Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:32

M. Əlizadə: «Kimsə özbaşına Mehriban Əliyevanın namizədliyini irəli sürə bilməzdi»


Məmməd Əlizadə
Məmməd Əlizadə
-
Son vaxtlar Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) adı çox hallanmaqdadır. 1992-ci ildə yaradılan hakimiyyətyönlü bu partiya bir il əvvəl parçalanıb. Parçalanmadan sonra hər iki qanad özünü əsl DADP hesab edir. İyunun 15-də qanadlardan biri yenicə YAP sədrinin müavini seçilən, prezidentin həyat yoldaşı Mehriban Əliyevanın prezidentliyə namizədliyini irəli sürüb.

Müsahibimiz 20 ilə yaxın bu partiyanın sədri olmuş Məmməd Əlizadədir.

- Məmməd müəllim, sizin yaratdığınız Demokratik Azərbaycan Dünyası Partiyasında nə baş verir?

- Artıq bir ildir ki, mən o partiyada təmsil olunmuram. 2012-ci ildə səlahiyyətlərimi müavinim Mirkazım Seyidova verdim. Bir müddət sonra o da partiyadakılarla yola getmədiyindən və bəlkə də bəzi yerlərin dəstəyini ala bilmədiyindən çıxıb getdi. Sonra qurultay oldu və Fatma Əliyevanı sədr seçdilər. Bundan sonra partiya daxilində yenidən qruplaşmalar yarandı və yenidən qurultay keçirib onu sədrlikdən uzaqlaşdırdılar. Bundan sonra partiyada iki qanad yarandı. Həm Fatma Əliyevanın rəhbərlik etdiyi qurum, həm də Əlsahib Hüseynovun rəhbərlik etdiyi qurum - hər ikisi özünü DADP adlandırır.

- Siz indi hansı qanadı əsl DADP hesab edirsiniz?

- Mən bunu araşdırıram. Onu da deyim ki, Əlsahib Hüseynovun rəhbərlik etdiyi qanad məni partiyanın fəxri lideri seçib.

- Bəs siz 20 il sədri olduğunuz partiyadan niyə getdiniz?

- Burda cəmiyyətə çatdırılmayan məqamlar var. Bilirsiniz, 135 min üzvü olan, yerlərdə 3500 özəyi olan partiya bələdiyyə seçkilərində iştirak elədi, amma bir üzvümüz də seçilmədi. Parlament seçkilərinə 76 namizədlə getdik, amma bir namizəd də olsun keçə bilmədi. Bu zaman partiya daxilində narazılıqlar yarandı ki, biz bu qədər Heydər Əliyevçiyik, bizi yanlarında görmək istəmirlərsə, keçək müxalifətə. Mən o zaman bu fikirdə olanları cəzalandırdım...

- Bəs partiyadan niyə getdiniz?

- Kimlərinsə göstərişi ilə mən iqtisadi blokada şəraitində idim. Hətta partiyanın qarovulçuluğunu da özüm edirdim. Gecəm-gündüzüm partiyada keçirdi. Mən ulu öndərimizin keçdiyi ömür yolu ilə bağlı yazılan 5 kitabın müəllifiyəm, cənab prezidentin birillik fəaliyyəti ilə bağlı 4 cildlik kitab qoymuşuq ortalığa. Məşvərət Məclisinə (hakimiyyət yönlü partiyaların toplandığı məclis) 8 il sədrlik etmişəm...

- Bütün bunlardan sonra partiyadan getməyiniz maraqlı görünür...

- Ona görə getdim ki, gördüm bütün bunların müqabilində Məmməd Əlizadə sanki müəyyən qüvvələrin hədəfinə çevrilib. Həm də partiyanın adı müəyyən adamlarla çıxmışdı...

- Kimlərlə çıxmışdı partiyanın adı?

- Cürbəcür adamlarla. Partiyanın adı əsasən Paşayevlərlə hallanırdı. Təbii ki, mənim bu ailəyə böyük sayğı-sevgim var. Ölkənin həyatında önəmli rol oynayan şəxslər olduqlarından hər zaman ulu öndərlə, İlham Əliyevlə yanaşı, onların da gördüyü işləri ortalığa qoyurdum. Bunlar heç də gizli məsələlər deyildi. Onlar çox işlər görmüşdülər və bunu dilə gətirmək vacib idi.

