Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:37

İranda Azərbaycan aliminin həbsi. «Aidiyyəti orqanlarla danışıqlar gedir»


Xalidə Xalid
Xalidə Xalid
-
Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi, şəhriyarşünas Xalidə Xalidin Təbrizdə həbs edilməsi haqda xəbərlər yayılıb. Bundan başqa, onun yardımçısı olduğu söylənən, ancaq adı çəkilməyən bir Azərbaycan Respublikası vətəndaşının da saxlandığı bildirilir.

Azərbaycanın İrandakı səfirliyindən AzadlıqRadiosuna bu məlumatı nə təkzib, nə də təsdiq etdilər. Onlar bununla bağlı Təbrizdəki baş konsulluqla əlaqə saxlamağı məsləhət gördülər. Baş konsulluğun üçüncü katibi Şahin Əhmədov da bu haqda mətbuatdan məlumat aldıqlarını, bu yöndə dəqiqləşdirmələr apardıqlarını söylədi:

«Biz indi bu işlə məşğuluq. Aidiyyəti orqanlarla danışıqlar gedir. Onlardan cavab gözləyirik. Məlumat olarsa, deyəcəyik».

AİLƏSİ XƏBƏRİ İNTERNETDƏN ÖYRƏNİB

Xalidə Xalidin ailə üzvləri də xəbəri internetdən öyrəndiklərini və şokda olduqlarını deyirlər. Onun oğlu Xalid Məmmədli:

«Biz də ona zəng edirik, telefonuna zəng çatmır. Məlumat gözləyirik. Ona görə heç nə deyə bilməyəcəyik».

Xalid Məmmədli anasının İrana şəhriyarşünas alim kimi elmi işi ilə bağlı getdiyini bildirir.
Xalid Xalidin saxlanmasından çalışdığı Ədəbiyyat İnstitutu da xəbərsizdir. İnstitutun direktor müavini Məhərrəm Qasımlı AzadlıqRadiosuna kiçik elmi işçinin aprelin 26-dan işdə olmadığını, İrana onlara məlumat vermədən getdiyini söyləyib. Onun sözlərinə görə, Xalidə Xalid şəhriyarşünasdır və görünür bu üzdən İrana gedib.

«Oyannews»un məlumatına görə, Xalidə Xalid və yardımçısı aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Bundan başqa, 3 azərbaycanlı fəalın da həbs edildiyi bildirilir. Onların Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşdıqları söylənir.

Saxlanan azərbaycanlı mədəni fəallar – Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.
XS
SM
MD
LG