedadlı adamlar avtoritar və korrupsioner rejimlərə daha çox gərəkdir, nəinki rejimlər həmin istedadlara…
XS
SM
MD
LG