- Siz artıq DADP-də deyilsiz. Amma yenə də o partiyanın adı Paşayevlərlə hallanır və bu partiyanın qanadlarından biri Mehriban Əliyevanın prezident olmasını istəyir, bununla bağlı video da yayılıb. Buna münasibətiniz necədir? Siz də bu təklifi səsləndirənlərin yanındasınızmı?

- Hesab edirəm ki, bu məsələ hakim partiya ilə məsləhətləşmədən sonra elan oluna bilərdi. Amma müəyyən bir qrup çıxır ortalığa və məsləhətləşməmiş namizəd irəli sürür. Bunu müxalifət və bəziləri şişirdib, bunlar sadəcə deyiblər. Bu kimi məsələlər qurultayla elan olunur.

- Lap götürək qurultay olub və belə bir məsələ irəli sürülüb. Buna necə baxırsınız?

- Mən problem görmürəm, sadəcə, bizim liderimiz İlham Əliyevdir və onun da namizədliyi irəli sürülüb. Ondan əlavə digər namizədin irəli sürülməsi nə deməkdir? Ola bilər, bu, hakimiyyət daxilində hansısa oyundur, təxribatdır. Mən İlham Əliyevin namizədliyini dəstəkləyirəm. Zamanında atılmayan addım çoxlu fəsadlar gətirə bilər.

- Hesab edirsiz ki, bu vaxtından tez atılmış addımdır?

- Bilirsiniz, son sözü cənab prezident deməlidir. Məqam gələrsə, prezident bu məsələ ilə bağlı addım atarsa, bu zaman iqtidaryönlü partiyaların vəzifəsi odur ki, həmin namizədi dəstəkləsin və irəli sürsün.

- Məmməd müəllim, hakim partiyaya yaxın olmusunuz. Sizcə, bu ehtimallar nə qədər özünü doğrulda bilər. Qeyd olunur ki, bu, elə hakimiyyətin özünün ehtiyat variantıdır.

- İnanmıram ki, hakimiyyətin belə bir variantı olsun. YAP elə bir xırda partiya deyil ki, belə bir oyuna girsin. Bu məsələ həddən artıq şişirdilir. İlham Əliyevin namizədliyi irəli sürülüb və biz hamımız da onu müdafiə etmək zorundayıq.

- Azərbaycan hakimiyyəti daxilində bu ideyanın arxasında duran qrup və məmur ola bilərmi?

- Mən bu məsələni araşdıracağam. Prezident Administrasiyasında və ya digər qurumlarda belə təxribatlar yaradan adamlar olsa, mətbuat konfransı keçirib onların adını açıqlayacağam.

- Yəni, hesab edirsiniz ki, Prezident Administrasiyasında belələri ola bilər?

- Ola bilər. Çünki mən inanmıram ki, kimsə partizanlıq edib özbaşına ortalığa belə bir söz ata. Bunun arxasında kimsə var. Ola bilməz ki, bu məsələ birdən birə ortalığa çıxsın.

- Sizin qarşınızda prezidentliyə namizədlə bağlı iki seçim qoyulsa, hansını seçərdiniz -İlham Əliyevinin namizədliyini, yoxsa onun həyat yoldaşının?

- Mən kişini qoyub necə onun həyat yoldaşının namizədliyini irəli sürə bilərəm? Təbii ki, İlham Əliyevə dəstək verərəm. Amma İlham Əliyev namizəd olmaq istəməsə və belə bir təklif irəli sürsə, böyük həvəslə bütün gücümü qoyub Mehriban xanıma dəstək verəcəm. Bu dəstəyi Azərbaycan xalqı da verəcək. Mən şəxsən istəyirəm ki, növbəti 5 ili də İlham Əliyev prezident olsun. Dağlıq Qarabağla bağlı çox maraqlı addımlar atılıb və biz finişə yaxınlaşırıq. Bu finişə İlham Əliyev getməlidir. Bu məsələnin sıfır variantına qayıdışı Azərbaycanın başına çox böyük fəlakətlər gətirə bilər.
XS
SM
MD
LG