Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:40

Milli Məclis sahibkarı qorumaq istəyir


Foto: Arxiv
Foto: Arxiv
-
Martın 14-də Milli Məclisin iki komitəsi sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi üçün prezidentin təqdim etdiyi qanun layihəsini müzakirəyə çıxarıb.

Müzakirələrə qatılan deputat Vahid Əhmədov layihədə sahibkarları yersiz yoxlamalardan qoruyan xeyli müsbət məqamların olduğunu deyir:

«Qanun layihəsi sırf sahibkarlara kömək məqsədi ilə hazırlanıb. Yadınızdadırsa, son vaxtlar prezident də göstəriş verib ki, sahibkarların fəaliyyətinə kənar müdaxilələr olmasın. İndiyədək belə bir qanun olmayıb».

ARTIQ MƏQAMLAR

Deputatın razılaşmadığı məqamlar da yox deyil. O, layihədə sahibkarların risk qruplarına bölünməsini və yoxlamaların tez-gecliyinin də həmin bölgü üzrə aparılmasını artıq məsələ sayır.

Layihədə təklif edilir ki, yüksək risk qrupuna aid sahibkarlıq subyektləri ildə bir dəfədən, orta risk qrupuna aid olanlar iki ildə bir dəfədən , kiçik risk qrupuna aid subyektlərsə üç ildə bir dəfədən çox olmayaraq yoxlanılsın. Layihəyə görə, yoxlama müddəti 10 günü aşmamalıdır.

Vahid Əhmədov sahibkarların fəaliyyətinə müdaxiləyə dair fevral ayında prezidentin səsləndirdiyi fikirləri yada salır. O, prezidentin təşəbbüsü ilə parlamentdə belə bir layihənin müzakirəsini sahibkarların müdafiəsi yolunda növbəti addım sayır.
İlham Əliyev
İlham Əliyev

«BUNA SON QOYULMALIDIR»

Fevralın 12-də keçirdiyi müşavirədə İlham Əliyev sahibkarların məcburi təmir-abadlıq işlərinə cəlb edilməsinə, bunun əvəzində onlara pul ödənilməməsinə toxunub:

«Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir könüllü yardım eləsin. Amma bəzi hallarda onları məcbur edirlər, onlar böyük həcmdə xərc çəkirlər, sonra da pullarını vermirlər. Belə olmaz. Kimsə fikirləşir ki, bu məlumatlar mənə çatmır, səhv edir, buna son qoyulmalıdır».

SAHİBKARSIZ MÜZAKİRƏ

Prezidentin parlamentə təqdim etdiyi layihədə yoxlamanın nəticələrindən narazı qalan sahibkarın yuxarı orqanlara və ya məhkəməyə müraciət imkanı da əksini tapıb. Layihəyə görə, sahibkara vurulmuş zərərə görə müvafiq yoxlayıcı orqan mülki, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıya bilər.

Vahid Əhmədov
Vahid Əhmədov
Qanun layihəsinin müzakirəsi sahibkarların iştirakı olmadan aparılıb. Vahid Əhmədov deyir ki, o, müzakirələr vaxtı bu iradı səsləndirib və növbəti müzakirələrdə bu durumun dəyişməsinə ümid edir:

«Bu sənədin birinci oxunuşu idi. Ola bilsin, ikinci və üçüncü oxumuşa sahibkarlar da cəlb edilsin. Gəlsinlər, görək, onların bu məsələyə münasibəti necədir, hansı təklifləri və hansı iradları var».

SAHİBKAR: OLAN QANUNLAR İŞLƏSƏ...

Sahibkar Ədalət Abbasov qanunların qəbulunu deyil, onlara əməl olunmasını əsas şərt sayır:

«Mənə elə gəlir ki, yeni qanuna ehtiyac yoxdur. İndiyədək qəbul edilən qanunlar işləsə, bu, sahibkarların hüquqlarının qorunmasına yetər. Dövlət məmurları mövcud qanunlara əməl etsələr, yeni qanun qəbul etməyə ehtiyac qalmaz.
Foto: Arxiv
Foto: Arxiv
​İş orasındadır ki, dövlət orqanlarının nümayəndələri sahibkarların fəaliyyətini yoxlayır, onların hüquqlarını pozurlar. Qanunları pozanlar da hər dəfə cəzasız qalırlar».

CƏZASIZ MƏMUR, HÜQUQSUZ SAHİBKAR

Ədalət Abbasova görə, cəzasız qalan məmurlar nəticədə başqalarının da hüquqlarını pozmaqdan çəkinmirlər. O, qanunsuz müdaxilələrin bir səbəbini də sahibkarların qanunları, öz hüquqlarını yaxşı bilməməsində görür:

«Sahibkar yoxlamaya gələnlərə əlavə pullar verirsə, yoxlamaların intensivliyi daha çox artır. Pul verməyən, qanunları bilən, öz hüququnu sonadək qoruyan sahibkarlar çox az hallarda belə qanunsuz yoxlamalarla üzləşirlər. Yoxlama aparmaq istəyənlər belə sahibkarlara ehtiyatla yanaşır, hər hansı qanunsuz sövdələşməyə getmirlər».

Mövcud qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti subyektlərini yoxlamaq istəyən qurumlar mütləq Ədliyyə Nazirliyində «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri»ində qeydiyyata düşməlidir. Əks halda, aparılan yoxlamalar qanunsuz sayılır.
XS
SM
MD
LG